Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

GÖRKƏMLİ İCTİMAİ, SİYASİ VƏ DÖVLƏT XADİMİ NƏRİMAN NƏRİMANOV

2671 Baxış sayı / 22-02-2021 14:47

Hikmət Höccətov / Həkim-stomatoloq,implantoloq

Nəriman Nərimanov (tam adı: Nəriman Kərbəlayi Nəcəf oğlu Cəngcünqov) 14 aprel 1870-ci il Tiflis şəhərində  yoxsul bir ailədə anadan olmuşdur.  Ona əslən Cənubi Azərbaycanın Urmiya mahalından olan ulu babasının adını vermişlər. N.Nəriman 1890-cı ildə Qori seminariyasını, 1908-ci ildə Novorossiysk (Odessa) Universitetinin tibb fakültəsini bitirmişdir.

1905-ci ildə Sosial-Demokrat "Hümmət" təşkilatınnın rəhbərliyinə daxil olmuş, 1917-ci ildə N.Nərimanov "Hümmət" Təşkilatı Mərkəzi Komitəsinin sədri və RSDF(b)P Bakı Komitəsinin üzvü, "Hümmət" qəzetinin baş redaktoru idi.1918-ci ilin martında Nərimanov Bakı Sovetində şəhər təsərrüfatı üzrə xalq komissarı təyin olunur. N. Nərimanov 1919-cu ildə Moskvaya çağırılaraq RSFSR Xalq Xarici İşlər Komissarlığında (XİN) Şərq məsələləri üzrə Xalq komissarının müavini vəzifəsinə , sonra N.Nərimanov Azərbaycan SSR Müvəqqəti İnqilabı Komitəsinin Sədri və Xalq Komissarları Sovetinin Sədri vəzifəsini tutur.

1922-ci ildə SSRİ yarandıqdan sonra SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri seçilir.

N. Nərimanov 1925-ci ildə müəmmalı şəkildə ölmüş və Moskvada Kremlin divarları yaxınlığında dəfn edilmişdir.

Azərbaycanın müsəlman şərqində nail olduğu bir çox ilklər, o cümlədən ilk konstitusiya onun adıyla bağlıdır. Nərimanov hakimiyyəti dövründə Azərbaycan xalqının adət və ənənələrinə dərin hörmət yanaşımışdır. O, siyasətçidən əlavə bir maarifpərvər və dramaturq-yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynamış, 1894-cü ildə Bakıda ilk qiraətxananı açmışdır.  Türkiyədəki Qurtuluş Savaşına böyük dəstək vermiş və nəticədə Türkiyənin xəritədən silinməsinə qarşı verilən mücadilədə onlara böyük dəstək vermişdir. Daha sonralar Atatürk ona bu köməkliklərinin əvəzini verməyi təklif etdiyində isə N.Nərimanov ona "Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz.

Nərimanov ruspərəst şovinistlərin mövqeyinə qarşı öz mövqeyini də izah edərək deyirdi: ”Türk (azərbaycanlı) uşaqları  özünə doğma olan  Sabirin odlu-alovlu şeirlərini, xalq şairləri Vaqifin, Zakirin, Vidadinin şeirlərini bilməlidir”.  N.Nərimanovun tövsiyəsi bu idi ki, “türk (Azərbaycan) dilinin tədrisini azaltmaq təklifini irəli sürənlər özləri bu dili öyrənsinlər ki, Sabiri anlasınlar”. N.Nərimanov Azərbaycan dilini sıxışdıran kommunistlərin mövqeyinin çar Nikolayın mövqeyi ilə üst-üstə düşdüyünü vurğulayaraq onları çəkinmədən şovinist adlandırmışdır.

N.Nərimanov xalqımızın milli dirçəlişi naminə gördüyü işlərin sayı olduqca çoxdur. 1914-cü ildən Nərimanov Bakının Qara şəhər rayonunda pulsuz müalicəxanasında işləmiş, neft mədənlərində işləyən xəstə fəhlələri və xəstəxanaya yaxın kəndlərin camaatını müalicə etmişdir. O, öz mənzilində də xəstələri pulsuz müalicə edirdi.

N.Nərimanovun Dağlıq Qarabağ probleminə münasibəti birmənalı olmuşdur. 1920-ci ildə Dağlıq Qarabağda ermənilərin keçirdiyi “qurultayın” qərarının nəticəsiz qalmasını N.Nərimanovun Ermənistana verdiyi notanın nəticəsi kimi qiymətləndirmək olar. 1920-ci il iyulun 10-da N.Nərimanov Moskvaya RK(b)P MK-ya “Dağlıq Qarabağda vəziyyət” haqqında teleqram vurmuşdur. Teleqram bu sözlərlə bitirdi: “Müsəlman əhalisi Moskvanın qəflətən köhnə mövqeyə qayıtmasını və ermənipərəst siyasət yürütməyini sovet hökumətinin Azərbaycanın sərhədlərini qorumaq iqtidarında olmaması və xainlik kimi qiymətləndirəcəkdir”.Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyən erməni millətçilərinin “Böyük Ermənistan ” yaratmaq iddiası sovetləşmədən sonra davam etdirildi ki, bu da məhz sovet Rusiyasının himayədarlığı və bilavasitə iştirakı ilə həyata keçirildi. 1921-ci ildə bir-birinin ardınca qəbul olunan üç qərardan irəli gələn nəticələri də N.Nərimanovun siyasətinin uğuru kimi qiymətləndirmək olar. 1921-ci il iyunun 19-da Ermənistan tərəfindən “Dağlıq Qarabağın Ermənistana yenidən birləşdirilməsi haqqında” dekret həyata keçirilmədi, iyunun 26-da Azərbaycan XKS-nin qərarı ilə Ermənistanın Dağlıq Qarabağda olan nümayəndəsi Mravyanın fəaliyyəti qadağan olunaraq xətm edildi.  

N.Nərimanovun siyasətinin əsas mahiyyəti yerli azərbaycanlı əhalinin güzəranını yaxşılaşdırmaq, hər sahə üçün milli kadr potensialı yaratmaq, azərbaycanlıların hakimiyyətdə sözünü daha kəsərli etmək, Bakının erməniləşdirilməsinin qarşısını almaqdan ibarət olmuşdur. Onun bu işlərə zidd gedənlərə qarşı ifşaedici fəaliyyəti, istər azərbaycanlı olsun, istər erməni, istərsə də Mərkəzin nümayəndəsi, barışmaz olmuşdur..

 N.Nərimanov Azərbaycan xalqının milli dəyərlərini ön plana çəkmişdir. N.Nərimanovun hökumətin başçısı vəzifəsindəki fəaliyyəti bolşevik hakimiyyəti şəraitində Azərbaycanı bir sıra bəlalardan qorumuş, adamların şüurunda sovet dövründə milli inkişafın mümkünlüyünü bərqərar etmişdir. 

N.Nərimanovun fəaliyyətində milli təmayül və millətin mənafelərini qorumaq üstünlük təşkil etmiş, o, Azərbaycanda baş verən inqilabi proseslərə digər bolşeviklərdən fərqli münasibət bəsləmiş, yerli xüsusiyyətləri nəzərə almış və milli birliyə xüsusi diqqət yetirmişdir. Beləliklə, N.Nərimanovun ictimai, siyasi, dövlətçilik fəaliyyətində Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə başlıca yerlərdən birini tutmuşdur.

Onun bu mövqeyi Bakı, Zəngəzur, Naxçıvan, Dağlıq Qarabağ və Zaqatala məsələlərinin həlli zamanı özünü göstərmişdir.  N. Nərimanov sovet Rusiyasının iddialarına qarşı barışmaz siyasi xətt yeridərək, xalqının hüquqlarını və maraqlarını, respublikanın müstəqilliyini qorumağa çalışmışdır.. Problemlərin əksəriyyətinin müsbət həll olunması N.Nərimanovun şəxsi nüfuzu və əzmkarlığı sayəsində mümkün olmuşdur.

Azərbaycanda sovet hakimiyyəti qurulduqda N.Nərimanovun siyasətində Türkiyə-Rusiya-Azərbaycan strateji üçbucaq maraqları özünü büruzə verməyə başladı. Nəriman Nərimanovun Şərq ölkələri ilə Sovet Rusiyası arasında diplomatik əlaqələrin yaradılmasında böyük xidmətləri olmuşdur. Türkiyə ilə Sovet Rusiyası arasında diplomatik əlaqələrin yaradılması N.Nərimanovun siyasi fəaliyyətində misilsiz hadisə - “sənəd və mənbələrdə öz əksini tapsa da, tarixi dəyərini almamış”, demək olar ki, unudulmuşdur.

N. Nərimanov Türkiyənin ağır durumunda onun böyük bir dövlət tərəfindən dəstəklənməsinə nail olur:. 1921-ci il martın 23-də Mustafa Kamal Paşaya  məktubunda Türk ordusunun zəfərini təbrik etdikdən sonra ona səmimiyyətlə yazırdı: “Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş qardaşın hər çətin durumunda əlindən tutar. Biz qardaş xalqıq, hər zaman və hər şərtlər altında bir-birimizin əlindən tutacağıq. Bu gün etdiklərimiz bir qardaşın qardaşına etdiklərindən başqa bir şey deyildir.     

Tarixi mənbə və qaynaqlar təsdiq edir ki, Nərimanov Azərbaycan Dövlətinin başında qaldığı iki il boyunca Moskvaya bağlı olmasına baxmayaraq, müstəqil dövlət başçısı kimi hərəkət edərək, Türkiyə hökuməti ilə olan əlaqələri daha yüksək ölçü və miqyaslara daşımış və hər şeydən önəmlisi, çox çətin durumda olan Anadoludakı qardaşlarına dövlətinin bütün imkanlarını səfərbər edərək, heç kimsədən çəkinmədən əlindən gələn hər cür yardım etmişdir. Bütün bunlar sənəd və mənbələrdə öz əksini tapsa da, tarixi dəyərini almamışdır.

 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]