Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

`Dədə Qorqud` Milli Fondu və `Azərbaycan Dünyası` beynəlxalq jurnalı inşa müsabiqəsi keçirir

173 Baxış sayı / 19-11-2018 14:40

"Dədə Qorqud" Milli Fondu və "Azərbaycan Dünyası" beynəlxalq jurnalının təşkilatçılığı ilə 20 noyabr 2018-ci il tarixindən Bakının ümumi təhsil müəssisələrinin şagirdləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə inşa-yazı müsabiqəsinə başlanılıb.

Məlumata görə, məktəblərin IX, X və XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin əsas məqsədi məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara ölkənin tarixini, mədəniyyətini, milli irsini öyrətmək, sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq və ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirməkdən ibarətdir.

İnşa yazı müsabiqəsinə 20 dekabr tarixində yekun vurulacaq qaliblərin yazıları "Azərbaycan Dünyası" beynəlxalq jurnalının növbəti sayında dərc olunacaq.

Müsabiqənin əsasnaməsinə uyğun olaraq, mövzunun dəqiqliyi, əsas fakt və hadisələri bilmək, orijinal yanaşma, fikrin əsaslandırılmış və aydın şəkildə ifadə edilməsi, məntiqli nəticələrin çıxarılması, ədəbi dilin yazı qaydalarına riayət etməklə tərtib olunması əsas meyarlardır. 

Qeyd edək ki, inşa yazıların həcmi 5000 - 10000 işarədən ibarət olmalıdır.

Hazırlanmış məqalə ölkənin elektron və çap mediasında dərc olunmalı, məqalənin sonunda ""Dədə Qorqud" Milli Fondu və "Azərbaycan Dünyası" beynəlxalq jurnalının təşkil etdiyi müsabiqəyə təqdim olunur" sözləri qeyd edilməlidir. Dərc edilmiş məqalə çap mediasındadırsa, məqalənin özü və məqalənin dərc edildiyi səhifənin surəti məqalə tam aydın, oxunaqlı şəkildə, əgər elektron mediasındadırsa, məqalənin dərc edildiyi link azeldar@mail.ru və aaqil@mail.ru elektron ünvanına göndərilməlidir.

Qaliblər I, II və III yer olaraq müəyyənləşdiriləcək və "Dədə Qorqud" Milli Fondu tərəfindən diplom və "Dədə Qorqud" mükafatı təqdim ediləcək. Növbəti 7 yerin sahibinə isə həvəsləndirici diplom veriləcək.



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru