Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

CAVANŞİR QULİYEV% AÇILIŞ

24236 Baxış sayı / 22-02-2021 14:48

Cavanşir QULİYEV / bəstəkar

 

Proloq

Deyirlər ki, yayı nə qədər bərk sıxsan, geriyə güclü açılar və çox təhlükəli olur. Məncə, Azərbaycan son 30 ildə sıxılmış yaya bənzəyirdi – hər an açıla bilərdi və çoxumuz da onun tez bir zamanda açılmasını istəyirdik. Qarabağ davasını deyirəm...Hər fürsətdə əsgərin bu işə əl qoymasını mətbuatda söyləyənlərdən biri olaraq, savaş başlanınca, sanki, içimə bir fırtına girdi – ordumuz irəlilədikcə, mən də arxada xəyali düşmənlə vuruşurdum, yeni və inanılmaz gözəllikdə hisslər keçirirdim. Duyğular qarışırdı bir-birinə - şəhidlərə üzüntü hissi keçirdi kənd və şəhərlərin azad olunma sevincinə, düşmənin alçaqlığına olan qəzəb ordumuza qarşı qürur hissiylə əvəzlənirdi. Bir sözlə, mən də, çoxları kimi, geridə “savaş” içində yaşayırdım. 

 Müharibə ilğım kimi göründü və... uçdu getdi - düşmənin 2 ilə işğal etdiyi torpaqlarımızı əsgərimiz 44 günə geri aldı. Ən əsası isə - bir daha isbatlandı ki, biz əhali deyilik, millətik və qarşımıza çıxan çətinlikləri aradan qaldırmağı bacarırıq! Xalq olaraq yay kimi açıldıq, yeni keyfiyyətlərimiz üzə çıxdı. Hansılardır bu keyfiyyətlər?

 

Biz birləşə bilirik

Savaş uzun illər kök atmış bir yanlışı da məhv etdi. Bu, “bizim cəmiyyət heç vaxt bir ola bilməz” yanlışı idi. Müharibənin ilk günündən toplumun bütün kəsimləri, dinindən, millətindən, siyasi düşüncəsindən, firqəsindən, aşirətindən asılı olmayaraq birləşdi və ölkənin Prezidenti və Ordunun Ali Baş Komandanı İ.Əliyevə bu davada dəstək və, necə deyərlər, kart-blanş verdi. Verilən dəstək də yalnız sözdə olmadı - hər kəs özünün sahəsində bacardığı qədər öz müharibəsini apardı.

 Dəstəyin gücü o qədər böyük idi ki, Ali Baş Komandan bunu özü etiraf etdi. Nitqlərinin birində, adi vaxtı hakimiyyəti tənqid edənlər belə Dövlətin müharibə siyasətinə dəstək verdiklərini söylədi. Bu birləşmə, məncə, bizim cəmiyyətin, əslində, bir bədən olduğunu üzə çıxartdı. Bu bədənin əl-qolu adi günlərdə fərqli hərəkətlər etsədə, sonucda eyni bədənə məxsusdurlar və ən məsuliyyətli anlarda beyinin əmrinə tabe olurlar. Mənə bu təbii birləşməni seyr etmək böyük zövq və qürur verirdi!

 

Çətin günlərdə fədakarlığımız artır

Xalqımızın daha bir keyfiyyəti savaş günlərində parladı - fədakarlıq. İnternetə bu fədakarlığın çox sayda görüntüləri yerləşdirilmişdi o günlərdə. İnsanlar cəbhəyə yollanan hərbi birliklərimiz üçün yeyəcək-içəcəkdən tutmuş dağda gecələr soyuqdan qorunmaq üçün yorğan-yastığa qədər, qapısındaki heyvanı kəsərək, kabab bişirib isti-isti yoldan keçən hərbiçilərə verirdilər, əsgərə lazım ola biləsi hər cür əşyaları yolların kənarına düzürdülər, bəzi hallarda öz avtomobilləri ilə aparırdılar cəbhəyə yaxın ərazilərə və orda hərbiçilərə verirdilər. Bütün bunlar Müdafiə Nazirliyinin “heç bir ehtiyacımız yoxdur” bəyanatına rağmən edilirdi. Xalq əsgərinə olan sevgisini, qayğısını və dəstəyini bu cür də göstərirdi.

 Mən həmişə Türkiyədə millətin əsgərinə olan sevgisinin bizdə də olmasını arzulamışam. Bu müharibə göstərdi ki, bu sevgi varmış, millətimiz öz ordusunu canı qədər sevdiyini göstərdi. Hər şəhər və kənd işğaldan azad olunanda xalq sevincdən küçələrə axışırdı, bayram edirdi. Bütün bunlar koronavirusun tüğyan etdiyi günlərdə baş verirdi, insanlar artıq virusu vecinə almayaraq, yoluxma riskinə gedərək, Vətənin uğurunu qeyd edirdi! Bütün bunları da seyr etmək mənə xüsusi zövq və qürur verirdi! 

 

Bütün cəbhələrdə hücum edə bilirik

Müharibə başlayan saatlardan bütün cəbhələrdə də yerli döyüşlər başladı. Xüsusilə sosial şəbəkələrdə. Bizim insanlar böyük cəsarətlə düşmənlə “əlbəyaxa döyüşə” girişdilər. Bu döyüşün coğrafiyası çox geniş idi, demək olar ki bütün dünyanı sarmışdı. Son illər çox sayda azərbaycanlılar fərqli səbəblərdən xarici ölkələrə köçmüşlər, onlar da öz davalarını internetdə aparırdılar, düşmənə nəfəs aldırmırdılar, layiqli cavablar verirdilər, susdururdular onları. Düşmən isə cavab verə bilməyib sosial şəbəkənin sahibinə şikayət edirdi bizimkiləri. O günlər saatlarla bizim insanların sosial şəbəkəyə girişlərinin açılması üçün yazılar yazırdım və soydaşlarımızın bu cəsarətindən heyrətə gəlirdim. 

 Müxtəlif ölkələrin telekanallarına gedərək, bizimkilər siyasi programlarda düşmənin tərəfdarlarına çox kəskin cavablar verirdilər, onları teleməkanda da susdururdular. Demək olar ki təbliğat sahəsində bu dəfə biz ləyaqətli müqavimət göstərə bildik. Üstəlik, Ali Baş Komandan İ.Əliyev də tez-tez xarici ölkə müxbirlərinin suallarını cavablayaraq, öz tərəfindən təbliğat siyasətini həyata keçirirdi. Bu çoxsaylı və çoxşahəli təbliğat mübarizəsi nəhayət öz nəticəsini verdi – artıq Qarabağın hüquqi olaraq Azərbaycan ərazisi olduğunu dünya dövlətləri qəbul edərək bəyan edirdilər – bu görüntülər də mənə zövq və qürur verirdi!

 

Gənclər canlarını Vətənə fəda etdilər

Cəmiyyətimizin bəzi kəsimləri gənclərimizin Vətən sevgisinin aşağı səviyyədə olduğunu düşünürdülər, dara düşən xalqı müdafiə edəcəklərindən şübhə edirdilər. Toplumun xarici görüntüsü də biraz ona bənzəyirdi. Tez-tez mətbuatda reytinq xatirinə gənclərin həyatının xoşagəlməz tərəfləri işıqlandırılırdı. Lakin gerçəklik bunların təsadüf olduğunu və gənclər haqqında neqativ fikrin yanlış olduğunu sübut etdi.

 Müharibə ərəfəsində Ordumuzun hazır olduğunu bilirdim, silahlanmada kəsirimizin olmadığını, təxminən, bilirdim, zabitlərimizin əməliyyat planlarının mövcudluğu haqda da xəbərim vardı, lakin Azərbaycan gənclərinin könüllü olaraq müharibəyə getmək üçün növbəyə durmaları məni heyrətə saldı, necə deyərlər, yerimdən dəbərtdi! Cavan canlarını millətinin səadətinə qurban vermək üçün sevinə-sevinə cəbhəyə yollanan gənclərin görüntüsü məni dərindən sarsıtdı, millətimizin həqiqətən boyük millət olduğunu açıq şəkildə ortaya qoydu, artıq bu xalqa heç kim qalib gələ bilməz fikrini isbatladı! Hesab edirəm ki, bu hadisə müharibənin ən önəmli keyfiyyətlərindən biri oldu, gələcək uzun illər üçün bizim zövq və qürur qaynağımız oldu!

 

Türkiyə faktoru

Bu savaşın digər önəmli keyfiyyəti də Türkiyənin “bu işdə mən də varam” deməsi oldu. Türk Dünyasının ən güclü və inkişaf etmiş ölkəsi, eyni zamanda dünyanın ən nüfuzlu dövlətlərindən biri olaraq Türkiyə ağırlığını əminliklə və inamla ortaya qoydu. Türkiyə bu müharibədə bizə mənəvi, siyasi və hərbi-texniki dəstək verdi. Siyasi dəstəyi, məncə, xüsusi rol oynadı – davaya üçüncü ölkələrin müdaxiləsini əngəllədi və bu, ordumuza böyük mənəvi güc verdi. 

 Türkiyənin ordusunun müharibəyə girməsinə ehtiyac yox idi – ordumuz bu iş üçün kifayət qədər güclü idi, sadəcə başqa ölkələrin provokasiya etmə ehtimalı bizi narahat edirdi, Türkiyə də bu naratlığımızı ortadan qaldırdı, əsgərimiz daha ürəkli oldu, zabitimiz daha cəsarətli əməliyyatlar hazırladı. Əminəm ki bu dəstəyi, lazım gəlsə də birbaşa hərbi köməyi Türkiyə gələcəkdə də bizdən əsirgəməyəcək, qardaşımız olduğunu daim bizə hiss etdirəcək, bunu anlamaq isə mənə fövqəladə zövq və qürur verir! 

 

Epiloq

Düşünürəm ki, bu müharibə cəmiyyətimizin həm iqtisadi, həm mənəvi, həm də yaradıcı sahələrdə inkişafına güclü təkan verəcək. Toplum, bir növ, təmizlənəcək, yenilənəcək, illərin yuxusundan ayılacaq. Qələbə sevinci cəmiyyətin yaradıcı gücünü artıracağına, insanların gələcəyə daha böyük ümidlə baxacağına və bu keyfiyyət içtimai və iqtisadi həyatda yüksək nəticələr verməsi üçün sağlam zəmin yaradacağına möhkəm inamım var. Bu müharibə mənə yeni, “yayından” əzəmətlə açılmış Azərbaycanı göstərdi, möhtəşəm Azərbaycanı göstərdi! Bu cür Vətənlə qürur duymamaq olarmı?

 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]