Eldar İsmayılov

Vətənə məhəbbət ailədən və məktəbdən başlayır

Cəmiyyətin gələcəyi - ən yaxşı mənəvi-əxlaqi ənənələrdə təhsil və tərbiyə almış gənclərdir. Bizim gənclər öz mədəniyyətimizdə, tariximizdə, dinimizdə, ədəbi irsimizdə yaxşı və işıqlı nə varsa mənimsəməyə, əcdadlarımızın ənənələrinə hörmət bəsləməyə hazırdır.,

Ardını oxu
free counters
Jurnalın qonağı
Biz də Vətənin əsgəriyik
Tarix: 11-3-2017

  Ötən əsrin 80-ci illərin sonlarından etibarən Sovet ideologiyasının hökmran olduğu bir dönəmdəAzərbaycan ədəbi mühiti çağdaş ədəbiyyatımıza azadlıq, müstəqillik, mübarizlik toxumu səpdi. Bədnam qonşularımız əzəli, əbədi, tarixi torpaqlarımıza iddia qaldıranda tanınmış yazıçılarımızdan İsmayıl Şıxlı,Mirzə İbrahimov, Anar Rzayev,Elçin Əfəndiyev, şairlərimizdən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Vaqif, Yusif Səmədoğlular, Həriman Həsənzadə, Cabir Novruz, Məmməd Araz, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı və başqaları bu söz meydanında bir yumruq tək birləşərək cəbhə yaratdılar. Onlar xalqımızın milli azadlıq ruhunun yüksəlməsində əvəzsiz rol oynadılar. Daşnak tör-töküntüləri olan şovinist erməni ideoloqlarına Vazgen, Aqambekyan, Zori Balayan, Silva Kaputikyana sözün gücü, qüdrəti ilə tutarlı, kəsərli cavablar verdilər.

Bununla da onlar çağdaş milli ədəbiyyatımızda mübarizə ruhunu dirçəldib yeni parlaq səhifə açdılar. Vətən, Torpaq heysiyyatı çəkən ziyalılarımız sözün gücünə söykənərək alovlu çıxışları ilə xalqımızın azadlıq mücadiləsi tarixində silinməz izlər qoydular... Xalqımızın belə vətənsevər,işıqlı, nurlu oğullarından biri də görkəmli şair-dramaturq Nəriman Həsənzadədir. Rubrikamızın qonağı olan Nəriman müəllimlə söhbətimizin əsas mövzusu ötən ilin oktyabrın 27-də Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun respublikamızın tanınmış şair və yazıçıları ilə, ziyalılarla görüşündən sonrakı təəssüratlarını, ölkəmizin müdafiə qalası - yenilməz ordumuzla bağlı fikirlərini öyrənmək idi.Və bir də arzuladıq ki, ən xoş xatirələrini oxucularımızla bölüşüb ədəbi yaradıcılığından söhbət açsın. Bütün varlığıyla, ruhuyla xalqına,torpağına,Azərbaycan adlı diyarına bağlanan bu insan ömrünün ahıl yaşında da Vətən naminə yorulmadan çalışır, gecə-gündüz yeni-yeni əsərlər yazır, yaradır. Onun zəngin ədəbi-bədii yaradıcılığı dövlətimiz tərəfindən hər zaman qiymətləndirilib. Əməkdar incəsənət xadimi, Xalq şairi adlarına, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülən Prezident təqaüdçüsü ağsaqqal şairimizə bu günlərdə Türksoy Uluslararası Türk Kültürü Təşkilatının ödülü də təqdim olundu. Azərbaycanın görkəmli ziyalı oğlu Nəriman müəllim hazırda Milli Aviasiya Akademiyasında dil və ədəbiyyat kafedrasının müdiri olmaqla pedoqoji fəaliyyət göstərir. Gənclərimizə dünya və Azərbaycan ədəbiyyatı tarixini sevə-sevə öyrədir, ana dilimizin zənginliklərini onlara aşılayir. Eyni zamanda Azərbaycan Yazıçılar Birliyində Ağsaqqallar Şurasının sədridir.

Daima gənclik həvəsilə yazıb yaradan Nəriman müəllimlə telefon əlaqəsi yaradıb bizimlə görüşünün dəqiq vaxtını soruşuram. “Dekabrın 13-ü, ikinci gün akademiyada dərslərimi sona çatdırıb, beşin yarısında sizi gözləyirəm “,- dedi o. 
...Çöldə güclü külək əsir, şaxta var. Hərdən dənəvər-dənəvər qar da yağır. Deyirlər, havanın insan əhval-ruhiyyəsinə güclü təsiri olur. Bu düzgün yanaşmadırmı? Yazı masasının arxasından yenicə qalxan ağsaqqal şairimiz verdiyim sualı qısa və konkret cavablandırır: “Əlbəttə.Mənim belə havalarda işləmək,yazmaq həvəsim daha çox artır. Odur ki, “nə şaxta, nə boran qorxutmur məni”.

- Nəriman müəllim, ötən əsrin 50-ci illərinə qayıdaq. Hərbi xidmətə çağrılmışdınız. Hansı hadisə sizi təsirləndirmişdi?
Mən səmimi deyirəm,bəlkə də o dövrdə gənclərin arasında ən yaşlı əsgər mən idim.Kiminsə yerinə göndərmişdilər. Gəncədə pedoqoji institutu bitirmişdim.Atamı çox erkən yaşlarımda itirmişəm. Bunu şeirimdə söyləyirəm:”Anam qız yaşında, mən bir yaşında, o da ağlayırdı mən ağlayanda”.Biz tək qaldıq. Anam məni tək böyüdüb. Məni Bakıya tanınmış bəstəkarımız Qəmbər Hüseynli gətirdi və böyük şairimiz Bəxtiyargilin evinə apardı. O vaxtdan biz onunla dostluq edirdik. Eyni zamanda Balaxanıda axşam məktəbində mənə dərs verdilər. Onda 23 yaşım var idi. Bir gün məni o zaman Çaparidze rayonuna(indiki Yasamal rayonu) çağırdılar.Hərbi komissar rus idi.Əslində bir ananın övladı var idisə, onu əsgər aparmırdılar.Çünki ana təkdi.Lakin heç kim qanuna baxmadı, əksinə mən daha da uzaqda İrkutski şəhərində hərbi xidmət keçməli idim. Dahi şairimiz Səməd Vurğunun yanına getdim. O da respublikanın hərbi komissarı polkovnik Xavər Əliyevə zəng etdi. Böyük şairimizin xahişi ilə məni Salyan kazarmasına saldılar.1956-cı ildə Səməd Vurğun rəhmətə gedəndə fəxri qaravulda dayanmaq üçün əsgəri xidmətdən qaçdım.Qayıdanda xidmət yerini özbaşına tərk etdiyimə görə mənə üç gün hauvaxta saldılar.Sonra anam rəhmətə getdi. Onda da xəbərsiz əsgərlikdən qaçmışdım.Gedib anamı dəfn edib gəldim.Qayıdanda Hərbi Tribunala verildim.

- Deyəsən, o zaman köməyinizə görkəmli şairlərimiz Rəsul Rza və Higar xanım Rəfibəyli çatmışdı.
- Elədir. Ümumiyyətlə, həyatımda böyük əməyi olan xeyirxah, gözəl insanların adlarını çəkib onlar haqqında çox danışmışam. Mən çox çətin durumda idim. Hərbi Tribunal altı il azadlıqdan məhrumetmə cəzası verməli idi, üç il də əsgəri xidmət doqquz il. Bəxtim burada da üzümə güldü. Bir gün Salyan kazamasında yerləşən hərbi hissəmizə Rəsul Rza, Nigar Rəfibəyli, Mikayıl Rəfili, Nəbi Xəzri, İosif Borotovski hərbiçilərlə görüşə gəlmişdilər. Orada Nigar xanım məni qəmgin görüb soruşdu ki, niyə belə qəmginsən? Rəsul müəllim də maraqlandı. Vəziyyəti danışdım. Bu gün sabah məhkəmə olmalı idi. R.Rza və Nigar xanım hərbi hissəmizin komandiri general mayor Mahmud Əbilovun qəbuluna getdilər.Mən də Yazıçılar İttifaqına yenicə üzv olmuşam. Dedilər ki, onun bu dünyada tək bircə anası olub.Cavan oğlandı, 23 yaşı var, qəmgin psixoloji anlar yaşayıb. General-mayor Mahmud Əbilov o zaman məni bağışladı.Bəli, o iki böyük şəxsiyyət məni Hərbi Tribunaldan xilas etdi. Allah onlara rəhmət eləsin.

- Hərbi xidmətdən sonra həyatınızda hansı dəyişikliklər oldu?
- Məni Moskvaya Maksim Qorki adına Ədəbiyyat İnstitunda ali ədəbiyyat kursuna oxumağa göndərdilər. Kursu başa vurduqdan sonra həmin instituta daxil olub oranı da bitirdim. Tanınmış şairimiz Xəlil Rza Ulutürklə ali kursda birlikdə oxuyurduq, eyni yataqxanada və bir otaqda qalırdıq. Moskvada oxuyarkən bizi hərbi hissələrə aparırdılar.Gedib orada əsgər və zabitlərlə görüşlər keçirirdik.Onlara şeirlər oxuyurduq. İnanın sözümün həqiqətinə, o vaxtlar ürəyimdə fikirləşirdim ki, bizim də öz ordumuz olsun, mən də hərbçiərimiz qarşısında çıxış edım, ana dilimdə şeirlərimi oxuyum. Moskva həyatı da taleyim də böyük rol oynadı. Mən orada böyük türk şairi Nazim Hikmətlə,görgəmli yazıçı Əziz Şəriflə tanış oldum. Xeyirxah insanların yaxşı əməllərini heç vaxt yadımdan çıxartmadı.

- Görkəmli yazıçı, tanınmış pedaqoq alim professor Mir Cəlal Paşayev də xeyirxah əməlləriylə sizə böyük kimi hər zaman ata qayğısı göstərdiyini qeyd edirsiniz.
- Zamanında edilən yaxşılıqlar unudulmur. Məhz onun köməkliyi ilə universitetdə aspiranturaya qəbul olundum. Ondan sonra yaradıcılıq fəaliyyətim başladı. Mən Mir Cəlal müəllimin ailəsində, o ziyalı ocağında yetişdim.Onu bir ata kimi qəbul etdim. Köməyini heç zaman məndən əsirgəmədi. Deyirəm tale var.Mən həyatımda gözəl insanlara rast olmuşam. Qarşıma əməli saleh insanlar çıxdı..

- Nəriman müəllim, “Mənim ədəbi taleyim”i yazıb Zamanla Tarixlə görüşürsünüs...
- Böyük tarixi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevlə görüşüm bütün həyatımı dəyişdirdi. O zaman Ulu öndər təhlükəsizlik orqanlarında çalışırdı. Mən xalqımızın böyük oğlu Nəriman Nərimanov haqqında əsər yazmaq istədiyimi ona bildirəndə çox sevindi. Demə elə bu mövzuda əsərin yazılması onun da ürəyindən imiş. Məktubla müraciət edib arxiv sənədləri ilə işləməyimə köməklik göstərməsini xahiş etdim.O vaxt Nərimnova aid arxiv materialları gizlədilirdi. Lakin ciddi cəhdlə Ulu Öndərimizin sayəsində arxiv materialları ilə tanış ola bildim.O bunu alqışladı və dəyərli tövsiyələrini verdi.İllər sonra Ulu Öndərimiz Azərbaycanın birinci katibi olduğu dövrdə Akademik Milli Dram Teatrında N. Nərimanova həsr etdiyim “Bütün Şərq bilsin” pyesinin tamaşasına baxmağa gəldi. Tamaşa yüksək alqışlarla qaşılandı.Təsəvvür edin, Sovet dönəmində səslənirdi bu misralar:
 “ Azadlıq,
 Azadlıq,
 hm, hm...Azadlıq!
 Azadlıq içində batdıq, qırıldıq.
 Alman azadlığı istemiyorum,
 Sultan azadlığı istemiyorum,
 Istemem ingilis azadlığını 
 Ya çarın aferis azadlığını.
 Mənim azadlığım sanma çörəkdir.
 AZƏRBAYCAN AZADLIĞI 
 Gərəkdir” –

Bu gündən dünənə baxanda,indi çox aydın görürük ki,o böyük şəxsiyyət ,dahi insan Heydər Əliyev hansı mühitdə cəsarət göstərirdi, bizi də cəsarətə səsləyirdi. Biz şair və yazıçıların, ziyalıların arxa-dayağı idi. O Prometey kimi insanlara işıq paylasa da, özü işıq kimi yanır, nurunu heç kəsdən əsirgəmirdi. Biz dahi rəhbərimizin işıqlandırdığı yolun yolçularıyıq.Qarlı qış günündə böyük şairimiz M.P.Vaqifin abidəsinin açılışına gedəndə də o xalqımızın sabahını, xoşbəxt gələcəyini düşünürdü. Bizim o tarixi görüşdən sonra mən “Xarı bülbül” poemasını yazdım. 
“Gedək İsa bulağına,
Çıxaq Qırxqız yaylağına...”
Azərbaycan qoy and içsin 
Azərbaycan torpağına.
Su çiləsin sinəmdəki
Bir ocağın qor yerinə,
Səpin məni Vətənimin
Hər yerinə.
Səpin məni kül yerinə,
bitəcəyəm
bu torpaqdan 
mən “Xarı bülbül” yerinə.

- Nəriman müəllim Ulu Öndərimiz 11 il sonra görkəmli oftolmoloq alim Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr etdiyiniz şeiri “Azərbaycan qadını” jurnalında dərc etdirmişdi
- Hələ 1985-ci ilin avqust ayında Heydər Əliyevlə Moskvada ,”Novo-deviçye”qəbiristanlığında Zərifə xanımın məzarı üstə görüşəndə mən bu şeiri ona oxumuşdum.O da əlyazmamı alıb qoltuq cibinə qoymuşdu.Görün Ulu öndərimiz nə qədər şeirrə, sənətə böyük dəyər verirdi . Bax bu da onun ilahi istedada malik olmasının bir göstəricisiydi. 

- “...Xalqımızın keçmışıni canlandıran mənzum səhnə əsərləriniz öz bədii məziyyətləri, məzmun dolğunluğu və mövzu aktuallığı ilə teatrlarımızın repertuarlarında layiqli yer tutmuşdur...” bu sətirlər “Şöhrət” ordeni ilə təltif olunmağınız münasibətilə Ulu Öndərimizin sizə ünvanladığı məktubdandır.Eyni zamanda Azərbaycan dramaturgiyasının görkəmli nümayəndələrindən Hüseyn Cavid və Səməd Vurğundan sonra mənzum pyeslərin müəllifi sizsiniz. 
Mənim yaradıcılığımda dramaturgiya mühüm yer tutur.”Bütün Şərq bilsin”, “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”,”Midiya sarayı” mənzum pyeslərim,”Nabat xalanın çörəyi”, “Kimin sualı var” əsərlərim respublikamızın müxtəlif teatrlarında tamaşaya qoyulub.

- Fərqli ictimai quruluşda yazdığınız “Atabəylər” mənzum pyesinizdə son misralaınız sanki bu günümüzün, sabahımızın reallıqlarını aktuallaşdırır:”Millətin şüuru oyansın gərək,Qorusun Vətəni gözbəbəyi tək.”
- Hər kəs Vətənin müdafiəsinə hazır olmalıdır. Yağı düşmənin ayağı torpaqlarımızdan çəkilməlidir. Gecə-gündüz səngərdə keşik çəkən əsgərlərimizin yanında biz dayanmalıyıq. Onları şeirlərimizlə,söhbətlərimizlə düşmənlə mübarizədə igidlik, qəhrəmanlıq göstərməyə ruhlandırmalıyıq. Əgər Ulu Öndər Heydər Əliyev səngərlərə gedib əsgərlərin əhatəsində onlarla yanaşı dayanırdısa, bəs bunu biz niyə etməyək? Bu bizə örnəkdir. Ordumuzun yanında elə birinci biz olmalıyıq. Mənim nəzərimdə ziyalı ilə ordu vəhdət təşkil edir. Vətən bizim göz bəbəyimizdir. Onu qorumağa borcluyuq. Çox yaxşı yadımdadır. 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi təzə-təzə başlayanda Azərbaycan Yazıçılar İttifaqı mərkəzə çevrilmişdi. Xalqımızın başına gələn dərd, müsibət hər birimizin içindən keçirdi. Ürəyimizi dağlayırdi. Gecə-gündüz çıxış yolları axtarırdiq.Sədrimiz Anar müəllim ata-baba yurdundan didərgin düşmüş soydaşlarımızı qəbul edir,dinləyir əlindən gələn köməyliyi göstərirdi.

- Müdafiə Naziri general-polkovnik Zaki Həsənovla görüşünüzdən sonra təəssüratlarınızı oxucularımızla bölüşməyi xahiş edirəm.
- Mən Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri kimi Müdafiə Nazirinə müraciət etdim. Orada əlaqələr yaratdıq.Bizim cənab Nazirlə görüşümüz çox səmimi alındı.Və biz bu görüşü tarixi görüş adlandırırıq.Dəyirmi stol arxasında geniş söhbətər apardıq.Burada Yazıçılar Birliyinin sədri, katibləri, Ağsaqqallar Şurasının üzvləri başqa qələm dostlarımız danışdı. Sonra Zakir müəllim özü danışdı. Sanki Müdafiə Nazirinin bizə, eyni zamanda biz şair və yazıçıların, ziyalıların ona hesabat çıxışları dinlənilirdi... Ordumuzun bugünkü inkişafına həsr edilən qısametrajlı film nümayiş olundu. Filmdə Müdafiə Nazirinin əsgərlə bir stol arxasında əyləşərək onunla çörəyini yarı bölməsi qürurverici haldır. Fəxr etdik onunla. Aprel döyüşlərinə həsr etdiyim “Salam, ay bizim dağlar” şeirim iyulun 2-də “Ədəbiyyat” qəzetində dərc olunmuşdu. Qəzetimizin bu sayını ona verəndə dedi ki, təbrik edirəm, artıq oxumuşam o şeiri.Generalımızın ədəbi mühitdən də xəbərdar olmağına heyran qaldım. Belə addımlar hər bir əsgərə, hər bir zabitə nümunədir. Qərara gəldik ki, Müdafiə Nazirliyində və bütün hərbi hissələrimizdə “Yazıçı” adında kitabxana yaradaq.Hərbçi asudə vaxtında götürüb o kitabları oxusun. Hər bir şair və yazıçı öz imzasıyla kitabını həmin kitabxanalara göndərsin.”Ədəbiyyat” qəzetinin hər sayında yazıçıların nəzərinə onlara müraciətlə elan edirik ki, kitablarını gətirib öz imzalarıyla Yazıçılar Birliyinə təqdim etsinlər.Özü də bu kampaniya xarakteri daşımayacaq, daimi olacaq.Həmçinin qərara aldıq ki, “Azərbaycan Ordusu” qəzeti ilə “Ədəbiyyat” qəzeti arasında əlaqə yaradaq.Vaxtaşırı “Ədəbiyyat” qəzetində qoşa səhifələr ayrılsın əsgər həyatına,eyni zamanda “Azərbaycan Ordusu” qəzetində qoşa səhifə versinlər ədəbi mühit, ədəbi həyat. Yəni onların bizdən xəbəri olsun bizim də onlardan.Bundan başqa, şair və yazıçılarımızın ön xətdə xidmət edən hərbçilərimizlə görüşlərini təşkil edək.Hansısa bir şairin, yazıçının yubileyini hərbçilərimizlə birlikdə qeyd edək. Orduyla yazıçı,ədəbi mühit bir olanda o orduda ruh yüksəkliyi olur.Birinci ruh yüksəkliyi olmalıdır. Ona görə deyirlər ki, ruh silahdan güclüdür. Orduda ruh yüksəkdirsə, o ordu heç zaman basılmaz. Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev səngərdə Vətənin keşiyində dayanan əsgərinin yanındadır. Bəs biz niyə olmayaq? Biz mülki geyimdə Vətənin əsgərləriyik. Söz əsgərləriyik.Əsas məqsədimiz də odur ki, əlaqələrimiz daha da möhkəmlənsin. Belə görüşlərin keçırilməsi mənəvi dayaqdır. Aprel döyüşlərində hünər göstərən oğullarımızı adbaad tanıyaq.Onlar bizi tanısın. Əsgər kimdir? Əsgər xalqımızın övladıdır.O mənim oxucumdur. Necə oldu, o getdi hərbi xidmətə mən onu itirdim. Niyə itirim mən oxucumu, qoy orda yenə oxucum olsun.Təsəvvür edin, Böyük Vətən Müharibəsində 42 azərbaycanlı şair və yazıçı iştirak edib. Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahimov,Əhməd Cəmil, Böyükağa Qasımzadə, Süleyman Vəliyev,İslam Səfərli,Əbülhəsən, Ənvər Məmmədxanlı onların adlarını uzatmaq da olar.Əksəriyyəti də gənclər idi.

- Hərb mövzusu antik ədəbiyyatın, dünya klassikasının ana xəttini təşkil edib. Bu mövzu bütün dövrlərdə ədəbi aktuallığını qoruyub saxlayıb.
 - Bilirsiz,hansı ölkənin torpağında müharibə gedirsə, o ölkənin ədəbiyyatında mütləq müharibə mövzusu olmalıdır.Döyüşlərdə qəhrəmanlıqlar göstərən sərkərdələrin obrazlarını yaratmaqla onlar əfsanələşdirilir.Hələ eradan əvvəl antik dövrün dahi dramaturqları sayılan Esxil, Sofokl və Evripit müharibədə olmuşdular. Böyük dramaturq Esxil müharibə mövzusunda “Zəncirlənmiş Prometey” və “Farslar” pyeslərini yazmışdır. Marafon döyüşlərində ağır yaralanan Esxil yazırdı ki, məni xərəkdə gətirdilər. Bu həyatımda ən əlamətdar hadisədir. Mən Vətən naminə döyüşdə yaralandım. 
Homer yunanlarla troyalıların müharibəsindən yazırdı.Onun dahiyanə“İliada”, “Odisseya” əsərlərinin mövzusu da müharibə mövzusu idi. Dünyanı fəth eləyən Makedoniyalı İskəndər haqqında 200-dən artıq əsər yazılıb.Rus yazıçılarının əksəriyyətinin yaradıcılığında müharibə mövzusu əsas yer tutur.Mixail Lermantov, Aleksandr Puşkin, Lev Tolstoy ədəbi-bədii yaradıcılıqlarında hərb mövzusuna üstünlük vermişlər. Müharibə mövzusu təkcə döyüşü canlandırmaq deyil, burada insanın mənəviyyatı önə çəkilir. Böyük rus şairi A.Puşkin 1829-cu ildə rus-türk müharibəsi zamanı Qarabağ atlıları ilə,Şirvan polkunun əsgərlərilə görüşdən sonra deyib ki, mən Qafqaz oğullarının epopeyasını yazacam. O döyüş meydanında Fərhad bəyin, Fərəculla bəyin şəkillərini çəkir. Feldmarşal Paskeviç Puşkinin bu görüşlərinə qısqanır və onun Qafqaz səfərindən yarımçıq qayıtmasına səbəb olur.Bunlar tarixi faktlardır.

- Ordumuzun aprel qələbəsi barədə xalqımızın ziyalı oğlunun ürək sözlərini dinləmək çox maraqlıdır. 
- Aprel zəfəri haqqın zəfəridir. Biz gedib ermənilərin torpağını işğal etməmişik. Onlar gəlib bizim tarixi torpaqlarımıza sahib çıxmaq istəyirlər. Bu gün Azərbaycan Ordusu öz tarixini yazır. Biz onu köçürtməliyik.Ümummilli liderimiz Heydər Əliyevin qurdüğü müasir Azərbaycan Ordusu onun layiqli davamçısı Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin sayəsində daha da inkişaf edir. Müdafiə Haziri ilə görüşəndə haqlı olaraq o dedi ki, bizim ordu güclüdür ona görə ki, Cənab Prezidetimiz orduya xüsusi diqqət ayırır.Müasir silah və texnikalarla daima təchiz olunur. 
Aprel döyüşləri onu göstərdi ki, xalq Prezıdentinin, Ali Baş Komandanının yanındadır.Onun ətrafında sıx birləşib.Müharibə gedən ölkədə söz bir olmalıdır.Söz haçalanmamalıdır. Söz yalnız Vətən sözüdür.Aprel döyüşləri bir daha sübut elədi ki,Azərbaycanın güclü, qüdrətli ordusu var. Aprel döyüşlərinin ikinci günü hospitalda yaralıları ziyarət etməyə getdim. Onları görəndə gözüm doldu.İnanın,mənə təsəlli verirdilər ki,sağalıb ayağa duraq, gedəcəyik hərbi hissələrimizə, biz mütləq qalib gələcəyik, torpaqlarımızı düşmən tapdağında qoymayacağıq. Qarabağ veteranları, keçmiş döyüşçülər,qazilər yaralı hərbçılırimizi ziyarətə gəlmişdilər. Onlar da döyüşə getməyə hazır idilər.Aprel döyüşləri tarixi bir mərhələdir.

- Qarabağ mövzusu Həriman müəllim sizin, şair və yazıçılarımızın yaradıcılığında nə dərəcədə yer tutub?
- Əvvəlcə qeyd edim ki, Azərbaycan şair və yazıçıları heç vaxt Qarabağ mövzusundan kənarda qalmayıb.Əksinə, bizim taleyimizdən keçib indi də keçir.İçimizi göynədən sağalmaz yaralarımız var.Xəlil Rzanın, Qaçay Köçərlinin, Famil Mehdinin övladları Qarabağ döyüşlərində şəhid oldular.Bu mövzuda yazılan əsərləri sadəcə sistemləşdirmək lazımdır.Bəlkə də onlar ayrıca çap olunmalıdır. Mənim yaradıcılığıma gəldikdə isə bu mövzuda çoxlu şeirlərim, poemalarım, silsilə əsərlərim və bayatılarım var. Yeddi cildliyimdə hamısı çap olunub.”Qarabağdan gələn var” poemam müharibənin ağrı-acısını əks etdirir. 
1918-ci ildə Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakını bolşevik-daşnak birləşmələrindən azad etməyə gələndə mesenat Hacı Zeynalabdin Tağıyev bütün orduya hərbi geyim tikdirir. O paltar ilk olaraq ordunu səfərbər edir. Əsgər hərbi geyimdə artıq xilaskardır. Bu psixoloji təsirdir. Mənim poemam var. O böyük türk oğlunu vəsf etmişəm:
 “Nuru paşa Türkiyədən,Qarsdan gəlir,
 Azərbaycan deyə-deyə yaralanmış aslan gəlir”. 

- Nəriman müəllim , söhbətimizin sonunda ənənəvi bir sual: ordumuzun əsgər və zabitlərinə nə arzulayardınız?
- Ulu öndərimiz deyirdi ki, Azərbaycan dünyaya günəş tək doğacaq. Bəli, bu gün bizim güclü Prezidentimiz, Ali Baş Komandanımız və güclü ordumuz var. Aprel döyüşləri bunu dünya qarşısında bir daha təsdiq elədi. 
Qoy Tanri sizi qorusun. Tezliklə Böyük Qələbənin sevincini bizə yaşadasınız. Xankəndidə, Şuşada şeir məclisləri qurulsun, biz də gəlib qələbə ruhlu şeirlərimizi orada səsləndirək. 
Lalə HÜSEYNOVA
Tədqiqatçı jurnalist
ENG | RUS