Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

QAFQAZ ALBANİYASININ MÜSTƏQİL APOSTOL KİLSƏSİNİN BİRBAŞA DİNİ VARİSİ: ALBAN-UDİ XRİSTİAN İCMASI

56337 Baxış sayı / 18-07-2018 22:51

Robert Mobili

Baki Dövlət Universitetinin böyük elmi işçi, Alban-udi Xristian İcması sədri


 

Azərbaycan etnosunun inkişafı və formalaşması müxtəlif tayfa və xalqların əlaqələri və qarışması əsasında baş verən uzun prosesdir. Azərbaycanda əsas etnosla yanaşı cəmi 20 yerli milli azlıq yaşayır. Onların hamısı vahid və çoxmillətli Azərbaycan xalqını təşkil edir. Yerli azlıqlar arasında mənşəyi və tarixi artıq 200 ildir ki, dünya alimlərinin diqqətini cəlb edən udilər (özlərini udi adlandırırlar) də var. Udilər Azərbaycanın aborigen xalqı və Qafqazın ən qədim yerli etnoslarından biridir. 

Din-tarixçilərinin, dilçilərinin və etnoqrafların səylərinin birləşdirilməsi (bu məqələnı  də misal göstərmək olar) olduqca əhəmiyyətlidir, çünki son onilliklərdə udilərin sıx yaşadıqları dədə-baba torpaqlarından köçməsi və assimilyasiyası prosesləri güclənib. Udi dili daşıyıcılarının sayının stabil şəkildə azalması müşahidə edilir. Odur ki, udilərin müasir teoloji, linqvistik və etnoqrafik vəziyyətinin elmi şəkildə təsviri ilə yanaşı, onların günümüzə qədər gəlib çatmış dil, din və etnoqrafik xüsusiyyətlərinin (alban əlifbası, əl-yazmaları, sinay palımpsestı, folklor əsərləri, etnoqrafik mətnlər, fotoşəkillər, audio- və videoyazılar) sənədləşdirilməsi zəruridir.

 

Udilər Alban dövlətinin (eramızdan əvvəl III əsr – eramızın VII əsri) əsasını qoymuş 26 alban tayfasından biri və müasir Azərbaycan xalqının əcdadlarındandır. Elm dünyası onlara ilk dəfə XIX əsrin əvvəllərində maraq göstərib. Həmin dövrdən etibarən udilərin antropologiyası, dili, dini, dil tarixi, etnoqrafiyası, tarixi, mənşəyi, mədəniyyəti, adət və ənənələrinə dair 300-dən artıq elmi əsər yazılıb. Toplanmış məlumatlar udilərin Qafqazın ən qədim sakinləri olduğunu və yalnız Azərbaycanın tarixi-mədəni məkanında tanındıqlarını birmənalı şəkildə sübut edir. 

Udilərin əcdadı olan uti tayfası haqqında ilk mötəbər məlumata 2500 il əvvəl Marafon döyüşünü təsvir edən “tarixin atası” Herodotun qeydlərində rast gəlinir. Qədim mənbələrdə udilər Midiya satrapı qoşununun tərkibində Makedoniyalı İsgəndərin Qavqamela yaxınlığında (e.ə. 331-ci il) yunanlarla döyüşünün iştirakçıları kimi göstərilir. Strabon özünün “Coğrafiya” əsərində Xəzər dənizi və Qafqaz Albaniyasını təsvir edərkən udilərdən söz açır. “Udi” etnonimi isə ilk dəfə eramızım I əsrində yaşamış romalı müəllif Böyük Plininin “Təbii tarix”ində işlədilib. Eramızın II əsrində yaşamış yunan yazıçısı Ptolemeyin “Coğrafiya”sında Xəzər dənizinin sahillərində müxtəlif xalqların, o cümlədən udilərin (“utilərin”) yaşadığı qeyd olunur. 

Udilər barədə daha ətraflı məlumatlar VII əsrdə yaşamış yerli müəllif Musa (Muses) Kalankatlının (Utili) “Alban tarixi” adlı əsərində verilir. Udi tayfasına mənsub olduğunu yazan müəllif (“Kala” – “böyük”; “katu” – “məskən”) alban tayfalarının başçısı Aran haqqında məlumat verir: “Onun (Aranın) oğlundan Uti, Girdman, Savdeya və Qarqar knyazlıqlarının tayfaları törəyib”.

Hazırda Albaniya dövlətinin tarixi yaxşı öyrənilib. 1000 ildən artıq mövcud olan və Qafqazın ən uzunömürlü dövlətlərindən biri sayılan Albaniyanın tərkibinə şimali Azərbaycan torpaqları, Dağıstanın Suluk çayına qədər uzanan cənub hissəsi, Gürcüstanın bitişik əraziləri – “Kaxeti-Ereti” və Qarabağın cənub-şərq hissəsi – Zəngəzur daxil idi. Bütün bu torpaqlar Albaniyanın aşağıdakı 11 tarixi vilayətini təşkil edirdi – Çola, Lpiniya, Kambisena, Əcəri, Qəbələ, Şəki, Paytarakan (Partav), Girdman, Arsax, Sünik, Uti. Mütəxəssislərin fikrincə, Albaniyanın dövlət dili qədim udi dili olub. Utilərin//udilərin məskunlaşdığı Uti vilayəti qədim yunan müəlliflərinin əsərlərində Otena adlanırdı və Xəzər dənizindən Baş Qafqaz silsiləsinədək Kür çayının sol və sağ sahilləri boyunca Alazan çayına qədər uzanırdı. 

XX əsrin əvvəllərinədək udilər Nic, Vartaşen (Oğuz), Mirzəbəyli, Vardanlı (Kərimli), Sultan-Nuxa, Corlu, Yaqublu, Malıx, Yenikənd, Talış və Kirzan kəndlərində kompakt şəkildə yaşayıblar. Onların sayı barədə ən ilkin məlumatlar XIX əsrin son rübünə aiddir: 1880-ci ildə Rusiya imperiyasında 10 min, əsrin sonunda isə 8 min nəfər udi yaşayıb. Onların 5 min nəfəri Nicdə, 3 min nəfəri isə Vartaşendə olub. 1910-cu ildə artıq 5900 udi qeydə alınmışdı, 1989-cu ildə keçirilmiş əhalinin ümumi siyahıya alınmasının nəticələrinə əsasən, dünyada 8610 udi var idi, onların 6125 nəfəri Azərbaycanın payına düşürdü. Hazırda udilərin ümumi sayı 10 min nəfərdən bir az çoxdur. Onların 4 min nəfərə yaxın əsas hissəsi Azərbaycanda – Nic qəsəbəsində kompakt, Oğuz və Bakıda isə dağınıq şəkildə yaşayır. Udilərin kompakt şəkildə yaşadığı Nic qəsəbəsi Qəbələ rayonunun ən iri yaşayış məntəqələrindən biridir. Rayon mərkəzindən cənub-qərbdə yerləşən və 100 km2 artıq sahəni əhatə edən bu məntəqə öz etnik-mədəni təbəqəsini qoruyub saxlamış udilərin azərbaycanlı və ləzgilərlə birgə yaşadığı unikal məkandır. Böyük Qafqazın cənub ətəkləri boyunca geniş ərazidə uzanan bu məhsuldar torpaqlarda qoz, fındıq, şabalıd ağacları bitir, böyük həyətyanı sahələrində meyvə ağaclarının əkildiyi davamlı evlər tikilib. 

Udilərin kiçik qrupu Gürcüstanın Kvarel rayonunun Oktomberi (Zinobiani) kəndində kompakt şəkildə yaşayır. Onların digər hissəsi Rusiyanın iri şəhərlərində (Moskva, Sankt-Peterburq, Volqoqrad, Həştərxan, Yekaterinburq, İvanovo və s.), Krasnodar diyarınında, Rostov, Volqoqrad, Kaluqa, Tver və digər vilayətlərin yaşayış məntəqələrində dağınıq şəkildə yaşayırlar. Rostov vilayətinin Şaxtı və Taqanroq şəhərlərində isə nisbətən kompakt şəkildə mərqnlaşıblar. Qazaxıstanda (Aktau) və Ukraynada (Qorlovka) udilərin kiçik diasporları (təxminən 700-800 nəfər) mövcuddur. Onlar həmçinin Belarus Respublikası, Latviyada, Ukrayna, Fransa, ABŞ və MDB-nin digər dövlətlərində dağınıq şəkildə bir nexə ailə yaşayırlar. 2002-ci ildə keçirilmiş siyahıya alınmanın nəticələrinə görə Rusiyada 3721 udi var, lakin bu göstəricilər bir qədər aşağı salınıb. XX əsr boyu udilər müxtəlif səbəblər üzündən tarixi yaşayış yerlərini tərk etməli olublar, bu proses yenidənqurma və SSRİ-nin süqutundan sonra daha da intensivləşib. 

2005-ci il avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın Nic qəsəbəsinə böyük sevinc və ehtiramla qarşılanmaları iki mindən artıq yaşı olan qəsəbə sakinlərinin həyatında əlamətdar hadisə oldu. Ölkə başçısı cənab İlham Əliyev sakinlər qarşısında çıxış etdi. Respublikamızdakı etnik icmaların dövlət tərəfindən dəstəklənən və öz etnoslarının mənəvi və mədəni-maarifçilik problemləri ilə məşğul olan dini və ictimai təşkilatları var. Alban-udi xristian icmasının 10 aprel 2003-cü il tarixdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməsi udilər üçün böyük mənəvi əhəmiyyət daşıyır. 2006-cı il mayın 19-da isə Nicdə udilərin bərpa edilmiş Müqəddəs Yelisey “Çotari” kilsəsinin açılış və təqdisetmə mərasimi keçirildi. Mərasimdə 19 may tarixinin Azərbaycanda Alban kilsəsinin dirçəliş günü kimi qeyd ediləcəyi elan olundu. 

Udilərin Qafqaz Albaniyasının xristian irsinin, dilinin, mənəvi və maddi mədəniyyətinin Azərbaycan tarixinin əvəzedilməz hissəsi kimi qorunması “Orayin” udi milli mədəni-maarifçilk mərkəzi və Alban-udi xristian icmasının əsas vəzifəsidir. Onlar udilərin xristian irsinini,  tarixini və mənəvi mədəniyyətinin təbliğ edir, udi dilinə dair ədəbiyyatı (o cümlədən Bibliyanı) və dərs vəsaitlərini, udi folkloru toplularını və udi müəlliflərinin hekayələrini çapa hazırlayır, habelə öz tarixi Vətənlərindən kənarda yaşayan udilərlə və udi icmalarla və diasporları ilə  sıx əlaqə saxlayırlar. 

Dil. Müasir udi dili İber-Qafqaz dil ailəsinin Nax-Dağıstan qrupunun ləzgi yarımqrupuna daxil olan faktiki olaraq yazılışsız dillərdən biridir. Bu dilin iki dialekti var: Nic və Oğuz-Oktomberi (Oğuz rayonunda və Gürcüstanın Oktomberi kəndində yaşayan udulərin dialektləri. Birinci dialektin öz yarımşivələri var, onlar üç yarımqrupa bölünür – aşağı, aralıq və yuxarı. Görünür, bu yarımşivələr tarixən udi dilinin ayrı-ayrı şivələri (bəlkə də nəvaxtsa dialektləri) olub. Udilər müxtəlif yerlərdən (Qarabağ, Tovuz və qonşu kəndlər) Nic kəndinə köçdükdən sonra bu şivələr Nic dialektində birləşib. Vartaşen (bundan sonra - Oğuz-Oktomberi) dialektinə isə Oktomberi (Zinobiani) kəndinin şivəsi aiddir. Udilər Oktomberiyə 1920-ci ildə Vartaşendən (Oğuz) köçüblər və ona görə də onların danışığında Oğuz rayonunda yaşayan udilərin dialektindən fərqli əhəmiyyətli xüsusiyyətlər yoxdur. Son yüzilliklər ərzində udi dilinin dialektləri müstəqil şəkildə inkişaf etdiyi üçün alınma sözlərlə zənginləşib, həmçinin burada kökləri qədim dövrlərə gedib çıxan və bu dialektləri qarşı-qarşıya qoyan fonetik, morfoloji və leksik xüsusiyyətlərin müəyyən kompleksi müşahidə olunur. 

Bütün udilər öz ana dillərində, həmçinin azərbaycanca və rusca sərbəst danışırlar. Udi dili Qafqaz Albaniyası əhalisnin dominant dili olmuşdur. Bu dil digər Qafqaz dillərindən daha sadə konsonantizmin mövcudluğu ilə fərqlənir. Qrammatik sistemdə əsas fərq isə daşlaşmış (təmələ bitişik) dərəcə prefiks və suffikslərinin, qeyri-müntəzəm adlı və feli əsasların mövcudluğu və qrammatik dərəcələrin olmamasıdır. 

Udi dilində adlı söz düzəltmə inkişaf edib. Nəhayət, udi dilinin unikallığı ondadır ki, bu dil eramızın ilk minilliyinin qədimyazılı aqvan dilinin birbaşa varisidir. Burada çoxluq ifadə edən arxaik suffikslər, növ dərəcəsinin rüşeymləri, təsirlik halı forması mövcuddur. Nic dialektində 15 müstəqil sait fonem var. Onların uzun və qısa variantları yoxdur – yalnız orta uzunluqdadır. Uzun saitlər iki saitin birləşməsi nəticəsində əmələ gəlir, lakin bununla belə müstəqil fonemlər kimi çıxış etmir, çünki bu proses samitlərin düşməsi ilə sıx bağlıdır. 

Xristianlığın qəbulu ilə Qafqaz Albaniyasında formalaşan alban (aqvan) əlifbası V-IX əsrlərdə yerli xristian kilsəsi tərəfindən istifadə olunurdu. Əlifba 52 qrafemdən ibarət idi. Hərfli yazı sistemi, saitlər üçün xüsusi işarələr, həmçinin yazının soldan sağa olması bu əlifbanı arami qrafik əsasının qeyri-samit qollarından birinin son dərəcə modifikasiya olunmuş növü hesab etməyə imkan verir. Tarixi ənənə keçmişdə aqvan ədəbiyyatının bir sıra iri abidələrinin mövcudluğunu və onların orta əsrlərdə məhv edildiyini göstərir. Alban petroglıf yazısının məlum olan epiqrafik abidələrinin sayı isə hələlik çox deyil. Udi dilində fars, gürcü, ərəb, yunan, rus və suriya dillərindən alınma sözlər olsa da, udi leksikasına əsas təsiri azəri türkcəsi göstərib.

XIX əsrdə udilər yeni dövrün yazı mədəniyyətinə uyğunlaşmaq imkanı qazandılar. 1854-cü ildə ilk udi məktəbi açıldı, daha sonra tədrisin rus dilində aparıldığı kənd məktəbi fəaliyyətə başladı. Udilər Qafqaz Albaniyasındakı xristianlığın varisləri olduqları üçün İncilin ilk dəfə rus dilindən məhz udi dilinə tərcümə olunması tamamilə qanunauyğun idi. 1931-1933-cü illərdə udilər öz ana dilində təhsil alırdı, 1937-ci ildən etibarən Azərbaycanda tədris əvvəlcə azəri türkcəsində, daha sonra isə rusca, Gürcüstanda isə gürcü dilində aparılmağa başladı. Hazırda 52 səsdən ibarət udi dili üçün latın qrafikasına əsaslanan və əlavə işarələrin daxil edildiyi əlifba istifadə olunur. Udilərin kompakt şəkildə yaşadığı Nic qəsəbəsində isə orta məktəblərin ibtidai siniflərində ana dili tədris olunur. 2010-cu ilin ortalarında 9000-dən artıq söz, söz birləşməsi və frazeoloji ifadədən ibarət udicə-azərbaycanca-rusca lüğət buraxılıb. Müəllif öz kitabını udi xalqının tanınmış oğlu, görkəmli dilçi-alim professor Q.Voroşilin işıqlı xatirəsinə ithaf edib. 

Din. Alban kilsəsinin ayrılmaz  və tərkib hissəsi olan  Alban-udi kilsəsi nəinki Qafqazın, ümumiyyətlə xristian dünyasının ən qədim kilsələrindən biridir. Qədim Azərbaycan torpağına xristianlığın ilk toxumları həzrəti İsa Məsihin 12 şagirdindən biri olan müqəddəs həvari Varfolomey tərəfindən hələ I əsrdə atılıb. O, Albonopol (müasir Bakı) şəhərində Qız Qalasının yaxınlığında din uğrunda həlak olub. Onun işini müqəddəs həvari Faddeyin şagirdi, Albaniyanın ilk yepiskopu, həvariyə bərabər tutulan müqəddəs Yelisey davam etdirdi. Ona görə də Qafqaz Albaniyasının ruhani rəhbəri on iki həvaridən biri olan Varfolomey hesab olunur. 

Qafqaz Albaniyası ərazisində xristianlığın “sirofil” və “yunanpərəst” mərhələlərdən keçərək yayılmasını tarixi mənbələr eramızın I əsrinin ortalarında baş vermiş hadisələrlə əlaqələndirir. Həmin dövrdə ilk Yerusəlim patriarxı həvari Yaqub tərəfindən təyin edilən, həvari Faddeyin tələbəsi olan həvari Yelisey Qisdə (indiki Kiş) ilk kilsəni tikdirib. Musa Kalankatlının “Aluank ölkəsinin tarixi” adlı əsərindən məlum olur ki, alban kilsəsi başlanğıcdan həvari kilsəsi olub: həvari Yelisey Yerusəlimdən İrana, oradan isə Albaniyaya yollanır. Xoş Xəbərin təbliğini Çolada (Dərbənd) başlayan həvari Yelisey Uti vilayətinə (Kürün sağ sahili), oradan da Kişə gələrək kilsənin təməlini qoyur və təmiz, qansız qurban verir. Beləliklə, Kiş qədim paytaxtlardan biri, maarifçiliyin mənbəyi hesab edilir. Həvari Yelisey Kişdən Helmesə yola düşür, lakin burada Xoş Xəbərin təbliği uğurla nəticələnmir. Bütpərəstlər həvarini qətlə yetirir, cansız bədənini isə çuxura atırlar. Bu hadisələrdən uzun illər sonra çar III Mömin Vaçaqan Helmes yaxınlığında, həvarinin cəsədinin atıldığı çuxurun üzərində kiçik kilsənin tikilməsi barədə göstəriş verib; bundan əvvəl cəsədin qalıqları buradan çıxarılaraq torpağa tapşırılmışdı. Albaniya çarı Urnayrın təkidi ilə 313-cü ildə xristianlıq Qafqaz Albaniyasının dövlət dininə çevrildi. 

Xristianlığın Qafqaz Albaniyasında yayılmasının ikinci, “yunanpərəst” mərhələsi hadisələrlə daha zəngindir. Bu dövrdə xristianlığın rəsmi dövlət dininə çevrilməsi ilə alban kilsəsi geniş missionerlik fəaliyyətinə başlayır. Kilsələr, ibadət evləri, monastırlar inşa edilir. Sonralar islam dininin hakim mövqe tutmasına baxmayaraq, həmin tikililərin əksəriyyəti bugünədək gəlib çatıb. Qarabağ və Qəbələ-Şəki-Zaqatala zonalarında onların sayı xüsusilə çoxdur. 1912-ci ildə Rusiya Elmlər Akademiyası bu tikililərin, konkret olaraq Lekit monastırı və Qum kəndindəki məbədin bərpası təşəbbüsü ilə çıxış etdi. “Yunanpərəst” mərhələdə gürcü və erməni kilsələrindən fərqli olaraq Bizansdan daha az asılı olan alban kilsəsi Yerusəlim kilsəsi ilə əməkdaşlığı davam etdirirdi.

Kilsənin strukturu da onun möhkəmlənməsinə xidmət edirdi. Alban kilsəsi iyerarxiya baxımından Roma kilsəsinə tabe olsa da, keşişlər Yerusəlimdən təyin edilirdi. IV əsrin əvvəllərində, təxminən 340-cı ildə, alban kilsəsi avtokefal oldu. Artıq yerli kilsənin öz arxiyepiskopu (iqamətgahı Partav – Bərdə şəhəri) və 8 yeparxiyası var idi. 551-ci ildə alban kilsəsi Bizansla əlaqələri kəsdi və onun başçısı katolikos adlanmağa başladı. IV əsrdə dini mərkəz Qəbələ şəhəri idi, V əsrdən etibarən bu funksiya Bərdəyə keçdi. Alban kilsəsinın başçısı yerindəcə təyin olunmağa başladı, bundan əlavə, Sünik alban katolikosunun tabeliyinə keçdi. İslam dininin meydana gəlməsi ilə xristianlığın dərinləşməsi prosesi dayandırıldı, daha sonra isə tamamilə ləğv edildi. Alban katolikosu Bakurun (688-704) dövründə halkidonçuluğa keçmək cəhdi uğursuzluqla nəticələndi, onun devrilməsindən sonra isə alban kilsəsi öz müstəqilliyini itirdi. Erməni katolikosu “Partavda taxtda oturan indiki alban katolikosunun Roma imperatoru ilə əlbir olması, dua edərkən onun adını çəkməsi, ölkəsini onun dinini və himayəsini qəbul etməyə vadar etməsi” barədə xəlifə Əbd ül-Malikə (685-705) məlumat verdikdən sonra xəlifə alban kilsəsini qismən erməni kilsəsinə tabe etdirdi. Bu hadisə alban kilsəsinin zəifləməsinin başlanğıcı oldu. 

Formal şəkildə mövcud olan alban katolikosluğu (iqamətgahı Qandzasarda yerləşirdi) 1836-cı ildə imperator I Nikolayın reskripti və Rus Pravoslav Kilsəsi Müqəddəs Sinodunun qərarı ilə ləğv edildi. Bununla da alban kilsəsinin nominal mövcudluğuna son qoyuldu, müvafiq prixodlar isə bilavasitə Eçmiədzin katolikosluğuna tabe etdirildi. Erməni kilsəsi alban kilsələrini, dəftərxananı, habelə Yerusəlimdə həvari və avtokefal Alban kilsəsi üçün ayrılmış karvansaranı ələ keçirdi. Hazırda elə bir vəziyyət yaranıb ki, Azərbaycan Respublikasında bərpa olunmuş alban kilsəsi Yerusəlimdəki karvansaranın qaytarılmasını tələb edə və Ümumdünya Kilsələr Şurasının tamhüquqlu üzvü ola bilər. 

1997-ci ildə Sinay dağındakı (Misir) Müqəddəs Katarina monastırında təsadüfən gürcü-alban palimpsesti tapıldı. Alban palimpsestinin bütöv qalmış vərəqlərində İncildən udin dilinin əsasında verilmiş mətnlər (Matta, Luka və İoanndan olan fəsillər), həvarilər Pyotr, Yaqub və İoannın kilsə müraciətləri, həvari Pavelin fessalonikiyalılara, Timofeyə və yəhudilərə məktublarının mətnləri oxunub (Gürcüstan Elmlər Akademiyasının müxbir-üzvü Z.N. Aleksidze). Bu mətnin oxunması yalnız udin dilindən istifadə nəticəsində mümkün olub. Alban Leksionarisi “xanmeti” adlanan gürcü Leksionarisinə daha yaxındır. Alban Leksionarisinin aşkarlanması faktı İncilin və kilsə məktublarının alban dilinə tərcümələrinin mövcudluğunu sübut edir. Yalnız öz ana dilində Tövratın tam mətninə sahib olan xalqın Leksionarisi ola bilər.

Udilərin qərb qruplarının pravoslavlığa (xalkidonçuluq) qəti surətdə keçməsi XI-XII əsrlərdə baş verdi. XVII əsrdən Alban kilsəsi katolikoslarının iqamətgahı Xaçın məbədində yerləşirdi. Qafqaz Rusiyanın tərkibinə daxil olduqdan sonra onun qarşısında duran siyasi vəzifələrdən biri pravoslavlığın bərpası oldu (pravoslav missioner-udinlər İ.Bejanov, S. Bejanov və s.). 1893-cü ildə udin Semyon Bejanov İncili udin dilinə tərcümə etdi. Pravoslav udin Pyotr Silikov Oğuz (Vartaşen) yaxınlığında həvari Yelisey monastırını tikdi, daha sonra həmin monastır imperator Nikolayın reskripti ilə erməni kilsəsinin yurisdiksiyasına verildi. 

Yuxarıda göstərilənlərlə əlaqədar 2003-cü il aprelin 10-da udin ziyalılarının təşəbbüsü ilə Alban-udin xristian icması Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib. Qeydiyyat Albaniya Həvari Avtokefal Kilsəsinin dirçəlişi istiqamətində atılan ilk addımdır. Hazırda Kiş kəndindəki həvari Yelisey kilsəsi (Qafqazdakı kilsələrin anası) Norveç Krallığı Humanitar Təşkilatının (NHE) dəstəyi ilə bərpa olunub. 2006-cı il mayın 19-da Nicdə udinlərin “Çotari” kilsəsinin açılış və təqdisetmə mərasimi keçirilib, Oğuz rayonu ərazisindəki pravoslav kilsələrin birində bərpa işləri başa çatdırılıb. Bir qədər sonra Nicdəki “Geyun” kilsəsində bərpa işlərinə start veriləcək. Bu kilsələrdə ibadət udin icmasından olan ruhanilər tərəfindən alban (udin) dilində aparılacaq. 

Etnoqrafiya. Əkinçilik. Oturaq həyat tərzi keçirən udinlər çoxsahəli mədəni əkinçilik, bağçılıq, sənətkarlıq və köçürmə maldarlıqla məşğul olurdu. Təsərrüfatda başlıca rolu əkinçilik və bağçılıq oynayırdı, bu da oturaqlıq və onun inkişafı üçün zəruri olan münbit torpaqların mövcudluğu ilə bağlı idi. Hələ XIX əsrdə udinlər əkinçilik, çəltikçilik, ipəkçilik, bağçılıq və bostançılıqla tanınırdı. Onlar taxıl, arpa, çəltik, darı və qarğıdalı əkirdi. Bu region üçün səciyyəvi olan bütün dənli bitkilər və onların becərilməsi udinlərə məlum olsa da, onlar 1960-cı ilədək çəltiyə üstünlük verirdi. XIX əsrin sonlarında (1897-ci il) 5680 nəfər əhalisi olan Nic kəndində 30 su dəyirmanı və 100 artıq çəltikdöyən maşın (“ding”) işləyirdi. Yaxın zamanlara qədər əkinçiliyin digər aparıcı sahəsi tütünçülük idi. Bunun bariz nümunəsi 1953-1955-ci illərdə Nic kəndinin üç sakininə - T. Çaldallakova, T. Mobili və S. Dallariyə ən yaxşı tütün növlərinin (“trabzun”, “samsun” və “virciniya”) yetişdirilməsinə görə Sosialist əməyi qəhrəmanı adının verilməsidir. 

Bağçılıq. Udinlərdə taxılçılıq və maldarlıqla yanaşı, bağçılıq da ənənəvi olaraq xüsusi yer tutur. Bağçılıq meyvə bağları və qoz-fındıq plantasiyalarının üstünlük təşkil etdiyi hər yerdə inkişaf edib. Udinlərin məskunlaşdıqları ərazidə meyvə bağları, həmçinin qoz, şabalıd, tut və üzüm plantasiyaları geniş yayılıb. Qoz, şabalıd və üzüm yerindəcə istehlak edilir, onların yalnız az miqdarı ixrac və ya çörəklə mübadilə edilirdi. Əsas ixrac maddəsi kimi fındıq çıxış edir. Bundan əlavə, bu yerlərdə ənənəvi olaraq sinan, qızıl-əhmədi, ranet, düşes, kotoşi, buzumburi kimi alma və qrmud növləri, həmçinin zoğal, göyəm, alça, qaysı, heyva, əzgil, xurma, əncir becərilir. 

Bostançılıq. Burada bostan bitkiləri və tərəvəzlərdən xiyar, pomidor, soğan, sarımsaq, bibərin müxtəlif növləri, badımcan, çuğundur, yerkökü, yemiş, qarpız, balqabaq və onun müxtəlif növləri (“kotoş”, “paşna”), keşniş, şüyüd, nanə və göy-göyərti yetişdirilir. Regionda yetişdirilən və daxili bazarda satılaraq duza qoymada əsas məhsul kimi istifadə edilən ağ xıyarı (“matsi kaçuli”) xüsusilə qeyd etmək lazımdır. Bostançılıqda penets, beli, byedıl, yaba, mix, qor-qor kimi alətlərdən istifadə olunurdu. 

Heyvandarlıq. Udinlərin sıx yaşadıqları dağətəyi hissələrdə və ovalıqlarda heyvadarlıq inkişaf edib. Əkinçiliyə üstünlük verən udinlər heyvandarlığa ikincidərəcəli və yardımçı təsərrüfat sahəsi kimi baxırdılar. Burada əsas yeri iribuynuzlu ma-qara və donuzçuluq tuturdu. Sonuncu udinlərin təsərrüfatında görkəmli yer tutur, o cümlədən biznes sahəsi kimi. Donuz, iri və xırdabuynuzlu mal-qara sürüləri meşələrlə örtülmüş dağ yamaclarında yerləşən dağətəyi otlaqlara sürülür, payızda isə daimi yaşayış yerlərinə qaytarılırdı. Udinlər mal və donuz əti, süd məhsullarından isə yağ, qoyun pendiri, ayran, nak, şor (kəsmik), çayi və çyo ilə qidalanırdı. 

Mətbəx. Öz müxtəlifliyi ilə seçilən və xəmir, südlü, ət və tərəvəz xörəklərindən ibarət olan udin mətbəxinin azərbaycanlıların və digər Qafqaz xalqlarının mətbəxi ilə oxşar cəhətləri var. Ənənəvi udin xörəkləri aşağıdakılardır: kələm dolması, əzilmiş qoz ləpəsindən dolma, lobyalı şorba, lıkırti, çorotori, çilov (lobyalı yağsız plov), doqac, xəşil, yaxni, siyox (ətli düyü sıyığı), matsi siyox (ətsiz göyərtili düyü sıyığı), şıltıri (bişirilmiş şabalıd şorbası), şıftıli (şabalıd və əzilmiş qoz ləpəsindən şorba), ıyankx (lobya və əzilmiş qoz ləpəsindən sous), hup, döşəməli hup (cücəli plov) və sair. Sıyıqtəhər hal alana qədər bişirilən, bol-bol kərə yağı və ət yaxud quş ətinin əlavə edildiyi xarisanı xüsusi qeyd etmək lazımdır. Qədim zamanlardan Ön Asiyada, o cümlədən suriyalılara məlum olan xarisa əkinçilərin ənənəvi qidasıdır. Udinlər və onların qonşuları bu xörəyi eyni adla onlardan götürüblər. 

Udinlərin qidalanmasında mühüm rolu bitki mənşəli məhsullar – lobya, düyü, qoz, fındıq, şabalıd, tərəvəz, geniş çeşiddə göy-göyərti, meyvə və giləmeyvələr təşkil edir. Ət məhsullarından dana, donuz, qoyun və ev quşlarının, xüsusən də hind toyuğu ətini istifadə edirlər. Təzə donuz və hind toyuğu ətindən bişirilən xörəklər çox sevilir. Udinlər ənənəvi bayram və şənliklərdə azərbaycanlı qonaqlara hörmət əlaməti olaraq donuz ətindən istifadə etmirlər. Çörək arpa unundan tarne adlanan sobada bişirilir. Düyü, lobya, boranı, kişmiş, xurma, şabalıd və qozla hazırlanan müxtəlif plov növləri qidalanmada xüsusi yer tutur. Düyü həmçinin turş südlə istifadə olunur. Qızardılmış və bişirilmiş şabalıd udinlər arasında populyardır, onu hətta Bakı və Tiflisdən gələn tacirlərə də satırdılar. Qozdan isə yağ alırdılar. 

Udi mətbəxində tərəvəzlərdən, xüsusən də boranı, kələm, badımcan və pomidordan hazırlanan xörəklər çoxdur. Yabanı şəkildə bitən göyərtidən, xüsusən də gicitkən və turşəngdən şorba, afar və xingal üçün iç hazırlayırlar. Udinlərin qidasının mühüm hissəsini süd məhsulları (mayalanmış süd, qaymaq (“çyo”), xama, yağ, o cümlədən ərinmiş yağ) təşkil edir. Bayramlarda, şənliklərdə, qonaq qəbul edərkən mütləq ət xörəkləri (şişə keçirilərək təndirdə qızardılan qiyməli hind toyuğu – “fırrıma”, toyuq çığırtması – “çolpa”, ətli və qozlu dolma və s.) bişirilirdi. Mal, qoyun, donuz əti, çay balığından hazırlanan xörəklər və müxtəlif qayğanaq növləri (“kükü”) geniş yayılmışdı. İçkilər – giləmeyvə şirələri, meyvə qurusu, ot və qoz özəyindən hazırlanan cövhərlər; alça, zoğal, göyəm, tut arağı və şərab braqasının qalıqlarından hazırlanmış “çeça”. Yerli (şalab, fiqombal, merendi, masitul, mayintul və s.) və gətirilmə (muşket, moldovanka) üzüm növlərindən hazırlanan geniş çeşidli şərablar qeyd edilə bilər. 

Geyim. Udilərin ənənəvi geyimi azərbaycanlıların və digər Qafqaz xalqlarının geyimi ilə oxşardır. Kişilər yaxasında enli kəsik və hər iki döşünə vəznə xəzinələri tikilmiş çuxa, onun altından kip düymələnən qısa arxalıq, dik yaxalıqlı alt köynəyi (“qurat”) və şalvar (“kyolox”) geyirdi. Arxalıq gümüş lövhəcik və xəncərli qayışlı qurşaqla balanırdı. Ayağa toxunma corab, xam göndən tikilən çarıq və daha yumşaq dəridən olan çəkmə (“çüst” və “torakal”) geyilirdi. Baş geyimi isə qoyun dərisindən tikilmiş konusşəkilli papaq idi. Kostyum üçün material qismində kobud domotkanıye mahud – “şal” çıxış edirdi. Daha zəngin olanlar bahalı gətirmə mahud – məxmər və digər ipək parçalardan istifadə edirdi. Evdə toxunmuş mahud və pambıq parçalarla yanaşı gətirmə bəz və çitdən də istifadə olunurdu. 

Qadın üst geyimi enli uzun tumandan və olduqca gen yubkadan ibarət idi. Yubkanın üstündən uzunluğu dizə qədər çatan, kəsikli uzun qolları olan beli büzməli arxalıq geyilirdi. Arxalıq gümüş toqqalı enli qurşaqla, daha zənginlərdə isə parçadan tikilmiş kəmərlə (“kuştuk”) bağlanırdı. Ayağa toxunma corab və çarıq geyilirdi, zəngin udin xanımlar isə “koşi”də (arxası olmayan dabanlı dəri ayaqqabı) gəzirdi. Qadın baş geyimi “daqka” bir neçə elementdən ibarət özünəməxsus mürəkkəb qurğudur. Əvvəlcə başa “katar” adlanan dairəvi araqçın papaq taxılırdı, onun üstündən şəridlə birləşən iki üçbucaq parça – “çələbənd” bağlanır, ucları isə çənənin altından düyünlənirdi. Bu, elə “daqka”nın özü idi. Onun üstündən “yalıqat” adlanan ağ üçbucaq yaylıq, daha sonra isə “təpəlik” adlanan kiçik yaylıq bağlanır, ucları isə çənənin altından düyünlənirdi. Bunların hamısının üstündən “dinaya” adlanan iri qara plaş geyilirdi. Ərli xanımlar üzlərinin aşağı hissəsini yaylıqla (“yaşmaq”) örtürdü. 

XX əsrin ortalarından etibarən udinlərin ənənəvi geyimi adi müasir geyimlə əvəzlənməyə başladı. Müasir udinlər indiki dəbə, geyim növünə, mövsüm və zamana uyğun geyinirlər. 

Folklor və ənənələr. Udin folkloru son dərəcə rəngarəngdir: lirik və hərbi nəğmələr və rəqslər, nağıl və əfsanələr, əsatir və rəvayətlər əhalinin həyat tərzi və əmək fəaliyyəti ilə sıx bağlıdır. Folklorun bir hissəsi günümüzə qədər gəlib çatmış, digər nümunələri isə ötən əsrin yazılarından məlumdur. Qədim udin dili əsasında alban əlifbası və yazısı formalaşmış, tərcümə və orijinal ədəbiyyat meydana gəlmiş, udin yazıçı və tarixçiləri, şair və natiqləri, hüquqşünas və filosofları yetişmişdir. Onların bəzi əsərləri günümüzədək gəlib çatıb: V əsrə aid olan “Aquen qanunları”, şair Dəvdəkin (VII əsr) “Girdman knyazı Cavanşirin ölümünə mərsiyə”si, Musa Utilinin “Alban tarixi”, Mxitar Qoşun (XII əsr) “Alban xronikası” və “Qanunnamə”si, Kirakos Qandzakesinin (XIII əsr) “Tarix”i və David Qandzakesinin (XIII əsr) “Qanunlar”ı, həmçinin Azərbaycan və Dağıstanda aşkarlanan epiqrafik abidələr. 

Xristianlığı qəbul edən udinlər, digər alban tayfaları kimi, öz əvvəlki atət, ənənə və mərasimlərini unutmamış və onları yeni dinə uyğunlaşdırmışlar. Məsələn, evdə ocağın söndürülməməsi adəti zərdüştiliyin qalıqlarından xəbər verir. Udinlər albanların əsas ilahəsi olan aya sitayiş edirdilər. Hazırda xristian udinlər dua edərkən əksər hallarda üzlərini aya tuturlar. Təsadüfi deyil ki, bu göy cisminin alban//udin dilində “xaş” adlandırılması xaçla əlaqələndirilir: udin dilində bugünədək mövcud olan “xaşdesun”, “pul xaş” ifadələri “xaç çevirmək” mənasında işlənir. Digər sitayiş obyektləri arasında günəşi, alovu, müqəddəs hesab edilən daşları, ağacları, kiçik çayları və bulaqları göstərmək olar. 

Udilər arasında müxtəlif inanc, fal açma və ovsunlar geniş yayılmışdı. Gözdəymə və xəstəliklərdən müalicə etdiklərini iddia edən cadugarların böyük nüfuzu var idi. Həmçinin əcdadlara sitayiş geniş yayılmışdı. Özlərinə məxsus fərdiliyi saxlayan xristian udinlərə ətraf müsəlman mühitinin böyük təsiri olub. Bu, onların dili, məişəti, mədəniyyət və adətlərində öz əksini tapıb. Məsələn, cümə xoşbəxt gün hesab olunurdu, kəndin hüdudlarından kənarda yerləşən “ocaq”lara sitayiş edilirdi. Bu ocaqlar xristian kultu ilə əlaqələndirilirdi (Müqəddəs Yelisey kilsəsi yaxınlığında “müqəddəs” ağaclıq, Müqəddəs Georgi “ocağ”ı, “Kemrat ocağı”, “Çotari ocağı”, “Yalovlutəpə ocağı”, “Bulun ocağı”; adın etimologiyasından savayı, onların odla əlaqəsi formada da özünü göstərir – daş yığınının üstünə qoyulan şam). Faktiki olaraq ocağın rolu kilsədən daha böyük idi. Udilər kilsə təqvimi kimi yulian təqvimindən (köhnə tarix hesabı üsulu) istifadə edirlər. Onların qeyd etdikləri əsas bayramlar və günlər aşağıdakılardır:

Milad – “Miladi axsibay”. Udilər bu bayramı köhnə üsülla dekabrın 25-də, yeni üsulla yanvarın 7-də qeyd edirlər. 

Yeni il – “Təsə Usən”. Udilər təqvimə əsasən qeyd edilən yeni ili ənənəvi və təntənəli şəkildə qarşılayırlar; şişə keçirilərək təndirdə qızardılan içi qiyməli hind toyuğu mütləq atribut kimi çıxış edir. 

Maslenitsa (bir həftə ərzində qeyd edilib-edilmədiyi məlum deyil).

Böyük pəhriz – “Qurux” – “Kala qurux” (“qurux” yaxud “qirux” sözü tərcümədə “günlər” – “böyük pəhriz” mənasını bildirir; 7 gün davam edən pəhriz Pasxa ilə başa çatır). 

Axır bazar – “Zarazartar”. Həmin gün bütün qızlar və qadınlar kilsəyə gedirdi (hər iki cinsi təmsil edən gənclərin kilsədə görüşdüyü ilin yeganə günü).

Pasxa – “Beyin” (“Dirilmə”). “Kala axsibay” (hərfi mənada “böyük bayram” kimi tərcümə olunur.

1-ci gün. Kilsə hasarının yaxınlığında qurban kəsmə. Yumurtaların boyanması. Böyük kilsə bayramı. Niclilər “Çotari”, “Bulun” və “Geyun” kilsələrinin ərazisində məhəllə-məhəllə toplaşaraq bu bayramı günəş təqvimi üzrə (aprelin son bazar günü) qeyd edirdilər. 

2-ci gün. Qəbristanda anma – “Mayin axsibay” (hərfi tərcüməsi – “qara bayram”; plov, bişirilmiş şabalıd, meyvə, şirniyyat, içkilərdən yerli şərab növləri və punç).

3-cü gün – Kala Gergets (“böyük kilsə”) və Müqəddəs Yelisey monastrı yaxınlığında qeyd edilən taxt-tac bayramı.

May bayramı – “Maye axsibay”. Bütün udilər bu bayramı may ayının 1-2-də təntənəli şəkildə qeyd edirlər.  

Uçalma (Hadisə) – “Qyokma” (etimoloji baxımdan “qyokka”, - “fokus, zarafat, əcaib hadisə” ilə bağlıdır – Pasxadan sonra 40-cı gün, cümə axşamı).

19 may - Dirçəliş bayramı. Müqəddəs Yelisey “Çotari” kilsəsinin bərpası ( dirçəlməsi 19 may 2006-cı il) və Alban-udin xristian icmasının qeydiyyatı (2003-cü il) münasibəti ilə qeyd edilir.

Transformasiya – “Vartiver”. Bayram ərəfəsində qızlar əllərini xınaçiçəyi (onu nişanlı oğlanlar öz adaxlılarına göndərirdi) ilə boyayır və kilsənin ərazisindəki Müqəddəs Georgi “ocağı”nın yanında toplaşırdılar.

Xatirə günü (sentyabr ortalarında – bazar günü qeyd edilir).

Məhsul bayramı – “Bare axsibay”. Bu bayram oktyabrın son bazar günü keçirilir. 

Udilər əsasən oturaq həyat tərzi keçirdikləri və əsasən əkinçiliklə məşğul olduqları üçün onların bir çox mərasim, bayram və təqvimləri əkinçiliklə bağlıdır. Məsələn, üzüm bağının təqdis edilməsi. Uzaq keçmişdə təsərrüfat fəaliyyəti ilə əlaqədar bəzi aylara verilən adlar udin leksikasında indiyədək qalmaqdadır: tule//tuen – üzümlü, namots//kamots – çiy, tsile//şili – toxumluq, bokospin – çox isti, yexniya//yexna – biçin, xabniya//xibna – üçüncü.

Udilər uzunömürlü xalqdır, 80-100 il və daha artıq yaşayırlar. Onlar qonaqpərvərdir, bir-birinə hər cür kömək etməyə hazırdırlar, böyüklərə hörmət edirlər. Udilər erkən – oğlanlar 16, qızlar isə 13-14 yaşlarında ailə qururdu. Qohumlar (yeddinci nəsildən uzaq olmamaq şərti ilə) arasındakı nikahlara üstünlük verilir, eyni zamanda uzaq qohumlar və yadlarla ailə qurmaq qəti qadağandır. Uzaq keçmişdə udinlər üçün böyük patriarxal ailə səciyyəvi idi. Belə ailənin üzvlərini yaxın qohumluq əlaqələri birləşdirir, onlar “ailə” məhəllələrində kompakt şəkildə yaşayırdılar. Hər bir belə məhəllənin çöl və bağça işlərinə rəhbərlik edən başçısı var idi. O, adətən böyük ailənin ən yaşlı üzvü idi. Ata evin başçısı və amiri idi, ona bütün ailə üzvləri sözsüz itaət edirdi.

Udi qadınlar keçmişdə qapalı həyat tərzi keçirirdilər, üzlərini örtər, kişilərdən ayrı yemək yeyərdilər. Onlar kənar şəsxlərlə danışmağa cürət etməz, ərlərinin icazəsi olmadan evdən küçəyə çıxmazdılar. Udilərin əsas toy mərasimləri səhərdən başlayaraq yaxın qohumların iştirakı ilə üç gün davam edirdi. Tar, kaman, dəf, zurna və balaban çalınır. Udi toylarında Azərbaycan mahnıları ifa olunur. Qonaqlar şənlənir, oxuyur, rəqs edirlər. Rəqs havaları arasında uzundərə, vağzalı və digərlərini göstərmək olar. Onlarda həmçinin yerli Azərbaycan əhalisinin ifa etdiyi yallı rəqsi geniş yayılıb. 

Udilərin çoxjanrlı şifahi xalq yaradıcılığı bu xalqın qədim mənəvi mədəniyyətindən xəbər verir. Şifahi foklor janrları arasında əsatirləri, epik-qəhrəmanlıq hekayələrini, dini və tarixi rəvayətləri qeyd etmək olar. Pərəstişlə bağlı təsəvvürlər təbiət ünsürləri (su, od, şimşək, dolu və torpaq) ilə əlaqədardır. Müxtəlif hekayə, inanc və əfsanələrdə aya, günəşə və oda böyük yer verilir. Udi mərasimlərinin əsasında bolluq, var-dövlət və məhsuldarlığa rəğbət dayanır. 

Udilər digər etnoslar kimi respublikanın sosial və mədəni həyatında fəal iştirak edirlər. Onların bir çox görkəmli nümayəndələri Azərbaycan dilində, 1957-ci ildən isə rus dilində təhsil alaraq, ölkəmizin elm və mədəniyyətinin inkişafına öz töhfəsini vermişlər. Tanınmış dilçi-alim, şərqşünas, filologiya elmləri doktoru, Nic kəndindən olan udin Q. Voroşil qədim türk, udi və Azərbaycan dilçiliyinə dair olduqca qiymətli elmi məqalə və monoqrafiyaların, həmçinin ilk udicə-azərbaycanca-rusca lüğətinin müəllifidir. Udi məktəblərinin ibtidai sinifləri üçün dərs vəsaitləri Y. Aydınov, G. Keçaari (1992) və V.Antonova (2010) tərəfindən yazılıb. Burada udi nağıl, hekayə, əfsanə və lətifələri toplusunun müəllifi Georgi Keçaarinin, nasir Yaşa Udinin əməyini, Mayis Koçarinin şeir, hekayə və xatirələrini, o cümlədən A.Udinoğlu və Y. Durmuşarinin şeirlərini qeyd etmək yerinə düşər. 

Fəlsəfə elmləri doktoru, professor, Volqoqrad Dövlət Universiteti fəlsəfə kafedrasının müdiri Riçard Danakari uzun illərdir ki, sosial fəlsəfə problemi olan etnik varlıq problemi üzərində elmi araşdırmalar aparır. Udi ziyalıları arasında udi etnoqrafiyasına böyük töhfə vermiş Bejanovlar ailəsini qeyd etmək lazımdır. Bu azsaylı millət çoxlu mədəniyyət və incəsənət xadimi, hərbçi, istehsalat novatoru, müəllim, həkim və s. yetişdirib. Dağ-Metallurgiya İnstitutunun rektoru İosif Paçikov, üzümçü-seleksiyaçı, Sosialist əməyi qəhrəmanı Sergey Paçikov, hüquqşünas Qriqori Poladov, keşişlər Zinobi və Pak, təhsil almadan yetişmiş istedadlı insan Semyon Uruzov, ölkənin texniki inkişafında böyük xidmətləri olan texniki elmlər doktoru Yuri Dallari, hərbi anda sadiqlik nümayiş etdirərək ona həvalə olunmuş hissələri çara qarşı yönəltməyən rus ordusu generalı Zinovi Silikov və digərləri böyük şöhrət qazanıblar.  1950-ci illərdə  Niç kənd sakinləri Təzəgül Caldallakova, Seyranu  Dallari və Təzəgül   Mobilini   SSR-nin Sosialist əməyi qəhrəmanı və Lenin ordeni ilə təltif olunması xüsusi qeyd etmək olar.   Udilər “Maykrosoft” şirkətində çalışan, “EverNote” proqramı əsası qoyan həmvətənləri Stepan  Paçikovu  ilə qürur duyurlar. 

 

 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]