Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

MƏRDƏKANIN MƏRD OĞULLARI

316 Baxış sayı / 01-04-2018 01:47

Mərdəkan Abşeron yarmadasının ən qədim, ən səfalı yaşayış məntəqələrindən biridir. Mərdəkanın adı “ Mərdlər Məkanı” kimi tərcümə olunur, bu da yaşayış məskəninin qədim mərd qəbiləsi tərəfindən salınması ilə bağlıdır. Hələ qədimdən xalq memarlığının mərkəzi sayılan Mərdəkan haqqında, müxtəlif xarici səyyahların səlnamələrində məlumatlar var. Tədqiqatçılar bildirirlər ki, Herodat, Stabon kimi səyyahların da, Mərdakan haqqında yazıları olub. Mərdəkan yeganə kənddir ki, onun iki qalası var. Orta əsrlərdə Mərdəkan mühüm bir strateji əhəmiyyətli məntəqələrindən biri olmuşdur. Hal-hazırda qəsəbədə orta əsrlər nümunəsi olan on abidə var, məhşur rus şərqşünası İ.N.Berezin “Abşeron yarmadasına səyahət”(1845) adlı əsərində , Mərdəkanda olmasından, buranın taremarlıq abidələrinin qeyri-adiliyindən yazmışdır. 

31 mart 1918-ci il Bakı Genosidinin başlandığı dövr, 12-18 min silahsız və günahsız insanların, hamilə qadınların, körpə uşaqların erməni süngüləri ilə deşik-deşik edilməsi, yandırılması, qocaların və qadınların qılınclarla doğranılması və onların müxtəlif silahlarla kütləvi məhv edildiyi gündür. Bu soyqırımı Bakıdan başlayaraq Şamaxı, Quba, Kürdəmir, Lənkəran, Göyçayda daxil olmaqla həmin şəhərlərə qədər olan yaşayış məntəqələri yandırılmış, əhalisi isə qətl və qarət edilmişdir.

 

31 Mart 1918 -ci ildə Şaumyanın rəhbərliyi ilə başlayan genosid haqqında “ Fövqəladə Təhqiqat Komissiyası” sədrinin Ədliyyə Nazirliyinə aşağıda göstərilən məlumatlar verilmişdir . Erməni əsgərləri pulemyotların atəşi altında əhalisi sırf müsəlman olan yerlərdə müsəlmanların evlərinə soxulur, sakinləri öldürülür, onları xəncər və süngü ilə doğrayıb, üç-dörd günlük uşaqları süngülərin ucuna keçirirmişlər. Bununla yanaşı bütün südəmər körpələr öldürülür, valideynləri isə küçələrdə qovularaq qətlə yetirirmişlər. Sonralar qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsi orqanları doğranmış 57 müsəlman qadının meyidi tapılmışdır. Ara sakitləşəndən sonra, şəhər sakinləri meyitləri basdırmaq üçün bu əraziyə gəlib, eybəcər hala salınmış meyitləri tapırlar. Türk qoşunları Bakıya yaxınlaşana qədər ermənilər müntəzəm olaraq müsəlmanların öldürülməsini davam etdirirmişlər.

1918-ci il 31 Mart Bakıda başlanan qətl və qarətlərin sədası Mərdəkana da gəlib çatır. Çünkü qaçmağa imkanı olan arvad-uşaq, bu kəndə pənah gətirmişdi. Daşnaqlardan ibarət bir dəstə Maştağaya tərəf, digər bir dəstə isə Mərdəkana tərəf irəlləyir, məqsəd Mərdəkan, Qala və s. kəndləri tutmaq, Bakıdakı vəhşilikləri burada da həyata keçirmək idi. Kəndlilərdən silahlı olanlar, öz silahlarını götürüb həm Bakıya kömək etmək, həm də vəhşi erməniləri öz kəndlərinə qoymamaq üçün şəhərə tərəf yola düşürlər. Mərdəkandan da silahlı bir dəstə Bakıya doğru gedirlər, Bülbülə gölünün kənarında onlar ermənilərlə rastlaşırlar. Dəstə vətən uğrunda şəhid olmağı, sağ qalmaqdan üstün tutaraq, mükəmməl silahlanmış ermənilərlə qeyri bərabər döyüşə başlayırlar. Vətənin ən gənc döyüşçüsünə, 18 yaşlı Təqi İsrafil oğluna geri qayıtmağı məsləhət və təkid etsələr də O, heç cür razılaşmayaraq son damla qanına qədər dəstə ilə birlikdə qalır. Bu döyüşdə 6 nəfər Mərdəkanlı son nəfəslərinə qədər qəhrəmancasına vuruşub, şəhid olurlar. Sonra ermənilər gəlib onların silahlarını, barmaqlarındakı üzükləri qarət edirlər. Bu 6 nəfər şəhid aşağıda adları çəkilən şəxslərdir:

1.Qüdrət Fərhad oğlu

2.Hacıqulu Rəşid oğlu

3.Mir Paşa Ağa Mirqasım oğlu

4.Mir Həbib Ağa Mirqasım oğlu

5.Sultan Yarəhməd oğlu

6.Tağı İsrafil oğlu

Şəhidlik mərtəbəsinə yüksəlmiş bu 6 nəfərin cənazəsini arabalarda gətirib, Mərdəkan qəbiristanlığınin ən hündür yerində yan-yana dəfn edirlər. Şəhidlərin altısının da başdaşları, eyni formada və eyni ölçüdə usta tərəfindən hazırlanmışdır. Şəhidləri dəfn etdikdən sonra Mərdəkanlılar böyük həyəcan keçirirlər. Qorxurlar ki, qəddarlaşmış ermənilər , Mərdəkanlılardan intiqam almaq üçün, Bakı faciəsini Mərdəkanda təkrarlayarlar. Kənddə belə qərara gəlirlər ki, ermənilər əgər kəndə yaxınlaşarsa, silahı olanlar, onlarla vuruşub ya şəhid olacaqlar, silahı olmayanlar da, arvad-uşağı aparıb qayaların üstündən dənizə atsınlar ki, namusları tapdalanmasın. Ciddi müqavimətlə qarşılaşan ermənilər, Bülbülə gölü ətrafında dayandırılaraq Mərdəkan, Binə və Qala kəndlərinə buraxılmırlar.

Hər il Martın 31-də sakınlər, Mərdəkan şəhidlərinin xatirəsinə salınmış parka gələrək, Mərdəkan şəhidlərinin fədakarlığından fəxr və iftixarla danışır, şəhidlərin şəkilləri həkk olunmuş löhvələrin önünə gül dəstəsi qoyulur və şəhidlərin xatirəsi hörmətlə yad edilir.

Qarabağ uğrunda döyüşlərdə iştirak edib bu qanlı müharibədə şəhid olan Mərdəkanlıların da xatirəsini xüsusi ehtiramla yad edib deyirik: 

 

 Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

Sabir Dadaşov



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru