Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Şəhidə və anasına orden verildi

73 Baxış sayı / 20-03-2017 13:52

Fevralın 10-da Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində şəhid Oleq Mamontovun xatirəsinə həsr olunan anım tədbiri keçirilib. Əvvəlcə şəhidin vaxtilə döyüşdüyü Səbail tank batalyonu haqqında qısa film nümayiş etdirilib. 

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova tədbirdə çıxış edərək müstəqilliyimizin ilk illərinin çətinliklərindən bəhs edib. Bildirib ki, o vaxtkı faciəvi durumun qarşısının alınması yalnız və yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı sayəsində mümkün oldu. 

Ümummilli Liderin yorulmaz səyləri nəticəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün qarşısı alındı. Qeyd edilib ki, Azərbaycanın oğul və qızları belə bir çətin siyasi, iqtisadi böhran şəraitində Vətənin müdafiəsinə qalxaraq erməni silahlı birləşmələri ilə qeyri-bərabər döyüşə girmişdilər. Düşmənlə döyüşlərdə daha da möhkəmlənən ordumuzun milli tərkibi Azərbaycan xalqının tərkibi kimi çoxmillətli idi. Ölkəmizdə yaşayan, Azərbaycanı Vətəni hesab edən ruslar, yəhudilər, ukraynalılar, ləzgilər, tatarlar, talışlar və digər millətlərin nümayəndələri şücaətlə vuruşublar. 

“Dədə Qorqud” Milli Fondunun prezidenti Eldar İsmayılov bildirib ki, Oleq Mamontov Fondun “Həzi Aslanov” ordeni ilə (ölümündən sonra), onun anası Yelena Mamontova isə “Mehriban Ana” ordeni ilə təltif olunublar. Ordenlər Yelena Mamontovaya təqdim edilib. 

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov 1990-cı illərin əvvəllərində ölkəmizdə baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən, Qarabağda törədilən faciələrdən danışıb. Azərbaycanın bir çox müharibələrdən keçərək bu günlərə gəldiyini qeyd edən B.Səfərov Vətənimizin müdafiəsi uğrunda həlak olan qəhrəman oğul və qızlarımızın, zabit və əsgərlərimizin xatirəsinin hər zaman yad ediləcəyini vurğulayıb. O, dövlətimizin şəhid ailələrinə qayğısından, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru