`Azərbaycan Dünyası` Beynəlxalq dərgisinin layihəsi. 20 yanvar hadisələri Azərbaycanın qan yaddaşı olaraq tariximizdə silinməz izlər qoymuşdur.

“Rus millətindən olan keçmiş sovet rəhbərləri dindirilmələrdə Vəzirovdan daha səmimi danışırdılar”
Müsahibimiz Ədliyyə Nazirliyi İstintaq idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Nazim Abbasov
-
Siz 20 yanvar faciəsi ilə bağlı Baş Prokurorluğun yaratdığı istintaq qrupunun tərkibində hadisənin günahkarlarının axtarıb tapılması üçün işləmisiniz. Artıq bu faciədən 22 il keçir. Hansı qənaətlərə gəlmisiniz?
-
20 yanvar hadisələri bizim yaxın tariximizdir və bizim nəsil bu faciənin canlı şahidi olub.O zamanki proseslər: Sovet qoşunlarının Bakıya yeridilməsi, bunun qanlı nəticələri və sairə bizim gözümüzün qarşısında baş vermişdir. Biz bunları bilirik. Ancaq yeni nəsil, cavanlar, eyni zamanda gələcək nəsillər tariximizin bu qara səhifəsini, baş vermiş hadisələri bizim məlumatlarımızdan, tapılan sənədlərdən, kitablardan, dərsliklərdən biləcəklər. Ona görə çox vacibdir ki, biz bu hadisələrə düzgün qiymət verməklə, eyni zamanda bütün bunları sənədləşdirməklə gələcək nəsillərə çatdıra bilək.
Bu baxımdan 20 yanvar hadisələrinə 1994-cü ildə Azərbaycanda gərgin, mürəkkəb bir vəziyyət şəraitində Azərbaycana ikinci dəfə rəhbərlik edən Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə, o zamankı Ali Sovetin açıq iclaslarında tam şəffaf şəkildə geniş müzakirələr aparılması və nəticə etibarilə hadisələrə ilk dəfə obyektiv siyasi-hüquqi qiymət verilməsi, bununla bağlı konkret sənədin, 29.03.1994-cü il tarixli Milli Məclisin qərarının qəbul edilməsi, həmin sənəddə konkret şəxslərin adlarının çəkilməsi, onların əməllərinə qiymət verilməsi şübhəsiz çox böyük əhəmiyyətə malikdir. Bu tarixi bir sənəddir. Bu sənəddə 20 yanvar faciəsinin günhakarlarının konkret adları çəkildi və hər birinin iştirak dərəcəsi müəyyənləşdirildi.
Ondan sonrakı dövrlərdə, hadisələrə siyasi-hüquqi qiymət veriləndən sonrakı dövrdə də həmin hadisələr nəticəsində şəhid olmuş soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi, hər il Şəhidlər xiyabanına minlərlə insanın ziyarəti bu hadisələrin həqiqətən də tariximizin şanlı qəhrəmanlıq salnaməsikimi Azərbaycan xalqının yaddaşında əbədi həkk edilib.
O ki qaldı sualınızın istintaqla bağlı hissəsinə, Milli Məclisin 29.03.1994-cü il tarixli qərarında göstərildiyi kimi, bu hadisələr Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz, hərbi cinayət idi. Baş verən bu cinayət hadisəsi üzrə istintaq aparılması, təsdiqedici sənədlərin, sübutların toplanması üçün dediyiniz o istintaq qrupu yaradılmışdır. Doğrudur, 90-cı illərin lap əvvəllərində də, faciədən dərhal sonra o vaxtkı Sovetlər İttifaqının prokurorluğunda da cinayət işi başlanılmış, istintaq aparılmışdır. Lakin, həmin istintaq baş verən hadisələrin yalnız fiksasiyası ilə məşğul olmuşdur: yəni, nə baş verib, kimlərə və nə qədər ziyan dəyib və s. İstintaqın əsas vəzifəsi həm də ondan ibarətdir ki, bir cinayətin səbəbini, təşkilatçılarını, birbaşa və dolayısı ilə iştirakçılarını müəyyən edərək, onların məsuliyyətə cəlb edilməsinə çalışsın. Elə bu səbəbdən də Baş Prokurorun sabiq müavini Rüstəm Usubovun rəhbərliyi ilə yuxarıda sözügedən qrup yaradılmışdı. Biz də həin qrupun çoxsaylı üzvlərindən biri idik.
-
İstintaqın işinə həm ölkə daxilindən, həm də ölkə xaricindən hansı maneələr olurdu? İstintaq harada gedirdi? Orada KQB izi vardımı? Bu barədə bir az geniş məlumat verməyinizi xahiş edərdik.
-
İstintaqa sözsüz ki, maneələr var idi. Xüsusilə, 90-cı illərin əvvəllərində ölkə daxilində bu maneələr daha güclü idi. Ali Sovetin 1994-cü il qərarında göstərildiyi kimi, Azərbaycanın o zamankı rəhbərliyi həm faciənin təşkilatçılığında, həm də reallaşmasında mühüm rol oynamışdılar. Qərarda respublikanın o zamani rəhbər işçilər- Vəzirov, Mütəllibov, Polyaniçko kimi adamlar həmin cinayətin iştirakçıları və təşkilatçıları kimi qeyd edilmişdilər. Onlarla yanaşı SSRİ-nin rəhbəri Mixail Qorbaçov və əlaltıları da qərarda həmin cinayətin iştirakçıları və təşkilatçıları kimi qeyd edilmişdilər. Sözsüz ki, onların hakimiyyətdə olduğu dövrdə belə maneə və təzyiqlərin olması təbii idi. Amma, dediyim kimi, Heydər Əliyev hakimiyyətə qayıdandan sonra, gərgin vəziyyətə baxmayaraq, 29 mart, 1994-cü ildə məsələyə doğru-dürüst siyasi qiymət verildi.
İstintaq müəyyən etmişdi ki, 1988-ci ildən başlayan hadisələrlə bağlı, Ermənistanın azərbaycanlı əhalisinin qovulması, sonra eyni ssenarinin Qarabağda təkrarlanması, Moskva rəhbərliyinin baş verənlərə birtərəfli, qərəzli mövqeyi, bütün Azərbaycanın, xüsusi ilə Bakıda yaşayan əhalinin çox ciddi etirazına səbəb olmuşdu. Etiraz geniş xalq kütlələrinin meydana axışması ilə nəticələndi və xalq öz etiraz səsini ucaltmağa başladı. Məhz bu hərəkat bir müddət sonra artıq müstəqillik uğrunda hərəkata çevrildi.
-
Bildiyimizə görə, istintaq qrupunun tərkibində Siz həm Azərbaycanda, həm də Rusiyada araşdırmalarda iştirak etmisiniz. Azərbaycandakı rəhbərliklə bağlı mövqeyinizi bildirdiniz, bəs Rusiyada kimlərin dindirilməsində iştirak etmisiniz? Maraq kəsb edən əhəmiyyətli faktlar aşkara çıxara bildinizmi?
-
Mərkəz bu qanlı təcavüzə, işğala xalqın müstəqilik uğrunda mübarizə əzmini qırmaq üçün getmişdi. İstintaqla müəyyən olunmuşdur ki, məhz buna cavab olaraq keçmiş SSRİ rəhbərliyi SSRİ Konstitusiyasının 119-cu və Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddələrinin tələblərinin kobud şəkildə pozaraq, bu işğala qol qoymuşdu. Respublika Ali Sovetinin razılığı olmadan hər hansı bir ərazidə fövqəladə vəziyyətin tətbiq edilməsi qaydalarına tamamilə zidd olaraq, əvvəlcədən bu barədə əhaliyə xəbərdarlıq etmədən, əksinə onların məlumatlanmasının qarşısını almaq məqsədilə telestudiyanın enerji blokunun 19 yanvar axşam saat 19:30 radələrində partladılması təşkil edilmişdi. Bakı şəhərində kifayət qədər daxili qoşunların və sovet ordusunun hərbi hissələrinin kontingenti dislokasiya olunduğu halda sovet ordusu hissələrinin xüsusi təyinatlı dəstələrinin, daxili qoşunlarının əlavə olaraq iri kontingentinin iştirakı ilə və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbiçilərini cəlb etməklə yanvarın 20-nə keçən gecə şəhərimizdə hərbi təcavüz həyata keçirməklə, dinc əhaliyə divan tutulmuşdur. Müəyyən küçələrdə barrikadalar qurulsa da, o zaman əhalidə silah olmayıb və Sovet qoşunları dinc əhaliyə divan tutmuşdular. Əsgərlərin yaxın məsafədən insanları öldürməsi, köməyə gələn təcili tibbi yardım avtomobillərinin gülləbaran edilməsi, qurulmuş barrikadalardan kənarda olan dinc sakinlərin belə vəhşicəsinə öldürülməsi, baş vermiş cinayətin əvvəlcədən planlaşdırılması və ədalətsizliyə qarşı səsini ucaltmış dinc əhaliyə divan tutulması, mənəvi cəhətdən sındırılması məqsədilə törədilməsini sübut edirdi və təşkilatçıların məkrli niyyətlərindən bir daha xəbər verirdi. İstintaq bütün bu deyilənləri sübuta yetirmişdi. Həm də onu sübuta yetirdik ki, Moskvanın dediyi kimi, guya həmin vaxt Bakıda mərkəzi dövlətçiliyə təhlükə olması, ən azı çevriliş gözlənilməsi barədə iddiaları kökündən ağ yalan idi. Belə qəddar addıma heç bir ehtiyac yox idi.
O vaxt istintaqla əlaqəli biz Moskvaya yollandıq və çox dəyərli sübutlar toplaya bildik. Qeyd etməliyəm ki, istintaq qrupu tərkibində Bakıda da fəaliyyət göstərərkən, mənə keçmiş Azərbaycan DTK-nin müəyyən sənədləri ilə işləmək tapşırıldığından Moskvadakı aşkar edilən sənədlərlə işləməyə əlverişli imkan yaranmışdır.
Aşkar etdiyimiz sənədlər (telefonoqramlar, şifroqramlar, eyni zamanda SSRİ rəhbərliyinə Azərbaycan rəhbərliyindən göndərilmiş şifrqoramlar və s) bir daha bu əməliyyatın əvvəlcədən planlaşdırılmış qaydada hazırlanmasını (Şimali Qafqazın Stavropol, Krasnodar, Rostov vilayətlərindənehtiyatda olan hərbiçilərin toplanılması haqda teleqram göstərişlər, səhiyyə və digər qurumlara hazırlıq siqnalları və s.) sübut edir, mərkəzin guya qoşunların Bakıya yeridilməsi qərarının qəfildən Respublikada yaranmış çıxılmaz fövqəladə vəziyyətlə əlaqədar verildiyini tamamilə təkzib edirdi.
-
Bəs keçmiş SSRİ rəhbərliyindən kimləri dindirə bildiniz?
-
Bakının işğalı qərarının guya ki, hansısa fövqəladə çıxılmaz vəziyyətlə bağlı verilməsi qərarının həqiqətə uyğun olmadığını istintaq zamanı dindirilmiş o dövrdə Mərkəzi Komitə və digər qurumlarda rəhbər vəzifələrdə işləmiş şəxslər də - Qirenko, Mixaylov, Rıjkov və digərləri öz ifadələrində təsdiq etdilər.
O vaxt respublikanın rəhbəri olmuş və hadisədən dərhal sonra Azərbaycandan qaçmış Əbdürrəhman Vəzirovu da böyük çətinliklə olsa da Azərbaycanın səlahiyyətli nümayəndəliyində geniş, ətraflı dindirə bilmişdik.
Necə ki, Azərbaycana rəhbərlik etdiyi dövrdə qeyri-ciddi davranışı və çıxışları ilə yadda qalmışdı, eləcə də dindirilmə zamanı eyni özünə məxsus tərzdə ciddilikdən uzaq ifadələr verirdi. Əsas mahiyyəti əks etdirən suallara “yadımda deyil” cavabını verirdi.
-
Qəbul edirdimi ki, bu faciədə onun da günahı var?
-
Yenə də deyirəm, özünü çox qəribə aparır, əsas mövzudan yayınır, “yadımda deyil”, “o zaman vəziyyətim yaxşı deyildi”, “heç bilmədim” tipli qeyri-müəyyən cavablar verirdi. Qeyd edim ki, ondan fərqli olaraq, rus millətindən olan keçmiş sovet rəhbərləri dindirilmələrdə daha səmimi idilər. Onlar Bakı şəhərinə ordu hissələrinin bu şəkildə, yəni əhaliyə xəbərdarlıq edilmədən, vəhşicəsinə yeridilməsi qərarını qanunsuz və əsassız hesab edərək bu qərarın təşkilatçısının adını da gizlətmirdilər.
-
Bəs onlar bu ədalətsiz qərara niyə qarşı çıxmadıqlarını izah edə bildilərmi?
-
Xeyr. Onlar deyirdilər ki, bu qərardan xəbərsiz olublar, qərarı bir nəfər qəbul edib. Ola bilər ki, belə də olsun. O zaman Qorbaçovun qərarının icrasına Müdafiə Naziri Yazov və DİN rəhbəri Bokatin rəhbərlik edirdilər.
-
Bəs bu cinayətin əsas günahkarı olan Mixail Qorbaçovu dindirə bildinizmi?
-
Təəssüf ki, dindirə bilmədik. Bu görüşə çox yaxşı hazırlaşmışdıq, amma... O zaman Azərbaycan və Rusiya prokurorluq orqanları arasında bağlanmış sazişə görə, Rusiya ərazisində istintaq hərəkətlərini onların prokurorluğunun əməkdaşları həyata keçirirdi. Biz də həmin prosesdə iştirakçı kimi ola bilərdik. Sazişə əsasən də, bizimlə işləmək üçün Rusiya prokurorluğunun ümumi işlər üzrə müstəntiqi Mixail Laloçkin ayrıldı. O, çox vicdanla işlədi və bizə çox kömək etdi. Biz Qorbaçovu Azərbaycan nümayəndəliyinə dəvət edərək, dindirmək qərarına gəldik. Laloçkin Qorbaçova bizim yanımızda zəng etdi. Ona xatırlatdı ki, ifadə verməkdən boyun qaçırdığına, istintaqdan yayınmağa görə Rusiya Federasiyası Cinayət-prosesual Məcəlləsi ilə cavabdehlik daşıyır. Təəssüf ki, dəstəyin o biri tərəfindən cavab gəldi ki, “mən o proseslərdə iştirak etmirəm”, “istintaq qrupuna danışacağım bir söz yoxdur” və sair. Yəni, yalan danışdı, istintaqdan yayındı. Hətta bizi şərləməyə də cəhd etdi. Keçmiş əlaqələrindən istifadə edərək, belə bir məsələ qaldırdı ki, guya biz Moskvada qanunsuz istintaq hərəkətləri aparmışıq. Sözsüz ki, bu deyilənlər həqiqətə uyğun deyildi, amma onun dedikləri ilə bağlı bizi Rusiya Baş Prokurorluğuna çağırdılar və xəbərdarlıq etdilər ki, tez bir zamanda ölkəni tərk etməliyik.
Bir məqamı da qeyd etmək istəyirəm: biz orada istintaq üçün mühüm əhəmiyyət kəsb edən sənədlərin götürülməsinə nail olduq. Keçmiş Kommunist Partiyasının arxivində işləmək üçün icazə almışdıq. Xoşbəxtlikdən bizi prosesdən kənarlaşdırana qədər müəyyən vacib sənədlərin surətlərini çıxara bildik ki, indi də həmin sənədlər cinayət işinin vacib tərkib hissəsi kimi qalır. Bakıda Moskvaya Vəzirov və Mütəllibovun imzası ilə göndərilən şifroqramlar, Bakıya əlavə qoşun kontingentinin dəvət olunması barədə şifroqrammlar, əvvəlcədən xəstəxanaların boşaldılması ilə bağlı sənədlər və sairləri götürə bildik. Əldə etdiyimiz sənədlər onu sübut edirdi ki, baş verən işğal əvvəlcədən planlaşdırılan, hazırlanan bir qanlı əməliyyat idi. Amma xalqın mübarizə əzmini, müstəqilik istəyini qıra bilmədilər.
-
İstintaq qrupunun üzvü kimi yox, həm də bir vətəndaş kimi deyə bilərsinizmi: Qorbaçov bizdən nəyin heyfini aldı?
-
Yaxşı sualdır. Sualın cavabı bir çox aspektlərlə bağlıdır. Bu təkcə Qorbaçovla deyil, həm də ümumən o zamankı sovet hakimiyyətinin yeritdiyi siyasətlə bağlıdır. Bəli, bu adam millətimizdən sanki qisas alırdı, ancaq məlum deyil nəyə görə. Axı azərbaycanlılardan ona bir pislik gəlməmişdi. Bəlkə də bizim Ulu Öndərimizə qarşı vaxtilə olan məkrli xisləti, qısqanclığı da burada öz sözünü dedi, ətrafına toplaşan erməni lobbisinin nümayəndələri də öz rollarını oynadılar... Bəli, o vaxt onu dindirmək bizə nəsib olmadı, məsuliyyətdən yayına bildi. Ancaq tarix özü ən yaxşı hakimdir. Qorbaçovu öz xalqı mühakimə etdi, satqın damğası vurdu. Azərbaycan xalqı isə sınmadı: Heydər Əliyevin başçılığı ilə müstəqil dövlətini qurdu və bu gün də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, xüsusilə 44 günlük müharibədəki tarixi zəfərimizdən sonra güclü dövlət quruculuğu yolunda əzmlə irəliləməkdədir.
Fürsətdən istifadə edib, bütün şəhidlərmizə Allahdan rəhmət, onların yaxınlarına səbr diləyir, xalqımıza isə daim mətin olmağı, öz yolundan dönməməyi arzu edirəm.
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]