Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Bakıda Qazaxıstanın Müstəqillik Günü qeyd edilib

325 Baxış sayı / 19-12-2017 14:58

Bakıda Qazaxıstan Respublikasının Müstəqillik Günü qeyd edilib.

Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev bu münasibətlə təşkil edilmiş qəbulda çıxış edərək, ölkəsinin müstəqillik əldə etdiyi 26 il ərzində onun keçdiyi yoldan danışıb. O, Qazaxıstan-Azərbaycan münasibətlərinə toxunaraq bildirib ki, strateji səviyyəyə yüksələn bu münasibətlərin böyük perspektivləri var.

Energetika naziri Pərviz Şahbazov Azərbaycan hökuməti adından çıxış edərək deyib ki, müstəqillik illərində ölkələrimiz əhəmiyyətli uğurlara nail olaraq, öz regionunda mühüm dövlətlərə çevriliblər. Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan P.Şahbazov qeyd edib ki, hazırda bu əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. O, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin bu ilin aprelində Bakıya rəsmi səfərini xatırladaq diqqətə çatdırıb ki, iki dövlətin başçısı qarşıya əmtəə dövriyyəsinin həcmini iki dəfə artırmaq vəzifəsi qoyub. Nazir deyib: “Azərbaycan ilə Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın bu günlərdə Bakıda keçirilmiş 14-cü iclasında bütün əməkdaşlıq sahələrini əhatə edən tədbirlər planı qəbul edilib“.

Qəbulda Bakıda akkreditə olunmuş diplomatik korpusun, Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru