Azərbaycanlı partizanın qızına medal verilib

Nancy Mamedova Dumen (Nənəxanım Məmmədova) və ya sadəcə Nancy Doomen Niderland Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, “Cəngavər” titulu almış, bu ölkənin Kral ailəsinin fəxri üzvü, Osterveyk şəhərinin ilk fəxri vətəndaşı, Zaqatala rayonunun Muğanlı kəndində anadan olmuş Məmməd Məmmədovun qızıdır.
Diasporla İş üzrə Dövlət Komitəsi qəhrəmanın qızının ailəsi ilə birlikdə ölkəmizə səfərini təşkil edib.
Məmməd Məmmədovun fəxri vətəndaşı olduğu və abidəsinin ucaldığı Niderland Krallığındakı Osterveyk şəhərinin meri Yohanees Fransiskus Mariya Yansen də Azərbaycana dəvət olunan qonaqlar arasındadır.
Diasporla İş üzrə Dövlət Komitəsində nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan Komitə sədri Fuad Muradov qəhrəman partizanın həyat və fəaliyyətindən danışıb, Azərbaycanın adını Niderlandda şərəflə yaşadan ailəyə təşəkkürünü bildirib.
Osterveyk şəhərinin meri Yohanees Fransiskus Mariya Yansen, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov və digər qonaqlar olduqca maraqlı və vacib görüşlə bağlı təəssüratlarını bölüşüblər.
Azərbaycanlı kimliyini daim yaşadan Nancy xanım və ölkəmizin dostu olan şəhər meri həm də mükafata layiq görülüblər. Belə ki, öz missiyasını inamlı şəkildə davam etdirən Dədə Qorqud Milli Fondu və “Azərbaycan dünyası” jurnalının rəhbəri Eldar İsmayılov Dədə Qorqud Milli Fondunun təsis etdiyi “Vətən övladı” medalını Nancy Doomenə, “Qızıl ürək” medalını isə Yohanees Fransiskus Mariya Yansenə təqdim edib.
Fondun prezidenti və jurnalın təsisçisi Eldar İsmayılov, jurnalın idarə heyətinin üzvləri akademik Fazil Qurbanov, Elxan Ələsgərov, Hacı Əzimov, Məhəmməd Seyidoğlu Məmməd Məmmədovun qəhrəmanlıqlarını yada salıb, onun yadigarlarına və Azərbaycana dost münasibəti göstərən hər kəsə minnətdarlıqlarını bildiriblər.
Çıxış edənlər dünya azərbaycanlılarının axtarılması, onların əzəli vətənləri ilə əlaqələrinin möhkəmlənməsi üçün Komitənin gördüyü işləri müsbət qiymətləndiriblər.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]