Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Azərbaycanı sevən vətən övladı

60987 Baxış sayı / 18-07-2018 23:09

Şahvələd Məmmədov ixtisasca peşəkar rəssam və memardır. O, uzun illərdir müasir Azərbaycan təsviri sənətinin dünyada tanıdılması istiqamətində təmənnasız olaraq bir çox layihələrə imza atıb. Rəssam kimi onun fırçasından çıxmış bir çox sənət əsərləri milli rəssamlıq məktəbimizin dəyərli örnəkləri hesab olunur. Şahvələd müəllim həm də bir memar kimi özünə məxsus üslublarda müasir tikililərin müəllifi kimi çox yaxşı tanınır. O, özünün sənət aləmi ilə yanaşı, çox sayda layihələrə uğurlu imza atıb. Yaratmaq və sənətin dili ilə duyumlarını ifadə etmək sanki onun həyatının mənasıdır. Çox maraqlı bir şəxsiyyət kimi tanınan Şahvələd müəllimlə görüşüb, sənət və həyat yolunda əldə etdiyi uğurlarla bağlı söhbət etdik.

“Azərbaycan Dünyası”: Siz rəssam, memar və kolleksiyasçı kimi peşəkar aləmdə çox yaxşı tanınırsınız. İllər boyu çəkdiyiniz bu əzablı işlər sizi yormur ki?

Şahvələd Məmmədov: Əsla. Bütün bunlar mənim həyatımızın ayrılmaz bir parçasıdır. Mən ölkəmizin zəngin təbiətindən və onun bənzərsiz mənzələrindən heç zaman doymadım. Əksinə, onlar mənim ruhumun bir parçasıdır. Demək olar ki, rəssamlar, memarlar və digər peşəkar sənət aləmində çox dostlarım var. Hara gedirəmsə, hər şeyə sənətin gözü ilə baxıram. Bu artıq məndə bir vərdiş halını alıb.

 

 “Azərbaycan Dünyası”: Bəs bütün bunlara maraq sizdə necə oldu ki, yarandı? 

ŞAHVƏLƏD MƏMMƏDOV: Ağdaş rayonunda ziyalı ailəsində dünyaya gəlmişəm. Üşaq vaxtı ailəmizlə birlikdə Bakıya köçdük. Elə o vaxtdan şahmat, rəsm və idman dərnəklərinə gedirdim. Demək olar ki, uşaqlıq çağımın necə ötdüyü yaddaşımda bir yuxu kimi qalıb. Çünki, heç zaman bekarçılığın nə olduğunu görmədim. Səkkizinci sinfi bitirdikdən sonra, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil oldum və buranı bitirdikdən sonra Sankt Peterburqda Y. Repin adına Rəssamlıq İnstitutuna daxil oldum. Dünya rəssamlıq sənətinin bütün sirlərini öyrənməyə çalışdım. Bakıya döndükdə memar olmaq həvəsim güclənmişdi. Klassik intitbah çağı sənətkarlarının yaradıcılığı ilə maraqlansanız, görərsiniz ki, bütün dahi rəssamlar həm də memar kimi özlərini təsdiq ediblər. Buna görə də mənə doğma və əziz olan Bakıda İnşaat və Memarlıq İnstituna daxil oldum və oranı memar kimi bitirdim. Rəssam və memar kimi fəaliyyət göstərmək ömür yolumun mənasına çevrildi. Bir sözlə sənət taleyimdən tam razıyam. 

“Azərbaycan Dünyası”: Siz Azərbaycanda ilk özəl sərgilərin təşkilatçısı kimi yaddaşlarda qalıbsınız. 

ŞAHVƏLƏD MƏMMƏDOV: Ötən əsrin 80- ci illərində Sovetlər Birliyində özəl sektorun inkişafı ilə bağlı qərarlar çıxarıldı. Mən Sovetlər Birliyinin və Azərbaycan Rəssamlar İttifaqının və həm də Memarlar İttifaqının üzvü idim. Azərbaycan rəssamlarının Almaniya, Rusiya, Avstriya, Türkiyə və başqa ölkələrdə sərgilərini təşkil etdim. Dünyanın müxtəlif xalqlarının bizim rəssamların sənət əsərlərinə necə maraq göstərdiklərini gördüm. Çünki, bizim təsviri sənətimizdəki rənglərin koloriti daha canlı və mənalıdır. Fikir və düşüncələrimizə sənətsevərlər heyran qalmışdılar. Elə o vaxtdan gördüyüm işlərdən həm də ruhən zövq alıram. Xüsusilə YUNESCO-nun İstanbuldakı nümayəndəliyində Türk Dünyasının təmsilçiliyi hüququnun mənə verilməsini həyatımın ən uğurlu günlərindən biri hesab edirəm. 

 

“Azərbaycan Dünyası”: Qəbələ rayonunun Nic kəndində çox uğurlu bir proyekti həyata keçirmisiniz.Bəs necə oldu ki, ölkəmizin ucqar bir əyalətində fəaliyyət göstərməyə başladınız? 

ŞAHVƏLƏD MƏMMƏDOV: Mənim üçün doğma olan Ağdaşla Qəbələ rayonu arasında elə də uzaq məsafə yoxdur. Hər dəfə Qəbələyə yolum düşəndə buranın təbiətinə nə qədər heyran olduğumu gizlətməmişəm. Azərbaycanın bütün dağlıq bölgələri çox zəngindirlər. Ancaq, Qəbələdəki dağlıq ərazilərdə soyuq qış mövsümü çox mülayim keçir. Bu da mənim təbii xarakterimlə üst-üstə düşür. Onu da xatırladım ki, Nic kəndində yaşayan çoxlu udi dostlarım var. “Azərbaycan Alban-Udi Xristian İcması”nın sədri, tanınmış elm xadimi Robert Mobili ən yaxın dostlarımdan biridir. Nic kəndinin sakinləri və Robert müəllimin udi xalqının tarixi və ənənələri barəsindəki söhbətlərinin nəticəsində ölkəmizdə multukultiralizmin min illərdir necə qorunub saxlanılmasının canlı şahidi oldum. Dövlət səviyyəsində multikulturalizmlə bağlı keçirilən beynəlxalq tədbirlərə dəstək üçün məhz Nic kəndində bir sənət adamı kimi əlimdən gələni əsirgəməməyə çalışdım. Xalqların birgəyaşayış düzəni ilə mədəni və tarixi birliyini bu günümüzün standartları çərçivəsində həyata keçirməyə çalışdım. Təbii olaraq bu işdə udi dostlarım da mənə daim arxa-dayaq oldular. Azərbaycan Respublikasının I Vitse-Prezidenti və “Heydər Əliyev Fondu”nun prezidenti Mehriban xanım Əliyeva muğam və aşıq musiqisi, xalçaçılıq, kəlağayı və digər xalq sənətimizin örnəklərini YUNESCO səviyyəsində tanınması üçün çox böyük işlər görüb. Biz sənət adamları bütün bunlardan daha da ruhlanırıq. Ölkə Prezidenti İlham Əliyev cənabları bölgələrin inkişafı ilə bağlı dəyərli qanunlar imzalayıb. Bir sənət adamı kimi Qəbələ rayonunun Nic kəndində “Azərbaycan Udi Ocağı” adlı tarixi etnoqrafik muzeyini yaratdım. Qafqaz Albaniyası tarixinin mədəni irsinin canlı təsvirini qurmaq nə qədər çətin olsa da, artıq öz reallığını tapıbdır. Xarici ölkələrin turistləri “Azərbaycan Udi Ocağı”nı heyranlıqla seyr edirlər. 

 

“Azərbaycan Dünyası”: Bəs bütün bu işlərdə sizə dəstək verən varmı? 

ŞAHVƏLƏD MƏMMƏDOV: Nic kəndində bu işləri öz şəxsi vəsaitimlə maliyyələşdirmişəm. Yerli əhali udilərdən milli və məşiət mədəniyyətini əks etdirən əşyaları toplayıb muzeyin eksponatlarına çevirmişəm. Bütün kənd əhalisi istirahət mərkəzindən, həm də “Azərbaycan Udi Ocağı”ndan çox məmnundur. Nic kəndi təbiəti və coğrafi məkanına görə koloritli bir məkandır. Burada XVII əsrdən üzü bu yana tarixin izlərini özündə ehtiva edən maraqlı yaşayış məkanları var. Onları öz imkanlarım çərçivəsində ilkinliyini saxlamaq şərti ilə bərpa etmişəm.

 

 

“Azərbaycan Dünyası”: Uzun illərdir “Azərbaycan Dünyası” jurnalı dərc olunur və Siz jurnalın idarə heyətinin üzvüsünüz. Jurnalımızın xətti ilə keçirilən tədbirlərdə fəal şəkildə iştirak edirsiniz. Redaksiyamızın təsis etdiyi “Beynəlxalq Dədə Qorqud Fondu”nun mükafatına layiq görülmüsünüz. 

ŞAHVƏLƏD MƏMMƏDOV: “Azərbaycan Dünyası” jurnalının hər sayı çıxanda redaksiya üzvləri və oxucular kimi mən də sevinirəm. Çünki, bu jurnal sadəcə bizim ölkədə deyil, dünyanın hansı nöqtəsində azərbaycanlılar yaşayırlarsa, onların da arasında yayılır və təbliğ olunur. Bu jurnal dünya azərbaycanlılarını və Türk Dünyasını özündə birləşdirən mətbu orqandır. Biz azərbaycanlıların və Türk Dünyasının əcdad kultu Dədə Qorqud eposu ilə bağlıdır. Bu fundamental əsər bir millət kimi ilkinliyimizin tarixi səlnaməsidir. “Dədə Qorqud Fondu”nun mükafatı Azərbaycana və dövlətçiliyimizə, Türk Dünyasına sədaqətlə xidmət edən görkəmli dövlət xadimlərinə, alimlərə və sənət adamlarına təqdim edilir. Fondun idarə heyətinin üzvlərinin qərarı ilə bu ali mükafata layiq görüldüyüm üçün özümü xoşbəxt hiss edirəm. Hər bir soydaşımızın uğurlarının “Azərbaycan Dünyası” jurnalının vasitəsilə tanıdılması üçün görülən işlər bu günümüz və sabahımız üçün çox yüksək dəyərdir. Jurnal milli mətbuatımızın beynəlxalq miqyasda danışan sözü və görən gözüdür.

 

 “Azərbaycan Dünyası”: İdeyalarınızın həyata keçməsində sizə mənəvi dəstək olurmu? 

ŞAHVƏLƏD MƏMMƏDOV: Əlbəttə ki bu mühüm məsələdir. Əvvəllər də, elə bu günün özündə də həyata keçirdiyim işlərdə mənə mənəvi baxımdan həmkarlarım və dostlarım böyük dəstək verir. Bütün bunlardan qürur hissi keçirirəm. İnsanı həyata bağlayan və yaşadan da məhz bu ali keyfiyyətdir. 

 

“Azərbaycan Dünyası”: Dostlarınızın və yaxınlarınızın sizinlə bağlı belə bir sözü var: “Azərbaycanı sevən vətən övladı”. Bu sizin üçün nə deməkdir? 

ŞAHVƏLƏD MƏMMƏDOV: Bu həyatda ən böyük amalım doğma Azərbaycanımızı daha da inkişaf etmiş bir dövlət kimi görməkdir. Bütün şüurlu həyatım bu müqəddəs amala bağlı olub. Ulu öndər və ümummilli liderimiz Heydər Əliyevin bizlərə miras qoyub getdiyi Azərbaycanımızın çiçəklənməsi prosesində bir vətəndaş kimi yaxından iştirak etməkdən başqa yaxşı nə ola bilər ki? Ölkə Prezidenti İlham Əliyev cənablarının dövlət quruculuğu yolunda apardığı islahatlara əməli işimizlə dəstək vermək həyatımın başlıca məramıdır. Rəssamlıq, memarlıq və ya başqa sənət aləmində belə bir prinsip var. Yaradıcı insan çalışır ki, duyğu və düçüncələrinin poetik ifadəsinin rəngini, çalarını və obrazlılığın zirvəsini bədii təsvir vasitəsinə çevirsin. Bütün bunlara memar və rəssam kimi necə nail olmuşamsa, əsil qiyməti sənət aləmi verəcəkdir.

 

 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]