Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Azərbaycanın qəhrəmanlıq tarixinə sevgi ilə yanaşan hər kəsin masaüstü kitabı

137 Baxış sayı / 18-07-2018 22:47

Bu günlərdə  nəfis tərtibatla çapdan çıxmış “Üç kəlmə, üç güllə” adl dastan-poema ötən əsrin əvvəllərində Gədəbəydə yaşamış xalq qəhrəmanı Qaçaq Məcidin (Məcid ağa Şəkibəyovun) ömür və mübarizə yoluna həsr olunub. 2018-ci il 25 aprel tarixdə bu kitabın təqdimatı keçirilib.

Tədbirdə Milli Məclisin 10-dan artıq üzvü, gədəbəyli ziyalılar, tanınmış şəxslər, bir sıra dövlət orqanlanlarının nümayəndələri və media mənsubları iştirak edib.

Tədbirin aparıcısı millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov Cumhuriyyətin yüzilliyinə təsadüf edən kitabı ərsəyə gətirənlərə təşəkkür edib. Məcid ağa Şəkibəyovun həyatı haqqında danışan millət vəkili onun ermənilərə qarşı 1918-20- ci illərdə, Qırmızı İpmeriyaya qarşı isə 1929-30-cu illərdə apardığı mübarizədən bəhs edib.

Daha sonra Baş nazirin sabiq müavini İzzət Rüstəmov, tanınmış həkim Rəşid Mahmudov, əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli,  Milli Məclisin deputatları Arif Rəhimzadə, Aqil Abbas, Musa Urud, Sevinc Hüseynova, Ziya Səmədzadə, Rafael Cəbrayılov, Tahir Kərimli  və b. çıxış ediblər.

Vətənpərvərlik mövzusunda yazılmış bu kitab Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilib. Kitabın ideya müəllifi və buraxılışa məsul  ziyalı kimi mən bu işdə respublika Prezidentinin 2017-ci il 16 may tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamını əldə rəhbər tutmuşam. Bu sərəncamın işığında, onun tələb və tövsiyələri baxımından yazılmış bu ədəbiyyat nümunəsi tariximizi öyrənmək,  unudulmuş keçmişimizi bilmək, böyüməkdə olan gənc nəclin vətənpərvərlik ruhunda böyüməsi, Vətəninə bağlılığı baxımından çox əhəmiyyətli və dəyərlidir. Azərbaycan Prezidenti İlham Əliyevin məlum sərəncamında qeyd edildiyi kimi, qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və 23 aylıq fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan etmiş, hətta öz fəaliyyətində onları hərtərəfli təmin etmişdir. Keçmişin bu acı həqiqətləri haqqında hər bir Azərbaycan vətəndaşının məlumatlı olması isə çox vacibdir. Oxucular tərəfindən maraqla qarşılanan  “Üç kəlmə, üç güllə” kitabında Qaçaq Məcidin timsalında tarixin mübarizələr və münaqişələr dolu belə problemli hadisələrindən söhbət açılır.

Əsərin qəhrəmanı Şəkibəyov Məcid ağa Məmməd ağa oğlu, onun silahdaşları Şəkibəyov Əsgər ağa Məşədi Sadıx oğlu, Sultanov Məşədi Mehralı Hacı Kazım oğlu, Mustafa ağa və digərləri ilə 1918-ci il tarixi “Şamxor davası” (bəzi mənbələrdə “Eşelon davası” da deyirlər), 1920-ci il “Gəncə üsyanı”  haqqında yazılmış kitablardan, qəzet-jurnal məqalələrindən tanışam.

Bildiklərimdən və vaxtı ilə yaşlı nəslin danışdıqlarından məlum olduğu kimi, Qaçaq Məcid el-oba təəssübkeşi, xalqını və vətənini sevən bir insan olmuşdur. Atası Məmməd ağa çarın Gəncə qəzası, Gədəbəy nahiyəsi üzrə vergiyığanı olub.

Atası Məmməd ağa bu vəzifədə işləyərkən çar II Nikolayın işğalçılıq siyasətinə qarşı çıxaraq Çar Rusiyasının müxtəlif ərazilərindən Gədəbəyə köçürülən sektantları, ilkin olaraq Novo-İvanovkada məskunlaşan “sakinləri” bu yerlərdən köçürmək istəyərkən bunlardan xəbər tutan Yelizavetpol Quberniya Jandarma İdarəsi Məmməd ağanı həbs etmiş, 20 il müddətinə sürgünə göndərmişdir...

Haşiyə çıxaraq Məmməd ağanın soy-kökü barədə kiçik bir açıqlama vermək istərdim: XVIII əsrin sonunda Rusiya-Gürcüstan qarşıdurması ilə bağlı Borçalı-Qazax bölgəsində Kartli-Kaxet çarlarının dağıdıcı hücumları regionda etnik köçün başlanmasına səbəb olub. Sonrakı 50 il ərzində də davam edən bu proses nəticəsində Qazaxdan Yaqubluların və Kəsəmənlilərin  Kəlbəcərə, Gədəbəyə, Göyçəyə, Tovuza, habelə digər yerlərə köçü başlayır. Beləliklə, XIX əsrin ikinci yarısında Qazaxdan köçən Yaqublu bəylərindən biri (Yaqublular azərbaycanlıların etnik qruplarından olan ayrımların bir qoludur. Kökü XI əsrdə Kiçik Asiyada mövcud olmuş Oğuz türkləri qrupuna - Səlcuqlara dayanır) Məmməd ağa Gədəbəyin ucqarında, Göyçənin bir addımlığında yerləşən Şah Talasında yurd salır. Şahtalasının adının tarixi XVI əsrdən bəri gəlir. Şah İsmayıl Xətainin Göyçə ərazisinə gəlişi zamanı burada bir müddət yaşadığı iddia olunur, elə o vaxtdan da eldə-obada bu yerlərə Şahtalası deyirlər.

Məmməd ağanın Şah Talasında iki oğlu - Həmid və Məcid dünyaya gəlib. Ailənin ilki olan Həmid ağa o dövrün dəhşətli xəstəliyi hesab edilən qara qızdırmadan dünyasını dəyişib. 1888-ci ildə dünyaya gələn Məcid ağa  isə tariximizin bir parçasına çevrilə bilib.

Əvvəlcə kənddə molla yanında dini təhsil alan Məcid ağa Quranla yanaşı, ərəb və fars dillərini öyrənir.

Gədəbəy ağsaqqallarının söylədiklərinə görə, 1879-cu ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Azərbaycan sektoru açılır və  Azərbaycanın suyu-çörəyi ilə böyüyən və bu xalqı canı, qanı qədər sevən Aleksey Osipoviç Çernyayevski şöbənin inspektoru təyin olunur və ömrünün sonuna kimi o, bu vəzifədə çalışmışdır. 

Maraqlıdır ki, həmin illərdə erməni və gürcü tələbələrin əlindən yer olmadığı halda azərbaycan sektoru boş qalır. Belə olanda seminariyanın direktoru Dmitriy Dmitriyeviç Semyonov Aleksey Çernyayevskini yanına çağıraraq, ümidsizcəsinə deyir ki, şöbə açılsa da, ərizə verən çox azdır, belə getsə, şöbənin fəaliyyət göstərməsi sual altında qalacaq. Aleksey Osipoviç isə ümidini üzmür və şöbənin açılması üçün axtarışa çıxır. O, İrəvanda, Naxçıvanda, Gəncədə, Şuşada, Şamaxıda, Qubada və Dərbənddə olur, qapı-qapı gəzib qəza mərkəzlərində seminariyaya uşaq toplayırdı. Valideynlərə təhsilin, maarifin nə demək olduğunu izah edib deyirdi ki, məqsədimiz Azərbaycan xalqının qaranlıq yollarını işıqlandırmaqdır, balalarınızı bu işığı yandırmaqdan məhrum etməyin. 

Gəncədən Gədəbəyə qədər gələn Çernyayevskinin yola gətirdiyi şəxslərdən biri də Məmməd ağa olur. Məmməd ağa təhsil görmüş, ağıllı adam kimi oğlunun Qoridə təhsil almasında bir qəbahət görmür və onun getməsinə razılıq verir.

Oxşar mənzərə “Azərbaycanfilm”in istehsalı olan “Dəli Kür” bədii filmində də öz əksinin tapmışdır.

Qoridə mükəmməl təhsil alan Məcid ağa burada rus, gürcü, erməni dilləri ilə yanaşı, dünyəvi elmləri də öyrənir. Şıxlinski Qiyas bəy Cahandar ağa oğlu da Məcid ağa ilə Qori seminariyasında oxumuşlar.

Çarın vergiyığanı Məmməd ağa bu vəzifədə işləyərkən töycü (vergi) ödəyicilərinin, xüsusən də mal-qara saxlamaqla, əkin-biçinlə ailəsini güclə dolandıran kasıb kəndlilərin tərəfində olardı. Uzun illər çar qoşunlarına qan udduran Qaçaq Kərəmi Şah Talasında gizlətdiyinə və onu ölümdən xilas etdiyinə, daha sonra çar II Nikolayın işğalçılıq siyasətinə qarşı çıxaraq Çar Rusiyasının müxtəlif ərazilərindən Gədəbəyə köçürülən sektantları, ilkin olaraq Novo-İvanovkada məskunlaşan “sakinləri” bu yerlərdən köçürmək istədiyinə görə Yelizavetpol Quberniya Jandarma İdarəsi Məmməd ağanı həbs etmiş, dörd qız və bir oğul sahibini sürgünə göndərmişdir...

20 illik Sibir sürgünündən salamat, amma qoca və xəstə qayıdan Məmməd ağa az sonra qan düşmənləri tərəfindən gecə vaxtı evinin kandarında güllələnir. 20 illik Sibir sürgünündən salamat qayıdan ağanı bir güllə öldürdü...

Təhsilini tamamlayıb ata yurduna dönən Məcid ağanı, çarın yerlərdə o əhalidən olan savadlı adamlara ehtiyacını nəzərə alaraq, Novoivanovka kəndinə “naçalnik uyezd” (pristav) təyin edirlər.

Beləliklə, Məcid ağa çar pristavı kimi atasının yurdunda da hörmət qazanan rus kəndinə daxil olan yeganə müsəlman olur. 

Yeri gəlmişkən, xatırladaq ki, o zaman molokanlardan ibarət olan bu kəndə müsəlmanlar daxil ola bilməzdi. Onlar yalnız kəndin yaxınlığına, təxmini təyin edilən əraziyə qədər gələ bilərdilər. Belə ki, müsəlman çobanlar səhərlər kəndin üstündən mal-qaranı yığıb aparar, axşamlar da gətirib həmin yerdə sahibinə təhvil verərdilər.

Bölgədə Yaqubluların da nüfuzunu nəzərə alan Çar hökuməti yerli əhalinin daha asan idarə  olunmasının yolunu tapmışdı. Bu nəslin təhsil görmüşlərindən olan Məcid ağanı Novoivanovka kəndinə pristav təyin etməsi Çar hökumətinin bölgədə həyata keçirilən yumşaq siyasətin uğurlu nəticəsi idi. Bu, həm müsəlmanlar, həm də molokanlar arasında rəğbətlə qarşılanmışdı. İşə başladığı gündən molokanların böyük hörmətini qazanan Məcid ağa ilk məhəbbətini də burada tapır, bir könüldən min könülə aşiq olduğu molokan qızı Manya ilə ailə qurur. Bundan sonra ruslar arasında pristav Məcid ağaya inam, etibar, ehtiram daha da artır. Bütövlükdə isə bütün Höyər dərəsi boyunca kimin problemi varsa, ona müraciət edirmiş.

Əsrin dönüş mərhələsi olan 1917-1918-ci il hadisələri, ictimai-siyasi proseslər Çarın yerli nümayəndəsi pristav Məcid ağa Şəkibəyovdan da yan keçmir. Erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat “Difai” (Müdafiə) Partiyası yarananda Gəncə bəyləri və şəxsən Məmməd Əmin Rəsulzadə ilə yaxından tanış olan Məcid ağa Azərbaycan Xalq Cümhuriyyətinin möhkəmlənməsində və 1918-20-ci illərdə baş vermiş erməni-müsəlman savaşında Qərb zonasının soyqırımından xilas edilməsində müstəsna rol oynayır. Bu səbəbdən Novoivanovkanın “naçalnik uyezd”i Məcid ağa qaçaq həyatı yaşamalı olmuşdur. El dili ilə desək, Qaçaq Məcid sovet hakimiyyəti illərində şura hökumətinə tabe olmamışdır. Türkiyənin Şərq cəbhəsindən qayıdan çar ordusunun 1918-ci il yanvarın 9-da Şəmkirdə tərksilah edilməsində, Azərbaycanda Milli hökumətin qurulmasında, erməni daşnakların bölgəyə hücumlarının, torpaqlarımızın işğalının qarşısının alınmasında, habelə 1920-ci il Gəncə üsyanında silahdaşları ilə birgə fədakarlıqlar göstərmiş, əmisi - Müsavatın bölgə özəyinin başçısı Əsgər ağa ilə birlikdə Gədəbəydə yeni quruluşa qarşı üsyanların təşkilatçısı və öndə gedəni olmuşdur. 

Xalqının azadlığı, ölkəsinin müstəqilliyi və müdafiəsi uğrunda mübarizə aparanlar, bu yolda canından keçməyə hazır olanlar həmişə şair və yazıçıların ədəbi qəhrəmanına çevrilirlər.  

Hətta sovet hakimiyyətinin kəshakəs vaxtı açıq şəkildə heç nədən qorxmadan, çəkinmədən Əsgər ağa başda olmaqla, Məcid ağa, Məşədi Mehralı “Həqiqi sinfi mübarizə təşkilatı” yaratmış və Gəncəbasar da, Göyçə də daxil olmaqla xeyli sayda insanları ətraflarına toplaya bilmişlər. Bu təşkilatın ciddi tələbləri olmuşdur. Yığılan üzvlük haqlarına silah-sursat alınır və bu təşkilatın üzvləri sovetlərlə mübarizə aparmaq əzmində idilər.

Çox yaxın dostluq münasibətlərdə olduğu Qiyas bəy Şıxlinski ona Türkiyəyə keçməyi təklif etsə də Məcid ağa bu təklifdən imtina etmişdir.

Məcid ağa ömrünün sonuna kimi yeni hökumət başçılarının barışıq təklifini  qəbul etməyib. Poemada deyildiyi kimi, Dövlət Siyasi İdarəsinin (QPU) rəhbəri Mircəfər Bağırovun “Dəstəsini məhv edin, özünü diri tutub gətirin!”əmrinə əsasən 1930-cu ilin martında Məcid ağa Qara qayada sovet əsgərləri tərəfindən mühasirəyə alınır və günlərlə qanlı döyüşlər gedir... 

Amansız mübarizədə hər şeyin sona çatdığını hiss edən Məcid ağa itki verməmək üçün silahdaşlarına -“Gizli yollarla aradan çıxın, axırda özüm gələcəm”- deyir. Bir aydan artıq mühasirədə qalan Qaçaq Məcidin azuqəsi və gülləsi qurtarır, gözləmə mövqeyi seçir, sonuncu üç gülləsindən biri də onun gizləndiyi mağaranın yerini və yolunu bilən, bolşevik əsgərlərinə tanıdan, Qaçaq Məcidin aynalısı susandan sonra mağaraya tərəf gələn satqın həmkəndlisini qayadan aşırır. Ölümü təslimçilikdən uca tutaraq atını güllələyir, nəhayət, tüfənginin qundağına “Məcidi Məcid vurdu” yazaraq sonuncu gülləsini özünə vurur.

Əsərdə bu səhnə necə də ustalıqla və ürək yanğısı ilə qələmə alınır:

 

Məcid çəkib xəncərini

Aynalının qundağına.

Bu üç kəlmə sözü yazdı:

“Məcidi Məcid vurdu”.

Sonra iki güllə səsi…

Qızılqaya məğrur durdu.

 

El qəhrəmanı Məcid ağa haqqında roman, hekayə, povest  və çoxlu qəzet-jurnal məqalələri yazılıb, Gədəbəy aşıqlarının sazında, sözündə xeyli xatirələri danışılır. Tanınmış şair İlyas Tapdıq, Dəmir Gədəbəyli və digərləri Məcid ağanın qəhrəmanlığından bəhs edən şeirlər, Zəka Vilayətoğlu “Şah ölüm” romanını yazmışdır. Bu sıradan “Üç kəlmə, üç güllə” poeması tam fərqlidir. Hadisələrin coğrafiyası geniş, ifadə tərzində xalq dilinin ruhu, lirik təravət əsəri oxunaqlı edir.

Fikrimcə, bu kitab el qəhrəmanları ilə bağlı sonuncu yazı olmamalıdır, əli qələm tutan hər kəs oxşar mövzulara bir daha müraciət etməlidir, xalqızımızın mərd oğulları barədə yeni faktları aşkar edərək onları gənclərimizin, ümumiyyətlə, xalqımızın yaddaşında qalmasına görə yeni əsərlər yaratmalıdırlar.

Haşiyə çıxaraq qeyd etmək istərdim ki, kitab çapdan çıxandan sonra və onun təqdimatı zamanı mənə bir neçə oxucu sual verdi ki, bu kitabı sovetlər dönəmində çap etməyə cürətin çatardımı? Kitabın təqdimat mərasimində də vurğuladım ki, xeyr, o zaman nəinki oxşar kitabı çap etmək, bu barədə fikirləşmək belə yasaq idi. Danılmaz faktdır ki, çoxlarımız sovet sisteminin məhsuluyuq. Təhsilimizi də həmin dövrdə almışıq, bir çoxlarımız o zamanlar vəzifə sahibləri olmuşuq. Lakin, bir sualın cavabını bu gün də tapa bilmirəm. Kitabın 105-ci səhifəsindəki rəsmi arayışdan da məlum olur ki, Şəkibəyov Əsgər ağa Məşədi Sadıx oğlu 1931-ci il 20 fevral tarixdə 90 yaşında güllələnir, ailəsi isə Sibirə sürgün edilir. Bu məgər bir böyük nəslə qarşı, bir azərbaycanlı ailəsinə qarşı soyqırım deyilmi? 90 yaşında bir qoca artıq güc almış, kifayət qədər möhkəmlənmiş bir sistemə nə edə bilərdi? Nə üçün daşımalı olduğumuz halal soyadımızdan imtina edib bir qismimiz Əsgərov, bir qismimiz Kandaurov, Sadıxov, Məmmədov, Şəkiyev soyadları ilə tanınmalıyıq? Neçə-neçə ailələr öz doğma yurd-yuvasından didərgin düşərək respublikanın müxtəlif rayonlarına köç ədrək qaçqın həyatı yaşamalı olmuşlar.

O zamanlar bu yükü, bu ağrı-acını içimizdə daşımaq məcburiyyətində idik. Şükürlər olsun ki, bu gün müstəqilliyimiz dərdimizi bölüşməyə, sözümüzü açıq deməyə  imkan verir.

Bəlkə elə bu məsələlər də belə bir kitabın ərsəyə gəlməsi üçün bir səbəbdir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ərəfəsində bu mövzuya müraciət etməyimi çox təqdirəlayiq hal hesab edirəm. Bu günkü nəslin öz keçmişini, tarixini, bölgədə  o zaman baş vermiş ictimai-siyasi hadisələri olduğu kimi bilməsi vacibdir. Geniş oxucu kütləsinə təqdim olunmuş bu əsər xalqımızın qəhrəmanlıq, azadlıq və müstəqillik arzularından bəhs edir. Ona görə də onu gənclərimizin vətənpərvərlik  ruhunda böyüməsində böyük amillərdən hesab edirəm.

Hesab edirəm ki, “Üç kəlmə, üç güllə” kitabı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş dəyərli töhfədir. 

Ümidvaram ki, kitab oxucular tərəfindən rəğbətlə qarşılanacaq və Azərbaycanın qəhrəmanlıq tarixinə sevgi ilə yanaşan hər kəsin masaüstü kitabına çevriləcəkdir.

 

P.S. Jurnal vasitəsi ilə kitabın ərsəyə gəlməsində zəhməti olanlara - Şair, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənliyə, şair Çingiz Dalğına, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Rəhman Salmanlıya, Azərbaycan Jurnalistlər İttifaqının üzvü, H. Zərdabi, Qızıl Qələm beynəlxalq qran-pri mükafatlarının və foto müsabiqələrinin laureatı Kərəm Nəbiyevə, jurnalist Əziz Əlibəyliyə, Milli Məclisin məsul əməkdaşları Vəfadar Əliyevə və Mübariz Əsgərova dərin təşəkkürümü bildirirəm.

 

Eldar Əsgərov

Azərbaycan Respublikası Milli Məclisi Aparatının 

İnzibati və hərbi qanunvericilik şöbəsinin 

Hərbi qanunvericilik sektorunun müdiri, 

Dövlət qulluğunun Baş müşaviri



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru