Azərbaycan Demokratik Respublikası Şərqdə qadınlara ilk dəfə seçib seçilmək hüququ verən dövlətdir

1918-ci ildə yaranmış Azərbaycan Demokratik Cümhuriyyəti bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir.... Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar verilməsi,...demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruçuluq sahələrində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən istiqamətlərdir...
Ümummilli lider Heydər Əliyev
Elza Mollayeva
Bakı Dövlət Universitetinin dosenti, Qabaqcıl Təhsil İşçisi
Azərbaycan Yazıçılar Birliyinin üzvü,“Qızıl Qələm” mükafatçısı
Azərbaycan tarixinin milli dövlətçilik ənənələrinə öz dəsti-xətti ilə əbədi imzasını qoymuş Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən məktəb və maarif sahəsinə daha çox diqqət yönəltməklə milli istiqlala gedən yolun burdan başlanmasının vacibliyini milli dövlət məsələsi kimi qoydu.
Mövcud olduğu dövrun ictimai-siyasi və iqtisadi çətinliklərinə baxmayaraq, bütün səylərini bir çox ümummilli problemlərin həllinə yönəltmiş Azərbaycan Xalq Cümhuriyyəti və Parlamenti maarif, mədəniyyət və təhsil sahəsindəki islahatların həyata keçirilməsində qadınların təhsili və cəmiyyətdə kişilərlə bərabər hüquqlara malik olmasını da diqqət mərkəzində saxlayırdı. Əslində isə «qadın azadlığı» və «qadın hüquqları» məsələsi hələ ADR yaranmamışdan da əvvəl, güclü siyasi mövqeyə malik olan partiyalardan «Müsavat» və «Türk Ədəmi-Mərkəziyyət» partiyalarının ideyalarına daxil idi. Bu partiyaların liderləri M.Ə.Rəsulzadə və N.Yusifbəyli hələ 1917-ci il aprelin 15-20-də Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayında bu məsələ ilə bağlı müəyyən fikirlər söylədilər. Qadınların cəmiyyət daxilində gedən proseslərə qoşulmalarının vacibliyi məsələsinin qalxmasında qurultayda iştirak edən qadınlar özləri təşəbbüs qaldırdılar. Demokratik dəyərlər toplusuna Azərbaycan qadınlarının siyasi və hüquqi bərabərliyini daxil etmiş cümhuriyyət nəinki öz dövrünün, həm də indiki dövrün gender bərabərliyinin əldə edilməsi yollarını göstərdi. M.Ə.Rəsulzadə qadın problemi haqqında yazırdı: «Əgər bütün millətlərin qadınları azad və təhsillidirsə, Azərbaycan qadını onlardan geri qala bilməz».
1917-ci il oktyabrın 26-31-də Bakıda keçirilən Müsavat Partiyasının ilk qurultayında iki siyasi partiyanın birləşməsilə bərabər, həm də partiyanın proqramı geniş müzakirə olunduqdan sonra qəbul edildi. Daha çox demokratik dəyərlərə əsaslanan bu qərara görə dinindən, milliyyətindən, cinsindən, partiya mənsubiyyətindən asılı olmayaraq qanun qarşısında hamının bərabərliyi, azad və bərabər əsaslarda təhsil hüququ nəzərdə tutulurdu.
Qadın azadlığı və maarifi məsələsinin dövlət səviyyəsində qaldırılması XX əsrin əvvələrində çarizmin müstəmləkəsi altında olan müsəlman xalqlarının 1917-ci il aprel ayının 16-dan 22-ə qədər Daşkənddə keçirilən Türküstan müsəlmanlarının ilk qurultayında da prioritet məsələ kimi diqqət mərkəzində saxlanıldı. Müsəlman qadınlarının təhsil problemi qurultay sənədlərində öz əksini tapdı və bu məsələ qurultayda qızğın disskusiyalar şəraitində müzakirə olundu. Qeyd olundu ki, Qafqaz və Türküstanda yaşayan müsəlman qadınları din pərdəsi altında ictimai həyatdan uzaqlaşdırılır və onların hüquqları hər addımbaşı pozulur. Qurultay iştirakçılarından biri olan Ə.Topçubaşov qadınların da kişilər kimi ictimai-siyasi həyatda bərabər iştirakının təmin olunmasını irəli sürdü və o dövrün qadınlara həqarətinin əsas mənbəyi sayılan coxarvadlılığa qarşı çıxdı. Lakin qurultayın bir çox mühavizəkar üzvləri bu fikirlərin əleyhinə cıxdılar və 197 imam, şeyx və mollanın imzaladığı etiraz ərizəsi ilə qurultaya müraciət etdilər. Qadın azadlıqlarının bir çox kişi nümayəndələr tərəfindən boğulmasına edilən ciddi cəhdlərə qarşı burada iştirak edən qadınlar çox kəskin çıxış etdilər: «Biz bura danlanmağa yox, düşündüyümüzü deməyə gəlmişik. Gəlmişik deyək: Nikolay hökuməti xalqın iradəsinə davam gətirə bilmədiyi kimi, mütləq sizin də iradəniz yıxılacaqdır. Biz sizin iradənizi, şübhəsiz devirəcəyik. Yadda saxlayın: bizə azadlıq vermək istəmirsinizsə, deməli millətin irəli getməyini istəmirsiniz. Millət ananın tərbiyə etdiyi uşaqlarla irəli gedir. Sizin bayraqlarınızda ədalət olmasa, irəli gedə bilməzsiniz. Sizin bizə münasibətiniz isə ədalətsizlikdir. Ədalət yoxsa, şərəflə qaldırmaq istədiyiniz bayraqları aşağı salın».
XX əsrin əvvəlində cəmiyyətin qadın azadlığını boğan qüvvələrinə qarşı belə çıxışlar müsəlman Şərqinin sosial asimetriyasına və zorakılığına qarşı geniş vüsət alacaq etirazların başlanmasından xəbər verirdi. Məhz bu hadisələrdən sonra cəmiyyətdə qadın probleminə ciddi yanaşma başlandı.
1918-ci il, mayın 28-də Milli Şura tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan edilməklə bərabər, həm də «İstiqlal Bəyannaməsi» qəbul edildi. Bəyannamənin demokratik dövlətin daxili və xarici siyasətini, fəaliyyəti üçün zəruri olan şərtləri özündə əks etdirən üç müddəasından sonra gələn dördüncü bənd dövlətin bütün vətəndaşlarına qarşı humanist mövqeyini belə ifadə edirdi: «Azərbaycan Demokratik Respublikası öz sərhədləri daxilində milliyyətindən, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, bütün vətəndaşlara vətəndaşlıq və siyasi hüquqlar təmin edir».
1918-ci il, dekabrın 10-da keçirilən parlamentin II iclasında Proqramın «Fəhlə məsələsi» bölməsinin qadınlarla bağlı irəli sürdüyü müddəaları o dövr Müsəlman Şərqində qadınla bağlı ən mütərəqqi fikirləri ifadə edirdi: «Qadınların səhhət və vücudlarına zərərli olan işlərdə çalışdırılması qadağan edilmişdir. Hamilə olub işləyən qadınlar doğmaqlarından 4 həftə əvvəl və 6 həftə sonra xidmətdən azad edilir və bu azadlıq müddətində dəxi muzd və məvaciblərini tamamilə alırlar (maddə 43). Proqramın 50-ci maddəsində işləyən qadınların südəmər körpələrinə baxmaq məqsədilə məktəbəqədər tərbiyə müəssisəsinin, yəni «tərbiyəxanaların» açılması nəzərdə tutulurdu və bu qanuna əməl etməyən sahibkar qanun qarşısında məsuliyyət daşıyırdı.
Ölkənin Ali qanunverici orqanı olan Müəssisələr Məclisinə seçkilərdə cinsindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların iştirak etmək hüququna malik olması Azərbaycan qadınları qarşısında yeni üfüqlər açdı. Müəssisələr Məclisinə qapalı və birbaşa seçilmək hüququ almış azərbaycan qadını islam aləmində ilk dəfə olaraq seçib-seçilmək hüququna malik oldu. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən azərbaycan qadınına verilən belə bərabərliyə nəinki Şərq ölkələrinin böyük əksəriyyəti, həm də Avropa dövlətləri həsəd apara bilərdilər. Azərbaycan Xalq Cümhuriyyəti, Şərqdə ilk müstəqil dövlət olaraq 1907-ci ildən təməli qoyulan qadın məsələsini de-yure həll etdi. Cünki hələ 1907-ci ildə Rusiya Dövlət Dumasında çıxış edən azərbaycanlı deputat X.Xasməmmədov Azərbaycan qadınlarına kişilərlə bərabər seçki hüququ verilməsi məsələsini qaldırmışdı.
Həmişə qadın təhsilinə böyük diqqət vermiş milli hökumət qadınların kişilərlə bərabər təhsil almasına geniş imkanlar yaradaraq istər qadınlar üçün pedaqoji kurslarda, istərsə də qadın gimnaziyalarında azərbaycanlı qızların təhsili üçün hər cür şərait yaratdı. Maarif Nazirliyi qadın təhsili sahəsində həlli vacib olan bir sıra vəzifələrin həyata keçirilməsi işinə başladı.Təhsil sisteminin milliləşdirilməsi ilə əlaqədar Bakı Marinski Qadın gimnaziyası, Bakı Qadın Seminariyası, I,II,III Müqəddəs Nina Gimnaziyalarını milli qadın məktəbləri ilə əvəz etdi. Maarif Nazirliyi Balaxanı Real məktəbini Qadın Gimnaziyası ilə birləşdirməklə hər iki cinsdən olanların birgə maariflənməsinə şərait yaratmaqla gender bərabərsizliyinin aradan götürülməsi sahəsində əhəmiyyətli addım atdı. Yeni tipli humanitar şöbədən ibarət qadın məktəbi yarandı.
Ən böyük amallarından biri milli dildə təhsil və maarif sistemi qurmaq olan Azərbaycan Xalq Cümhuriyyəti qadınlar içərisində də milli kadrlar hazırlamaq işini yaxşılaşdırmaq məqsədilə qadın gimnaziyalarındakı vəziyyəti müzakirə etdi. Çünki o dövrdə gimnaziyalarda tədris rus dilində həyata keçirilirdi. Əllərinə düşən tarixi fürsətdən bacarıqla istifadə edən Azərbaycan ziyalıları yaxşı başa düşürdülər ki, cəmiyyətin yüksəlişi qadınların iqtisadi və mənəvi yüksəlişindən çox asılıdır. Bu mənada ABŞ-ın tanınmış tarixçi alimi Tadeuş Svyatoçovskinin fikirləri yerinə düşür: «Ziyalıların ölkəni idarə etməsi ilə çoxdan arzulanan milli təhsil reallaşdı...Türk dili (Azərbaycan türkcəsi-E.M) bütün məktəblərdə siniflərin hamısını əhatə etməklə tədris edilməyə başladı və türk xalqlarının tarixi Rusiya tarixini əvəz etdi. Lakin kadr çatışmazlığı orta təhsildə türkləşdirmənin inkişafını ləngitdi». Həqiqətən də gimnaziyalardakı real vəziyyəti araşdırarkən məlum olmuşdu ki, Qadın gimnaziyalarında dərs deyən müəllimlərin 99%-i azərbaycanlı deyil və təlim rus dilində keçilir. Azərbaycan maarifpərvərlərindən Orucəliyevin rəhbərlik etdiyi müzakirəçilərdən bir qrupu qadın məktəblərinin tamamilə milliləşdirilməsi və tədrisdə bütünlüklə türk dilinə keçilməsi təklifi ilə çıxış etdilər. Ancaq türk dilində dərs deyəcək milli kadrların olmamasını və real vəziyyəti nəzərə alan digər qrup isə belə bir təkliflə çıxış etdi ki, milli kadr çatışmadığından hələlik gimnaziyada dərslər paralel olaraq rus və türk dillərində aparılsın. Müzakirələrdən sonra Bakıdakı ən böyük Qadın Gimnaziyasına müdir Petroqradda fizika-riyaziyyat fakültəsini bitirmiş Səliməxanım Yaqubova, inspektor vəzifəsinə isə maarifpərvər qadın Xədicə xanım Ağayeva təyin edildi. Beləliklə gimnaziyada işləməyə dəvət edilən 57 müəllimdən 15 nəfəri azərbaycanlı oldu.
Cəmiyyətdə kişilərlə bərabər hüquqlar alan azərbaycan qadını üçün özünütəsdiqləmə dövrü başlandı və çox keçmədi ki, qadınlarımız təhsil sahəsində ciddi fəaliyyətə başladılar.
1918-ci ildə çağırılmış müəllimlər qurultayında qadınlara kömək məqsədilə və onların tədrislə bağlı ehtiyaclarını ödəmək üçün Maarif Nazirliyində Haşım bəy Nərimanbəyov, İsmayıl bəy Qabulov, Cavad Cuvarlinski və N.Vasilyevdən ibarət komissiya yaradıldı və onlara qadın gimnaziyalarını əhatə edəcək smetanın tutulması tapşırıldı.
Maarif naziyi Yusifbəyovun qənaətinə görə peşə məktəblərinin şəbəkəsinin genişləndirilməsi və qızların bu məktəblərə cəlb edilməsi müsəlman qadınlarının siyasi və sosial cəhətdən oyanmasına güclü təkan verər, onların kişilərlə bərabər istehsalatda işləmələrinə kömək edər. Bütün yaşda olan qadınların ictimai fəaliyyətə və istehsalata cəlb edilməsi üçün Maarif Nazirliyi peşə öyrətmək məqsədilə müxtəlif kurslar təşkil edirdi.
Ölkənin tərəqqisində kişilərlə bərabər qadınların da fəal rolunu təmin etmək üçün Azərbaycan Demokratik Respublikası 1918-ci ildə Gəncə qadın gimnaziyası nəzdində alman pedaqoqu, məktəbəqədər tərbiyə nəzəriyyəçisi Frebelin sistemi ilə uşaq bağçası açdı. Məktəbəqədər təhsilin şəbəkəsini genişləndirməyə calışan Musavat hökuməti eyni zamanda Gəncə gimnaziyası nəzdində bağça müəllimləri hazırlamağa başladı. Ancaq onun qısa ömrü qadınların inkişafını və sosiomədəni həyatın bütün sahələrində hüquqlarını müdafiə edən tədbirlərin həyata keçirilməsi işini yarımçıq qoydu. Ömrü qısa olsa belə bu Cümhuriyyət Azərbaycan tarixinə həyata keçirdiyi tədbirləri ilə şanlı səhifələr yazdı, qadın hüquqlarının müdafiəçisi kimi sivil millət olduğumuzu dünyaya bəyan etdi.
Azərbaycan Demokratik Cümhuriyyətinin qadın təhsili və hüquqları ilə bağlı həyata keçirdiyi islahatlardan danışarkən bu cümhuriyyətin qurulmasında tarixi rol oynamış M.Ə.Rəsulzadənin qadın azadlığına münasibəti haqqında danışmaq lazımdır. Qadın hüquqlarına toxunan bu görkəmli şəxsiyyət qadın azadlığını qadının maariflənməsində görürdü.
Qadın hüquqlarının tapdalanmasını, onun alcaldılıb istismar edilməsini cəmiyyətin bəlası sayan Məmməd Əmin «Türkiyədə qadınlar» əsərində bütün Şərq ailələrində qadınların düçar olduqları hüquqsuzluğu ümumiləşdirməklə diqqəti qadın diskriminasiyasına yönəltmişdir. O bu münasibətlə yazırdı: «... Bütün müsəlman aləmi ilə bərabər, Türkiyə də bilməlidir ki, ailə əsarəti və ailə istibdadı üzərinə təşkil edilən millətlər heç bir vaxt ailə hürriyyəti və ailə səadəti mənaları üstündə qurulan millətlərlə mübarizə edə bilməzlər. Qadın bir millətinə nisfi – mühümlükü təşkil edir. O aciz isə, hüquqsuz və mərifətsiz olursa, millətin yarısı xəstə və məflucdur».
Turkiyədə qadın hüquqları probleminə toxunan və ona sosial qiymət verən M.Ə.Rəsulzadənin fikirləri Böyük Atatürkün qadın azadlığı ideyaları ilə üst-üstə düşür. Türk qadınını azadlıq mücadiləsinin ön sıralarında görmüş Mustafa Kamal onların ən bəşəri dəyərlərə layiq olduğunu söyləyirdi: «Türk qadını dünyanın ən təhsilli və fəzilətli və ən önəmli qadını olmalıdır...Əgər həqiqətən millətin anası olmaq istəyirlərsə qadınlarımız hətta kişilərimizdən çox təhsilli, daha çox uğur qazanan, daha yaxşı bilikli olmağa məcburdurlar. Dünya üzündə gördüyümüz hər şey qadının əsəridir. Millətin mənbəyi, sosial həyatın təməli olan qadın ancaq savadlı olarsa öz vəzifəsini həyata keçirə bilər».
Qadınlara münasibətdə demokratik və humanist ideyaları əsas götürən M.Ə.Rəsulzadənin və onun silahdaşlarının fəaliyyətinin uğurlu nəticələrindən biri kimi ADR dövründə Şərqdə Azərbaycan qadınına ilk dəfə seçib-seçilmək hüququnun verilməsi sayılmalıdır.
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]