Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Tolerantlıq

62 Baxış sayı / 22-10-2017 21:37

Bəşər sivilizasiyanın müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranması böyük əhəmiyyət kəsb edir. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə və regionların təcrübəsi nümunə ola bilər. Azərbaycan bir çox millətlərin və dini konsessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Tarixən respublikamızda formalaşmış tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilmişdir.  Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərin müstəsna rolu vardır. Ölkəmizin ərazisində yaşayan dağ yəhudiləri yerli əhali ilə sıx təmasda olsalar da, dinlərini, adət-ənənələrini, həyat və düşüncə tərzlərini qoruyub saxlamışlar. Regionda tarixən dözümlülük mühitinin formalaşmasında İslamın Azərbaycanda yayılmasının böyük rolu olmuşdur. Çünki mərhəmət, sevgi və əxlaq dini olan islamda tolerantlıq, dözümlülük yüksək mənəvi dəyər və mədəniyyət kimi qiymətləndirilir. Bu baxımdan əsrlər boyu müsəlmanlarla yanaşı yaşayan digər dinlərin mənsubları da regionda dinc və ayrı-seçkiliyə məruz qalmadan yaşamışlar. Zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olan və fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Ölkə rəhbəri mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir,  müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını əsas dini bayramlar münasibətilə təbrik edir. 

Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı dövlət respublikada yayılmış digər dinlərə də qayğı göstərir. 

Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir. 

Azərbaycanın birinci xanımı, vitse-prezident Mehriban xanım Əliyeva hər zaman dini təriqətlərə, tolerantlığa hörmətlə yanaşmış, diqqət və qayğısını əsirgəməmiş, maddi və mənəvi dəstək göstərmişdir. Mehriban xanım Əliyeva tolerantlıqla bağlı çıxışında demişdir: “Azərbaycan bu gün tolerantlıq və multikulturalizm baxımından dünya mərkəzlərindən birinə çevrilib. Əsrlər boyu ölkəmizdə müxtəlif xalqların və dinlərin təmsilçiləri dostluq, qarşılıqlı etimad və sülh şəraitində rahat yaşayır, fəaliyyət göstərirlər. Ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri olduqca yüksək səviyyədədir. Bu, bizim fəxarət, qürur mənbəyimizdir”. 

Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilmişdir. Çoxmillətli və çoxkonsessiyalı dövlət kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Bu siyasətin nəticəsində hazırda ölkəmizdə bütün dini icmalar bərabər hüquqlara malikdirlər. Bununla bərabər, ölkənin hüquq sistemi ekstremizm təhlükəsinin real olduğu şəraitdə, dini təşkilatlara kənardan təsiri məhdudlaşdırır, potensial təhlükəli radikal ideyaların təbliğ edilməsinə imkan vermir. 

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycanda din-dövlət münasibətləri düzgün qurulub, milli və dini tolerantlıq, multikulturalizm dövlət səviyyəsində dəstəklənir. QMİ-nin sədri qeyd edib ki, müasir Azərbaycan dini dəyərlərə ən yüksək ehtiramın, məscidlərlə yanaşı, xristian və yəhudi dini məbədlərinə dövlət səviyyəsində qayğı və himayənin nümayiş etdirildiyi nümunəvi məkan kimi dünyada tanınır. 

Bəzi etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda pərakəndə, bəzilərində isə sıx halda məskunlaşıblar. Etnik baxımdan zəngin bölgələrimizdən biri də Qəbələ rayonudur. Qəbələ əsrarəngiz təbiəti, füsunkar gözəlliyi, əhalisinin səmimi və mehribançılığı ilə Azərbaycanın əvəzolunmaz bölgələrindən biridir. Rayonun səfalı, ecazkarlığı, gözəl təbiəti və yüksək əxlaqi keyfiyyətlərilə seçilən əhalisi ilə yanaşı onu səciyyələndirən başlıca amillərdən biri də burada bir çox etnosların, azsaylı xalqların tarixən məskunlaşmasıdır. Rayonun belə yaşayış məntəqələrindən biri də qədim və unikal tayfalardan olan udinlərin məskunlaşdığı Nic qəsəbəsidir. Nic qəsəbəsi Qəbələ rayonundan 40 km cənub-qərbdə yerləşir. Kənddə etnik qrup olan udinlər yaşayır. Udilər Qafqaz Albaniyasının yaradıcısı olan 26 tayfadan biri olmaqla, həm də Qafqaz Albaniyasında başlıca rol oynayan tayfalardan biri olub. Buna görə də Qafqaz Albaniyasının paytaxtları Qəbələ və Bərdə Udilərin Tarixən yaşadığı yerlər olub. Qəbələ və Oğuz ərazisində udilər bu günə kimi öz adət-ənənələrini və dillərini (yazısız) qoruyub saxlaya bilmişlər. Udinlərin Azərbaycanda yaşayan etnik qruplardan ən böyük üstünlükləri də Qurban bayramında qurban kəsməkləridir. Maraqlı fakt-xristianlar qurban bayramını qeyd edir!

Ölkəmizin bərabərhüquqlu digər vətəndaşları kimi udinlər öz dini bayramlarını, ənənəvi mərasimlərini sərbəst və geniş şəkildə qeyd edirlər. Hər məhəllədə müsəlman və xristianların ziyarət etdiyi 5-6 pir mövcuddur. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir. Hər ilin may ayını udinlər bayram edir. Pasxa və Kala Axsibay bayramını Nic qəsəbəsində yerləşən Cotari Alban kilsəsində qeyd edirlər. Udinlər bayramda bir daha rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını, Nic kilsəsinin əsaslı şəkildə bərpasını ölkədə tolerantlığa gözəl nümunə olduğunu qeyd ediblər. Alban-Udi Xristian dini icmasının sədri, görkəmli ictimai-siyasi xadim Robert Mobili bildirmişdi ki, “Azərbaycanda özümüzü eyni ailənin üzvləri sayırıq”. 

  Prezident İlham Əliyev cənablarının bu qəsəbəyə 2 dəfə səfər etməsi, vitse-prezident Mehriban xanım Əliyevanın respublikamızda yaşayan azsaylı xalqlara, o cümlədən udinlərə hər zaman xüsusi hörmət bəsləməsi, dövlət tərəfindən bu icmaya göstərilən diqqət və qayğının bariz nümunəsidir. 

  Milli Məclisə Qəbələ rayonundan seçilən hörmətli millət vəkili Fəttah Heydərov hər dəfə rayona səfər edib öz seçicilərinin problemləri ilə maraqlanarkən, heç bir ayrıseçkilik etmədən rayon əhalisinin ayrılmaz tərkib hissəsi olan udinlərlə də görüşür, onların hər hansı bir problemlərinin həlli yolunda yaxından iştirak edir. 

Dağ Yəhudiləri dini icmasının rəhbəri, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein,  Qəbələ rayonunda yaşayan Udin xalqının rəhbəri, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri, görkəmli ictimai-siyasi xadim Robert Mobili, eləcə də Azərbaycanda fəaliyyət göstərən digər dini konsessiyaların nümayəndələri Azərbaycanda mövcud olan multikultural və tolerantlıq ənənələrindən daim razılıqlarını bildirmiş,  prezident İlham Əliyevin dini konsessiyalara, qeyri-İslam dini icmalara göstərdiyi yüksək diqqət və qayğısını dəyərləndiriblər. 

  Eyni zamanda “Dədə Qorqud” Milli Fondunun, “Azərbaycan dünyası” beynəlxalq jurnalının rəhbərliyi və kollektivi də tolerantlıq mövzusuna daim yaxından diqqət ayırmış, bu bəşəri sivilizasiyanı mütəmadi olaraq geniş formada işıqlandırmışdır. 

Bütün bunlar göstərir ki, Tanrı Azərbaycana səxavətini və lütfünü əsirgəmədən bir ölkə ərazisində iç-içə qaynayaraq qarışan, bir respublikanın bərabərhüquqlu vətəndaşı kimi çiyin-çiyinə yaşayan udinlərin timsalında dost xalqlar bəxş edib. Bu qiymətli bəxşişlərin qədrini bilmək, qorumaq hər birimizin mənəvi borcudur. 

İradə Qədimli / “Heydər Əliyev” mükafatı laureatı/ Azərbaycan Dünyası



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru