Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

AZƏRBAYCAN ƏSGƏRİNİN QƏLƏBƏSİ

9796 Baxış sayı / 08-11-2021 11:06

Prezident təqaüdçüsü, II Dünya Müharibəsi Veteranı və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova illər ərzində müharibənin ağırlığını bütün varlığı ilə ürəyində daşıyan zərif və güclü bir xanımdır. Deyir ki, “müharibə sözünün özü belə mənim üçün ağrı və  acı dolu hisslər deməkdir. Həyatımda iki müharibə görmüşəm. Xoşbəxtlikdən hər ikisi bizim zəfərimizlə sonlanıb. Lakin Zəfər sonluğuna çatana qədər çətin, ağır və keçməkeşli  bir yol keçməlisən. 

II Düya Müharibəsində çox cavan idim. Tibb bacısı kimi cəbhəyə yollanmışam. Hədsiz çətinliklərlə üz-üzə gəlmişəm. Müharibənin hər anını qəlbimlə, varlığımla yaşamışam. Ölümlə üz-üzə gəlmək və insana yaxın olan insanları itirmək hissini, hətta aclığın nə olduğunu mənə müharibə öyrətdi. Müharibə mənə Vətən həsrətini və Vətən sevgisini yaşatdı. Onun sayəsində kədəri, qorxunu və sevinci  yaşamağı öyrəndim. Çox insan xilas etmişəm, onda anlayırsan ki, insan üçün hər bir saniyə, dəqiqə çox dəyərlidir. 

II Vətən Müharibəsinin başlanması xəbərini alan kimi içimdə müharibəyə yollanmaq və orada əlimdən gələn hər bir köməyi əsirgəmədən göstərmək istəyi məni rahat qoymurdu. Hətta müharibəyə yollanmaq üçün müraciət etdim. Dedilər apara bilmərik Sizi. Bu günlər ərzində ordumuz, xalqımız üçün dualarımı əksik etmədim. Çünki əlimdən bundan artıq heç bir şey gəlmirdi. 

44 gün hamımız ağır günlər yaşadıq. Hər bir azərbaycanlı bu günləri çox çətin, ağır və ürək ağrısı ilə yaşadı. Lakin Azərbaycan  Prezidentinin qətiyyətli, uzaqgörən  siyasəti və qəhrəmancasına şücaət göstərən yenilməz Ordumuzun fədakar, cəsur və mərd hərbiçilərinin səyi  nəticəsində uzun müddət həsrətində olduğumuz Qarabağımıza qovuşduq. Bu Qələbəyə yalnız cənab İlham Əliyev və Ordumuz  nail ola bilərdi. Vətəninə, Xalqına sevgi Prezidentə atasından mirasdır. Yanında Mehriban kimi xanımın olması Ona bütün çətinliklərə sinə gərməyə güc-qüvvət verir. Mən Ordumuz, Ali Baş Komandan İlham Əliyev və  Vitse Prezident Mehriban xanım Əliyeva ilə fəxr edirəm.

Bu müharibədə ordumuzun əsas hissəsini cavanlarımız təşkil edirdi. Biz Veteran Təşkilatı olaraq qazilərimizə və müharibə iştirakçılarımıza əlimizdən gələn heç bir şeyi əsirgəmədən yaxından dəstək olacağıq. Onlar bizim davamçı veteranlarımızdır.

 

Zarema Dadaşova



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]