Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Sərkərdələr beşiyində andiçmə mərasimi

31551 Baxış sayı / 18-03-2017 23:41

Səhərdir. Günəşin üfüqdən boylanan şəfəqləri asta-asta hər tərəfə yayılıb nura boyayır. Səmanın üzündə sanki bir bayram ovqatı var. Elə C.Naxçıvanski adına Hərbi Liseyin həyəti də bayramsayağı bəzədilib. Sıra ilə dalğalanan bayraqlar görənlərə xoş ovqat bağışlayır. 

Zabit və əsgərlərin, həmçinin tədbirdə iştirak edən valideynlərin üzündən sevinc yağır. Mərasimin baslamasına dəqiqələr, anlar qalır. Bir qayda olaraq əvvəlcə rəsmi rituallar yerinə yetirildi. Şəxsi heyətin mərasim münasibəti ilə meydanda düzüldüyü barədə polkovnik Fuad Şərifzadə Hərbi Liseyin rəisi polkovnik Rüfət Əmirova məruzə etdi. Litseyin rəisi şəxsi heyətlə salamlaşdı, zabit və əsgərləri, kursantları təbrik etdi, onlara gələcək xidmət və təhsillərində uğurlar arzuladı. 

Mayor Tural Maniyev tədbiri açıq elan etdi. Hərbi Liseyin şəxsi heyəti hərbi orkestrin müşaiyəti ilə Azərbaycan Respublikasının Dövlət himnini oxudu. Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad olundu. Hərbi Liseyin döyüş bayrağı təntənəli surətdə mərasim keçirilən meydana gətirildi.

Çıxış etmək üçün ilk söz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi polkovnik Rüfət Əmirova verildi. O hər kəsi təbrik edərək Hərbi Liseyə yeni qəbul olunmuş gənc kursantların valideynlərinə isə “gözünüz aydın olsun” – dedi.

Liseyin rəisi çıxışında hərbi təhsil ocağının tarixinə də qısaca ekskurs edərək “Bu gün Silahlı Qüvvələrimiz üçün zabit kadrlarının hazırlanmasında C.Naxçıvanski adına Hərbi Liseyin xüsusi yeri vardır. Bu məktəb ümummilli liderimiz Heydər Əliyevin milli ordu quruculuğu tarixində yaratmış olduğu ən böyük abidələrdən biridir. 1971-ci ildə ulu öndərin təşəbbüsü ilə yaradılmış bu təhsil ocağı gəncləri Ali Hərbi Məktəblərə hazırlamaq üçün baza rolunu oynadığına görə onun fəaliyyəti həmişə Azərbaycan dövlətinin diqqəti və qayğısı ilə əhatə olunmuşdur. Fəxrlə deyə bilərəm ki, 1972-1974-cü illərdə mən də C.Naxçıvanski adına Hərbi Liseydə təhsil almışam. Bugünədək hərbçi peşəsi ilə bağlı qazandığım təcrübə və peşəkarlıq üçün bu liseyə borcluyam. Çünki mənə və mənim kimi təhsil alan gənclərə ilk həyat vəsiqəsini bu təhsil ocağı vermişdir.” –dedi.

Hərbi Liseyin rəisi çıxışında onu da xüsusi olaraq qeyd etdi ki, Məhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi göstərişi ilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun şəxsi qayğısı nəticəsində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin daim yerləşdiyi ərazidə aparılan təmir-tikinti və yenidənqurma işləri tədrisin keyfiyyətini və şəxsi heyətin maddi-məişət şəraitini daha da yaxşılaşdıracaqdır.    

Kursanlar adından İrşad Sadıqov çıxış edərək bildirdi ki, ordu üçün yaxşı zabit, ölkə üçün dəyərli vətəndaş olacaqlar. 

Sonra gənc kursantlar sıradan irəli çıxaraq əllərini bir-birilərinin çiyinlərinə qoyaraq şərəf andı içdilər. Bu anlarda onların gözündə böyük sevinc var idi. Gənc kursantlar həyatlarının ən yaddaqalan anlarını yaşayırdılar. Onların üzündən şərəf və qürur yağırdı. Gənc kursantların səsi dalğa-dalğa ətrafa yayılırdı. Övladlarının xoş gününü, xoş anını izləyən valideynlərin də üzündə bəxtəvərlik dolaşırdı. Şərəf andını içəndən sonra gənc kursantlar sırada öz yerlərini tutdular. 

Hərbi Liseyin şəxsi heyətinin “Naxçıvanskilər” marşını ifa etməsi də yaddaqalan oldu.

Tədbirdə qonaq qismində iştirak edən “Dədə Qorqud” Milli Fondunun pdezidenti, “Azərbaycan Dünyası” jurnalının təsisçisi və redaktoru Eldar İsmayılov da çıxış etdi. O gənc kursantları təbrik edərək uğurlar arzuladı. Çıxışının sonunda C.Naxçıvanski adına Hərbi Liseyin rəisi polkovnik Rüfət Əmirova təsisçisi olduqları “Həzi Aslanov” ordenini təqdim etdi.



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]