Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Qazaxıstandan möhtəşəm Şuşa sevgisi

2405 Baxış sayı / 18-04-2022 18:05

Aprelin 16-da türk dünyasının döyünən ürəyi, Qafqazların və Azərbaycanın mirvarisi Şuşa şəhərinə 3-cü dəfə səfər etməli oldum. Dədə Qorqud Milli Fondunun dəvətilə Azərbaycana gəlmiş Qazaxıstanlı ziyalı, publisist və Azərbaycan sevdalısı, Fondun nəşri olan “Azərbaycan Dünyası” jurnalının Qazaxıstan təmsilçisi Nəsihə Gumarqızını Şuşaya müşayiət etməyim istənmişdi. Mən də hər zamankı kimi bunu bir Vətən tapşırığı olaraq qəbul etdim.

Biz aprelin 16-da səhər erkəndən Bakıdan ayrıldıq. Fondun rəhbəri Eldar İsmayıl, qonağımız N.Gumarqızı, Fondun daha bir təmsilçisi, E.İsmayılovun sözüylə desək, vuran ürəyi Nərgiz xanım, eləcə də İsmayıl bəylə birlikdə 5 nəfərlik heyətlə yola çıxdıq. Şuşada bizə TV kanallarının təmsilçiləri də qoşulacaqdı.

Yol uzun, qonağımız da Qarabağa ilk dəfə səfər edir. Əlbəttə, onu bilgiləndirmək, eyni zamanda qiyabi tanış olduğumuz E.İsmayıl, rəhbərlik etdiyi Fond haqqında fikir mübadiləsi aparmaq üçün əla fürsət idi. Ona görə də hər ikimiz, eləcə də qonağımız, digər yoldaşlarımızla bir-birindən maraqlı söhbətlər, fikir mübadiləsi o qədər uzun yolumuzu çox qısaltdı. Bir də onda ayıldıq ki, artıq Füzuli rayonu ərazisindəyik, Füzuli hava limanına – Şuşaya istiqamətlənən döngəyə çatmışıq.

Təklif oldu ki, burada birlikdə yemək yeyək, sonra yolumuza davam edək. Elə də etdik. Təbiət qoynunda səmimi kənd adamlarının xidmətindən yararlanıb bir yemək yedik və yola davam etdik.

Yol boyu, əlbəttə ki, qonağımıza əlavə bilgi verməyə çalışırdıq. Amma hər dəfəsində o, bizi öz bilgiləri ilə heyrətləndirirdi. Qarabağda heç vaxt olmasa da olub-bitənlərdən yaxşı xəbərdar idi. Öz sözüylə desək, Nəsihə xanım uzun illərdir Azərbaycanla nəfəs alır, bizim qədər bizim dərdlərimizi paylaşır, bizim üçün əlindən gələni edirmiş. Əlbəttə, bunları E.İsmayılov bilirdi. Mənim üçünsə yeni idi. Dediyim kimi, ilk tanışlığımız idi, ona görə.

Beləliklə, Zəfər yoluyla Şuşaya yollanırıq. Nəsihə xanıma izah edirəm ki, hazırda görünən abad kəndləri, evləri, ərazini yadda saxlasın. Birazdan elə bir əraziyə daxil olacağıq ki, orada həyat əlamətləri belə olmayacaq. O da bunu bildiyini, amma görmədiyini, məhz görüb şahidlik etmək istədiyini deyir.

Birazdan Şuşaya 70 km məsafənin qaldığını göstərən lövhəyə çatırıq. Qonağımız burada mütləq bir xatirə şəkli çəkdirməyin vacibliyini deyir. Biz də onunla razılaşırıq. Nə qədər də olmasa ilk gəlişidir, belə bir yerdəki anı ölümsüzləşdirmək vacibdir.

Şuşanın 70 km-liyində xatirə şəkli
Şuşanın 70 km-liyində xatirə şəkli

Şəkil çəkdirdikdən sonra yola davam edirik. Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra rekord müddətə tikib istifadəyə verdiyi Füzuli Beynəlxalq Hava Limanının qarşısından keçirik. Əlavə izaha ehtiyac olmur. Qazaxıstanlı qonağımız bu haqda yetərincə məlumatlıdır.

Az irəlidə Füzuli şəhərinin ərazisinə daxil oluruq. Nəsihə xahım burada fasilə verib ətrafı seyr etmək, çəkiliş aparmaq arzusunu ifadə edir. Əlbəttə, biz də bunu uyğun görürük. Zatən məqsədimiz ermənilərin özlərindən sonra qoyub getdiklərini bütün dünyaya göstərmək deyilmi? Elə də edirik. Maşını yoldan kənarda saxlayıb əraziyə daxil olmadan Füzuli şəhərinin çəkilişlərini aparırıq.

Nəsihə xanım Füzulinin, daha doğrusu onun qalıqlarının fonunda fikrə dalır, ətrafı seyr etdikcə duyğulanır və 21-ci yüzildə belə bir vəhşətin necə mümkün olduğunu sorğulayır. Füzuli, bir zamanların qaynar rayon mərkəzlərindən biri olan bu şəhər büsbütün, bəli, büsbütün yerlə bir edilib. Örnək üçün belə ayaqda duran bir bina, normal yol, görüntü yoxdur. Zəfər yolundan baxanda ovuc içindəki kimi görünür Füzuli şəhəri. Göz işlədikcə baxırsan, yalnız dağıdılmış binaların qalıqlarıdır gözə dəyən.

Qonağımıza izah edirik ki, yerli sakinlər 1993-cü ildə şəhəri tərk edərkən evlərinin əşyalarını da içində buraxmaqla qapılarını açarlayaraq gediblər. Ki, tezliklə evlərinə dönəcəklər. Yəni bu şəhərin evləri də digər yaşayış məntəqələrində olduğu kimi, dimdik ayaqda olub. Ermənistan buraları işğal edəndə evlər salamat idi. Amma ötən 30 ilə yaxın müddətdə bu barbarlar bütöv şəhərləri, kəndləri yerlə yeksan ediblər ki, onlardan biri də Füzuli şəhəridir…

Füzulinin ardından yola davam edirik. Qonağımızın kamerası isə bir an da olsun dayanmır. Gah şəkil çəkir, gah video. Gördüklərini də səsli olaraq qeydə alır. Yol boyu büsbütün dağıdılmış kəndləri, qəbristanlıqları gördükcə əhvalının necə dəyişdiyi gözümüzdən qaçmır. Hiss olunur ki, o, bu acını biz azərbaycanlılar, hətta deyərdim ki, o torpaqlardan didərgin düşmüş soydaşlarımız qədər qəlbinin dərinliyində hiss edir…

Yolumuza davam edirik. Azərbaycan dövlətinin bəzən heç yol olmayan yerlərdən belə keçməklə çəkdiyi hamar, səliqəli Zəfər yolu bizi hər an Şuşaya yaxınlaşdırır. Ara-sıra yaşayış məntəqələri gözə dəyir. Təbii ki, bərbad durumda. Qalan yerlərdə isə təbiətdən zövq alırıq. Burada ətraf yaşıllaşır, ağaclar, gül-çiçək yeni nəfəs bəxş edir. Eyni zamanda hələ Bakıdan başladığımız söhbətlər də davam edir.

Şuşaya az qalmış Daşaltı kəndinin tuşuna çatırıq. Sürücümüz İsmayıl bəy maşını saxlayır, görüntünü seyr etmək, tələsmədən ətrafa baxmaq üçün şərait yaradır. Hamımız maşından düşürük, Nəsihə xanıma izah edirik ki, bura haradır. Mən ona 1992-ci ildə ermənilərin Daşaltı kəndində bizimkilərə yaşatdıqları haqqında da danışıram. Sonra da izah edirəm ki, Daşaltının üzərindəki sıldırım qayalar elə Şuşanın özüdür. Ordan o tərəfə Şuşa başlayır. Və əlavə edirəm ki, bir qədər sonra biz o tərəfdən indi durduğumuz istiqamətə baxa biləcəyik.

Aşağıda Daşaltı, üzərində isə Şuşadır
Aşağıda Daşaltı, üzərində isə Şuşadır

Az sonra artıq Şuşanın girişindəyik. Uyğun yoxlamaları keçib şəhərə daxil oluruq. Təklif edirəm ki, gəzintimizə Gəncə qapısından başlayaq və sonra digər vacib yerləri görək. Elə də edirik.

Gəncə qapısı artıq tam bərpa edilib. Erməni barbarlığının əlamətləri büsbütün aradan qaldırılıb. Qonağımız Qazaxıstanın bayrağını qürurla əlinə alıb qapının önündə şəkil çəkdirir. Eyni zamanda ətraf haqqında məlumatlarımızı bölüşürük. Bu arada əynində hərbi geyim olan bir neçə nəfər bizə yaxınlaşır. Salamlaşırıq. Qarabağ qaziləridir. Qonağımızla fikir mübadiləsi edirlər. Qarşılıqlı xoş sözlərdən sonra ayrılırıq. Elə bu vaxt iki avtobus ziyarətçi gəlir əraziyə. Üzlərdəki sevinc, havalarda uçmanı sadəcə görmək lazımdır. Sözlə ifadə ediləcək deyil.

Nəsihə xanım Şuşanın Gəncə qapısında Qazaxıstan bayrağını qürurla dalğalandırır
Nəsihə xanım Şuşanın Gəncə qapısında Qazaxıstan bayrağını qürurla dalğalandırır

Gəncə qapısından keçib piyada Xurşudbanu Natəvanın ev muzeyinə yaxınlaşırıq. Qonağımıza qısa bilgi verib 2021-ci ilin 15 iyununda məhz bu xarabalıq fonunda Prezident İlham Əliyevlə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Azərbaycanla Türkiyə arasında müttəfiqlik bəyannaməsi imzalamasının rəmzi mənasını da izah edirik.

Daha sonra şəhər meydanına hərəkət edib güllələnmiş büstlərin önündə dayanırıq. Nəsihə xanıma büstlərin hekayətini danışıram. Onların ermənilər tərəfindən ələ keçirilib məhv edilmək üzrə olduğunu bildirirəm. Ardından da Azərbaycan dövlətinin çevik davranaraq büstləri geri almasını, uzun illər Bakıda saxlamasını və Şuşa azad edildikdən dərhal sonra Prezident İlham Əliyevin onları buraya qaytarıb şəxsən açılışını etdiyini qeyd edirəm.

Şəhər meydanında qonağımız və E.İsmayıl TV kanallarına geniş müsahibə verdikdən sonra ərazidən ayrılıb Yuxarı Gövhər Ağa məscidinə doğru gedirik. Məsciddə təmir işləri olduğu üçün içəri daxil ola bilməsək də qonağımız onun fonunda şəkil çəkdirir.

Jurnalistlərlə bir xatirə şəkli
Jurnalistlərlə bir xatirə şəkli

Bunun ardından Bülbülün ev muzeyinə yollanırıq. Orada bizi həmişə olduğu kimi bu dəfə də poztiv əhvalıyla diqqət çəkən milli ziyalımız, muzeyin rəhbəri Fəxrəddin Hacıbəyli qarşılayır. Həmişəki kimi o, şövqlə bizi muzeylə tanış edir, Bülbül, onun burada keçmiş ömrü, eyni zamanda təhsili, həyatı haqqında dolğun məlumat verir. Qonağımız həm Fəxrəddin bəyin şövqü, həm də Bülbülün nəfəsi duyulan bu məkandan zövq alır, həvəslə eksponatlara baxır, onlar haqqında məlumatları dinləyir. Eyni zamanda muzeyin həyətində başqa ziyarətçilərlə də ayaqüstü söhbət edib ayrılırıq.

Qonağımız Bülbülün ev muzeyindən də çox razı qaldı
Qonağımız Bülbülün ev muzeyindən də çox razı qaldı

Yolumuz Cıdır düzünədir. Ötən dəfəki səfərimdən sonra burada əməlli-başlı tikinti-bərpa işləri aparılır. Yol boyu texnika işləyir. Həyat qaynayır artıq bu şəhərdə. Elə bütün küçələrdə iş gedir. Ağır texnika sağa-sola şütüyür, işçilər də həvəslə işləyir.

Az sonra artıq Cıdır düzündəyik. Qonağımız burada da duyğulanır. Sıldırım qayaların lap yaxınına gedib çəkiliş edir. Burada Azərbaycan oğullarının şəhəri necə azad etməsindən danışır. Cıdırı gəzirik, əlavə məlumat veririk. Bir qədər aralıda Xankəndini göstərib siyasi proseslər haqqında da danışırıq. Qonağımız mümkün olan yerlərin çəkilişini edir, Cıdırdan ayrılırıq.

Bir az aşağıda Şuşa Şəhidlər Xiyabanı var. Daha doğrusu, onun qalıqları. İşğalçı ermənilər goreşən kimi buranı da dağıdıblar. Amma Azərbaycan işğaldan azad etdikdən sonra ərazini tanıyan şahidlər Xiyabanın yerini nişan verib, əraziyə lövhə vurulub.

Xiyabanın ardından Vaqifin məqbərəsinə enirik. Burada qarşımıza şəhid anaları-yaxınları çıxır. Bəlli olur ki, deputat Nigar Arpadarayi təmsil etdiyi Bakının Səbayel rayonundan olan bir qrup şəhid yaxını üçün belə bir səfər təşkil edib. Özü də o müqəddəs analarla birlikdə Şuşanı ziyarət edir.

Analara yaxınlaşırıq. Heyətimizi təqdim edirik və onlara təşəkkürümüzü bildiririk. Analara sözümüz bu olur ki, heç zaman üzülməsinlər, sınmasınlar. Biz onların igid oğullarının sayəsində bu şəhərə gələ bildiyimizi, başı dik gəzdiyimizi, məhz onların qanı hesabına bu torpaqların azad edildiyini bildiririk.

Məğrur şəhid analarıyla birlikdə
Məğrur şəhid analarıyla birlikdə

E.İsmayılov isə o qədər duyğulanır ki, göz yaşlarını tuta bilmir. O, şəhid analarına bir neçə kəlmə demək istəyir, qəhərlənir, boğazı düyünlənir və sadəcə olaraq onlara demək istədiklərini gözündən axan yaşlarla ifadə edə bilir.

Qonağımız Nəsihə xanım da şəhid analarına təşəkkür edir, fikirlərini geniş şəkildə ifadə etməyə çalışır, amma boğazı düyünlənir, göz yaşlarını saxlaya bilmir. Gücümüz ona çatır ki, ortaq şəkil çəkdirək və yolumuza davam edək…

Vaqifin məqbərəsi. Nəsihə xanıma burada işğaldan öncə keçirilən poeziya günləri, işğaldan azad edildikdən dərhal sonra bu günlərin bərpa edilməsi haqqında danışırıq. Eyni zamanda sərgilənən şəkillər üzərində məqbərənin tikilməsi, açılışı, sonra ermənilərin onu dağıtması, Şuşa azad edildikdən sonra bərpası prosesi haqqında danışırıq…

Şuşa səfərimiz olduqca maraqlı keçir. Yorğunluq var, amma xoş bir yorğunluqdur bu. Qonağımız da illərdir uğrunda çalışdığı bu mirvari şəhəri, Qarabağ torpaqlarını görməsindən həddən ziyadə məmnundur. O deyir ki, mən Qazaxıstana geri döndükdən sonra daha əmin şəkildə işlərimi davam etdirəcəyəm.

Belə. Şuşa səfərimiz başa çatır və yenə də Zəfər yoluyla geri dönürük. Qonağımızın son bir istəyi də Şuşanın girişində dalğalanan Azərbaycan və Türkiyə bayraqları fonunda şəkil çəkdirməkdir. Əlbəttə, onun bu istəyini gerçəkləşdiririk…

Nəsihə xanım Qazaxıstan bayrağını Şuşanın girişində qardaş ölkələrin bayraqlarıyla birlikdə dalğalandırır
Nəsihə xanım Qazaxıstan bayrağını Şuşanın girişində qardaş ölkələrin bayraqlarıyla birlikdə dalğalandırır

Sonda: N.Gumarqızı Azərbaycana bu dəfəki səfərində özüylə Qazaxıstanda rus dilində dərc etdirdiyi “Qarabağ: Evə doğru uzun bir yol” adlı kitabını da gətirib. Kitabda Qarabağ haqqında, ermənilərin əməlləri, 44 günlük savaşımız rəngli şəkillərin də müşayiəti ilə geniş əks edilib. Könül istərdi ki, bu kitab həm azərbaycan və qazax dillərinə, həm də ingiliscəyə tərcümə edilib daha geniş yayımlansın…

Sözügedən kitabın üz və arxa qabığı
Sözügedən kitabın üz və arxa qabığı

Bakı-Şuşa-Bakı. 16 aprel 2022-ci il

Azər Həsrət

https://www.bayraqdar.info/?p=30459



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]