Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Mehriban Əliyevanın insanlarla keçirdiyi görüşlər ünsiyyət mədəniyyəti ÜÇÜN ÖRNƏKDİR

21994 Baxış sayı / 22-02-2021 10:14

 

Fatimə Hacıyeva

tibb üzrə fəlsəfə doktoru

 

 

Heydər Əliyev Fondun yaranması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zərurəti, qloballaşan dünyada Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq niyyəti, Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq zərurətindən irəli gəlmişdir. 

Bununla da görkəmli siyasi xadimin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək, Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ümumilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrın reallaşmasına kömək etmək, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək, yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək vermək və s. Heydər Əliyev Fondunun ali məqsədidir.

Məlumdur ki, qədim tarixə malik Azərbaycanda zəngin xeyriyyəçilik ənənələri vardır. Heydər Əliyev Fondu həmin xeyriyyəçilik ənənələrini, bəşəri milli dəyərləri öz məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində davam etdirir. 

Azərbaycanın uğurlu iqtisadi inkişafı fondun fəaliyyətinin iqtisadi əsaslarını gücləndirən mühüm amildir. Heydər Əliyev Fondunun titanik və məqsədyönlü fəaliyyəti nəticəsində biz qalıq prinsipindən uzaqlaşdıq. Son illər elmə, təhsilə, mədəni inkişafa ayrılan xərclər artmaqda davam edir. Bu gün iqtisadi inkişafla mədəni inkişaf arasında qırılmaz əlaqə vardır. 

Fondun prezidenti, həyat fəlsəfəsi insanlara xidmətdən qaynaqlanan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən layihələr gələcək nəsillər üçün zəngin irsdir. Onun atdığı addımlar Azərbaycanın dünyada imicinin artırılmasındavacib amillərdir.

Mehriban xanımın insanlarla ünsiyyət mədəniyyəti və onun keçirdiyi görüşlər örnəkdir. Fondun humanistliyi, xeyirxahlığı, gənc nəslin formalaşması istiqamətində həyata keçirdiyi layihələr, onun təşəbbüsü ilə Bakıda keçirilən sivilizasiyalararası dialoq və konfranslar Azərbaycan haqqında məlumatların dünya birliyinə çatdırılması baxımından da əhəmiyyətlidir.

Fondun prezidentinin “Qızıl ürək” və Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatına, “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, “XXI əsrin böyük qadını” laureatına, YUNESKO-nun “Qızıl Motsart” medalına, Krans Montana Forumunun qızıl medalına, “Heydər Əliyev mükafatı”na layiq görülməsi illərdən bəri çəkilən zəhmətə beynəlxalq səviyyədə verilən dəyərdir. 

Parisdə, Romada, Vatikanda, Moskvada müstəqilliyimizin bərpa olunmasının 20-ci ildönümünə həsr olunmuş tədbirlər həqiqi mənada Azərbaycan mədəniyyət və incəsənətinin, milli mənəvi dəyərlərinin, el sənətlərinin tanıdılmasında növbəti təşəbbüs kimi maraqla qarşılandı. 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Fransa Prezidentinin sərəncamı ilə  “Şərəf Legionu”  ordeninin zabit rütbəsi ilə təltif olunması ölkəmizin xarici siyasətinin uğuru olmaqla, respublikamızın beynəlxalq aləmdə nüfuzunun artmasının təsdiqidir.

Fondun ən böyük xidmətlərindən biri ondan ibarətdir ki, Azərbaycanda gündən-günə inkişaf edən sahibkarlıq, onların rəhbərləri özlərinin cəmiyyət qarşısında sosial məsuliyyətini dərk edir, bir sıra irimiqyaslı sosial layihələrin fəal iştirakçıları olurlar.

Fondun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqram və layihələrinə uyğun olaraq həyata keçirdiyi yenidənqurma və bərpa işlərinə, gənc nəslin fiziki və əqli inkişafına diqqəti, fiziki cəhətdən zəif inkişaf etmiş uşaqlar üçün nəzərdə tutulan layihələrə xüsusi qayğısı əvəzsizdir. Uşaq evləri və internatların yenidənqurulması təşəbbüsünü irəli sürən Fondun diqqət və qayğısı nəticəsində 30-dan artıq təlim-tərbiyə müəssisəsi ən müasir avadanlıqlarla təmin olunmuş, valideyn himayəsindən məhrum körpələrin fiziki cəhətdən sağlam, hazırlıqlı vətəndaş, zəngin biliyə malik insanlar kimi yetişməsi istiqamətində önəmli tədbirlər həyata keçirilmişdir.

“Hər bir uşağın ailəyə ehtiyacı var” kampaniyasını irəli sürməklə uşaqların ailələrə verilməsi kimi önəmli layihənin həlli istiqamətində milli-mənəvi dəyərlərimizi əks etdirən tədbirlərin keçirilməsinə nail olan Fondun təşkilatçılığı ilə həyata keçirilən təşəbbüslərin əsasında bir vəzifə dayanır: Vətən üçün sağlam düşüncəli, layiqli, bacarıqlı övladlar yetişdirilsin. 

“Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin təşəbbüskarı olan Fondun dəstəyi və YUNESKO-nun iştirakı ilə Bakıda keçirilən dünyada savadlılığın dəstəklənməsi üzrə regional konfranslar çərçivəsində “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” beynəlxalq konfrans Azərbaycanda elmin, təhsilin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinin uğuruna baxış idi.

Onun bir çox ölkələrdə (ABŞ, Rusiya, Türkiyə, Rumıniya, Gürcüstan və.s) nümayəndəlikləri fəaliyyət göstərir və qurum çoxsaylı layihələri ilə artıq təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da böyük işlər görür.

Pakistanda qızlar üçün yeni orta məktəb binasının inşası “Təhsilə dəstək” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun həyata keçirdiyi ən uğurlu və önəmli işlərdən biridir. Bu, Fondun Azərbaycan hüdudlarından kənarda inşa etdirdiyi ilk məktəbdir. Bununla yanaşı, Rumıniya, Rusiya Federasiyası, Gürcüstan, Hollandiya və Misirin bir neçə təhsil müəssisəsinin yenidən qurulması və avadanlıqla təminatı həyata keçirilib. Polşa, Litva və Fransanın ölkəmizdəki səfirliklərinin dəstəyi ilə təhsil sahəsində də layihələr gerçəkləşir.

Diabetli, hemofiliyalı, fiziki cəhətdən qüsurlu uşaqların sağlamlığı qayğısına qalan Fondun bilavasitə diqqət və qayğısı ilə həyata keçirilən “Talassemiyasız həyat naminə”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Kor və zəif görən uşaqların İKT-yə çıxışının təmin olunması” kimi layihələr üzrə görülən işlər, Bakıda Talassemiya Mərkəzinin, tələbatı ödəyəcək qədər ehtiyata malik Qan Bankının yaradılması xeyirxahlıq, vətənpərvərlik hisslərini birləşdirən humanist duyğulardır.

Heydər Əliyev Fondu dünyanın bir sıra aparıcı səhiyyə şirkətləri ilə əməkdaşlıq edir. İndiyədək “FreseniusMedicalCare”, “Karl-Storz”, “Servier” kimi nüfuzlu şirkətlər tərəfindən Fonda bağışlanmış müasir tibbi avadanlıq və dərman preparatları ölkənin müvafiq tibb müəssisələrinə təqdim edilmişdir.

UNİSEF-lə birgə ana və uşaqların sağlamlığı ilə bağlı faydalı tədbirlər gerçəkləşir. Rusiyanın “Uralsib” Maliyyə Korporasiyası ilə əməkdaşlıq çərçivəsində Bakıda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi inşa olunaraq istifadəyə verilmişdir.

Milli mədəniyyətimizin inkişafına, təbliğinə diqqət yetirən Fondun təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə bu gün üçün deyil, gələcək naminə görülən misilsiz xidmət kimi dəyərləndirilir.

Digər tarixi abidələr kimi Azərbaycan muğamı da Fondun təşəbbüsü ilə YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısına salınıb.

Fondun Azərbaycanın milli mənəvi dəyərlərinin qorunub, inkişaf və təbliğ olunması istiqamətində apardığı misilsiz xidmətlər arasında Dağlıq Qarabağ həqiqətlərinin, Xocalı soyqırımının dünya xalqlarına çatdırılması üçün göstərdiyi vətəndaşlıq mövqeyi də təqdirəlayiqdir. Müxtəlif dövlətlərdə təşkil olunan dinləmələr, keçirilən aksiyalar, münaqişə nəticəsində hüquqları pozulan azərbaycanlıların haqq səsinin, tələblərinin beynəlxalq təşkilatlarda səsləndirilməsində də Heydər Əliyev Fondunun xidmətləri ölçüyəgəlməzdir.

Mehriban xanım tolerantlıq, dözümlülük, dünyaya inteqrasiya, dünyəvilik istiqamətində milliliyi qoruyub-saxlamağı başlıca amil hesab edir. Xalqımızı, müasir cəmiyyətimizi ayıq-sayıq olmağa, bu gün və sabah miqyasında düşünməyə, keçmişin ibrət dərslərini tam öyrənməklə gələcəyin qapılarını açmağa, bir sözlə, intibaha səsləyir. 

“Ot kökü üstündə bitər” deyiblər. İnsan irsi də belədir. Xalqımız Mehriban Əliyevanı böyük bir şəcərənin layiqli varisi kimi tanıyır, ictimai-siyasi xadim olaraq, onun rolunu yüksək qiymətləndirir. 

Yüksək vətəndaşlıq, vətənpərvərlik, gənc nəslin təlim-tərbiyəsində rolu, qayğıya ehtiyacı olan hər bir körpəyə göstərdiyi diqqət və qayğı, onlara biganə qalmamağı, milli-mənəvi dəyərlərimizə hörmət, bir daha sübut edir ki, Mehriban Əliyevanın ruhu yüksək irsə, əsl-nəcabətə söykənərək xeyirxahlıq ənənələrinə köklənmişdir. 

Mehriban xanım öz fəaliyyəti sübut etdi ki, o həqiqətən işıqlı və mənalı ömrün sahibidir.  Bu ali məqsədlərə aparan yolda Sizə cansağlığı və uğurlar diləyirik! 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]