Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

`Vətən Övladı` Arye Quta təqdim olundu

220 Baxış sayı / 06-07-2018 15:29

İyulun 4-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayevin “Jewish life in Azerbaijan” (“Azərbaycanda yəhudilərin həyat tərzi”) adlı kitabının təqdimatı keçirilib.

BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov kitab haqqında məlumat verib. Bildirilib ki, kitabda Azərbaycanda yaşayan yəhudilərin adət-ənənələri, mədəniyyətləri, həyat tərzləri, eləcə də Azərbaycan-İsrail münasibətləri haqqında məqalələr yer alıb.

Kitab ABŞ-ın ən böyük yəhudi qəzetlərindən biri olan və Los-Ancelesdə nəşr olunan “Jewish Journal” qəzetində Milix Yevdayevin dərc edilmiş məqalələrinin toplusundan ibarətdir.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bildirib ki, Azərbaycandakı multikultural mühit beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Azərbaycanın tolerantlığı bir nümunəyə çevrilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın mövcud multikulturalizm və tolerantlıq ənənələrindən danışıb. Qeyd edib ki, bu nəşrdə də milli və dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin ölkəmizdə dinc, yanaşı və sülh şəraitində yaşadığı bildirilir.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və digərləri çıxış edərək yeni nəşrin önəmindən danışıblar. Qeyd olunub ki, kitabda, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, 20 Yanvar faciəsi və Xocalı soyqırımı kimi xalqımızın başına gətirilən dəhşətli faciələr haqqında ətraflı məlumat verilir.

Daha sonra kitabın müəllifi Milix Yevdayev çıxış edərək bildirib ki, Azərbaycandakı bütün xalqların nümayəndələri özlərini yaşadıqları ölkənin layiqli vətəndaşları hesab edirlər. Çünki Azərbaycanda bunun üçün kifayət qədər yaxşı şərait, xoş münasibət var. O, kitabında da bu məsələlərin xüsusi qeyd olunduğunu deyib.

“Dədə Qorqud” Milli Fondunun prezidenti Eldar İsmayılov da toplantıda çıxış edərək, dərc edilən kitabın başqa dillərə, o cümlədən erməni dilinə də tərcümə olunmasını təklif etdikdən sonra Fondun Ağsaqqallar Şurasının təklifi ilə milli özünüdərkin təbliğində fərqlənən, Vətənə, xalqa müstəsna xidmətləri ilə seçilən şəxsləri “Vətən Övladı” qızıl ordeni ilə təltif etdiyini xatırladıb. Fondun İdarə Heyətinin qərarı ilə Arye Qut da bu il həmin mükafata layiq görülüb.

“Dədə Qorqud” Fondunun prezidenti Eldar İsmayılov “Vətən övladı” qızıl ordenini Arye Quta təqdim edib.



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru