Azərbaycanın dövlətçilik tarixində xanlıqlar dövrü: Qarabağ xanlığı

Rəşid Rzayev
fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının fəlsəfə üzrə fəxri professor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Xanlıqlar dövrü dövlətçilik tariximizdə mühüm yer tutur. Azərbaycan xalqı 18-ci əsrin ortalarında milli dövlətçiliyin yaradılması istiqamətində mühüm bir atdım atdı. Nadir şah Əfşarın imperiyası 1747-ci ildə süquta uğradıqdan sonra Azərbaycanın tarixi torpaqları hüdudlarında 20-dən artıq xanlıq meydana gəldi: şimalda Şəki, Qarabağ, Quba, Şamaxı, Bakı, Gəncə, İrәvan, Naxçıvan, Lәnkәran, Dәrbәnd, Salyan vә Cavad; cənubda isə Tәbriz, Urmiya, Xoy, Maku, Qaradağ, Marağa, Ərdәbil, Sәrab, Zәncan xanlıqları yarandı.
Dövlətimizə, millətimizə, tariximizə xor baxan mənfur qonşularımız və “sapı” özümüzdən olan bəzi “ziyalılarımız” iddia edirlər ki, Azərbaycan adlı dövlət 1918-ci ildə yaranıb və o zamana qədər Azərbaycan dövləti olmayıb. Onda elə çıxır ki, Azərbaycanda dövlətçilik ənənələri də olmayıb.
Müqayisə üçün tarixə nəzər salaq. Vahid İtaliya Krallığı 1861-ci ildə yaranıb və 1946-cı ildə İtaliya Respublikası elan olunanadək mövcud olub. O vaxta qədər saysız-hesabsız xalqlara və mədəniyyətlərə ev sahibliyi edən İtaliya ərazisində dövlətçilik ənənələrinin olmamasından danışmaq olarmı? Və yaxud da, Almaniya. 1871-ci ildə bir çox alman dövlətinin birləşməsi ilə Prussiya rəhbərliyində Almaniya İmperiyası yaradıldı. Əlbəttə, 1871-ci ilə qədər Almaniyada dövlətçiliyin olmadığını danışmaq absurddur. Bu misalları Türkiyənin, Rusiyanın və digər dövlətlərin timsalında çoxaltmaq olar. Azərbaycanda orta əsr dövründə Manna, Atropatena, Albaniya kimi qədim dövlətlərimizin olması subut edir ki, Azərbaycanda dövlətçilik ənənələrin tarixi eramızdan çox-çox əvvələ gedir.
Azərbaycan xanlıqları müstәqil dövlәt qurumu kimi meydana çıxıb. Çox da uzun olmayan bir dövrdə 18-ci əsrin ikinci yarısı ilə 19-ci əsrin əvvəllərində mövcud olmalarına baxmarayaq, xanlıqlar müstəqil dövlətə xas olan bir çox xüsusiyyәtlәrә malik idi. Belə ki, hәr birinin ayrı-ayrılıqda özünə məxsus dövlәt aparatı, sәrhәdi, ordusu, xәzinәsi, gerbi, bayrağı, pulu, şeşpәri, buncuqu, vergi sistemi, ölçü vә çәki vahidi var idi. Urmiya, Qarabağ, Şəki vә Quba xanları müəyyən vaxtlarda bütün Cənubi Qafqazda və İranın şimalında gedən siyasi proseslərə təsir göstərir, parakəndə Azərbaycan torpaqlarını vahid mərkəzdə birləşdirməyə çalışırdılar. Cənubi Qafqazda güclü dövlәt qurumuna çevrilmiş Qarabağ və Quba xanlıqları dövlətlərarası münasibətlərdə özlәrinin müstәqil tәrәf kimi tanınmalarına nail olmuşdular.
Xanlıqlar dövrünü həm də xalqımızın tarixində azәrbaycançılıq ideyasının meydana gəlib yayıldığı dövr kimi xarakterizə etmək olar. Hakimiyyәt başında
olduğu bütün dövr әrzindә torpaqlarımızın birlәşdirilmәsi uğrunda yorulmadan mübarizә aparan qubalı Fәtәli xan yalnız Quba xanlığının deyil, hәm dә bütün Azәrbaycan torpaqlarının tәәssübkeşi kimi çıxış edir, özünü qonşu dövlәtlәrә Azәrbaycanın hökmdarı kimi tanıtdırmağa çalışırdı.
Cənubi Azərbaycan xanlıqlarından biri Osmanlı dövlətinə müraciət edərək “Azərbaycan” adlı dövlət yaratmaqda ona yardımçı olmağı xahiş etmişdi. Azərbaycanin dövlətçilik tarixində özünə məxsus yeri olan Qarabağ xanlığının hakimləri də azərbaycançılıq ideyalarının həyata keçirilməsi üçün az iş görməmişdilər.
Xanlıqlar dövrü, bütün bunlarla yanaşı, xalqımız üçün olduqca ağır nəticələrə gətirib çıxaran siyasi pərakəndəlik dövrü kimi də xarakterizə olunur. Çox təəssüf ki, xanların əksəriyyəti ölkəni vahid dövlətdə birləşdirməyə çalışan azsaylı yerli hakimlərə işğalçı kimi baxır, Azərbyacanda güclü dövləti yaranmasına hər vəchlə mane olmaq istəyən dövlətlərin əlində alətə çevrilirdilər.
1747-ci ildə müstəqil Qarabağ xanlığının əsasını Pənaxali xan qoymuşdu. Qarabağ xanlığının mövcud olduğu ilk dövrlərdə Pənaxali xanın fəaliyyətinin əsas istiqamətlərindən birini xanlığın paytaxt şəhərinin yaradılması idi. Uzun axtarışların nəticəsi olaraq, üç tərəfdən sıldırım qayalarla əhatə olunan hündür dağ yaylasında Qarabağ xanlığının paytaxtının tikintisinə başlanılır. Xan 1756-57 illərdə öz iqamətgahını yeni salınmış şəhərə köçürür. Şəhər əvvəlcə Pənahabad, sonralar Şuşa adlandırılır
Tezliklə alınmaz qalaya çevrilən Şuşa şəhəri Qarabağ xanlığının işğalçılara qarşı mübarizəsində mühüm rol oynayır. 1759-cu ildə Qarabağ xanlığı güclü düşmənin, urmiyalı Fətəli xan Əfşarın hücumuna məruz qalır. O, Şuşa şəhərini 6 ay mühasirədə saxlasa da, ələ keçirə bilmir. Yalnız şəhərdə başlanan aclıq Pənahəli xanı Fətəli xanla danışıqlara getməyə məcbur edir.
1763-də Pənahali xanın oğlu İbrahimxəlil yeni xan təyin olunur. Onun hakimiyyəti dövründə daha da güclənən (1763-1806) Qarabağ xanlığı Cənubi Qafqazın ən güclü dövlət qurumlarından birinə çevrilir. Avar hakimi Ömər xanla qohumluq əlaqəsi yaradan Qarabağ xanı ayrı-ayrı vaxtlarda Təbriz, Ərdəbil, Qaradağ, Naxçıvan və Gəncə xanlarını asılı vəziyyətə sala bilir. İbrahimxəlil xan Rusiya və Kartli-Kaxetiya çarlığının təhriki ilə yenidən separatçılığa başlayan xristian məliklərini də zərərsizləşdirməyə müvəffəq olur.
18-ci əsrin 90-cı illərində Qarabağ xanlığı İranı və Cənubi Azərbaycanı öz hakimiyyəti altında birləşdirən Ağa Məhəmməd xan Qacarın hücumları ilə üzləşir. 1795-ci ildə olan birinci yürüşü zamanı Şuşa şəhərini 33 gün mühasirədə saxlasa da, məqsədinə çata bilmir. Ikinci yürüş zamanı 1797-də başsız qalan Şuşa şəhəri Ağa Məhəmməd şah tərəfindən tutulur. Lakin o, tezliklə xidmətçiləru Səfərəli bəy və
Abbas bəy tərəfindən qətlə yetirilir. Şuşaya qayıdan İbrahimxəlil xan Qarabağ xanlığında öz hakimiyyətini bərpa edir.
18 əsrin sonu – 19 əsrin əvvəllərində Cənubi Qafqaza sahib olmaq uğrunda İran-Qacar dövləti ilə Rusiya arasında mübarizə son dərəcədə kəskinləşərək, 1804-cü ildə iki dövlət arasında müharibənin başlanmasına gətirib çıxarır. Rusiya İran-Qacar dövləti ilə müharibəni qələbə ilə başa vurduqdan və 1813-cü ildə Gülüstan müqaviləsini bağladıqdan sonra Cənubi Qafqazda öz mövqelərini xeyli möhkəmləndirir və müqavilə imzalamaqla Rusiyanın tərkibinə qatılan Azərbaycan xanlıqlarının ləğv edilməsi xəttini tutur. Qarabağ xanlığının ləğv edilməsində mənşəcə Qarabağın xristian əhalisindən olan, rus ordusunda xidmət edən general Madatov həlledici rol oynayır. Artıq tamamilə erməniləşmiş bu mənfur general müxtəlif fitnələrlə Mehdiqulu xanın İrana qaçmasına nail olur. Bundan istifadə edən Rusiya hökuməti 1822-ci ildə Qarabağ xanlığını ləğv edir.
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]