Azərbaycanın dövlətçilik tarixində xanlıqlar dövrü: Qarabağ xanlığı

Xanlıqlar dövrü dövlәtçilik tariximizdә mühüm yer tutmaqla bərabər, çox mürәkkәb vә keşmәkeşli olmuşdur. Vaxtı ilə Yaxın vә Orta Şәrqin Atabәylәr (Eldәnizlәr), Qaraqoyunlu, Ağqoyunlu, Sәfәvilәr, Əfşarlar kimi nәhәng imperiyalarını quran Azәrbaycan xalqı XVIII әsrin ortalarında milli dövlәtçiliyin yaradılması istiqamәtindә mühüm bir addım atdı. 1747-ci ildә Nadir şah Əfşarın imperiyası süquta uğradıqdan sonra Azәrbaycanın tarixi torpaqları hüdudlarında iyirmidәn artıq müstәqil vә yarımasılı xanlıq meydana gәldi. Ölkәnin şimalında vә mәrkәzi hissәlәrindә Şәki, Qarabağ, Quba, Şamaxı, Bakı, Gәncә, İrәvan, Naxçıvan, Lәnkәran, Dәrbәnd, Salyan vә Cavad, cәnubunda isә Tәbriz, Urmiya, Xoy, Maku, Qaradağ, Marağa, Ərdәbil, Sәrab, Zәncan xanlıqları yarandı.
Dövlətimizə, millətimizə, tariximizə xor baxan mənfur qonşularımız və “sapı” özümüzdən olan bəzi “ziyalılarımız” iddia edirlər ki, Azərbaycan adlı dövlət 1918-ci ildə yaranıb və o zamana qədər Azərbaycan dövləti olmayıb. Onda belə çıxır ki, Azərbaycanda dövlətçilik ənənələri də olmayıb.
Müqayisə üçün tarixə nəzər salaq. Vahid İtaliya Krallığı 1861-ci ildə yaranıb və 1946-cı ildə İtaliya Respublikası elan olunanadək mövcud olub. O vaxta qədər saysız-hesabsız xalqlara və mədəniyyətlərə ev sahibliyi edən İtaliya ərazisində dövlətçilik ənənələrinin olmamasından danışmaq olarmı? İtaliklıər, finikiyalılar, karfagenlilər, etrusklar, keltlər öz adları ilə kalonlarını yaratmışdılar. Latınlar e. ə. VIII əsrdə Roma çarlığının əsasını qoymuş və sonralar Roma imperiyası dünyanın ən qüdrətli imperiyalarından biri olmuşdu. Amma onlar şəhər, yer, tayfa adları ilə adlanmışdılar. Ona görə də, demək olarmı ki, 1861-ci ildən əvvəl İtaliyada dövlətçilik ənənələri olmayıb?
Və yaxud da, Almaniya. 1871-ci ildə bir çox alman dövlətinin (İsveçrə və Avstriya istisna olmaqla) birləşməsi ilə Prussiya rəhbərliyində Almaniya İmperiyası yaradıldı. Əlbəttə, 1871-ci ilə qədər Almaniyada dövlətçiliyin olmadığını danışmaq absurddur. Bu misalları Türkiyənin, Rusiyanın və digər dövlətlərin timsalında çoxaltmaq da olar.
Azərbaycanda orta əsr dövlətlərinin əksəriyyəti onu quran sülalələrin adı ilə adlanıb. Məsələn: Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər və s. İstər bunlar, istərsə də Manna, Atropatena, Albaniya kimi qədim dövlətlərimizin olması sübut edir ki, Azərbaycanda dövlətçilik ənənələrinin tarixi eramızdan çox-çox əvvələ gedir.
Azərbaycan xanlıqları da bu ənənələrin daşıyıcılarından olmaqla, müstəqil dövlət qurumu kimi meydana çıxıb. Çox da uzun olmayan bir dövrdә - XVIII әsrin ikinci yarısı ilə XIX әsrin әvvәllәrindә mövcud olmalarına baxmayaraq, xanlıqlar müstәqil dövlәtә xas olan bir çox xüsusiyyәtlәrә malik idi. Belə ki, hәr birinin ayrı-ayrılıqda özünәmәxsus dövlәt aparatı, sәrhәdi, ordusu, xәzinәsi, gerbi, bayrağı, pulu, şeşpәri, buncuqu, vergi sistemi, ölçü vә çәki vahidi var idi. Onlardan bәzilәri kiçik vә zәif dövlәt qurumu kimi әksәr hallarda qonşularından asılı olsalar da, Urmiya, Qarabağ, Şәki vә Quba xanları müәyyәn vaxtlarda bütün Cәnubi Qafqazda vә İranın şimalında gedәn siyasi proseslәrә tәsir göstәrir, pәrakәndә Azәrbaycan torpaqlarını vahid mәrkәzdә birlәşdirmәyә çalışırdılar.
Cәnubi Qafqazda güclü dövlәt qurumuna çevrilmiş Qarabağ vә Quba xanlıqları dövlәtlәrarası münasibәtlәrdә özlәrinin müstәqil tәrәf kimi tanınmalarına nail olmuşdular. Buna misal olaraq, 1783-cü ildә görkәmli Azәrbaycan şairi, Qarabağ xanı İbrahimxәlil xanın vәziri Molla Pәnah Vaqifin rәhbәrliyi altında nümayәndә heyәtinin Kartli-Kaxetiya çarlığının Rusiyanın tәbәәliyinә keçmәsi münasibәti ilә Tiflisdә baş tutan tәdbirdә iştirak etmәsini, 1784-cü ildә Qarabağ xanı İbrahimxəlil xanın elçisi Musa Sultanın Peterburqda böyük bir dövlәtin elçisi kimi qәbul edilmәsini, 1797-ci ildә yenә dә Qarabağ xanının nümayәndәsi Mirzә Mәmmәdqulu bәyin Peterburqa getmәsini vә xoş qarşılanmasını, Şәki, Qarabağ vә Quba xanlıqlarının Osmanlı imperiyası ilә müstәqil siyasi әlaqәlәr qurmasını, həmçinin Quba, Bakı vә Lәnkәran xanlıqlarının Rusiya ilә müxtәlif xarakterli müqavilәlәr bağlamasını göstәrmәk olar.
Azәrbaycan xanlıqları ilә bağlı qiymәtli materialların bir qismini dövlәtçilik rәmzlәri, inzibati idarәçilik vә hüquq sistemi, sikkә zәrbi vә pul dövriyyәsi tәşkil edir. Bu dövrә aid xanlıqlara mәxsus bayraq, gerb, gümüş vә misdәn hazırlanan numizmatik materiallar, Şamaxı hakimi Mәhәmmәd Qasım xanın, Bakı hakimi II Mirzә Mәhәmmәd xanın möhürlәri dövlәtçilik tariximizin öyrәnilmәsi üçün dәyәrli mәnbәlәrdir.
Milli Azәrbaycan Tarixi Muzeyinin (MATM) Silahlar vә Bayraqlar Fondunda xanlıqlar dövrünә aid 12 bayraq qorunub saxlanılır. Burada Bakı xanlığının 9 bayrağından biri, İrәvan xanlığının 4 bayrağından ikisi, Gәncә xanlığının 9 bayrağından dördü (Gәncә xanlığına aid bir bayraq Gәncә Tarix-Diyarşünaslıq Muzeyindә qorunur), Şәki xanlığının 6 bayrağından üçü, Tәbriz vә Xoy xanlıqlarının hәrәsinin bir bayrağı nümayiş olunur.
Xanlıqlar dövrünü həm də xalqımızın tarixində azәrbaycançılıq ideyasının meydana gəlib yayıldığı dövr kimi xarakterizə etmək olar. Hakimiyyәt başında olduğu bütün dövr әrzindә torpaqlarımızın birlәşdirilmәsi uğrunda yorulmadan mübarizә aparan qubalı Fәtәli xan yalnız Quba xanlığının deyil, hәm dә bütün Azәrbaycan torpaqlarının tәәssübkeşi kimi çıxış edir, özünü qonşu dövlәtlәrә Azәrbaycanın hökmdarı kimi tanıtdırmağa çalışırdı. Cənubi Azərbaycan xanlarından biri Osmanlı dövlətinə müraciət edərək “Azərbaycan” adlı dövlət yaratmaqda ona yardımçı olmağı xahiş etmişdi. Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yeri olan Qarabağ xanlığının hakimləri də azərbaycançılıq ideyalarının həyata keçirilməsi üçün az iş görməmişdilər.
Xanlıqlar dövrü, bütün bunlarla yanaşı, xalqımız üçün olduqca ağır nəticələrə gətirib çıxaran siyasi pərakəndəlik dövrü kimi də xarakterizə olunur. Mövcud olduqları müddət ərzində tez-tez baş verən yadelli hücumlar zamanı ümumi Vətən uğrunda birləşməyi bacarmayan Azərbaycan xanlıqları sərvət və yeni torpaqlar ələ keçirmək uğrunda öz aralarında fasiləsiz müharibələr aparır, bununla da ölkə iqtisadiyyatına ağır zərbə vurmaqla, onun müdafiə qabiliyyətini zəiflədirdilər. Çox təəssüf ki, bu xanların əksəriyyəti ölkəni vahid dövlətdə birləşdirməyə çalışan azsaylı yerli hakimlərə işğalçı kimi baxır, Azərbaycanda güclü dövlətin yaranmasına hər vəchlə mane olmaq istəyən dövlətlərin əlində alətə çevrilirdilər. Urmiya hakimi Fətəli xan Əfşarın, Şəki hakimi Hacı Çələbi xanın, Quba hakimi Fətəli xanın ölkəni vahid dövlətdə birləşdirmək səylərinin nəticəsiz qalmasında bu faktor heç də az rol oynamamışdı.
Bununla belə, Azərbaycanın şimalında və cənubunda gedən siyasi proseslər bir qədər fərqli məcrada cərəyan edirdi. Belə ki, Azərbaycanın cənubunda yerləşən xanlıqlar arasında gedən mübarizə həm də bütün İran-Qacar dövlətində ali hakimiyyət uğrunda olan mübarizənin bir hissəsi idi. Bu baxımdan, Urmiya hakimi Fətəli xan Əfşarın fəaliyyəti daha çox diqqəti cəlb edir. O, qısa müddətə də olsa, Azərbaycanın cənub xanlıqlarını və İranın bir hissəsini öz hakimiyyəti altında birləşdirməyə nail olmuşdu. Sonrakı dövrlərdə Azərbaycanın cənub xanlıqlarının tarixi Kərim xan Zəndin və Ağa Məhəmməd xan Qacarın fəaliyyəti ilə sıx bağlı olmuş, əksər hallarda bu xanlıqların müstəqilliyi formal xarakter daşımışdı.
Cənub xanlıqları ilə müqayisədə şimal xanlıqlarının, ilk növbədə Şəki, Qarabağ, xüsusilə, Quba xanlığının müstəqilliyi daha möhkəm və dayanıqlı olmuşdur. Azərbaycanın XVIII əsr tarixinin ən görkəmli dövlət xadimlərindən olan Quba hakimi Fətəli xan ölkənin vahid dövlətdə birləşdirilməsi uğrunda yorulmadan mübarizə aparmış, şimal-şərqi Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirməyə nail olmuşdu. Lakin bir tərəfdən qonşu dövlətlərin müdaxilələri, digər tərəfdən isə ölkə daxilində iqtisadi əlaqələrin zəifliyi nə Fətəli xana, nə də digər Azərbaycan xanlarına ölkəni vahid dövlətdə birləşdirməyə imkan vermədi. Bütün bunların nəticəsi idi ki, Azərbaycanın cənub xanlıqları hələ XVIII əsrin 90-cı illərində İran-Qacar dövlətinin banisi Ağa Məhəmməd şah tərəfindən, şimal xanlıqları isə XIX əsrin əvvəllərində Rusiya tərəfindən müstəqillikdən məhrum edildilər. 1828-ci ildə İran-Qacar dövləti ilə Rusiya arasında imzalanmış Türkmənçay müqaviləsi xanlıqlar dövrünə son qoymaqla yanaşı, xalqımızı uzun bir dövr üçün dövlətçilik ənənələrindən məhrum etdi və torpaqlarımızın iki hissəyə parçalanması ilə nəticələndi. Çar hökumətinin həyata keçirdiyi kütləvi köçürmə siyasəti nəticəsində Azərbaycan torpaqlarında yerləşdirilən ermənilər tezliklə onun köklü sakinlərinə, ilk növbədə Qarabağa ərazı iddiaları irəli sürməyə başladılar və onu “qədim erməni mədəniyyətinin beşiyi” adlandırdılar.
Əslində isə əzəli Azərbaycan torpağı Qarabağ ən qədim zamanlardan Azərbaycan türklərinin vətəni olmuş və bu vəziyyət xanlıqlar dövründə də davam etmişdir. Qarabağ xanlığı Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi. Xanlığın banisi Pənahəli xan (1747-1763) Cavanşirlər tayfasının Sarıcallı oymağından idi. Vaxtilə Nadir şahın ən nüfuzlu sərkərdələrindən olmuş Pənahəli xan sonralar aralarında yaranan münaqişəyə görə, onun düşərgəsini tərk etmiş və 1747-ci ildə müstəqil Qarabağ xanlığının əsasını qoymuşdu. Pənahəli xan yenicə yaranan Qarabağ xanlığını möhkəmləndirmək üçün həm daxili, həm də xarici düşmənlərə qarşı gərgin mübarizə aparmalı olmuşdu. XVII—XVIII əsrlərdə Qarabağda mövcud olmuş və bəzən “Xəmsə” (ərəb dilində “xəms”, yəni «beş» sözündən əmələ gəlib) adlandırılan alban mənşəli Dizaq, Vərəndə, Ciləbörd, Gülüstan və Xaçın məliklikləri bədxah qonşularımız tərəfindən erməni məliklikləri kimi qələmə verilir. XVIII əsrin ortalarına qədər Qarabağ bəylərbəyiliyinə tabe olan və Nadir şahın hakimiyyəti dövründə xeyli imtiyaz qazanan bu məlikliklər Rusiyanın və Kartli-Kaxetiya çarlığının yardımına arxalanaraq, Pənahəli xanın hakimiyyətini tanımaqdan boyun qaçırırdılar. Bununla belə, Pənahəli xan hərbi və diplomatik yollardan istifadə edərək onları özünə tabe edə bilmişdi.
Qarabağ xanlığının mövcud olduğu ilk dövrlərdə Pənahəli xanın fəaliyyətinin əsas istiqamətlərindən birini xanlığın paytaxt şəhərinin yaradılması təşkil edirdi. O, bu məqsədlə 1748-ci ildə Bayat qalasının, 1752-ci ildə isə Şahbulaq qalasının əsasını qoyur. Lakin bu qalaların müdafiə imkanlarının xeyli zəif olması Pənahəli xanı düşmən hücumu üçün əlçatmaz olan daha etibarlı paytaxt şəhərini tikdirməyə vadar edir. Uzun axtarışların nəticəsi olaraq, üç tərəfdən sıldırım qayalarla əhatə olunan hündür dağ yaylasında Qarabağ xanlığının sonuncu paytaxtının tikintisinə başlanılır. Əsas tikinti işləri başa çatdıqdan sonra, xan 1756/1757-ci ildə öz iqamətgahını buraya köçürür. Yeni şəhər əvvəlcə öz banisinin adı ilə Pənahabad, sonralar isə Şuşa adlandırılır.
Tezliklə alınmaz qalaya çevrilən Şuşa şəhəri Qarabağ xanlığının işğalçılara qarşı mübarizəsində mühüm rol oynayır. Pənahəli xanın hakimiyyəti dövründə Qarabağ xanlığı bir neçə dəfə qonşu hakimlərin hücumlarına məruz qalmışdı. Qarabağ xanı hələ 1748-ci ildə şəkili Hacı Çələbi xanın Bayat qalasına hücumunu uğurla dəf edə bilmişdi. İranda və Cənubi Azərbaycanda hakimiyyət uğrunda mübarizənin fəal iştirakçılarından olan Məhəmmədhəsən xan Qacar 1757-ci ildə Qarabağa hücum edərək Şuşa qalasını mühasirəyə alır. Lakin qarabağlı döyüşçülərlə toqquşmalarda xeyli itki verib geri çəkilməyə məcbur olur. 1759-cu ildə Qarabağ xanlığı daha güclü düşmənin, urmiyalı Fətəli xan Əfşarın hücumuna məruz qalır. O, Şuşa şəhərini 6 ay mühasirədə saxlasa da, ələ keçirə bilmir. Yalnız şəhərdə başlanan aclıq Pənahəli xanı Fətəli xanla danışıqlara getməyə məcbur edir. Qarabağ xanı oğlu İbrahimxəlil ağanı Urmiya xanına girov verməklə, öz müstəqilliyini qoruyub saxlaya bilir.
Lakin formal xarakter daşıyan bu asılılıq uzun çəkmir. Fətəli xanın əsas rəqiblərindən olan Kərim xan Zəndlə birləşən Pənahəli xan 1763-cü ildə Urmiya qalasını ələ keçirdikdən sonra, burada girov saxlanılan oğlu İbrahimxəlil ağanın azad edilməsinə nail olur. Tezliklə İbrahimxəlili Qarabağ xanı təyin edən Kərim xan Zənd Pənahəli xanı qonaqlıq bəhanəsi ilə Şiraza aparır və onu özünün girovuna çevirir. Məqsəd Qarabağ xanlığını bu yolla asılı vəziyyətdə saxlamaq idi. Lakin Pənahəli xanın tezliklə müəmmalı şəkildə vəfat etməsi bu planın həyata keçməsinə imkan vermir. İbrahimxəlil xanın hakimiyyəti dövründə daha da güclənən (1763-1806) Qarabağ xanlığı Cənubi Qafqazın ən güclü dövlət qurumlarından birinə çevrilir. Avar hakimi Ömər xanla qohumluq əlaqəsi yaradan Qarabağ xanı ayrı-ayrı vaxtlarda Təbriz, Ərdəbil, Qaradağ, Naxçıvan və Gəncə xanlarını asılı vəziyyətə sala bilir. İbrahimxəlil xan Rusiya və Kartli-Kaxetiya çarlığının təhriki ilə yenidən separatçılığa başlayan xristian məliklərini də zərərsizləşdirməyə müvəffəq olur.
Qarabağ xanlığı ilə Kartli-Kaxetiya çarlığı arasında münasibətlər əksər hallarda müttəfiqlik xarakteri daşıyıb. Onlar hətta 1780-1783-cü illərdə Gəncə xanlığına birgə sahib olublar. Lakin bu çarlığın hakimi II İraklinin İbrahimxəlil xana qarşı çıxan xristian məliklərini himayə etməsi və Gəncə xanlığına təkbaşına yiyələnməyə çalışması Qarabağ xanlığının Kartli-Kaxetiya çarlığı ilə münasibətlərini vaxtaşırı olaraq gərginləşdirirdi.
1783-cü ildə bağlanmış Georgiyevsk müqaviləsinə görə Rusiyanın himayəsini qəbul edən II İrakli Azərbaycanın İrəvan və Gəncə xanlıqlarını Kartli-Kaxetiya çarlığına birləşdirməyə çalışırdı. Elə buna görə də, o, Gəncə xanlığına iddialı olan qarabağlı İbrahimxəlil xana qarşı 1787-ci ildə yürüş təşkil edir. Yürüşdə Tiflisdəki rus batalyonları və Qarabağın xristian məlikləri də iştirak edirdi. Lakin 1787-ci ildə növbəti Osmanlı-Rusiya müharibəsinin başlanması ilə əlaqədar rus batalyonlarının Gürcüstandan çıxarılması haqqında Rusiya hökumətinin qərarı Qarabağ xanlığına qarşı təşkil olunan bu yürüşü yarımçıq dayandırır. Bununla belə, Gəncə xanlığına sahib olmaq uğrunda Qarabağ xanlığı ilə Kartli-Kaxetiya çarlığı arasında mübarizə sonralar da davam edərək, 1796-cı ilin əvvəlində İbrahimxəlil xanın müvəqqəti qələbəsi ilə başa çatır.
XVIII əsrin 90-cı illərində Qarabağ xanlığı İranı və Cənubi Azərbaycanı öz hakimiyyəti altında birləşdirən Ağa Məhəmməd xan Qacarın hücumları ilə üzləşir. Qacar hakimi özünün Şimali Azərbaycana 1795-ci ildə olan birinci yürüşü zamanı əsas hədəf kimi Qarabağı seçir. O, çox böyük qüvvə ilə Şuşa şəhərini 33 gün mühasirədə saxlasa da, məqsədinə çata bilmir. Buradan yürüş edərək Tiflis şəhərini tutub yandıran və bir müddət Muğan çölündə qalan Ağa Məhəmməd xan 1796-cı ilin əvvəllərində Azərbaycanın şimal ərazilərini tərk edir. 1796-cı ildə artıq şah titulu qəbul etmiş Ağa Məhəmməd şah Qacarın Azərbaycanın şimalına ikinci yürüşü 1797- ci ilin yazında başlayır. Bu dəfə də əsas hədəf kimi Qarabağ xanlığı seçilir. Şuşa şəhərini mühasirəyə alan Qacar onu güclü top atəşinə tutur. İbrahimxəlil xan qəfil hücumla Qacar ordusunun topxanasını məhv etsə də, Şuşaya qayıda bilmir və qohumu Ömər xana pənah aparmağa məcbur olur. Başsız qalan Şuşa şəhəri Ağa Məhəmməd şah tərəfindən tutulur. Lakin o, tezliklə xidmətçiləru Səfərəli bəy və Abbas bəy tərəfindən qətlə yetirilir. Şuşaya qayıdan İbrahimxəlil xan Qarabağ xanlığında öz hakimiyyətini bərpa edir.
XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Cənubi Qafqaza sahib olmaq uğrunda İran-Qacar dövləti ilə Rusiya arasında mübarizə son dərəcədə kəskinləşərək, 1804-cü ildə iki dövlət arasında müharibənin başlanmasına gətirib çıxarır. İran-Qacar dövlətini müstəqilliyi üçün daha böyük təhlükə hesab edən İbrahimxəlil xan Rusiyanın himayəsinə sığınmaqla öz hakimiyyətini qoruyub saxlayacağına ümid bəsləyirdi. Onun Cənubi Qafqazdakı rus qoşunlarının komandanı general P.Sisianovla başladığı danışıqlar 1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığı arasında müqavilə imzalanması ilə nəticələnir. Gəncə yaxınlığındakı Kürəkçay deyilən yerdə bağlanan bu müqaviləyə görə, Qarabağ xanlığı öz daxili müstəqilliyini saxlamaq şərti ilə Rusiyanın hakimiyyəti altına keçir. Müstəqil xarici siyasət yeritmək hüququndan məhrum edilən İbrahimxəlil xan hər il Rusiya xəzinəsinə 8 min çervon xərac ödəməyi, Şuşa qalasında rus qarnizonu yerləşdirməyi və bu qarnizonu ərzaqla təmin etməyi öhdəsinə götürür. Rusiya hökuməti isə Qarabağ xanlarının ancaq İbrahimxəlil xanın varislərindən təyin ediləcəyinə söz verir.
Qarabağ xanlığının Rusiyanın himayəsinə keçməsi bir qədər sonra İbrahimxəlil xanın özü və ailə üzvləri üçün böyük faciə ilə nəticələnir. General Sisianovun 1806-cı il fevralın 8-də Bakı yaxınlığında öldürülməsindən istifadə edən Qacar şahzadəsi Abbas Mirzə Qarabağa hücum edib, Şuşanı mühasirəyə alır. Şuşadakı kiçik rus qarnizonunun bu hücumu dəf edə bilməyəcəyini görən İbrahimxəlil xan Abbas Mirzə tərəfindən onun yanına tabe olmaq tələbi ilə göndərilən elçilərlə xoşluqla rəftar etməyə başlayır. Eyni zamanda ailə təhlükəsizliyini təmin etmək üçün Şuşa yaxınlığındakı Xan bağına köçür. Şuşadakı rus qarnizonunun komandiri mayor Lisaneviç, xanın bu addımını qacarların tərəfinə keçmək kimi qiymətləndirir və gecə vaxtı qəflətən hücum edərək onu ailə üzvləri, qulluqçuları və yaxın adamları ilə birlikdə inanılmaz bir vəhşiliklə qətlə yetirir.
İbrahimxəlil xanın ölümündən sonra Qarabağ xanı vəzifəsinə onun oğlu Mehdiqulu xan gətirilir. Rusiya İran-Qacar dövləti ilə müharibəni qələbə ilə başa vurduqdan və 1813-cü ildə Gülüstan müqaviləsini bağladıqdan sonra Cənubi Qafqazda öz mövqelərini xeyli möhkəmləndirir və müqavilə imzalamaqla Rusiyanın tərkibinə qatılan Azərbaycan xanlıqlarının ləğv edilməsi xəttini tutur. Qarabağ xanlığının ləğv edilməsində mənşəcə Qarabağın xristian əhalisindən olan, rus ordusunda xidmət edən general Madatov həlledici rol oynayır. Artıq tamamilə erməniləşmiş bu mənfur general müxtəlif fitnələrlə Mehdiqulu xanın İrana qaçmasına nail olur. Bundan istifadə edən Rusiya hökuməti 1822-ci ildə Qarabağ xanlığını ləğv edir.
Rəşid Rzayev
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]