Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Özündən sonra işıqlı xatirə qoyan insan

135 Baxış sayı / 03-10-2018 23:15

Elza Mollayeva

Bakı Dövlət Universitetinin dosenti


İnsan hələ də elmin tam tədqiq və öyrənə bilmədiyi, kainatın ən sirli, möcüzəli varlığıdır. Bəşəriyyətin inkişafında insan amili bütün dövrlərdə digər amilləri kölgədə qoymaqla öz dominantlığını saxlaya bilmişdir. İnsan və zaman...Bu iki məfhum arasındakı bağlılıq və ondan alınan nəticə məhz insanın yaşadığı ömür adlı zaman kəsiyindəki fəaliyyətindən, necə yaşamasından, yaxşı ya da pis əməl sahibi olmasından asılıdır. Elə insanlar var ki, zaman onların fiziki yoxluğuna rəğmən mənəvi mövcudluğuna təsir edə bilmir. Belə insanların həyata gəlişi, onların böyük missiyanı yerinə yetirməsi bəlkə də fəlsəfi qanunauyğunluqdur. Amma mənə elə gəlir ki, cəmiyyətə lazımlı olan insanların gəlişi böyük Tanrının öz yazısıdır.  

 XX əsrin sonu-XXI əsrin əvvəllərində ömrünü xalqının yolunda şam kimi əridən, sözün həqiqi mənasında böyük alim, gözəl ziyalı Zahid Qaralov belə insanlardandır. Bəşəri dəyərləri həyat kredosu kimi qəbul edən, cəmiyyətə faydalı olmağı həyat meyarına çevirən Zahid Qaralovun ümumi həyat fəlsəfəsini, fəaliyyətini bir rakursdan qiymətləndirmək düzgün olmazdı. İnsanın mövcudluğunun əxlaqı-ictimai qiyməti bütün parametrlərdə verildikdə onun haqqında tam təsəvvür yarana bilər. Çünki xalq, dövlət və cəmiyyət üçün yaşayıb-yaradan insanların təfəkkürünün səciyyəsini bir rakursda vermək onun digər xüsusiyyətlərinə ən azından ədalətsizlik olardı.

 Bu yazımda mən böyük alimi, özünü həqiqi mənada Vətən daşı hesab edən yurddaş, Azərbaycanın analoqu olmayan gözəl ailə dəyərlərini həmişə uca tutan ailə başçısı və ömrünün yarım əsrini elmin inkişafına həsr etmiş nadir ziyalı kimi tədqim etmək istəyirəm. 

 Zahid Qaralov kimi qlobal miqyaslı bir şəxsiyyət haqqında yazmaq mənim üçün ikiqat məsuliyyətli və şərəflidir. Çünki mən bu böyük şəxsiyyəti həm Azərbaycan elmində və ictimai fikrində öz sözünü demiş insan kimi, həm də Borcalıya mənəvi köklərlə bağlı həmyerlim kimi xarakterizə etməliyəm. 

 Z.Qaralov 1934-cü il, iyulun 10-da Gürcüstan Respublikasının Dmanisi rayonunun Ormeşən kəndində Molla İbrahim Qarallının ailəsində dünyaya göz açmışdır. Türkiyədə yüksək dini təhsil almış İbrahim Qarallı mollalıq etməyib və ona bu adı Borçalıda yüksək hörmətə və nüfuza malik olduğu üçün vermişlər. 

15 yaşında orta təhsilini Qızılkilsə kəndində başa vuran gənc Z.Qaralov iqtisadi çətinliklər səbəbindən iki il kolxozda işləməli olmuşdur. 1952-56-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun(indiki ADPU –nun) fizika –riyaziyyat fakültəsində təhsil alıb. Ali təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Gürcüstana qayıdıb və Ormeşən yeddiillik məktəbinə direktor təyin edilib. İşlədiyi müddət ərzində pedaqoji fəallığı və təşkilatçılıq qabiliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib, “Əmək rəşadətinə görə” medalı ilə təltif edilib və Gürcüstan Respublikası müəllimlərinin I qurultayına nümayəndə seçilib.

 İctimai həyatın qaynar ritmini sevən Z.Qaralovu sonda qəlbinin səsi və elmə olan güclü marağı 1961-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun əyani aspiranturasına gətirdi. Bu mərhələ onun həyat yolunu birdəfəlik müəyyən etdi və onu şərəfli ömür yolunda yüksək elmi və ictimai mərtəbələrə yüksəltdi. Özünü müqəddəs peşəyə, müəllimliyə həsr etmiş Zahid müəllim bu peşədə ən yüksək zirvələrə çatmış, onun elmi-pedaqoji düşüncələri, ideyaları təkcə Azərbaycanda yox, daha qlobal miqyasda maarifçilərin diqqətini cəlb etmişdir. Z.Qaralovun uzun illər rəhbərlik etdiyi Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu Azərbaycan maarifinin, elminin, mədəniyyətinin inkişafının qərargahı, istinadgahı olmuşdur. 

 Z, Qaralovun ictimai-siyasi fəaliyyətində, real hadisələrə əsil vətəndaş mövqeyindən yanaşmasında, siyasi qarşıdurmanın xaosunda düzgün, ədalətli istiqamət seçimində onun Ümummilli lider Heydər Əliyev məktəbinin yetirməsi olması amili çox böyük rol oynadı. Bu məktəbin müvəffəq tələbəsi olmaq, 91-lərin tərkibində yeni Azərbaycanın siyasi nüfuzunun formalaşmasında fəal iştirakı Zahid müəllimi öz vətənini hər şeydən çox sevən, ictimai maraqları fərdi maraqlardan hər zaman üstün tutan vətəndaş kimi səciyyələndirir. Onun 65 illik yubileyi ərəfəsində ümummilli liderimiz Heydər Əliyevin telefonla təbrik zamanı dediyi işıqlı sözləri ziyalı vətəndaşa ölkə başçısının verdiyi qiyməti gözəl ifadə edir: “ Zahid, ad günün münasibətilə səni təbrik edirəm, bütün ailə üzvlərinizi təbrik edirəm. 

 Mən Naxçıvanda olarkən yanıma gəlməyini, bir sıra məsələlər barəsində söhbət aparmağımızı yaxşı xatırlayıram. O zaman-1992-ci ildə mənimlə əlaqədar mətbuatda çıxan yazıların da yaxşı xatirimdədir. Mən bunları yüksək qiymətləndirirəm. Müxtəlif sahələrdə səmərəli əməyin var. 

 Biz həmişə bir yerdə olmuşuq. Bu gün də bir yerdəyik, gələcəkdə də bir yerdə olacağıq. Görüləcək işlərimiz çoxdur”. 

 Böyük şəxsiyyətin ona verdiyi yüksək dəyəri sonralar Z.Qaralov millət vəkili olarkən, Milli Məclisin Yerli Özünüidarə Məsələləri Daimi Komissiyasının sədri vəzifələrində, istərsə də Yeni Azərbaycan Partiyasının Siyasi Şurasında çalışarkən öz gərgin əməyi və prinsipiallığı ilə doğrultdu. Onun vətəndaşlıq məfkurəsində vətənə, dövlətə, dövlətçilik ənənələrinə sədaqət əsas prioritetlər olmuşdur. Azərbaycan sevgisi ilə ulu Borçalı sevgisini qəlbində sevgi məbədi kimi yaşadan nurlu ziyalı üçün bu iki müqqədəs məkan dünyanın mərkəzi idi. Zahid Qaralovun milli kökə, soya, genetik türk məfkürəsinə dərin bağlılığı onu Azərbaycan miqyasından çıxarıb ümumtürk vətəndaşı zirvəsinə yüksəldirdi. Bütün məqamlarda milli maraqları fərdi maraqlardan üstün tutmaq- Z.Qaralov şəxsiyyətinin spesifiklik zirvəsi məncə bu idi. Sadaladığımız bu insani keyfiyyətlər onu əsil vətəndaş kimi səciyyələndirir.

 65 illik yubileyi ərəfəsində Zahid müəllimin “ 65 ili necə yaşamışam?” adlı yazısının mənə təsirini ifadə etmək çətindir. Şərəflə keçilmiş 65 ilin hesabatını bu kiçik yazıda verən ziyalı insan, sanki öz ömür yolunu fəlsəfi-əxlaqi cəhətdən təhlil edir, nəticələr çıxarır: “Dünyaya göz açandan hiss etdim ki, Tanrım mənə hər şey: bol nemət, ağıl və inam bəxş edib.

 Məndə sual yarandı: mən kiməm, hardan və nə üçün gəlmişəm, indi haradayam, hara getməliyəm? Borcum nədir? Cəmiyyətdə yerim haradadır? “.

 Fərdi və milli özünüdərkin üzvi sintezini verən bu sətirlər Z.Qaralovu bizə həm də böyük filosof kimi tanıdır. Oradakı bəşəri fikirlər bir insanın fərdi həyatının qayəsini özündə əks etdirməklə bərabər, “necə insan və vətəndaş olmaq?” sualına tam mənasında cavab verir: “ Zamanın geriyə dönməzliyi və sonsuzluğu qanunu və insan ömrünün bu sonsuzluğun çox məhdud bir hissəsi olduğunu nəzərə alaraq, ömrümün bircə saniyəsini də səmərəsiz işə, şəxsi zövqümüzün tələblərini ödəməyə həsr etməmişəm”. Bununla Zahid müəllim insanların yadına ömrün nə qədər qısa olduğunu və bu zaman kəsiyində hər bir dəqiqənin, saniyənin qədrini bilməyi salır. Bu yazıda hər bir ziyalı özü üçün örnək ola biləcək ideyalardan bəhrələnə bilər.

 Əxlaqi-etik baxımdan hər bir insan haqqında ictimai rəy yaradan əsas amillərdən biri də onun ailəsidir. Ailə azərbaycanlı məfkurəsində ən müqəddəs, ən dəyərli məfhumdur. Bu gün qloballaşan dünyamızda azərbaycan ailəsi də mənəvi aşınmadan, bizə yad olan davranış xüsusiyyətlərinin mental düşüncəmizə təcavüzündən əziyyət çəkir. Bizim üçün son istinadgahımız olan ailə institutunun qorunub saxlanması və oradakı ailədaxili münasibətləri gələcək nəsillərə ötürmək üçün bizə örnək ola biləçək ailələrin mənəvi dünyasından bəhrələnməliyik. Zahid Qaralovun ailəsi də məhz belə ailələrdəndir. Bu ailənin ədəb-ərkan, sevgi, hörmət, vəfa, sədaqət hisslərilə assosiasiya edilmiş ailədaxili münasibətlərindəki dəqiqlik onu yaxından tanıyanları heyran edirdi. Ailə dəyərləri haqqında Zahid müəllimin öz fəlsəfəsi var idi və bu fəlsəfə hər bir azərbaycan ailəsi üçün “əxlaq kodeksi” rolunu oynaya bilər: “ Cəmiyyətin ilkin müstəqil qurumu ailədir. Sağlam ailə yalnız sağlam qarşılıqlı münasibətlər əsasında bərqərar olur. Bu məsələni nəzəri cəhətdən mükəmməl bildiyimə görə onu əməli həyatımda da sınadım.Halal süd əmmiş Sultanə xanımla qarşılıqlı sevgi əsasında qurduğum ailənin düz 40 illik şərəfli tarixi bunun sübutudur. 40 ildə ailədə söyüş, dava-dalaş olmayıb. Həmişə mehriban münasibət, əmin-amanlıq hökm sürüb. “Evin kişisiyəm” deyib heç vaxt səsimi ucaltmamışam, nə xanımıma, nə də balalarıma bir dəfə də əl qaldırmamışam. Bütün çətinlikləri aradan qaldırmışıq.

 ...Onu da qeyd edim ki, mənim də, Sultanə xanımın da doğulub böyüdüyü ailələri belə görmüşəm”. Ailələr arasındakı varislik əlaqələri, hər iki ailədən irsi keçmiş kübarlıq...Atalardan övladlara keçən ailə dəyərlərinə böyük hörmət.. Qaralovlar ailəsinin tərbiyə sistemi bu varislik üzərində qurulmuşdu. Zahid müəllim anasının bu sözlərini ömrünün sonuna qədər unutmadı: “ Anamın bu müdrik sözləri bu gün də qulağımda səslənirdi: “ haram tikə yesəniz südümü sizə halal eləmərəm! Atanız sizi halal, zəhmətkeş, ziyalı görmək istəyirdi””.

 Qaralovlar nəslində sonradan qurulmuş neçə-neçə ailəyə Zahid müəllimin ailəsi örnək oldu, bu ailənin əxlaqi-pedaqoji təcrübəsindən neçə gənc oğlan və qız bəhrələndi.

 Zahid Qaralovun sosial statuslarının içərisində mənə daha yaxın olanı onun müəllim, pedaqoq statusudur. Uzun illər Azərbaycan pedaqogikasının ön sıralarında getmiş, onun inkişafına töhfələr vermiş, öz məktəbini yaratmış insan, adı böyük hərflərlə yazılan MÜƏLLİMDİR! Bu ad bütün titulların, adların fövqündə dayanır və bu uca adı zirvələrə qaldıran insanlar onu tanıyanların yaddaşında da məhz müəllim kimi qalırlar. Mən Zahid müəllimi dar mənada “müəllim” adlandırmaq istəməzdim. O müəyyən elmi istiqaməti öyrədən yox, həyatın bütün çalarlarını, həqiqətlərini insanlara olduğu kimi çatdıran, fizika qanunlarını həyat qanunları ilə sintez edən, elmi həyata, həyatı elmə inteqrasiya edən dahi pedaqoq idi. 

 Z.Qaralovun “Tərbiyə” adlı trilogiyasını oxuyanda onun dərin zəkasına, fəlsəfi düşüncələrinə heyran oluruq. Əsərdəki elmi dərinlik, zənginlik üzün illərin, şərəflə yaşanmış ömrün nəzəriyyəsinin təcrübəyə tətbiqindən doğan nəticəni özündə ehtiva edir. Belə mükəmməl əsəri ancaq mükəmməl daxili aləmə, əxlaqa malik insan yaza bilərdi, əsil ziyalı yaza bilərdi. Onun əsərləri bir ölkə hüdudlarına sığan ideyaları yox, bəşəri ideyaları təlqin edir. Bu əsərlərin ərsəyə gəlməsində alimin şəxsi müşahidələri, səyahətləri, hadisələrə tənqidi münasibəti əhəmiyyətli rol oynamışdır. Bu haqda özü belə yazırdı: “ Azərbaycan xalqının elm, mədəniyyət, maarif, istehsal münasibətləri tarixində nə varsa hamısını öyrənməyə çalışmışam, onları getdikcə qloballaşan dünyamızın müxtəlif ölkələrinin mənəviyyat zənginlikləri ilə müqayisə etmişəm. Üstünlüklərimizi yaxşı qiymətləndirmişəm, çatışmazlıqların üzərində dərindən düşünmüşəm və təkliflər vermişəm”.

 Zahid müəllim, sözün həqiqi mənasında ziyalı, nurlu insan idi və bu nurdan onun yetirmələrinə də pay düşürdü. “Ziyalı qıtlığı” problemi ilə üzləşdiyimiz müasir dövrdə az qala əlimizə böyük mütəfəkkir Sokrat kimi çıraq alıb günün günorta çağı ziyalı axtarışına çıxırıq. Ancaq nə yaxşı ki, Z.Qaralov və onun kimi kimi ziyalılarımızın işığı ilə nurlanmış elm adamlarımız var. 

 Biz bəzən zaman anlayışını mütləq bir qüvvə kimi qəbul edir və ona alternativ müqavimət tapa bilmirik. Amma zamanın da gücü çatmayan məqamlar və şeylər var ki, onların mövcudluğu fəlsəfi qanunauyğunluqların özünün də bəzən əbədilik sərhədini pozur. Zaman insan haqqındakı xoş xatirələri poza bilmir, illər keçdikdcə ona daha dəqiq dəyər verməyə başlayırıq və bu qiymətləndirmədəki dəqiqlik özümüzü də mat qoyur. Z.Qaralov şəxsiyyəti, onun geniş diapozonlu fəaliyyəti hələ çox illər insanların, onu tanıyanların xatirəsində işıqlı izi ilə qalacaq və yaşayacaq! 

P.S. Hörmətli oxucular, “Dədə Qorqud” fondu və “Azərbaycan dünyası” jurnalı tanınmış mütəfəkkir alim, çağdaş Azərbaycan elmində öz dəsti-xəttini, məktəbini yaratmış Zahid Qaralovla bağlı xüsusi buraxılış hazırlayır. Bu məqalənin xüsusi sayda da buraxılması jurnalın redaktoru Eldar İsmayılov tərəfindən məqsədəuyğun sayılmışdır.



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru