Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

`Azərbaycan Tarixi `kitabının təqdimatı keçirildi

42207 Baxış sayı / 08-10-2017 00:09

İnsanın dünyaya göz açdığı yurda qırılmaz tellərlə bağlılığı, yurdun azadlığı, inkişafı naminə mübarizələri daim bəşəri mövzu olaraq ən müxtəlif xalqlara, dövlətlərə mənsub sənətkarların diqqətini cəlb edib. Azərbaycan incəsənətinin və ədəbiyyatının tarixində vətənpərvərlik mövzusunu tərənnüm edən yüzlərlə örnəklər yaddaşlarda dərin izlər buraxıb. Xalqın yurd sevgisini, vətənin bütövlüyünü, maddi və mənəvi əmanətlərini qorumaq üçün unudulmaz şəxsiyyətlərin fəaliyyətini əks etdirən, peşəkarlıqla lentə alınmış ekran əsərləri milli kinomuzun tarixinin parlaq səhifələrini təşkil edir. Vətəni ürəkdən sevən, onun uğrunda hər zaman şüur və cəsarətlə mübarizə aparan insanların tərbiyəsi, hər bir ürəkdə vətən qayəsinin bütün digər düşüncələrin fövqündə dayanması müstəqillik yolunda inamla irəlilədiyimiz bu günlərdə daha aktualdır. Vətən sevgisi ən zəruri məsələləri həll etmək üçün bütün vətəndaşları birləşdirə bilən qüdrətli bir stimuldur. 

Oktyabrın 7-də milli “Dədə Qorqud” fondunun dəstəyi ilə, Görkəmli rəssam Sakit Məmmədovun rəssamlıq qalereyasında hüquqşünas-fəlsəfə elmlər doktoru Rəşid Rzayevin işiqüzü görən “Azərbaycan tarixi”kitabının təqdimatı keçirildi. Təqdimat bir sıra mühüm şəxslərin iştirakı ilə baş tutdu. “Azərbaycan dünyası” beynəlxalq jurnalının baş redaktoru və milli “Dədə Qorqud” fondunun prezidenti Eldar İsmayılov, Professor-əməkdar incəsənət xadimi Arif Əziz, millət vəkilləri: Rövşən Rzayev və Fuad Muradov, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Hakimi Ceyhun Qaracayev, Vergilər Nazirliyinin Tədris mərkəzinin rəis müavini Kazımov Mirəli Hüquqşünaslar: İsmayıl kazımov, Çingiz Bəşirov, “Azərbaycan Dünyası” beynəlxalq jurnalının Amerikadakı təmsilçisi Bəxtiyar Abdullayev, rəssam Sakit Məmmədov, “Azərbaycan Dünyası” jurnalının idarə heyətinin üzvlərindən olan İsmayıl Sadıqov, Şahvələd Məmmədov və Hikmət Höccətov və bir çoxları Rəşid Rzayevin sevincinə şərik oldular. Numizmatik materiallar əsasında ərsəyə gələn “Azərbaycan tarixi” kitabında qədim pul növləri ilə tanış olmaq olar. Kitab əsasən dərslik vəsaiti kimi hazırlanib. Təqdimatı öz ürək sözləri ilə açan Eldar İsmayılov bildirdi ki, Rəşid Rzayev vətənini dərin məhəbbətlə sevən əsl şəxsiyyətdir. Bu kitab indiki gənclərimizin maariflənməsi üçün çox gərəklidir və gələcək nəsillər üçün qorunub saxlanılmalıdır. Çünkü “Azərbaycan tarixi” kitabı qədim pullarla bağlı bir çox qaranlıq qalan məqamlara aydınlıq gətirib. Sonra vurğuladı ki, Rəşid Rzayev kimi dəyərli şəxsiyyətlərə sağlığında qiymət vermək lazımdır ki, onlar yaşasınlar və yaşadıqcada yaşatsınlar. Bundan başqa Arif Əziz də öz fikrini bildirərək söylədi ki, cəmiyyətimizin sırf incəsənət və mədəniyyətlə maariflənməsi bu gün ən aktual mövzulardan biridir. Bu istiqamətdə yazıb-yaratmaq böyük məsuliyyət tələb edir. Rəşid Rzayev də cəmiyyətimiz üçün bir tapıntıdır. Digər qonaqlarda Rəşid müəllimin ünvanına öz dəyərli və gözəl fikirlərini bildirdilər. Sonra isə Eldar İsmayılov Vətən qarşısında göstərdiyi misilsiz xidmətlərinə, əsl vətənpərvərliyinə, dövlətinə, tarixinə, xalqına qəlbən bağlılığını elmi sübutlarla Azərbaycan tarixində qaranlıq qalan səhifələri işıqlandırdığına görə onu “Dədə Qorqud” Milli Fondu və “Azərbaycan Dünyası” beynəlxalq jurnalının “Vətən Övladı” ordeni ilə təltif etdi. 

E.İsmayılov vurğuladı ki, “bu gün bu təqdimatda iştirak edən insanlar ictimaiyyətimizi təmsil edən dəyərli şəxsiyyətlərimizdir. Jurnalımızın da əsas mahiyyəti sizin kimi insanları qiymətləndirmək və xalqımıza tanıtmaqdır. Siz türk dünyasının çırpınan gözəl ürəyisiz”. 

Təqdimatı jurnalımızın elektron versiyasında yerləşdirdikdən sonra Dünyanın dörd bir yanından: Qazağıstandan, Ukraynadan, Dağıstandan, Rusiyadan və Türkiyədən çöx gözəl ürəkaçan sözlər və təbriklər gəlməyə başladı. Bizim soydaşlarımız gördüyümüz bu işlərimizi laiqincə qiymətləndirməyi bacarırlar və hər zaman dəstək olduğunu bildirirlər. 

 

 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]