Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Böyük azərbaycanlılar - Əziz qədər yaxın

809 Baxış sayı / 07-02-2020 11:11

Həyatda ən böyük mükafat – böyük məhəbbətlə xatırlanmaqdır. Bu mükafata yol yaxşılıqlar silsiləsindən keçir. Həmin əməl dəftərinin hər bir qeydi isə istedad, zəhmətsevərlik sayəsində yüksəldiyin uca zirvədən Vətənə və xalqa təmənnasız xidmətlərlə yazılır.

Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyev hələ sağlığında belə böyük məhəbbəti qazanmış şəxsiyyətlərdən biri olub. O, valideynlərinin qoyduğu adı bütün həyatı boyu doğruldub, istər Azərbaycanda, istər İranda, istərsə də Dağıstanda çalışmasından asılı olmayaraq Vətəninə və xalqına əsl əziz övlad olub.

Onun çox kəşməkəşli ömür yoluna nəzər salanda məqsədyönlüyünə və nikbinliyinə heyran olmaya bilmirsən. Təhsilə, elmə bütün qüvvəsi ilə can atması pulu bəhanə edib, təhsilini yarımçıq qoyan bəzi gənclər üçün örnəkdir. Təsəvvür edin, İrəvan gimnaziyasının 6-cı sinif şagirdi ailəsini – anasını və kiçik qardaşını – dolandırmaq üçün axşamlar şagird hazırlamaqla pul qazanırmış. Gimnaziyanı əla qiymətlərlə bitirəndən sonra həkim olmaq və Sankt-Peterburqun Hərbi Tibbi Akademiyasında oxumaq arzusu isə onu Bakı milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə müraciətə vadar edir.

Babasının həyatındakı bu məqamı Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü zamanı bir daha yada saldı: "Hacı Zeynalabdin Tağıyevin xeyirxah fəaliyyəti bizim ailəmizdə də özünü göstərmişdir. O vaxt mənim babam Əziz Əliyev ona məktub yazaraq xahiş etmişdi ki, ona pul versin, getsin həkim peşəsinə yiyələnsin. Hacı Zeynalabdin, əlbəttə ki, onu tanımırdı, tanıya da bilməzdi. Tək o məktuba görə ona pul göndərdi. O pulla da Əziz Əliyev getdi Sankt-Peterburqda Hərbi Tibbi Akademiyaya daxil oldu, həkim oldu, ondan sonra da onun həyatında yeni dövr başlandı. Hacı Zeynalabdin Tağıyevin minlərlə, bəlkə də on minlərlə insana köməyi dəyib və mənim Prezident kimi addımlarımdan biri də o idi ki, onun evi əsaslı şəkildə təmir olunsun. Orada Tarix Muzeyi yerləşir. Amma mən o binaya məhz onun evi kimi baxırdım və biz bunu etdik".

Sankt-Peterburqda təhsil almaqla yanaşı, tələbə həkim kimi ilk təcrübəsini keçsə də, ailəsini erməni soyqırımından qorumaq üçün öncə İrəvanı tərk edərək Naxçıvana, ardınca isə İranın Ərəblər kəndinə köçməyə məcbur olur. Hətta qaçqın həyatında belə, gənc Əziz həkim peşəsini unutmur, onu burada tətbiq edir. Vətənə dönəndən sonra Əziz bütün çətinliklərə rəğmən artıq Bakı Dövlət Universitetinin tibb fakültəsini bitirir və universitetin daxili xəstəliklər kafedrasında fəaliyyətə başlayır.

Həkimlik karyerasında çox sürətlə yüksəlişlərə nail olan Ə.Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru, Xalq Səhiyyə komissarı kimi vəzifələrdə çalışır. Onun instituta başçılığı dövründə Azərbaycan və rus dillərində tibb təhsili təşkil olunur. 2000 tələbədən 1300-ü azərbaycanlı idi, Azərbaycan dilində latın qrafikası ilə 55 adda dərs vəsaiti nəşr edilir, təlim-təhsil bazası güclənir, azərbaycanlı məzunlar Rusiya və Ukraynanın ali məktəblərinin aspiranturalarında təhsil almağa və işləməyə göndərilirlər. Beləliklə, səhiyyə sahəsində çalışacaq və dərs deyəcək milli kadrlar ordusu formalaşır.

Repressiyaların tüğyan etdiyi 1937–1938-ci illərdə Əziz Əliyevin daha bir nəcib xüsusiyyəti meydana çıxır. O, milli tibb kadrlarının əksəriyyətini sovet rejiminin bu kabus dolu və dəhşət saçan maşınından qoruya bilir. Dövrünün ziyalılar çevrəsinə daxil olan Əziz Əliyevin həmin illərdə həbs olunmaması isə möcüzə hesab ediləsidir.

Yeri gəlmişkən, Əziz Əliyev təkcə həkimlərimizi deyil, həm də Dağıstan əhalisini Stalin deportasiyasından qurtara bilir. Hitler Almaniyasının qoşunları Dağıstan sərhədinə yaxınlaşanda, Əziz Əliyev bu respublikaya I katib kimi işləməyə göndərilir. Həmin vaxtlarda məhz Ə.Əliyev Stalini şəxsən inandıra bilir ki, dağıstanlılar düşmənə qarşı döyüşmək üçün 25 minlik könüllülər dəstəsi yaradıblar. Moskvadan qayıtdıqdan sonra Ə.Əliyevə bel bağlayan dağıstanlılar 30 minlik könüllülər dəstəsi formalaşdırırlar, bununla da Krım tatarlarından, eləcə də Qafqazda çeçenlərdən, inquşlardan və digər dağlı xalqlardan fərqli olaraq, Dağıstan əhalisi sürgünə məruz qalmır. Bütün bunlarla yanaşı, o dövrün ağır repressiyalarının Dağıstanda kütləvi hal almaması üçün əlindən gələni edir, müharibə şəraitində yerli əhalinin normal həyatla təmin olunması naminə böyük işlər həyata keçirir.

Həmişə xalqın içində olan, onun bütün problemlərinə dərindən bələd şəxs kimi insani və ədalətli davranışı onu bütün dağıstanlıların sevimlisinə çevirmişdi. Məhz bu səbəbdən Dağıstan ictimaiyyəti Əziz Əliyevə üzərində onun əksi həkk olunan xüsusi medalyon bağışlayır. Həmin medalyon hazırda Azərbaycanın Tarix Muzeyində saxlanılmaqdadır. Əziz Əliyev Dağıstandakı missiyasını başa vurduqda isə onu Mahaçqala dəmiryol vağzalından yola salmaq üçün gələnlərin sayı-hesabı yox idi. Müasir dövrümüzdə isə qədirbilən dağıstanlılar Mahaçqalada Əziz Əliyevin adını daşıyan küçədə onun abidəsini ucaldıblar.

Bundan öncə isə 1941-ci ildə faşistlərin Sovet İttifaqına hücumu başlandıqdan sonra o, sovet qoşunlarının tərkibində Azərbaycan nümayəndələrinin böyük bir qrupuna başçılıq etmişdi. Təbrizdə, Urmiyada, Ərdəbildə, Mərənddə, Zəncanda olmuş Əziz Əliyev siyasi rəhbər kimi məsul işin öhdəsindən layiqincə gəlmişdi. O, görkəmli Azərbaycan yazıçıları İmran Qasımov, Mirzə İbrahimov, Süleyman Rüstəm, Rəsul Rza, Osman Sarıvəlli, Qılman Musayev, Ənvər Məmmədxanlı, İsrafil Nəzərov, Əhəd Bağırzadə, Qulam Məmmədli, Mehdixan Vəkilov, Cabbar Məcnunbəyov və bir çox başqaları ilə birlikdə millətimiz üçün əhəmiyyətli işlər görmüşdü.

Keçdiyi həyat yolu asan olmayıb. Həmişə belədir: çalışqan, cəsarətlə xalqına xidmət edən, milli kadrları üzə çıxaran, onlara hamar yol hazırlayan insanlara asanlıqla böhtan atmaq, şərləmək, onların daha da irəli getməsinin qarşısını almaq istəyən "kiçik beyinlər" daim pusquda dururlar. Əziz Əliyevə qarşı belə pusqular bir neçə dəfə quruldu. Əvvəlcə Mircəfər Bağırov və onun ətrafı bu görkəmli dövlət xadimini Tibb İnstitutuna rəhbərlik edərkən antisovet təbliğatının və millətçiliyin qarşısını almaq üçün ciddi tədbirlər görməməkdə suçlayır, nəticədə ona MK bürosunun qərarı ilə töhmət verilir. Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini işləyəndə isə onu öz keçmiş həyatını, valideynlərinin sosial mənşəyini, İranda yaşayan bacısı və qohumları barədə məlumatları gizlətməkdə ittiham etməyə çalışırlar. Çünki intellekti, təcrübəsi, fədakarlığı, eləcə də xalqın sevimli oğlu kimi artıq Azərbaycanın rəhbəri olmağa layiq idi. Bu dəfə şiddətli töhmətlə kifayətlənmirlər, onu Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən xaric edirlər. Ə.Əliyevə qarşı mənəvi repressiya başlanır. Onu əvvəlcə Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun direktoru təyin etsələr də, tezliklə bu vəzifədən də çıxarırlar və böyük işlər görmüş insanı Sabunçu xəstəxanasına baş həkimin müavini göndərirlər.

Belə əməllə onun misilsiz xidmətlərini unutdurmağa çalışırlar. Amma kiçik vəzifələr Böyük insanı kiçildə bilməz! Ə.Əliyevin "insan xarakterinin dəyərləri çətin günlərdə açılır" prinsipi ilə hərəkət etdiyini unudurlar. O, istənilən vəzifədə vətənsevər, insansevər və həyat kredolarına xəyanət etməyən Əziz Əliyev idi. Gənc nəslin vəzifə sahiblərinə "hirsli vaxtda qərar çıxarmamağı, hökm verməyə tələsməməyi, özünü həmin şəxsin yerində hiss etməyi" tövsiyə edərdi. Vəzifəni "xalqı, əhalini dolandırmaq, uşaqların üzündə daim təbəssüm yaratmaq, haqlını haqsızın ayaqlamasına, tapdalamasına yol verməmək" vasitəsi kimi dəyərləndirirdi. Bir sözlə, qətiyyətlə demək olar ki, tutduğu kürsülər ona deyil, o, həmin kürsülərə yüksəklik gətirirdi.

Amansız dövrün ciddi, mürəkkəb sınaqlarından Əziz Əliyevlə yanaşı ailə üzvləri və qohum-əqrəbası da alnıaçıq, üzüağ çıxırlar. Bütün basqılara, təzyiqlərə baxmayaraq, yaxın qohumları, hətta qızı Zərifə xanım Əliyeva ilə evlənməyə hazırlaşan Heydər Əliyev də bu ailədən üz döndərmirlər.

İlahi ədalət isə onu İosif Stalin və Mircəfər Bağırov repressiyasından birdəfəlik qurtarır. Stalinin ölümü, Bağırovun vəzifədən azad edilməsi və həbsə atılması bu böyük azərbaycanlının Həkimləri Təkmilləşdurmə İnstitutunun rəhbəri təyin edilməsilə nəticələnir. O, ömrünün sonuna qədər milli kadrların peşəkarlığının artırılması, alimlərin yetişdirilməsi naminə fədakarlıqla fəaliyyət göstərdi və yaddaşlarda əziz bir şəxsiyyət kimi qaldı...

Xatirə Sadiq



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru