Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

İkinci `Ata evim`

51191 Baxış sayı / 15-02-2019 11:08

Tahirə Qibləli

memar


“Dədə Qorqud Fondunun“ 3 dildə dərc olunan “Azərbaycan Dünyası" jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılovla bizim ilk tanışlığımız Bakıdakı “Azərbaycan Atatürk Mərkəzi"ndə keçirilən bir tədbirdə olmuşdur. Həmin tədbirdə Eldar müəllim məni bir həvəskar rəssam kimi tanımış, rəsmlərimlə maraqlanmışdır, lakin mənim əslində memar olduğumu öyrəndikdən, şəhərimiz haqqında öz xatirələri ilə bölüşdükdən sonra Eldar müəllim bu sahədə etdiyimiz maraqlı söhbətlərdən ilhamlanaraq, “Azərbaycan Dünyası" jurnalında “Bakım, sən nə gözəlsən“ və ya "Küləklər şəhərindəki ürəklər" adlı yeni bir rubrika açmaq istədiyini bildirdi və bu rubrikada ilk yazını mənə təklif etdi.

Beləliklə, bu jurnalda ilk yazım, təbii ki, həyatımın yarısından çox hissəsinin (29 il) onun divarları içərisində keçən binaya - tikintisinin təməli 19-cu əsrin ilk ilinin may ayında qoyulan və bu günədək Bakımızın möhtəşəm memarlıq nümunəsi sayılan, hamımızın tanıdığımız binaya—öncə Bakı Şəhər Duması, sonra Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi (Baksovet), Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Meriyasının inzibati binasına həsr olunacaq.

 Məşhur bu kəlimə sanki bu binanın layihə müəllifinin də payına deyilmişdir: "Tikmədim özüm qalam, tikdim ki, izim qala" 

 ...Yozef Qoslavskiyə özünün “şah əsəri” sayılan binanın tamamlanmağını görmək nəsib olmadı, amma Bakı üçün elə silinməz izlər qoyub getdi ki, o heç ölmədi ...

 Bu bina haqqında Bakı şəhərində yerləşdiyi əhəmiyyətli mövqeyindən , nəinki Bakının, hətta Qafqazın nadir memarlıq incisi sayılan və məhz bu binaya görə müəllifinə “Qafqazın Rastrellisi “ təxəllüsü verilməsindən, barokko üslubunda layihələndirilməsindən , üzlük kərpic və interyer mərmərlərinin xaricdən gətirilməsindən, smetasına xərclənən məbləğdən və sairədən tutmuş 144 saylı ölkə əhəmiyyətli tarixi memarlıq abidəsi olmasına qədər bütün sözlər korifey memarlarımız tərəfindən deyilmişdir. Mən bir memar kimi bu korifeylərdən –şəxsən tanış olduğum, əhatəsində çalışdığım Rasim Əliyevdən, Şamil Fətullayev-Fiqarovdan, Elbay Qasımzadədən gözəl və fərqli nə söyləyə bilərəm ki... 

- Mən yalnız ağlımın dərk etdiyi uşaq yaşlarımdan üzbəüz həyətdə yaşadığım üçün hər gün gördüyüm bu binaya sonsuz sevgımdən fərqli bir şeylər söyləyə bilərəm, 

-yalnız içərisində 29 il çalışdığım üçün öz xatirə və təəssüratlarıma dair fərqli şeylər söyləyə bilərəm, 

-yalnız Qoslavski yaradıcılığına vurgun olduğumdan onun ev-muzeyini tapıb Bakıdakı (hətta həyatdakı) son əqrəbasıyla görüşümdən məmnun olduğumdan fərqli şeylər söyləyə bilərəm, 

-bir etiraf da edim-Bakıda mənim qədər bu binanı sevən ikinci birisinin olmadığını düşündüyümdən fərqli şeylər söyləyə bilərəm... 

 Bu səbəbdən maraqlı görünərsə, yeni “Bakım, sən nə gözəısən...“ adlı rubrikasında, öz sadə, qeyri-professional jurnalist dilimdə ilk olaraq, “Baksovet” binasıyla üzbəüz yaşadığımdan, ömrümün uşaqlıqdan indiyədək olan bəzi xatirələrini sizlərlə paylaşmağa sevinərəm.

Mən, Rzayeva (Məmmədova) Tahirə Qibləli (Əli və Fatimə) qızıyam. Əslən Azərbaycan torpağı olan Zəngəzurda (Qərbi Azərbaycan, Qafan rayonu, Kacaran şəhəri) ailənin 4cü qızı kimi doğulmuşam. O zaman atam artiq ailədə 4 qız övladı olduğundan bizim azərbaycanca təhsil almağımız üçün Bakıya köçməyi qərara alır. Biz böyük xoşbəxtlikdən Bakının tam mərkəzində-Bakı Şəhər İcra Hakimiyyətinin binası ilə üzbəüz həyətdə, o vaxtkı Kommunist (əvvəlki Nikolayevski və indiki İstiqlaliyyət) küçəsində, böyük dayımın evində yaşamalı olduq. (Bunun üçün ona həmişə duaçı olacağam) 

 Böyük bacım Rahilə artiq ali məktəbə daxil olurdu, 2ci bacım Afaq təhsilini orada rus məktəbində başladığı üçün Bakıda Pasaj bazarının yanındakı 189 saylı məktəbdə davam etdirməli olur. Mən və digər bacım Şəfəq isə elə həyətimizlə yan-yana olan H.Cavid adına 132 saylı məktəbdə təhsil almalı olduq. 

 Məktəbimiz tam “Baksovet”in - Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin (o vaxt belə adlanırdı) qarşısında yerləşdiyindən mən hər dəfə məktəbin əsas girişindən çıxıb evə gedərkən qarşıdakı həmin gözəl binanın çox əzəmətli qapılarının ağır-ağır açıldığını, ora kimlərinsə girdiyini görür, ürəyimdə düşünürdüm “görəsən mən də bircə dəfə o möhtəşəm binaya girə bilərəm?!” Necə deyərlər “Niyyətin hara-mənzilin ora”. 

 Bir az tələsərək söyləmək istəyirəm ki, məhz o binanı mən indiyədək sevə-sevə “İkinci Ata Evim” adlandırıram-icərisində 29 il çalışdığım idarəni...Bakıda ən cox sevdiyim, müəllifi Polşa əsilli Yozef (İosif) Qoslavski olan, Şəhər Duması üçün tikilmiş binanı. Bu binanın hər qarışına bələdəm, hər daşını sevirəm, haqqında vikipediyada belə olmayan məlumatları ... (məsələn onun 100-cü məhəllədə yerləşdiyini, fasadındakı 1870 rəqəminin nəyi əks etdiyini, giriş hissədə interyerdə yerdəki daşların üzərində kimin adının yazıldığını,... az qala pəncərə oyuqlarının sayını belə bilirəm)

 Ümumiyyətlə hər zaman önündən keçərkən öpüşlər göndərdiyim bu binayla bağlı hər yaxşı şey məni ruhlandırır. O dərəcədə ki, bu şərəfə hansı şəhərdə oluramsa olum, istər San Fransisko olsun, istər Ordubad, istər Roma, Milan, Neapol olsun, istər Lənkəran, Gəncə...Siqnaxi... çalışıb İcra Hakimiyyəti-Meriya binaları qarşısında şəkil çəkdirirəm. Buna bir növ “kolleksiya” da deyə bilərəm. O dərəcədə vurğunuyam.

 Qayıdaq “Baksovet” illərinə- axşam şöbəsində oxuyan tələbələr gündüz qeyri-rəsmi də olsa işləmək məcburiyyətində idi, bunu qanun tələb edirdi. Bu səbəbdən məni qohumumuz Feruz dayı özü işlədiyi Bakı Mərmər zavodunun idarə heyətinə cizgiçi kimi işə düzəltdi. Əslində oraya rəsmi arayış xatirinə işə düzəlmişdim, amma mənə maraqlı göründüyündən düz 1 il o işdə çalışdım və qeyd edim ki, orada məndən başqa bir-çox universitetlərdə oxuyan tələbələr də çalışırdı. Yeri gəlmişkən, onlardan biri ta indiyədək (41 il) dostluq etdiyim, mənim çox dəyərli və dürüst rəfiqəm Südabə də sonradan öz ixtisası üzrə (hüquqşünas) başqa işə düzəldi. 

 Bir il sonra Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsində işləyən institut rəfiqəm Gülarə “bizim işdə işləməyə yaxşı qrafikası olan qız lazımdır” dedi və məni öz yanına dəvət etdi. Bunun üçün ona çox borcluyam. O zaman Bakı şəhərinin Baş Memarı Rasim Əliyev idi. Gələcəkdə şöbə rəisim olaçaq Vaqif Qasımov kalka üzərində tuşla və rapidoqrafla çəkilmış cizgilərimi istədi, sonra bu işlərlə birgə Rasim m-in qəbuluna getdik, qrafikam onun xoşuna gəldi və bu qədər sadə ...məni işə qəbul etdi. İlahi, sevincimin həddi yox idi-məktəb yaşlarından arzuladığım o əzəmətli qapidan sevdiyim binaya daxil olmuşdum və hətta ora işə düzəlmişdim. (sonra bu binada 29 il işlədim-2-ci “Ata evimdə”)

Beləliklə Xoşbəxtlik Üçbucağı tamamlanmışdı: yaşadığım həyət - 132 nömrəli məktəb - Baksovet.

Bizim şöbə Moskvanın “Mossovet”, Moskva Memarlıq İnstitutu (MARXİ-) və (o zaman) Leninqradla birgə Bakı şəhərinin mərkəzi hissəsinin (Içəri şəhər də daxil olmaqla) rekonstruksiyasının elmi-axtarış işləri ilə məşğul olurdu. Məhz bunun üçün 20 nəfərdən ibarət Xüsusi Qruppa (qısaca elə belə də adlanırdıq:«спец группа») yaradılmışdı, bunun üçün böyük dövlət vəsaiti ayrılmışdı. O zaman (1978-1988-ci illər) ilk kompüterçılər sayılan 16-cı Müəssisə və Məlumat Hesablama Mərkəzi (ИВЦ) bizə xidmət edirdi. Qruppamıza Vaqif Qasımovun rəhbərliyi, Vadim İvanovun və Şamil Fətullayevin məsləhətçiliyi altında Rasim Əliyev başçılıq edirdi. Bu möhtəşəm iş idi. Hər albomumuz bir elmi iş üçün dəyərli baza sayılırdı. O illərlə bağlı daha bir məzəli əhvalat baş vermişdi. Buna canlı lətifə də demək olar: Moskva və Leninqrad (indiki Sankt Peterburq) şəhərindən bizim şöbəylə əməkdaşlıq edən yalnız rusdilli elmi işçilər idi. Onlardan ikisi Bakıya ilk gəlişlərində işlə bağlı şəhəri seyr etməyə, küçələri öyrənməyə, bəzi qeydlər aparmaga elə icra hakimiyyətinə yaxın ərazidən başlamışdılar ki, bir də gördük çox hiddətli və qıpqırmızı pörtmüş halda geri qayıtdılar. Səbəbini soruşmağa belə macal vermədən az qala ağızları köpüklənə-köpüklənə etirazlarıını bilidirdilər. Təbii ki, burasını rusca söyləməsəm bunun bir anlamı olmaz. O səbəbdən həmin dialoqu yazıram:

-Вагиф, я конечно, все понимаю, но не понимаю, как можно такую центральнейшую улицу назвать в честь чьйих-то гусей ??? 

Tərcüməsi: - Vaqif, mən əlbəttə, hər şeyi başa düşürəm, biz Azərbaycandayıq, amma başa düşmürəm, belə mərkəzi küçəni axı necə kiminsə “qazlarının” şərəfinə adlandırmaq olar??

Qrupumuzun rəhbəri Vaqif Qasımov və biz heç bir şey anlamadığımızdan, O-bu sualı verdi:

-Подождите, Подождите, Вера Ефимовна, Вы о чем говорите? Что случилось???

Tərcüməsi:- Dayanın, dayanın, Vera Efimovna, Siz nədən danışırsınız? Nə baş verib???

-Ну улица, которая начинается от парка Сабира, названа в честь Гусей Гаджиева !! ??? Написали « улица Гуси Гаджиева » (vurgu “u” hərfinə qoyulur)

Tərcüməsi: - Sabir bağından başlayan küçə “Hacıyevin Qazları”nın şərəfinə adlandırılıb!!!???

Həəə, yalnız indi məlum oldu söhbət nədən gedir. Bu bizim heç ağlımıza gəlməzdi. Biz, əlbəttə artıq gülməkdən dayana bilmirdik və onlara başa salmağa çalışırdıq ki, “Qusi” (Hüsü) sözü bizim dilimizdə “qaz” mənasını vermir, o Hacıyev familiyalı adamın adıdır- yəni ki, Hüsü Haçıyev, bu qədər sadə. 

P.S. O zaman küçələrin adları rusca yazıldığından qadınlar çaşıb qalmışdılar, əlbəttə, “Kommunistiçeskaya” küçəsindən sonra (ул“Гуси Гаджиева”) - “Qusi Qadjieva” yalnız belə anlaşıla bilərdi...

 O illərdə bizim qruppanın iştirakı ilə “Içəri şəhər”, “Bakı balkonları” adlı qısametrajlı sənədli filmlər də çəkilmişdi.

 6 ildən sonra ali təhsil haqda diplomumu alıb yenə də həmin idarədə, amma artıq nemar kimi çalışmağa davam etdim.

 Ümumiyyətlə qohumlardan məndən başqa memar olanlar çoxdur: bacım, onun yoldaşı, yoldaşının bacısı, qızım, qızımın əmiləri, bibiləri...hətta kiçık nəvəmin adını belə gələcəyin Memar Sinanı olaçağı şərəfə-Sinan adlandırmışıq. Oğlum Sultan- hələ tələbədir. Böyük nəvəm Banu isə həkim olmağı düşünür...

 Memarlıq Universitetini “Qırmızı Diplom”la bitirmiş qızım Fidan və həyat yoldaşı Armanla özəl-ailəvi memarlıq firması yaratmaq qərarına gəldikdə çalışdığım dövlət işindən aralanmalı oldum. Nəticədə “ALAV Architect” ailəvi memarlıq şirkətini yaratdıq. 

 Özəl işdə çalışdığımdan bir-neçə il öncə vaxt tapıb daha bir marağımı yerinə yetirdim-çox sevdiyim bu binanın müəllifi İosif Qoslavskinin ev-muzeyini axtarıb tapdım. Mən bu qədər illər ərzində necə olub ki, bura gəlib çıxmamışdım, özüm də məəttəl qalmışdım. Muzey Bakının mərkəzində, Mirzə İbrahimov küçəsində yerləşən binada idi. Muzey Ev-muzey olduğundan zəngi basdım, inana bilmirdim, qapını mənə Qoslavskinin bacısı nəticəsi sayılan bir qadın açdı, (bunu sonra özündən bilmişdim)amma içəri dəvət etməyib özü bayıra çıxdı. Söylədi ki, muzey artıq daima açıq olmur, yalnız Prezident Aparatından, Mədəniyyət Nazirliyi, Səfirliklər və digər dövlət idarələri tərəfindən göndərilən qonaqlar olursa, yəni xüsusi hallarda açılır. Mən etiraz etmədim, narahat etdiyim üçün üzr istəyib, sadəcə özümü 29 il Qoslavskinin “Şah əsəri” sayılan binada işləyən və bu binanın vurğunu olan, oranı öz ikinci ata evi sayan məmur-memar kimi təqdim etdim. O binanı nə qədər sevdiyimi, ev kabinetımə, hətta yaşadığım binanın liftlərinə belə həmin binanın kətan üzərində foto şəkillərini asdığımı söylədim. Qadın (İrina Georgiyevna) səmimiyyətimə inanıb özəlliklə mənə vaxt ayırmaq istədiyini dedi. 3 gün sonra təyin olunmuş dəqiqədə zəngi basdım. Biz Qoslavskinin öz otağında oturduq, gözlərimə inana bilmirdim, onun bir zamanlar oturduğu arxası çox hündür divan, otağın miqyasına görə çox böyük olan stol, (əslində otaq kiçik idi) qarşıda hündür güzgü, (bu güzgünün də Hacı Zeynalabdin Tağıyevlə bağlı tarixcəsi vardı) divarlarda şəkillər, ona aid olan digər əşyalar... hər əşyanın da öz tarixcəsi. İrina Georgiyevna gətirdiyim şirniyyatı bacısına verib, bizə çay xahiş etdi. O, öz gözləri ilə bağlı əməliyyata hazırlaşdığını söylədi, həm də bu səbəbdən heç kimi qəbul etmədiyini dedi, amma onu da dedi ki, siz mənə çox müsbət təsir etdiniz, sanki bütün ağrılarımı unutmuşam, sizinlə saatlarla danışmağa hazıram.Yorğunluq hiss etmirəm. Həqiqətən də biz 3 saata qədər söhbət etdik. O qədər alicənab, o qədər mədəni, bilgili qadın idi...

Söhbətin sonunda məndən Memarlar İttifaqının sədrini şəxsən tanıyıb-tanımadığımı soruşdu, əlbəttə tanıyıram, Elbay Qasımzadə hətta mənim (Bakının Baş Memarı kimi)10 ildən çox müdirim olub, dedim. Hazırda isə Baş Memar-Akif Abdullayevdir. Qoslavskinin qarşıdakı 150 illik yubileyi ilə bağlı Ona çatdırmaq istədiyi sözləri mənə söylədi. İndi 3 saatlıq söhbəti yazsam çox uzun olar, səs qeydimiz qalır, sonluğu söyləyim ki, Qoslavskinin nəticəsi kimlərin-kimlərin rəyləri olan jurnalda mənim yazımın da olmasını istədi. Məmnuniyyətlə səhifəni yazıb doldurdum, imzamı atdım. Mənə bundan gözəl nə lazım idi. 

 Muzeydən çıxıb xoşbəxtcəsinə Dəmirçi Toverə-uşaqlarımın ofisinə getdim. Onlarla muzey təəssüratlarımı ağız dolusu bölüşdüm, səs yazılarını, Qoslavskinin evində öz çəıkdiyim şəkilləri, mənə bağışlanılan kitab və şəkilləri göstərdim. 

 Bu mövzu məni o qədər həvəsləndirdi ki, məndə yenidən öz dövlət işimə dönmək istəyi yarandı. Belə də etdim, dövlət işimə geri döndüm, amma bu dəfə təkrarən Yerli İcra Hakimiyyətinə deyil, Mərkəzi İcra Hakimiyyətinə-Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə. O zaman Komitənin sədri Abbas Ələsgərov idi, məni əvvəki işimdən çoxdan tanıdığından böyük məmnuniyyətlə dərhal işə qəbul etdi. 

O gündən Komitədə işləməyi davam edirəm.

 Hazırda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni, müasir baxışlarıyla sədrimiz Samir Nuriyev rəhbərlik edir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin başlıca vəzifəsi şəhərsalma və memarlıq sahəsində beynəlxalq təcrübəyə əsaslanaraq bu sahədə dövlət siyasətinin tənzimlənməsinin həyata keçirilməsi, şəhərsalma sahəsində infrastrukturun yaradılması, elmi-texniki nailiyyətlərin tətbiqinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının və innovativ yanaşmanın tətbiqi, Vahid Mərkəzləşdirilmiş Məlumat Bazalarının yaradılmasına diqqətin artırılmasıdır. 

 Bu gunlərdə İrina Georgiyevnanın halını sormaq üçün evinə təkrar zəng vurdum, bir az üzüldüm, təəssüflə bildirdi ki, baçısı yaxınlarda rəhmətə getmiş və özü lap tənha qalmışdır. Digər tərəfdən də sevinərək, “Sizi mənə Allah yetirdi” deyib, Qoslavskinin muzey əşyalarını Memarlar İttifaqına təhvil vermək istəyini, bunun üçün sözlərini Elbay müəllimə çatdırmağımı xahiş etdi. Nə gözəl! Əlbəttə, mən belə də etdim. 

 O binada işlədiyim illər ərzində 13-14 İcra Başçısı dəyişilməsinə baxmayaraq, səsimi heç kimə çatdıra bilməmişdim, amma artıq qərarlıyam, yeni təyin olunmuş İcra Başçısı cənab Eldar Əzizovdan şəhərimiz üçün iki xahişim olaçaq: 

1. bu binanın müəllifi İosif Qoslavskinin ev-muzeyindəki kabinetinin Memarlar İttifaqına və ya elə Bakı Şəhər İcra Hakimiyyəti binasının özünə köçürülməsiylə bağlı ; 

2. bu binanın fasadındakı qırmızı kərpiclərin təmizləndirilməsi və damının yalnız fasad hissədən deyil, hər tətəfdən, hətta həyət tərəfdən (çünki İçəri şəhərin qala divarlarlarının maşıkullarından baxarkən həyət tərəfin damı görünür) fasadda olduğu kimi, qarşısındakı 132-134 saylı məktəbdə olduğu kimi, solundakı İqtisad Universitetində olduğu kimi pulcuqlu dam örtüyü ilə əvəz edilməsiylə bağlı göstəriş verməsini, axı həyət və yan fasadların damının bəsit, hamar lövhələrlə üzlənməsi binanın gözəlliyini itirir. 

 Ziyalı bir Azərbaycan vətəndaşı kimi mənə verilən dərc olunmaq şansından istifadə edib, yaşadığım ömrün bəzi pozitiv məqamlarını, şəhərimizlə bağlı təəssüratlarımı bölüşdüm.. Bakımızın hər daşını sevməyi bacaraq, biganə qalmayaq.

 Bakı-doğmadır, əzizdir, Bakı Parisdən gözəldir, Bakı-Vətəndir ! 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]