Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Robert Mobili: “Azərbaycanda özmüzü eyni ailənin üzvləri sayırıq”

111 Baxış sayı / 18-07-2018 23:18

Udilər Azərbaycan Respublikasının Qəbələ və Oğuz rayonlarının ərazisində yaşayan ən qədim avtoxon xalqlardan biridirlər. Udilər həm də Rusiya Federasiyası, Gürcüstan, Ukryana, Qazaxstan və başqa ölkələrdə də yaşayırlar. Bu qədim xalq Qafqaz Albaniyasının yaranmasında  iştirak edən 26 toplumdan biridir. Bu xalqı yalnış olaraq “udin” adlandırırlar. Əsil adları özlərinin dediyi kimi “UDİ”dir. Onlar bir etnos kimi Azərbaycanda etnik kimliklərini qoruyub saxlayırlar. Bu istiqamətdə dövlət səviyyəsində udilərə hər cür qayğı vardır. Bu barədə tanınmış alim Robert Mobili ilə görüşərək ətraflı bilgi əldə etməyə çalışdıq. Robert Mobili Bakı Dövlət Universitetinin böyük elmi işçisi və Azərbaycan Respublikasının Alban-Udi Xristian İcmasının sədridir. Bir alim kimi Bakı, London, Roma, Paris, Strasburq,Varşava, Ausburq, Qaunas, Oslo, Brüssel, Los-Anjeles, Qüds, Nayrobi, Moskva,Tbilisi, Kiyev, Minsk, Yekaterinburq, Dərbənd və digər şəhərlərdə keçirilən beynəlxalq konqresslərdə, konfranslarda, dəyirmi masalarda məruzə ilə çıxış etmişdir. İki monoqrafiya və yüzdən çox elmi əsərin müəllifidir. Azərbaycanda “Alban Apostol Kilsəsi”nin bərpasında və elmi cəhətdən araşdırılmasında aktiv şəkildə iştirak edir. ABŞ-ın Texas ştatının Dallas şəhərinin fəxri vətəndaşıdır. Ölkəmizin ictimai həyatında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə “Şöhrət” ordeni və Prezidentin Fəxri diplomu ilə təltif edilmişdir. 

Azərbaycan Dünyası : Udilərin keçmişi, tarixi və milli adət-ənənələri ilə bağlı nə deyə bilərsiniz? 

Robert Mobİlİ - Udilər Qafqaz Albaniyasının yaradıcısı olan əsas tayfadan biri sayılmaqla  dövlətin idarə olunmasında başlıca rol oynayan toplumlardan biri olub. Qəbələ və Oğuz rayonlarında yaşayan udilər öz adət-ənənələrini və dillərini qoruyub saxlayıblar. Udi xalqı məişət məsələlərində, nişan və toy mərasimlərinin keçirilməsində qədim adətlərini yaşadırlar. Udilər qədim Azərbaycan rəqslərini, o cümlədən hələ 10 min il bundan əvvəl Qobustanın qayaüstü rəsmlərində əks olunmuş “Yallı”ları bu gün də öz mərasim və el  şənliklərində ifa edirlər. Xalq bayramlarımızdan biri də "Məin Axsibay", yəni “Qara Bayram”dır. Bu bayramın yeddi həftə pəhrizi var. Bir qayda olaraq aprel ayının sonlarında qeyd edilir. Bu bayram zamanı el-oba yemək-içmək götürüb rəhmətə getmiş yaxınlarının məzarını yad etməyə gedirlər. Udilər Azərbaycan türkləri kimi, “Qurban Bayramı”nda olan kimi qurban kəsirlər. “Matsi Axsibay” (Milad), “Kala Axsibay” (Pasxa) və “Bare Axsibay” (Məhsul) bayramlarını Nic qəsəbəsində yerləşən Müqəddəs Yelisey adına  “Cotari” Alban kilsəsində xüsusi ilə böyük mərasim kimi qeyd edirlər.  

Azərbaycan Dünyası : Etnik və dini zəmində tolerantlıqla bağlı fikirlərinizi bilmək istərdik.  

Robert Mobİlİ  - Azərbaycan tarixən və bu gün də polietnik və polikonfessional bir ölkədir. Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi və əhalisinin etnik tərkibi ta qədim çağlardan burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Tarix ənənələrə uyğun olaraq tolerant cəmiyyət, milli və dini ayrı-seçkiliyə yol verilməməsi, burada yaşayan xalqlara və o cümlədən udilərə öz varlığını qoruyub saxlamaq istiqamətində əlverişli mühit mövcuddur. Bu gün mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilmişdir. Çoxmillətli və çox konsesiyalı dövlət kimi ölkəmizdə  dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirilir. Bunun nəticəsi kimi Azərbaycanda bütün dini icmalar bərabər hüquqlara malikdir. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri bu barədə çox haqlı olaraq qeyd edir ki: “Azərbaycanda din-dövlət münasibətləri düzgün qurulub, milli və dini tolerantlıq, multikulturalizm dövlət səviyyəsində dəstəklənir". 

Azərbaycan Dünyası : Bəzi üzdəniraq dairələr qeyd edirlər ki, guya Azərbaycanda azsaylı xalqları zorla assimliasiyaya məruz qalırlar. Siz onlara nə kimi cavab verərdiniz? 

Robert Mobİlİ  – Bilirsinizmi, həmin ağzıgöyçəklər gəlib Qəbələ və Oğuz rayonlarında yaşayan udilərlə görüşsünlər. Bizim xalq bu torpalqlarda min illərdir yaşayır. Bu günə kimi öz ana dilimizdə təhsil alırıq. Ayrıca kilsəmiz və mədəniyyət mərkəzimiz vardır. Bundan əlavə, udilər haqqında çox sanballı elmi əsərlər tədqiq olunaraq çap edilibdir. Dünyanın başqa bir ölkəsində biz udilərə bu qədər isti münasibət göstərən ikinci bir xalqa rast gəlinməz. Azərbaycan xalqı digər azsaylı xalqlarla birlikdə min illərdir birgə yaşayış tərzinin içindədir. Burda  xalqlar assimliasiyaya məruz qalmırlar, sadəçə mədəniyyətlrin, dillərin və ənənələrini diffuziyası çərçivəsində inkişaf edir. 

Azərbaycan Dünyası : Udi milli mətbəxinin xüsusi bir özəlliyi varmı? 

Robert Mobİlİ  - Udi milli mətbəxi Azərbaycan milli mətbəxi ilə çox oxşardır. Gündəlik yeməklərin bir hissəsi undan hazırlanır. Ənənəvi təndir çörəyini və sacda bişirilmiş lavaş, toylarda və bayramlarda hazırlanan və yerli əhali arasında "kətə" adlandırılan “Şirin çörəyi”ni misal gətirə bilərəm. Ənənəvi yeməklərimizdən biri də plovdur. Bizim tərəfdə "Xub"adlanır. Yeməklərimiz arasında ət mühüm rol oynamasa da, toyuq və başqa quşların əti geniş yer tutur. Ümumiyyətlə yeməklərimizin Azərbaycanın mətbəxt mədəniyyəti ilə oxşarlıq təşkil etməsi iki xalqın bir-birinə daha da qaynayıb qarışmasına öz müsbət təsirini göstərib. Mən həmişə bildirmişəm ki: Azərbaycanda özümüzü eyni ailənin üzvləri sayırıq. 

Azərbaycan Dünyası : Lahiyələrinizin ictimailəşdirilməsində və isıqlandirılmasında sizə dəstək olacaq və yaxın əməkdaşlıq etdiyiniz biriləri varmı?

Robert Mobİlİ – Bizim irəli sürdüyümüz layihələrdən ən vacibi Qafqaz Albaniyası tarixi üzərində saxtakarlıq edən ermənilərin apardığı siyasəti iflasa uğratmaqdır. Bunun üçün də “Alban-Udi Xristian Kilsəsi”ni bərpa etmişik. Artıq dünyanın bir sıra xristian dövlətləri və beynəlxalq xristian təşkilatları bizim Kilsənin statusunu rəsmi şəkildə tanımaqdadırlar. Ayrıca “Alban Apostol Müstəgil Kilsəsi”nin mövcud olması erməni yalanlarına son qoyulması bu istiqamətdə vacib şərtlərdən biridir. Vaxtilə Çar Rusiyasının bizim kilsələrimizi başqa dövlətlərdən köçüb gəlmiş ermənilərin nəzarətinə verməsi belə, udi xalqını milli iradəsindən döndərə bilmədi.  Azərbaycan türkləri ilə tarixən  kökümüz yaxın olduğundan bizə hörmətlə yanaşıblar. Bu qazanda hər birimiz qaynamışıq. Prezident İlham Əliyev cənabları “Multikulturalizm ili” siyasətini elə-belə elan etməmişdi. Təəssüflər olsun ki, bəzi insanlar əvvəllər bunun nə üçün həyata keçirildiyini başa düşmədilər. Zamanla bu qlobal siyasi düsturun nə demək olduğunu dərk etdilər. Mən Avropa ölkələrində çox olmuşam. Beynəlxalq aləmdə Azərbaycan multikulturalizminin reklamına (təbliğə) ehtiyac var idi. Çünki bizimlə bağlı mənfi informasiyalar verilirdi və bu da dövlətimizin nüfuzunu aşağı salırdı. Azərbaycanın işğalçı olduğu və başqa xalqların assimilyasiyaya uğradıqları bildirilirdi. Amma mən deyirəm ki, hansı əriməkdən danışırsınız? Mənim xalqımın 99 faizi öz dilində danışır. Ana dilimdə dərs keçirlər. Necə əriyə bilərik? Böyük Britaniyanın Lordlar Palatasında, Fransanın Strasburq şəhərində yerləşən Avropa Şurasında, YUNESKO-da və başqa beynəlxalq tribunalarda çıxış etmişəm. Mənə hər hansı bir sual verən olmayıb. Çünki ətraflı danışdıqdan sonra saxtakarcasına uydurulmuş “assimliasiya” məsələsinə görə əlavə suallara ehtiyac qalmır. Bax bütün bunlarda mənə və xalqımıza arxa-dayaq olan məhz Azərbaycan dövlətidir. 

Azərbaycan Dünyası : Ölkə rəhbərliyinin bu sahəyə ayırdığı diqqət və qayğı nə dərəcədədir? 

Robert Mobİlİ  - Zəngin mədəni-mənəvi irsə və çoxəsrli tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olan və fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib. Əlbəttə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının bu sahəyə diqqət və qayğısının nəticəsi olaraq dövlət və din münasibətləri ən yüksək səviyyədədir. Dövlət başçısı mütəmadi olaraq bizimlə görüşür, ölkənin xristian və yəhudi icmalarını dini və milli bayramları münasibətilə təbrik edir. Bundan əlavə Azərbaycan Respublikasının I Vitse-Prezidenti və “Heydər Əliyev Fondu”nun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə yaşayan az saylı xalqlara, o cümlədən udilərə hər zaman xüsusi hörmət bəsləməsi, dövlət tərəfindən bu icmaya göstərilən diqqət və qayğının bariz nümunəsidir. 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru