Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Ramil Usubovun rəhbərliyi altında Azərbaycan polisi çox böyük və möhtəşəm yol keçib

37040 Baxış sayı / 15-02-2019 10:51

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaranmasının 100 illiyi tamam olub. Bu barədə ölkə Prezidenti İlham Əliyev Cənabları 16 may 2017-ci il tarixdə Sərəncam imzalayıb. 1991-ci ildə dövlət müstəqilliyimizi əldə etdik. 1993-cü ilin iyun ayına kimi ölkədəki anarxiya, hərc-mərclik hökm sürürdü. Qarabağ uğrunda xalqımızın apardığı ədalətli mübarizə, müxtəlif qruplaşmalar arasında hakimiyyət uğrunda çəkişmələr və tamamilə dağılmış sosial-iqtisadi durumun ağırlığı demək olar ki, çıxılmazlıq sindromunu yaratmışdı. Ümum Milli  Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə dönüşü, stabilliyin qorunması yönündə apardığı kadr islahatları sayəsində hər şey öz axarı ilə inkişaf etməyə başladı. Daxili İşlər orqanlarının siyasi proseslərə müdaxiləsinin qarşısının alınmasında böyük uğurlar əldə edildi. Ölkəni “kriminal qruplaşmalar”ın və ictimai sabitliyi pozan qüvvələrin qarşısının alınması sayəsində bu gün Azərbaycan dünyanın sabit ölkələrindən biridir. Bu istiqamətdə peşəkar polislərin rolu müstəsnalıq təşkil edir. Heydər Əliyev prezident kimi 29 aprel 1994-cü il tarixdə 140 saylı fərmanı ilə Ramil İdris oğlu Usubovu Daxili İşlər Naziri vəzifəsinə təyin etdi. Çünki, Ulu Öndər ona inanır və güvənirdi. Ramil Usubovun peşəkar polis zabiti istedadına, savadına və zəngin təcrübəsinə əmin idi. Mərhum Heydər Əliyev dövlətə sədaqətli kadrları müdrikcəsinə necə seçməyin bütün şərtlərini bilən dərin dövlət xadimi idi. 

Ramil Usubovun rəhbərliyi altında Azərbaycan polisi çox böyük və möhtəşəm yol keçmişdir.   

“Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının oxucularına cənab nazir Ramil Usubov çoxdan tanışdır. Ona görə ki, jurnalımızın 20 ilə yaxındır fəaliyyəti zamanı biz dəfələrlə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin və xüsusilə cənab nazir Ramil Usubovun yüksək səviyyədə gördükləri işləri işıqlandırmışıq. Dəyərli oxucularımıza bu dəfə Ramil müəllimin keçdiyi həyat yolunu bir daha təqdim etməyi özümüzə borc bilirik.    

Azərbaycan Respublikası Daxili İşlər orqanlarının tarixində ilk dəfə general-polkovnik rütbəsinə nail olmuş görkəmli dövlət və ictimai xadimdir. O, Azərbaycanın dilbər guşələrindən birində - Qarabağda, 1948-ci ildə Xocalı rayonunda anadan olmuşdur. 1973-cü ildə N.Rizayev adına Bakı Xüsusi Orta Polis məktəbini, 1980-ci ildə SSRİ DİN-in Akademiyasını bitirmişdir. 1970-ci ildən etibarən daxili işlər orqanlarında xidmət edir. Cinayət-axtarış strukturlarında xidmət aparmış, 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Azərbaycan Respublikası Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli Bayramlı (indiki Şirvan) şəhər polis şöbəsinin rəisi vəzifələrində işləmişdir. 1987-1989-cu illərdə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunmuş, 1989-1993-cü illərdə Azərbaycan Respublikası DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri, görkəmli dövlət, ictimai və siyasi  xadim Heydər Əliyevin 11 avqust 1993-cü il fərmanı ilə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunmuşdur. 29 aprel 1994-cü il tarixli 140 saylı fərmanla  Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə general-mayor, 26 dekabr 1995-ci ildə 418 saylı fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci ildə 637 saylı fərmanı ilə general-polkovnik hərbi rütbəsi verilmişdir. Ailəlidir, üç övladı var. 

Qeyd edək ki, General-Polkovnik Ramil Usubovun 70 yaşı tamam olur. Azərbaycan dövlətinin müstəqilliyinin dönməz iradə ilə qorunub saxlanılmasında, inkişafında və bu gün dünya dövlətləri ailəsində özünə məxsus yer tutmasının səbəblərindən biri də ölkə daxili ictimai, sosial və siyasi sabitliyin olması sayəsində mümkün olmuşdur. Bu yöndə Daxili İşlər Nazirliyinin rəhbəri  vəzifəsini şərəflə və ləyaqətlə daşıyan Ramil Usubov cənablarının xidmətləri çox böyükdür. O, bu vəzifəni daşımaqla əsl Azərbaycan polisi örnəyini müasir məktəb ənənəsinin təməlini qoymuşdur. 

P.S. “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının rəhbərliyi və yaradıcı heyətinin, “Dədə Qorqud” Milli Fondunun Ağsaqallar Şurası adından General-Polkovnik Ramil Usubov cənablarını təbrik edirik. Hörmətli Ramil müəllim Sizə can sağlığı və uzun ömür arzu edirik. 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]