Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əfsanəvi sərkərdə Həmid Qasımbəyovun xatirəsi Baltik sahillərində əbədiləşdirildi

77 Baxış sayı / 07-05-2018 20:57

Rusiya Federasiyası Kalininqrad vilayətinin Baltik şəhər dumasının deputatları hərbi dəniz qoşunları donanmasının əfsanəvi admiralı Həmid Həbib oğlu Qasımbəvoyun adının əbədiləşdirilməsi istiqamətində qərar veribdir. Belə ki, şəhərin Lenin küçəsindəki 11 saylı binanın qarşısında onun memorial xatirə lövhəsi qoyulub. Şəhər dumasının qərarında qeyd olunur ki, tarix və memarlıq irsinin qorunması istiqamətində Həmid Qasımbəvoyun adının və xatirəsinin əbədiləşdirilməsi çox vacib addımlardan biridir. Qərarda o da bildirilir ki, Həmid Qasımbəyov Baltik Dənizi Hərbi Dəniz Donanmasında vitse-admiralı kimi xidmət etdiyi dövrlərdə bölgənin inkişafı və müdafiəolunması istiqamətində hərbi-strateji baxımdan Həmid Qasımbəyovun xidmətləri misilsizdir. 

Qeyd edək ki, Həmid Qasımbəyov 13 may 1923-cü ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. İlk peşəkar təhsili əlvan metallurgiya sahəsi üzrə alıbdır. 

II Dünya Savaşı başlayan kimi sevimli peşəsindən ayrılaraq, könüllü olaraq hərbi  xidmətə gedib. Bu zaman onun intellektual səviyyəsi və dərin biliyini görərək SSRİ müdafiə nazirliyinin əmri ilə Xəzər Dənizi Ali Hərbi Dəniz Məktəbində təhsil almağa göndərirlər. 1945-ci ildə buranı bitirən kimi, Həmid Qasımbəyovu Qara Dəniz Donanmasında xidmətə yollayırlar. Burada qısa müddət işlədikdən sonra, 1945-1955-ci illərdə dünya hərbi və dəniz donanması üzrə ən ağır və təzadlı bölgə kimi tanınan Sakit Okean Donanmasında xidmət etməsi üçün Vladivostok şəhərində xidmətə göndərirlər. Bu, elə bir dövr idi ki, ABŞ və Yaponiyanın hərbi dəniz donanmaları region ölkələrinə hərbi-strateji baxımdan nüfuz etmək imkanları geniş idi. Sovet-Yapon döyüşlərində okean sularında baş verən müharibədə peşəkar hərbi xadim kimi Həmid Qasımbəyov öz istedadını nümayiş etdirdi. İgidliyinə görə bir sıra orden və medallara layiq görüldü. Xüsusilə Saxalin və Kuril adalarının mühafizəsi sahəsində əfsanəvi qəhrəmanlıqlar nümayiş etdirmişdi. Bu həm də Rusiya hərb tarixində ikinci dəfə idi ki, Port-Artur müharibəsini yaşamalı olmuşdu. 

Birinci Dünya Müharibəsi illərində əfsanəvi ordu generalı, həmyerlimiz Əliağa Şıxlinski öz hərbi rəşadəti ilə Port-Artur Müharibəsində necə misilsiz uğurlar əldə etmişdisə, həmin ənənəni İkinci Dünya Müharibəsindən sonra Həmid Qasımbəyov davam etdirdi. Beləliklə Oxot və yapon dənizləri, eləcə də Laperuza və Tatar körfəzlərində işğalçılıq siyasətinə son qoyuldu. Həmid Qasımbəyovun adı, igidliyi, cəsarəti, komandir kimi istedadı artıq bütün ölkədə əfsanəvi şəxs kimi yayılmağa başladı. 

1949-cu ildə Həmid Qasımbəyov Baltik Dənizi Donanmasına məxsus hərbi-dəniz bazasının komandiri vəzifəsinə təyin olunur. 1957-ci ildə isə, Polşanın Svinouste şəhərindəki Sovet Hərbi Dəniz Donanmasının hərbi müdafiə briqadasının komandiri vəzifəsinə irəli çəkilir. 1963-cü ildə isə, keçmiş SSRİ müdafiə nazirliyinin ən güclü və strateji əhəmiyyət daşıyan Baltik Dənizi Hərbi Dəniz Donanmasının 71 saylı desant briqadasının komandiri təyin olunur. 

1970-ci ildə SSRİ Hərbi Dəniz Donanması Komandanlığının xüsusi sərəncamı ilə Həmid Qasımbəyov Baltik Dənizi Hərbi Dəniz Donanması baş hərbi qərargahının rəisi vəzifəsinə irəli çəkilir. 1971-ci ildə isə ona kontr-admiral ali hərbi rütbəsi verilir. 1973-cü ildən 1976-cı ilə kimi Baltik Dənizi Hərbi Dəniz Donanmasının qarnizon rəisi vəzifəsində fəaliyyət göstərmişdir. 1977-ci ildə Azərbaycan hakimiyyətinin rəhbəri Heydər Əliyevin xüsusi qayğısı sayəsində Xəzər Dənizi Hərbi Dəniz Donanmasının komandanı vəzifəsinə gətirilir. Bu, həm də Xəzər dənizi akvatoriyasında hərbi-strateji siyasətə birbaşa rəhbərlik etmək demək idi. 9 iyul 1984-cü ildə SSRİ müdafiə nazirinin əmri ilə Həmid Qasımbəyova vitse-admiral ən ali rütbəsi verilir. Bu illər ərzində ilk dəfə olaraq, hərbi dəniz donanması üzrə peşəkar azərbaycanlı kadrların hazırlanması prosesinə başlanılır. Bu gün Azərbaycan Respublikasının Xəzər Dənizi Həbri Dəniz Donanmasının mövcud olması istiqamətində həmin illərdə yaranmış ifrastrukturların xüsusi çəkisi vardır. 

Həmid Qasımbəyov O, 2005-ci ildə Bakıda dünyasını dəyişmişdir.  O, keçdiyi şərəfli ömür yolunda bir çox uğurlar əldə etdiyinə və hərbi rəşadətinə görə çoxlu sayda orden və medallara layiq görülmüşdü. Azərbaycanın hərbi dəniz qüvvələrinin yaranmasında uzun illər əldə etdiyi bilik və təcrübələrini öyrətməkdən heç zaman yorulmadı. Beləcə adını milli hərb tariximizə yazdıran ilk hərbi dəniz qüvvələri komandanı olmuşdur.  

 

“Azərbaycan Dünyası” 

 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru