Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

AzTV-nin Kiyevdə Kliçko hoqqası və park adına imitasiya - VİDEO

228 Baxış sayı / 16-01-2019 15:51

Ukraynadan hazırladığımız reportajlar oxucuların böyük marağına səbəb oldu. Kifayət qədər böyük ölçülü və 3 hissədən ibarət yazının bir neçə saytda üst-üstə 100 minə yaxın oxunma sayı verməsi də göstərir ki, səfirlik-diaspor münasibətlərində yaranmış problemlər xüsusunda Ukraynaya diqqət kifayət qədər böyükdür.  Buna misal kimi, reportajlardan sonra aldığımız çoxsaylı məktub-müraciətləri də göstərmək olar. Yazılanlardan məmnun qaldıqlarını deyib, təşəkkür bildirənlər də oldu, “Problemlərin hamısına toxunmamısız” deyərək gileylənənlər də.

15 dərəcə şaxtada sənəd gözləyənlər

Ukraynadakı soydaşlarımız əsasən konsulluq işləri ilə bağlı səfirliyə müraciət edərkən çətinliklərlə üzləşdiklərini deyirlər. “Bizi 15 dərəcə şaxtada da bayırda saxlayırlar. Süründürməçilik edilir. Bəzən adi bir məsələyə görə bir neçə dəfə getməli oluruq. Ukraynada heç bir ölkənin səfirliyi öz vətəndaşlarını şaxtalı havada bayırda saxlamır. Hamısında gözləmək üçün xüsusi otaqlar var. Amma bizim səfirliyimizin əməkdaşları müraciət edən şəxslərin başqa şəhərlərdən gəldiklərini, yorulduqlarını nəzərə almır, hamını bir nəfər kimi küçədə gözləməsini tələb edirlər. Buna bir əncam çəkilməlidir. Gəlin baxın, özünüz görəcəksiniz ki, bu soyuqda azərbaycanlılar səfirliyin qarşısında hansı acnacaqlı vəziyyətdə gözləyirlər”. Bu kimi giley dolu məktubların çoxluq təşkil etməsi onu deməyə əsas verir ki, qeyd olunan problem doğurdan da ciddidir. Üstəlik, onu da yazanlar var ki, səfirlikdəki baş konsulun otağı bir müddətdir ki, AzTV-nin Ukynadakı müxbirinə verilib.

AzTV müxbirinin texniki fəndi

Ukraynadakı azərbaycanlıların səfirlikdə qəbulu məsləsini hələlik saxlayaq başqa vaxta. Ümid edər ki, səfirlik təkcə AzTV müxbirinin deyil, həm də küçədə 15 dərəcə şaxtada saatlarla sənəd gözləyən soydaşlarımızın da qayğısına qalacaq.

Reportajımızın sonuncu hissəsində Kiyevdəki “Ukrayna-Azərbaycan” Dostluq Parkından qısaca bəhs edərək, bu barədə ayrıca yazı hazırlayacağımızı anons etmişdik.  Bu yazıda da elə məhz həmin parkdan söz açacağıq.

“Ukrayna-Azərbaycan” dostluq parkını ilk dəfə AzTV-də görmüşdük. Ukrayna müxbirinin hazırladığı reportajı isləyərkən, belə təsəvvür yarandı ki, Kiyevin mərkəzində bizimkilər əzəmətli bir park salıb, genişmiqyaslı işlər görülüb. Hər halda görüntülər belə düşünməyə əsasə verirdi. Amma sən demə gördüklərimiz heç də REALLIĞIN ÖZÜ deyilmiş. Kiyevdə - həmin o ərazidə olarkən bizə aydın oldu ki, AzTV-də gördüklərimiz sadəcə olaraq Ukrayna müxbirinin istifadə etdiyi texniki fəndlər olub...

Bakını tanımayanlar üçün divar şəkilləri...

AzTV müxbirinin adına park dediyi ərazidə biz balaca bir bildiriş lövhəsinə də rast gələ bilmədik. Kiçik bir ərazidə 6 ədəd oturacaq quraşdırılıb, yerə daş düzülüb, barmaqla sayılacaq qədər ağac, bir neçə ədəd də bəzək kolu əkilib. Hə, 5 ədəd də işıq dirəyi quraşdırılıb. Bir sözlə, həyətyanı bağ təsəvvürü yaradan  ərazidə Azərbaycan-Ukrayna dostluğunu əks etdirən heç bir element yoxdur. Heç yerdə yazılmayıb ki, bura nədir, bura haradır? AzTV-nin kadrlarında yerdə kiçik ölçülü lövhə gözə dəyirdi. Qar yağdığından o da görünməz olub. Kadrlardakı bəzəkli daşlardan hazılanmış və hansı ağıllasa yerdən döşənmiş Azərbaycan və Ukrayna bayraqlarından da əsər-əlamət qalmamışdı. 10 metr məsafəni əhatə edən hissədəki Bakının şəkilləri də Kiyev sakinlərinə buranın məhz azərbaycanlılar tərəfindən ərsəyə gətirildiyinə işarə edə bilmir. Çünki şəkillərin üzərində nə ölkəmizin, nə də paytaxtımızın adına rast gəlinir. Bakını tanımayanlar haradan bilsin ki, bura haradır? Amma bir tərəfdən də yaxşı ki, Azərbaycanla bağlı hansısa bildiriş, loqo və bayrağımız gözə dəymir. Çünki belə bir köntöy işin – park adına imitasiyanın Azərbaycana aidiyyatı olmamalıdır!

“Xala xətri” görülən iş

Ümumiyyətlə, görünən o idi ki, ərazidə “xala xətri” iş aparılıb və məqsəd sadəcə Bakıdakılar üçün iş görüntüsü yaratmaq olub. Belə park olmur. Bu, Azərbaycanın adına layiq iş deyil! Bir işdə səfirliyin adı varsa, deməli, bu, dövlət deməkdir və görülən iş Azərbaycanın bügünkü çəkisinə uyğun olmalıdır. Yuxarıları aldatmaq dövrü arxada qalıb və belə iş metodlarına üstünlük verənlərə yeni mərhələdə yer olmamalıdır. 

Təsəvvür edin, AzTV-nin müxbiri “park”ın açılışında iştirak etməyən Kiyev meri Vitali Kliçkonu tədbirdə iştirak etmiş kimi təqdim etməkdən belə çəkinmir. Kliçko hansısa səbəblərdən açılış mərasimində iştirak etməyib. Amma AzTV-nin Ukraynadakı sirli kamerası elə bir “möcüzə” yaradır ki, tədbir barədə reportajda iştirakçı kimi Kliçkonun da açıqlaması yer alır. İki gün əvvəl çəkilib, üç gün sonra çəkilib, bilinmir. Bircə o məlumdur ki, Kliçko parkın açılışında iştirak etməyib, AzTV-nin kamerası qarşısına da həmin ərazidə çıxmayıb. Hər nə səbəb olursa olsun, orada olmayan adamı orada olmuş kimi təqdim  etmək, Xalqı, Dövləti, Prezidenti aldatmağa cəhd etməkdən başqa bir şey deyil! Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev AzTV kamarasının bu texniki hoqqasını görməyibmi? Niyə razı olub ki, tədbirdə iştirak etməyən Kliçko açılış mərasimi barədə reportajda yer alsın? Axı müxbir materialları az qala onun gözünün qarşısında hazırlayır – baş konsulun otağında. Kliçkonun açıqlamasını ayrıca vermək olmazdımı? Mütləq gərək belə bir aldadıcı manevrə əl atılaydı?..(AzTV-nin hazırladığı süjet də diqqətinizə təqdim olunur)

Başa düşmək çətindir! Amma bəlkə də təbii qarşılamalıyıyq - 6 oturacağın qoyulduğu əraziyə park adı verilməsinin yanında bu nədir  ki...

Nicat DAĞLAR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru