Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar Riqada qəbul keçirilib

136 Baxış sayı / 14-01-2018 00:26

Azərbaycanın Riqadakı səfirliyi və “Ocaq” diaspor cəmiyyətinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə rəsmi qəbul keçirilib.

Riqa şəhərinin tarixi mərkəzində yerləşən XIV əsrə aid tarixi binada – “Qarabaşlar Evi”ndə keçirilən qəbulda Latviyada yaşayan Azərbaycan icmasının və ictimaiyyətin nümayəndələrindən ibarət 200-dən artıq qonaq iştirak edib. Qonaqlar arasında Riqa şəhərinin vitse-meri Andris Ameriks, Latviya Seyminin deputatları və Latviya ictimaiyyətinin tanınmış nümayəndələri, habelə Riqa şəhərində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri də olublar.

Azərbaycanın və Latviya himnlərinin səslənməsi ilə başlayan tədbirdə səfir Cavanşir Axundov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən danışıb. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdiyini söyləyən səfir əsas məqsədin bütün azərbaycanlıların birliyinin yaradılmasından ibarət olduğunu qeyd edib. O, bu günün elan edilməsi ilə uzun illərdən sonra həsrətində olduğumuz milli vəhdət, həmrəylik və azərbaycançılıq ideyalarına yeni nəfəs verildiyini diqqətə çatdırıb. Bu gün dünya azərbaycanlıları ilə əlaqələrin inkişaf etdirilməsinin və soydaşlarımızın tarixi Vətənlə təmaslarının gücləndirilməsinin Azərbaycan Respublikasında həyata keçirilən dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu qeyd edən səfir bu məqsədlə Azərbaycanda silsilə dövlət tədbirlərinin həyata keçirildiyini söyləyib.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətinə diqqət çəkən səfir bu tarixi günün Azərbaycana məhəbbət, milli mənəvi dəyərlərimizə hörmət və Vətənə bağlılıq duyğularını özündə təcəssüm etdirdiyini vurğulayıb. O, həmvətənlərimizi xalqımızın, Vətənimizin ümummilli maraq və mənafeləri naminə sıx birləşməyə dəvət edərək bu gün Azərbaycanın dilbər guşəsi olan Qarabağın hələ də işğal altında olduğunu diqqətə çatdırıb, soydaşlarımızı daim sayıq olmağa və qüvvələrimizi birləşdirərək Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak etməyə çağırıb.

Riqa şəhərinin vitse-meri Andris Ameriks tədbirdə çıxış edərək Azərbaycan xalqına böyük rəğbətinin olduğunu bildirib. Azərbaycanlıların bəzən dosta qardaş dediyini qeyd edən A.Ameriks onun Bakıda, Gəncədə və Riqada azərbaycanlı dostlarının - qardaşlarının olduğunu söyləyib. Bu gün bu tədbirdə azərbaycanlıların birlikdə olmaqdan məmnunluğunu dilə gətirən vitse-mer bu dostluğun gələcəkdə daha da güclənəcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra çıxış edən "Dədə Qorqud" Milli Fondunun prezidenti və “Azərbaycan dünyası” beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılov rəhbərlik etdiyi jurnalın artıq 20 ilə yaxındır fəaliyyət göstərdiyini, Rusiya, Ukrayna, Türkiyə və dünyanın müxtəlif ölkələrində tədbirlər keçirdiyini deyib.

Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra çox ağır yollardan keçdiyini və xalqımızın ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində bu çətinliklərdən uğurla çıxdığını qeyd edən E.İsmayılov dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişaf etdiyini vurğulayıb. O, Azərbaycan torpaqlarının tezliklə işğaldan azad ediləcəyinə inamını ifadə edib. Litvadakı Azərbaycan icmasının ölkəmizə daim dəstək olduğunu qeyd edən baş redaktor diasporumuzun fəaliyyətindən danışıb. Bu xüsusda o, “Ocaq” diaspor cəmiyyətinin və onun sədri Roman Əliyevin gördüyü işləri xüsusi qeyd edib. “Azərbaycan dünyası” jurnalının Ali Şurası və Dədə Qorqud Milli Fondunun qərarı ilə Roman Əliyevin Vətən qarşısında xidmətlərinə görə “Vətən övladı” ordeni ilə təltif edildiyini qeyd edən E.İsmayılov ordeni ona təqdim edib.

“Ocaq” diaspor cəmiyyətinin sədri, Latviya Respublikasının Prezidenti yanında Milli Azlıqlar üzrə Komitənin sədri və Riqada fəaliyyət göstərən, Latviyanın 1480 şagird yerlik ən böyük orta məktəbi - Riqa Klassik Gimnaziyasının direktoru Roman Əliyev bu mükafatın Azərbaycan icmasının və Azərbaycan-Latviya münasibətlərinin inkişafına xidmət edən, səfirliyimiz tərəfindən açılan Azərbaycan Mədəniyyət-İnformasiya Mərkəzinin fəaliyyətinə verilən qiymətin göstəricisi olduğunu söyləyib.

Təbriklərə qoşulan səfir C.Axundov bu gün Azərbaycan-Latviya əlaqələrinin uğurla inkişaf etdiyini, xüsusilə ötən il iki ölkənin prezidentləri, xarici işlər nazirləri və digər yüksəkvəzifəli dövlət rəsmiləri səviyyəsində səfər və görüşlərin həyata keçirildiyini söyləyib, ikitərəfli əlaqələrimizin gələcəkdə daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Tədbir konsert proqramı ilə davam edib, Latviya və Azərbaycanın milli musiqi və rəqs nümunələri ifa olunub. Bakıdan dəvət edilmiş aşıq sənəti ustalarının canlı ifaları, habelə Riqa Klassik Gimnaziyasının tələbələrinin ifa etdikləri A.Səhhətin “Vətənim” şeiri və Qarabağ mahnısı, eləcə də Latviyanın milli musiqi nümunələri böyük marağa səbəb olub. Tədbirin aparıcıları Qarabağ mövzusuna geniş yer veriblər.

Qəbulda Azərbaycanın milli mətbəx nümunələrindən ibarət ziyafət verilib. Həmçinin Azərbaycanın tarixini, mədəniyyətini, füsunkar mənzərələrini əks etdirən videoçarxlar nümayiş etdirilib.



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru