Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Azərbaycan Udi Ocağının açılışı olub

145 Baxış sayı / 09-08-2018 19:40

Qəbələnin Nic qəsəbəsində "Azərbaycan Udi Ocağı" tarixi etnoqrafik muzey və istirahət mərkəzinin açlışı olub. Açılış mərasimində Ocağın yaradılmasına təşəbbüs göstərən və bu işi icra edən tanınmış iş adamı Şahvələd Məmmədov, Azərbaycan Alban-Udi Xristian İcmasının sədri Robert Mobili, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, "Dədə Qorqud" Milli Fondunun prezidenti və "Azərbaycan Dünyası" jurnalının baş redaktoru Eldar İsmayılov, Qəbələ İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisinin yepiskopu Vladimir Feketen, Azərbaycanın Moldovadakı sabiq səfiri Namiq Əliyev, xalq rəssamı Sakit Məmmədov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, xalq rəssamı Arif Əziz və bir çox ictimai-siyasi nümayəndələr iştirak ediblər.

Açılış mərsimində çıxış edən şəxslər Ocağın yaradılmasının çox böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

Azərbaycan Alban-Udi Xristian İcmasının sədri Robert Mobili çıxışında bildirib ki, Nic qəsəbəsi dünyada udilərin kompakt şəkildə yaşadığı yeganə yaşayış məskənidir: "Hazırda burada udilərlə bərabər azərbaycanlılar, ləzgilər və digər xalqların nümayəndələri mehriban qonşuluq, bir-birlərinin adət-ənənələrinə, mədəniyyətinə qarşılıqlı hörmət şəraitində yaşayırlar. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yola, ölkə Prezidenti İlham Əliyevin göstərişlərinə uyğun olaraq Azərbaycanda yaşayan bütün azsaylı xalqlar kimi udilərin də mədəniyyətinin adət və ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi üçün böyük tədbirlər həyata keçirilir. Milli azlıqlara dövlət qayğısının nəticəsidir ki, Nic qəsəbəsindəki XIX əsrə aid “Çotari” Alban-udi xristian kilsəsi bərpa edilərək udilərin istifadəsinə verilmişdir. Bu gün bu Ocağını açılışı da həmin tədbirlərin bir parçasıdır." 

Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov ölkəmizdə azsaylı xalqlara göstərilən dövlət qayğısından, multkulturalizm dəyərlərinin qorunub saxlanılmasından danışıb. O, Azərbaycan Udi Ocağının gənc nəslin tariximizi öyrənməsi və hörmət etməsi yönündə oynayacağı roldan bəhs edib.

"Dədə Qorqud" Milli Fondunun prezidenti Eldar İsmayılov 5000 tirajla çap olunan və udilərə həsr edilmiş "Azərbaycan Dünyası" jurnalının sonuncu sayını toplantı iştirakçılarına təqdim edib. O qeyd edib ki, bu, jurnalın Azərbaycanda yaşayan azsaylı xalqlara həsr olunmuş ilk sayıdır və gələcəkdə digər azsaylı xalqlara da jurnalı həsr etmək niyyətləri var.

Daha sonra Eldar İsmayılov "Dədə Qorqud" Milli Fondunun Ağsaqqallar Şurasının qərarı ilə Azərbaycan Alban-Udi Xristian İcmasının sədri Robert Mobilinin "Vətən Övladı" qızıl ordeni ilə təltif edildiyini açıqlayıb və həmin ordeni icma sədrinə təqdim edib.

Son olaraq Ocağın yaradılmasında əlindən gələn köməyi əsirgəməyən tanınmış ziyalı, arxitektor, xeyriyyəçi iş adamı Şahvələd Məmmədov çıxış edib. O, belə bir muzeyin yaradılmasına görə çox sevincli olduğunu gizlətməyib:

"Mən, Nic qəsəbəsində olarkən yerli sakinlərlə udi xalqının tarixi və ənənələri barəsindəki söhbətlərinin nəticəsində ölkəmizdə multukultiralizmin min illərdir necə qorunub saxlanılmasının canlı şahidi olmuşam. Dövlət səviyyəsində multikulturalizmlə bağlı keçirilən beynəlxalq tədbirlərə dəstək üçün məhz Nic qəsəbəsində bir sənət adamı kimi əlimdən gələni əsirgəməməyə, xalqların birgəyaşayış düzəni ilə mədəni və tarixi birliyini bu günümüzün standartları çərçivəsində həyata keçirməyə çalışdım. Təbii olaraq bu işdə udi dostlarım da mənə daim arxa-dayaq oldular. Qafqaz Albaniyası tarixinin mədəni irsinin canlı təsvirini qurmaq nə qədər çətin olsa da, artıq öz reallığını tapıb. 

Yerli əhali olan udilərdən milli və məşiət mədəniyyətini əks etdirən əşyalar toplayıb muzeyin eksponatlarına daxil etmişik. Bütün qəsəbə əhalisi istirahət mərkəzindən, həm də “Azərbaycan Udi Ocağı”ndan çox məmnundur. Mən bura gələnlərə, xüsusi ilə informasiya dəstəyi verən "Azərbaycan Dünyası" jurnalına, Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevə minnətdarlığımı bildirirəm."

Sonda tədbir iştirakçıları Azərbaycan-Udi Ocağında yaradılmış şəraitlə yaxından tanış olublar. 

 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru