Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Biz kəşfiyyatçılarıq, görünmədən görmək, ölmədədən öldürmək bizim şüarımızdır

9625 Baxış sayı / 08-11-2021 11:07

Kiçik çavuş, manqa komandiri Murad Arazov

-   II Vətən Müharibəsi iştirakçısı olaraq bizimlə Vətən Müharibəsi haqqında təəssüratlarınızı paylaşardınız.

- Əsgərliyimi Tərtər rayonunda keçmişəm.  Əsgərlik müddətində snayper atıcısı olaraq  “ aprel döyüşlərində“ də iştirak etmişəm. Hərbi xidməti bitirdikdən sonra könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinə müddətdən artıq qoşulmuşam. Qusar rayonu N saylı hərbi hissənin kəşfiyyat bölüyünün kiçik çavuşu olaraq xidmətimə davam etmişəm. 

Ali Baş Komandan II Qarabağ müharibəsinin başlanması əmrini verəndə çox sevindik. Çünki uzun illər ərzində bu əmri gözləyirdik. Artıq torpaqlarımızı azı düşmən əlindən azad etmək vaxtı idi... 

Mən hələ də döyüş barəsində danışmağa çox çətinlik çəkirəm. Heç yerdə və heç kimə danışa bilmədiklərimin bir qismini qələmə almaq istərdim. Müharibənin nece bir dəhşət olduğunu yalnız yaşayan bilir. 

Döyüşdən əvvəl hərbi bölüyümüzlə birlikdə yola düşdük. Sentyabr ayının 27-i səhər saatlarında döyüşə başladıq.  Döyüşün əvvəlindən sonuna kimi  qardaşlarımla birlikdə bizə verilən 27 döyüş tapşırığının hər birinin öhtəsindən uğurla gəldik. Bu bizim qardaşlıq, yoldaşlıq və komanda uğurumuz oldu. 5 rayon üzrə döyüşmüşəm:  Füzuli, Cəbrayıl, Qubadlı, Laçın dəhlizi və Şuşa.  Hadrud və Qırmızı Bazar döyüşlərində də iştirak etmişəm.

Sərhəddə ilk səddi yararaq irəliləməyə başladıq. Füzuli rayonundakı ilk tapşırığımızda bunkere daxil olmalıydıq lakin bunkeri  dronla vurmuşdular. Bizim birinci eşalon 7-8 km dərinlikdə idi. Biz 11 şəhid və 19 yaralı verdik. Ilk öncə bunkerdən yaralı qardaşlarımızı çıxardıq. Sabahı gün axşam saatlarında 10 nəfər mən də daxil 8-9 km dərinliyə  bölükdən ayrılaraq şəhidlərimizi gətirməyə getdik. Hər tərəfimiz düşmənlə dolu idi. Çox çətinliklə olsa da həmin yeri birinci gecə tapdıq. Gördüyümüz mənzərə dəhşət idi. Biz çətinliklə olsa da cəsarətimizi toplayıb şəhidlərimizin bir qismini aparmaq üçün əlimizdə heç bir vəsait olmadan şumlanmış palçıqlı yolla çiynimizdə, başımızın üstünde və ağıla gələcək hər variantda şəhidlərimizi götürərək oradan uzaqlaşdırdıq.  Yenə də qayıtmalı idik... Bu mənzərəni görmək çox çətin olsa da hər bir şəhidimizi böyüdüb boya-başa çatdıran valideyni var.  Onların haqqlarıdır ki  övladlarını son mənzilə yola salsınlar. Bu fikir bizə güc- qüvvət verirdi. Biz Azərbaycan oğluyuq şəhidimizi, yaralımızı, dostumuzu, qardaşımızı yarı yolda qoymamışıq qoymarıq qalsın. Hətta şəhidlərimizin şəxsi əşyalarını belə çalışmışıq ki, ailələrinə çatdıraq.

Cəbrayıl tapşırığını da uğurla həyata keçirdik. Qusar Kəşfiyyat Bölüyü heç nəyə baxmayaraq şücaətlə irəliləyirdi. Mayor Gündüz Səfərli bizim bölükdən 20 nəfər könüllünü öz sıralarına götürdü.  Biz Xüsusi Təyinatlı Qüvvələr ilə birgə 200 nəfərlik qrupla döyüşə davam etdik. Qrup komandirimiz Mayor Gündüz Səfərli ilə birgə Qubadlı əməliyyatını da uğurla başa vurduq. 

Düşmənin ağlına gəlməyəcək yollarla irəliləyirdik. Laçın dəhlizinə daxil olmaq üçün Laçın dağları ilə iki gün yol getdik. Əl-ələ tutunaraq qalxıb enirdik. Içimizdən bəziləri  əlinin taqətdən düşməsi nəticəsində dağlardan yıxılıb şəhid oldular. Başqa cür dağları aşmaq mümkün deyildi. 30 ildir ki, insan ayağı dəyməyən dağları qalxıb, düşmək çox çətin idi. Düşmənlərin arasından hiss olunmadan keçirdik. Çünki biz kəşfiyyatçılarıq, görünmədən görmək, ölmədədən öldürmək bizim şüarımızdır. Mühüm yüksəkliklər düşmən nəzarəti altında idi. Onlar tərəfindən atılan hər bir güllə bir şəhidimiz idi. Lakin buna baxmayaraq atışa-atışa yuxarı irəliləyirdik. Çünki qisas zamanı idi. Laçın Dəhlizinə ayaq qoyduqdan 3 dəqiqə sonra ermənilərin 3 postunu (məntəqə)  məhv etdik. 

Müharibənin bir qanunu var- əsir düşməmək. Əsir düşəcəyini görürsənsə bir yolun var - özünü düşmənlə birgə məhv etmək. Bizim hər birimiz buna və başımıza gələ biləcək hər şeyə hazır insanlar idik. Şəhidlik bizim üçün cənnət demək idi. Haqq yolunda Allahu Əkbər deyərək irəliləyirdik. Vətənimizin keşiyində durmaq borcumuzdur. Vətən bizim anamız, bacımız, qeyrətimizdir. Onu qoruyan hər bir kəs ailəsini, əzizini qoruyur. Başımızın üstündə Allah, qəlbimizdə vətən sevgisi və ana, bacılarımızın duaları ilə yolumuzu davam etdirirdik. Hər saatın tamamında Allaha salamat qaldığımız üçün şükr edirdik. Ürəyimizdəki hər bir fikri və sirri doyüş dostlarımızla bölüşürdük ki, əzizlərimizə bizdən heç olmasa danışılacaq xatirəmiz qalsın.Bu döyüş həm də qardaşlıq döyüşü idi. 

Oktyabrın 27-si  Şuşaya doğru yola çıxdıq. Xankəndi yolundan hücuma keçərək təmizləmə işləri apardıq. Bizim əlimizdə  avtomat, onlar isə tank və minemyotlarla  üzərimizə hücum edirdilər. Atdıqları atəşdən üzərimizə daş, torpaq yağırdı. Tək çarəmiz Allah idi möcüzə nəticəsində salamat qaldıq. Sonra Şuşa Qalasına hücuma keçdik.  Mənim  ən yaxın dostum Məcidov Rafiq Şuşa qalasının ətəyində şəhid oldu. Tankın açdığı atəş nəticəsində başından qəlpə yarası almışdı. Yaralandığı an bizdən 2-3 metr aralıda idi .  Yanına qaçaraq əyildim üzümdə son nəfəsini hiss etdim və canını tapşırdı. Boyunbağısını çıxarıb yadigar olaraq boynumdan asdım. Sonra orada olan yaralıları Şuşa Qalasının yaxınlığındakı evə aparmağa başladıq. 65 nəfər yaralımız oldu. Noyabrın 5-dən 9- a kimi Şuşanın içində pusqu qurmuşuq və  “bina əməliyyat“ ları keçirmişik.  Təmizləmə işləri apararaq Qalanın mühasirəsini qorumuşuq.  5 gün ərzində yemədən içmədən butun binaların qapılarını təpiklə açaraq qalan erməni cəlladlarını şəhərdən təmizlədik. Ayın 7-si  atışma davam edərkən mən iki döyüş yoldaşımla bir yerdə Şuşa  Şəhər  İcra Hakimiyyətinin binasına daxil olaraq qürur hissi ilə fəxrimiz olan üçrəngli bayrağımızı binanın başına sancdıq. Artıq Şuşa bizimdir!!! Bunu qəbul edə bilməyən düşmən yenidən S 300 raketli ilə hücumə keçdi.Bizim qorxaraq qaçacağımızı düşünürdülər. Biz öz mövqelərimizi möhkəmlədib düşmənə layiqli cavab verdik. 

Bütün bunları danışarkən bir məqsədim var: Azərbaycan əsgərinin gücünü bütün dünyaya sübut etmək. Bu gün  bütün şəhidlərimizin ruhu şad olsun , qanlarını yerdə qoymadıq. Ailələrinə Allahdan səbr diləyirəm. Bütün qazi qardaşlarımıza Tanrıdan sağlam can və sağlam ruh arzulayıram.    

 

Nərgiz  Namiq qızı

Azərbaycan Jurnalistlər Birliyinin üzvü



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]