Biz bu gün əl-ələ verməli, bir olmalı, diri olmalıyıq

Səfər Əbiyev
Azərbaycan Respublikasının eks müdafiə naziri, general polkovnik
Azərbaycan hakimiyyəti ötən illərdə cəmiyyətdə mənəvi birliyi təmin etmək üçün sivil siyasi münasibətlər sistemi formalaşdırmağa çalışır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu humanist və insanpərvər siyasət son 15 ildə də uğurla davam etdirilir. Hər bir azərbaycanlının Prezidenti olduğunu bəyan etmiş cənab İlham Əliyev daxili siyasətdə ifrat radikalizmin, qarşıdurma meyillərinin aradan qaldırılması, sivil siyasi rəqabətin, demokratik seçki mübarizəsinin formalaşması üçün daim mühüm addımlar atır.
Dövlət müstəqilliyinin bərpasından ötən 27 ildə Azərbaycan bəzi keçmiş sovet respublikalarından fərqli olaraq, böyük uğurlara imza atmışdır. İqtisadi, siyasi, mədəni sahələrdə əldə edilən nailiyyətlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu yüksəltmişdir. Tarixi həqiqətdir ki, xalqın təkidli istəyi ilə 1993-cü ilin iyununda - taleyüklü bir zamanda müstəqil Azərbaycanın rəhbərliyinə qayıdan, məsuliyyətli bir missiyanı çiyinlərinə götürməkdən çəkinməyən Ulu öndər qısa zamanda dövlətçiliyin xilasına, ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının bərpasına, iqtisadi tənəzzülün qarşısının alınmasına nail olmaqla yanaşı, həm də milli-mənəvi, əxlaqi dəyərlərin deqredasiyası təhlükəsinin qarşısını almışdır.
Prezident İlham Əliyev ilk gündən xalqın milli mədəniyyətinin və mənəviyyatının qorunub saxlanılmasına, inkişaf etdirilməsinə xidmət edən strateji siyasi kursa üstünlük vermişdir. Milli dövlətçilik dəyərlərinin əsasını sağlam cəmiyyət təşkil edir. Sağlam mənəviyyatlı, yüksək bilikli insanlardan ibarət cəmiyyət qarşıya çıxan bütün problemləri asanlıqla həll edir, monolit qüvvə kimi fəaliyyət göstərir. Təəssüflər olsun ki, Azərbaycanın qazandığı nailiyyətləri qəbul etməyən qüvvələr hələ də var. Bu qüvvələr şəxsi ambisiyaları uğrunda mubarizə apararaq milli maraqlarmıza zərbə vurmağa çalışırlar. Onlar baş vermiş hər bir hadisəni siyasi təbliğat vasitəsinə çevirmək niyyəti güdürlər. Siyasi divident götürməyə cəhd edən belə qrupların mövqeyi yalnız ikrah hissi doğurur. Milli dəyərlərimizə, məfkurə və düşüncə sisteminə, mentalitetinə zidd olan ikrahdoğurucu təbliğatına qarşı hər bir cəmiyyət üzvü barışmaz mövqe tutmalıdır.
Müstəqlliyimizin ilk illərində ordu quruculuğu yönümündə heç bir ciddi addım atılmadı, silahlı qüvvələr ayrı-ayrı siyasi qruplaşmaların əlində hakimiyyət uğrunda mübarizə alətinə çevrildi. Nizami orduya malik olmayan Azərbaycan hərc-mərclik və xaos burulğanında ərazisinin 20 faizini itirmək məcburiyyətində qaldı. Müstəqil Azərbaycanda nizami ordu quruculuğu istiqamətində ardıcıl və sistemli addımlar atılması isə yalnız Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ordu quruculuğu siyasətini yeni dövrün tələbləri səviyyəsində inamla davam etdirən Azərbaycan Prezidenti bu gün də bu məqsədlə bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin edir. Nizami ordu Azərbaycan dövlətinin mövcudluğunun əsas təminatlarından birinə çevrilməklə, ona dünya miqyasında maraq və mənafeyini, milli təhlükəsizliyini lazımi səviyyədə qorumaq, müstəqil siyasət yeritmək imkanı yaradır. Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin sosial rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqlarla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunu bir daha təsdiqləyir.
Əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli dövlətin yürütdüyü xarici siyasətin prioritet istiqamətini təşkil etmişdir. Danışıqlar prosesində Ermənistan yenə qeyri-konstruktivlik nümayiş etdirmiş, beynəlxalq hüquq normalarına məhəl qoymadığını göstərmiş, işğal olunmuş ərazilərdə və cəbhə xəttində təxribatçı hərəkətləri ilə vəziyyəti gərginləşdirmişdir. Eyni zamanda ATƏT-in Minsk qrupu tənzimləmə prosesini "ölü nöqtə"dən çıxarmaq üçün hansısa əməli təşəbbüs göstərməmişdir. Bütün bunlar isə danışıqlarda irəliləyişə nail olmağa imkan verməmişdir.
Belə bir şəraitdə Azərbaycan dövləti ayrı-ayrı ölkələrin, beynəlxalq təşkilatların diqqətini Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq və regional sülhə təhlükə törətməsinə cəlb edir. Nüfuzlu beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan münaqişəsinə dair sənədlər qəbul edərək ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə və hamı tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığına hörmətlərini ifadə etmiş və münaqişənin məhz bu əsasda həllinin vacibliyi vurğulamışdır. Artıq dünya ictimaiyyətində belə bir fikir formalaşmışdır ki, münaqişənin həlli Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması ilə başlanmalı, bunun ardınca münaqişə tərəfləri arasında əməkdaşlıq və etimad mühitinin formalaşmasına xidmət edən qarşılıqlı addımlarla işğalın ağır nəticələri aradan qaldırılmalıdır.
Təəssüf ki, Ermənistan hələ də status-kvonu qoruyub saxlamaq və işğalın nəticələrini əbədiləşdirmək fikrindən əl çəkmir. Halbuki status-kvonun qalması təcavüzkar dövlətə yaxşı heç nə vəd etmir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Status-kvo vəziyyəti bizim üçün nə qədər ağır olsa da, Ermənistan üçün eyni dərəcədə təhlükəlidir. Ona görə ki, əgər onlar regionda qüvvələrin tarazlığı və ümumiyyətlə, regionda vəziyyət baxımından heç olmasa ortamüddətli perspektivi, məsələn, Azərbaycanın güclənməsi perspektivini götür-qoy etsələr, aydın olar ki, 5-10 ildən sonra onların vəziyyəti indikindən daha ağır olacaqdır. Azərbaycanla düşmənçilik etmək və bizim torpaqlarımızı işğal altında saxlamaq onlar üçün çətin və müəyyən dərəcədə təhlükəli olacaqdır. Əgər onlar hazırda Dağlıq Qarabağda yaşayan adamların bundan sonra da təhlükəsiz şəraitdə yaşamasını istəyirlərsə, işğalçı qüvvələrin bizim ərazidən çıxarılması prosesini başlamalıdırlar".
İşğal altında olan torpaqlarımızın azadlığı üçün biz bu gün əl-ələ verməli, bir olmalı, diri olmalıyıq. Hər bir Azərbaycan vətəndaşı dövlətimizin, dövlətçiliyimizin yaşaması üçün də əlindən gələni etməli, öz yardımını əsirgəməməlidir. Uzun illər Azərbaycan Ordusunun rəhbərliyində olmuş bir şəxs kimi deyə bilərəm ki, sahib olduğum təcrübələr, praktiki məlumatlarla mən də bir vətəndaş kimi bu sıraların önündəyəm, sosial statusumdan asılı olmayaraq, bu, hər zaman da belə olacaq.
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]