Şuşa Qarabağın tacıdır və bu gün Azərbaycan o tacına qovuşmağın sevincini yaşayır

Möhtəşəm qələbəmiz bir xalq olaraq hər bimizin köksünü fəxarət və qürur hissi ilə qabartdı. Hər birimiz məğrur, mübariz və ədalətli xalq olduğunuzun, ən əsası isə milli birliyimizin qırılmaz olduğunun bir daha şahidi olduq. Xalq olaraq sevincliyik.
Bu sevinci Şuşa xatirələri ilə yaşayan bir insan var ki, onun qəlbi bir başqa həyacanla döyünür. O, Şuşada atalı günlərini axtarır. Gəlin, onun bu qəmli - şirin xatirələrini onun dilindən eşidək.
Müsahibimiz hüquq üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının fəlsəfə üzrə fəxri professoru Rəşid Rzayevdir.
– Rəşid müəllim, Şuşa haqqında xatirələrinizdən danışa bilərsinizmi?
– Atam köklü şuşalıdır. Əvvəllər Şuşada bir neçə məhəllələr vardı. Bizim nəslimiz o mərkəzi məhəllələrin birində, Merdinlidə yaşayıblar. Təqribən 1930 - cu illərdə atamın ailəsi Bakıya köçüb. Düzdür, mən Bakıda doğulmuşam, ancaq buna baxmayaraq, hər zaman bayram və dövlət əhəmiyyətli əlamətdar günlərdə atam bizi Şuşaya aparardı. Yay tətillərində də Şuşada yaşayan qohumlarımıza– bibimgilə gedərdik. Atam bizə Şuşanı gəzdirər, oranın hər bir kiçik detalları ilə bizi tanış edərdi. Bilindiyi kimi, Şuşa Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Şuşa Azərbaycanın, eyni zamanda Qafqazın mədəniyyət mərkəzlərindən sayılır. Atam Şuşa şəhərinin tarixi hadisələr ilə bağlı yerlərini, milli-mədəni dəyərlərə malik binalarını, tarixi şəhərsalma ansambıllarını, şəhərin qədim qalıqlarını və s. bizə göstərər, bu haqda ətraflı məlumat verərdi. Azərbaycanın mədəniyyət tacı sayılan Şuşanın milli-mənəvi dəyərlərin beşiyi sayıldığını mən ilk atamdan öyrənmişdim. Yaxşı yadımdadır ki, atam tez- tez Şurasının hərbi- strateji əhəmiyyətə malik qədim şəhər olduğunu da qeyd edərdi. O anlıq xatirələri xatırladıqca, həmin səhnəni gözlərimin önünə gətirdikdə bir daha əmin oluram ki, Şuşa həqiqətən də Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindəndir. İlk dəfə atamdan, daha sonralar isə bir sıra kitab və dövri mətbuatdan tez-tez eşitdiyim bir söz vardır: "Şuşa Azərbaycanın konservatoriyasıdır".
Bu fikir Şuşa üçün çox yerində və olduqca mənalı fikirdir. Şuşa nəinki Azərbaycanın, hətta deyərdim ki, dünyanın musiqi beşiyidir.
Burada hər daşın qədim mənbələrə sahib olduğunun şahidi olursan. Abidələr şəhəri olan Şuşa eyni zamanda gözəl təbiətə və coğrafi mövqeyə malikdir.
Ancaq ən önəmlisi isə Şuşa gözəl, dəyərli, istedadlı şəxsiyyət və insanların var olduğu bölgələrimizdən biridir.
– Bu günlərdə rəşadətli, mübariz ordumuzun döyüş meydanında, möhtərəm Prezidentimiz, Ali baş komandan İlham Əliyevin söz-siyasət meydanında möhtəşəm qələbəsi ilə torpaqlarımız, xüsusilə də Şuşamız düşmən tapdağından azad olundu. Yaxın günlərdə biz hamımız xalq olaraq o torpaqların görüşünə gedəcəyik. Bəs siz– Rəşad müəllim, Şuşaya ilk ayaq basdıqda edəcəyiniz ilk iş nə olacaq?
– Bu günlərdə ard-arda gələn qələbələr bir xalq olaraq hamımızı sevindirdi. Şuşa bu xalqın birmənalı şəkildə qələbəsi, sevinci və qürur yeridir. Hamının illərlə gözlədiyi o məqam gəlib çatmışdır. Biz hamılıqla bu günlərdə o torpaqlara getməyi ən ümdə plan kimi qarşımıza qoymuşuq. Mənim də bununla bağlı bir neçə xəyallarım, planlarım var. Mən Şuşaya ayaq basdığım an, o uşaqlıqda gözümün önündə həkk olub qalan Şurasının bütün küçələrini, tarixi abidələrini, qədim məkanlarını, uşaqlığımın şirin xatirəsinə çevrilmiş məhəllələri bir- bir gəzib uşaqlıq xatirələrimi təzələyəcəyəm. Mən o illər, o anlarım üçün çox darıxmışam. Orada Cıdır Düzü, Xan Bulağı, Bülbülün ev müzeyi, Qarabağ Xan Sarayı, müxtəlif adda tarixi malikanələri, İsa bulağı, Şuşa qalası, Turş Su və s. yerləri gəzərdim. Bilirsiniz, Şuşada Cıdır Düzü deyilən bir yer vardır. Orada bitməyən bitki, açmayan çiçək yoxdur. Orada bitən kəklikotunun ətri hələ də mənim burnumdadır. Şuşanın saf havası mənim hissiyyatıma həkk olunub. Mənim ruhumda bütün bunlar hələ də canlıdır. Bax, o hissiyatları yenidən yaşamaq üçün həyəcan keçirirəm. Bir də mən də bütün şuşalılar kimi Cıdır düzünün yaxınlığında yerləşən qəbristanlığa gedib öz ata- babalarının ziyarət edəcəm. Elə həmin qəbristanlıqda yerləşən Molla Pənah Vaqifin də məqbərəsinə də baş çəkəcəyəm. Ədəbiyyatımızın sönməyən günəşi, Şuşamızın atributlarından birinə çevrilmiş Vaqif türbəsi hər bir azərbaycanlı kimi mənə də əzizdir. Ümumiyyətlə, bizim o torpaqlarda nəinki yaşamağa, tez - tez ziyarət etməyə haqlı səbəblərinin çoxdur.
– Böyük şairimiz Şəhriyarın belə bir misrası var:
... Dur ayağa! Ya azad ol, ya tamam yan,
Azərbaycan!..
Durdu ayağa Azərbaycan! Zalımın top- tüfənginə, göydən yağan bombalara, od-alova qarşı şəhidlərin ruhu ilə silahlandı Azərbaycan. "Millət şərqisi oxuya- oxuya öz haqqına qovuşmaq üçün haqq çarpışmalarına qalxdı Azərbaycan...
Qələbə bizimlədir !!!
Qələbələrimiz haqqında nə deyə bilərsiniz?
– Siyasət dünyasının zirvəsini fəth edən və müstəqil dövlətimizin ay- ulduzlu bayrağını, ulu xalqımın azadlıq məşəlini özü ilə birlikdə bu zirvəyə qaldıran bu qələbə bir ölkə vətəndaşı kimi məni də çox sevindirdi. Qələbə hamımızın qürur mənbəyidir. Ard-arda gələn qələbələr xalqımız üçün gözlənilən idi.
Düşünəndə ki, artıq torpaqlarımız bütövdür, tamdır, bax bundan böyük fəxarət ola bilməz. Torpaq namusumuzdur, milli qürurumuz, and yeri, fəxarət yerimizdir. Əyilməz başımız, deməyə sözümüz, şərəfimiz, ən əsası isə əbədiyyətimizdir.
Şuşa Qarabağın tacıdır və bu gün Azərbaycan o tacına qovuşmağın sevincini yaşayır.
"Şuşa sən azadsan!", "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!". Nə gözəl səslənir bu şüarlar...
Biz bu torpaqları düşməndən xilas etməklə yanaşı, həm də düşmənin siyasətinin, iqtisadiyyatının, ordusunun, rəşadətinin, xalq olaraq mənəvi birliyinin xaosdan başqa bir şey olmadığını, bütün bunların yalnız hakimiyyətin dilində pafoslu sözlər olaraq deyildiyinin bir daha şahidi olduq. Belə deyim, biz torpaqlarımızı, eləcə də Şuşamızı geri almaqla onların sözün həqiqi mənasında bellərini qırdıq. Onurğa sütununu sındırdıq. Düşmən çətin ki, ayağa qalxsın.
– Bilindiyi kimi, Xocalı faciəsi dünyada öz genosidinə görə İkinci Dünya Müharibəsindən sonra, ikinci yerdədir. Yəni Azərbaycan olaraq yaramız bu qədər ağrılı, düşmən bu qədər amansız olmuşdur. Bu haqda nə deyə bilərsiniz?
– Mən bu suala cavabı ümummilli lider Heydər Əliyevin fikirlərini sitat gətirərək başlamaq istərdim. O, demişdir: "Bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırım, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."
O dövrdə vahid ordumuz yox idi, düşmən ölkəmizdəki qarma-qarışıqlıqdan istifadə edərək vətən toraqlarımızı bəzi xarici dairələrin dəstəyi ilə işğal edə bildi. 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə erməni quldurları Xankəndində yerləşən 366-cı moto-atıcı alayı bölmələrinin yardımı və iştirakı ilə Azərbaycanın Xocalı şəhərini məhv etdilər. Xocalıya amansız divan tutuldu.
Heç kimə–qocalara, qadınlara, uşaqlara hətta südəmər körpələrə belə rəhm etmədi erməni terrorçuları. Çox adamı qapıları bağlayıb, öz evlərinin içərisində yandırırdılar. Diri- diri yandırılan insan ətinin dəhşətli iyi hələ də bir xalq olaraq burnunuzdan getməmişdir. Düşünürəm ki, o torpaqlara bu gün dövlətimiz tərəfindən diqqətlə qayğı göstəriləcəkdir. Biz elə şərait yaratmalıyıq ki, bütün dünya xalqları axın- axın Xocalıya gəlsin və bu misilsiz faciənin yaşandığı o torpaqların, dağın- daşın canlı şahidi olsunlar.
– Rəşid müəllim, sizcə qələbəmizin səbəb nə idi. Hansı amillərə görə qələbə bizimlə oldu? Haqlı savaşımızın qalibiyyətlə sonlanmasını nede görürsünüz?
– Mən hesab edirəm ki, bizim qələbəmizin, döyüş meydanında o şücaətin, əsgərlərin göstərdiyi o qəhrəmanlıq və vətən eşqi ilə düşmən qarşısında sərgilədiyi mübarizliyin arxasında Azərbaycan dövlətinin və ölkə başçısının böyük işi durur. Yəni Azərbaycan gənci elə ruhda tərbiyə alır ki, o öz vətəni üçün özünü fəda verməyə hər an hazırdır və bunu da edir. Onun elə cəsarətlə gedib torpaq uğrunda qəhrəmanlıqla ölümə gedib torpaqlarımızı azad etməsinin də kökündə Azərbaycanda düzgün aparılan daxili və xarici siyasət durur. Azərbaycan gəncləri o ruhda böyüməsi üçün Azərbaycan dövlətinin onlarda o ruh yüksəkliyini yaratması bu günün uğurudur.
Azərbaycan ordusu ən müasir texnikaya malikdir və Azərbaycan əsgərinin o texnikadan istifadə etməyi bacarığıdır. Bilirsinizmi, ordumuz müasir texnikanı kifayət qədər istifadə edə bilməsə idi, onun savadı, biliyi kifayət qədər olmasa idi, yəni onlar o texnikadan elə sərrast, mükəmməl şəkildə istifadə edə bilməsələrdi qələbə qazanmaq çox çətin olardı. Bunlar hamısı böyük şərtlərdir. Bunun da arxasında təhsil, tədris, milli vətənpərvərlik ruhunda yetişmək, Azərbaycanın iqtisadi qüvvəsi durur. Hər bir dövlət bunları edə bilmir. Bütün bunlar vəhdət təşkil edərsə, bu yol qələbədən keçər. Bu bizdə uğurla həyata keçirildi.
Qarabağ xalqımızı bir daha birləşdirdi. Şeirdə olduğu kimi:
Torpaq uğrunda ölən varsa, vətəndir...
Bu vətən övladları heç bir bölgə, ərazi ayrımı etmədən hamı bir bədəndə bir qəlbə döndü, yumruğunu eyni yerə vuraraq vətən deyib silaha sarındı. Bu əslində tək Qarabağ deyil vətənimiz uğrunda gedən müharibə idi. Ona görə də, buna vətən müharibəsi deyirik və davamız haqlıdır, haqq uğrundadır.
– Müharibə bütün zamanlarda dünya xalqları arasında birmənalı şəkildə xoşagəlməz hal, arzuolunmaz hadisə kimi qarşılanıb. Müharibə ölüm, itim, faciə, tənəzzül deməkdir. Ancaq bəzən olur ki, müharibə qaçınılmaz və ya haqlı olaraqdan da ola bilər. Bizim haqq savaşımız kimi. Mənfur qonşu artıq bir əsrdir ki, tarixin ayrı-ayrı dönəmlərində bizimlə mübarizə aparmış və havadarlarının dəstəyi ilə müxtəlif illərdə soyqırımlar törətmişlər. Yaxın keçmişdə də onlar torpaqlarımızın 20% - ni işğal etmişlər. Müharibə bəzən ər- kişilik meydanına da çevrilə bilər. Bu dünyanın da qəbul etdiyi bir normadır. Bir ölkənin əks tərəfindən əsgəri, ordusu qırıla, hərbi texnikası məhv edilə bilər. Bütün bunlar müharibənin adiləşdirdiyi haldır. Ancaq bir ölkənin dinc əhalisi- qadını, yaşlısı, uşağı, körpəsi hədəf götürülüb qırılırsa, evləri yağmalanırsa, sərvəti talanırsa, meşələri od vurulub yandırılırsa, dini inancı, təriqəti, etiqadı ayaqlar altına alınırsa, milli-mədəni irsi yox edilirsə, ekologiyası amandızca korlanırsa, bax bu dünyanın heç bir halda qəbul etmədiyi bir haldır. Dünyanın gözündə bu barbarlıq, terrorçuluq, qətliam hesab olunur... Dövlətin aparıcı huquq işçisi kimi bu haqda nə deyə bilərsiniz?
– Bir hüquqşünas kimi deyə bilərəm ki, erməni faşistləri bir sıra beynəlxalq konvensiyaları da kobud surətdə pozmuşlar. Bu ilk növbədə Cenevrə konvensiyasıdır. Bundan sonra ətraf mühitin qorunmasına dair bir sıra beynəlxalq konvensiyaların pozulmasıdır. Maddi- mədəni irsin qorunması haqqında olan konvensiyalarının pozulmasıdır. Buna görə də, Azərbaycan dövləti xüsusi ekspert komissiyaları yaratmışdır ki, bu, ziyanlar hesablanıb və Ermənistandan bunun təzminatı beynəlxalq məhkəmələrdə tələb edilsin.
– Qələbə bizə sevinc, əminlik, özgüvən, mübarizlik ruhumuzun bərpasını, mənəvi dəyərlərimizi, dünya miqyasında tanınmış daxili və xarici siyasətimizin doğruluğunu və ən əsası da millət olaraq birliyimizi, məkan dil, din, milliyyət ayrı olmadan birliyimizi, bütövlüyümüzü bir daha qaytardı. Bütün bunları özümüzə və dünyaya sübut etdi. Bir sozlə, qələbə bizi bir daha böyütdü, bir daha gücləndirdi. Bu haqda nə deyə bilərsiniz?
– Bizim bu möhtəşəm qələbəmiz ədalətin təntənəsidir. Beynəlxalq hüququn qələbəsidir. Faşizm və barbarlıq üzrə qələbədir. Kadrlardan da göstərilir ki, onlar necə barbarlıq ediblər. Faşistlər belə bu dərəcədə dağıntılar vurub, ziyan törətməyiblər.
Meşələri qırmaq, mədəniyyət abidələrini yox etmək, təbii sərvətləri bu qədər talamaq, qədim dini məbədləri kobud şəkildə yağmalamaq, ən əsası bu qədər günahsız insan qətliamı insanlıqdan kənar, sözün əsl mənasında terror aksiyasıdır.
Müsahibəni hazırladı: Aynur Turan
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]