10 ildir analara təqdim edilən orden – MEHRİBAN ANA

Ana müqəddəs varlıqdır. Onun ətri dəyən, əli dəyən hər şey gözəldir. Ana ağlayanda da ürəkdən ağlayır. Bəzən ən bulanıq ürəklər onun göz yaşları ilə durulur, ən kirli vicdanlar onun göz yaşları ilə yuyulur. Kim bilir, bəlkə də dənizlər göz yaşı olsaydı, buna dözməz, quruyardı...
Gözləri görməyən, anadangəlmə kor olan bir gənc ana haqqında hisslərini belə ifadə edir: «Eşitdim ki, dünya gözəldir. Günəşin doğuşu da, batışı da dünyaya başqa bir gözəllik bəxş edir. Ancaq mən bu gözəlliklərin heç birini görmədim. Həmişə öz qaranlıq dünyamda yaşadım. Peşman deyiləm. Heç şikayətim da yoxdur. Ancaq ürəyimi yandıran bir şey var. Anam... Kaş bircə dəfə də olsa onu doya-doya görə biləydim. Kaş bircə dəfə də olsa ona baxa biləydim. Şəfqətli əlləri ilə saçlarımı oxşayan, beşiyimi yelləyib laylalar oxuyan, mənim üçün gülüb, mənim üçün ağlayan anamı bircə dəfə görməyi nə qədər çox istərdim...»
Ana övladı üçün canını qurban verməyə həmişə hazırdır. Ana əlləri övladı üçün həmişə dua ilə qalxar, dua ilə enər, ana dodaqları dua ilə açılar, dua ilə yumular.
Uca peyğəmbərimiz də «Cənnət anaların ayaqları altındadır» deyib. Bununla da anaların ucalığını, müqəddəsliyinin ölçüsünü göstərir.
Analarımız bizə hər şeyi öyrədir. O, bizə Allaha inanmağı, başqalarının əməyinə qiymət verməyi, məntiqi düşünməyi, cəsarətliliyi, dayanıqlılığı, paxıllıq etməməyi, gələcəyə ümidlə baxmağı, susmağı, ədaləti ... hər şeyi öyrədir. Nə biliriksə hər şeydə Anaya borcluyuq.
Ana məhəbbəti kainat qədər sonsuz, həyat qədər şirindir. Dünyada ana qucağından isti bir yer, ana laylasından həzin bir musiqi yoxdur.
“Dədə Qorqud” Milli Fondu və “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının Ağsaqqallar Şurası düz 10 il bundan qabaq ANA haqqında deyilən bu sözlərə dəstək üçün ibrətamiz bir addım atdı: “MEHRİBAN ANA” adlı orden təsis edildi. Bu 10 il müddətində yüzə yaxın orden cəmiyyətin ictimai həyatında mühüm rol oynayan xanımlara, yorulmadan çalışan müəllimlərə, torpaqlarımız müdafiəsi uğrunda canını fəda etmiş şəhidlərimizin analarına, gənc nəslin maariflənməsində qələm çalan yazıçılara və digər sahələrdə fəaliyyət göstərən analara verilib.
Onlar arasında yazıçı-publisist Sevda Mikayılqızı, alim Elmira Ramazanova, Azərbaycanın ombudsmanı Elmira Süleymanova, Kabardin-Balkar Respublikasının xalq şairi Kaysın Kuliyev qızı Janna Kuliyeva, Moldovanın birinci xanımı Marqarita Timoftin, yazıçı-publisist Afaq Şıxlı, Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimova, 23 saylı məktəbin direktoru İradə Rəhimli, 6 saylı məktəbin direktoru Gülşən Orucova, bəstəkar Elza İbrahimova, Dağıstanlı yazıçı-publisist Elmira İbrahimova, Qazaxıstanın ictimai xadimi Nasixa Qumarqızı, 9 uşağı övladlığa götürən Aliyə Absemetova və adını çəkmədiyimiz bir çox şəxslər var.
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]