Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Daim diri qalan Vətən sevgisi

1075 Baxış sayı / 08-11-2021 12:13

Çin diasporla əlaqələrinin ciddi koordinasiyasını təşkil edərək dünyanın istehsal bazasına, Hindistan dünyadakı mühəndislərilə ciddi bir proqram bazasına çevrilib. İsrail müxtəlif ölkələrdəki mühəndislərinin  və sərmayəçilərinin hesabına əvəzolunmaz innovasiya mərkəzinə çevrilə bilib. Regionda gücünə güc qatan, Qarabağda tarixi Zəfərə imza atan Azərbaycan da  diasporunun gücünün fərqindədir. 

Dünyada artıq işçi köçü dövrü bitib sahibkarlıq dövrü başladığından, Azərbaycan diasporunun acı qürbət hekayələri ilə deyil, beynəlxalq başarı hekayələri ilə tarixə düşməsi zamanıdır. Hədəfimiz Çin, Hindistan, İsrail və bir sıra başqa ölkələrin diasporlarının ardınca ən güclü diasporlardan birinə çevrilmək yolunda addımlamaq, dünyada azərbaycanlı varlığını möhkəmləndirməkdir.

Azərbaycan diasporu bir çox xalqların diasporlarına nisbətdə gənc sayılır, buna baxmayaraq, xaricdə yaşayan azərbaycanlılar təşkilatlanmağa, ictimai birliklərdə, beyin mərkəzlərində birləşməyə böyük maraq göstərir, ölkəmizi dünyada tanıtmağa çalışırlar.

Son illər başlanan işlər, hazırlanan uğurlu Yol xəritəsi, həyata keçirilən maraqlı və effektiv layihələr diasporun hərəkətverici qüvvəsinə çevrilib. 

Təhlillər göstərir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin “Diaspor Gənclərinin Yay Düşərgələri”, “Liderliyin inkişafı”, “Azərbaycan Diaspor Gəncləri” şəbəkəsi, “Beyinqazanma proqramı” və bir sıra başqa layihələri geriyə uğurlu dönüşü olan layihələrdir. Bu və bunun kimi layihələr diasporumuzun Azərbaycanla əlaqələrinin sarsılmazlığının təməl daşlarına çevrilir.

Məsələyə başqa prizmadan-diasporların əzəli vətənlərilə bağları  prizmasından baxsaq görərik ki, diasporların ana vətənə bağlılığı, ana vətənin siyasətindəki rolları çətin və həlledici məqamlarda ortaya çıxır, daha qabarıq görünür. 

Məhz bu nöqteyi-nəzərdən deyə bilərik ki, Azərbaycan tarixinin qızıl səhifəsi olan 2020-ci il- Böyük Zəfər ili  diasporumuzun da fəaliyyətinin qızıl ili sayılmalıdır. Bu tarix Azərbaycan diasporunun sistemli və ardıcıl fəaliyyətilə yadda qalıb. Həmin fəaliyyətə  44 günlük müharibə fonunda və rəqəmlərin dili ilə nəzər salaq.

Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatdan sonra diasporumuz işini daha da genişləndirib, Diasporla İş üzrə Dövlət Komitəsinin çağırışlarına əsasən, yürüş, mitinq və aksiyalara start verilib. 

Azərbaycan Ordusunun düşmənə qarşı 44 günlük hərbi əməliyyatları dövründə xaricdəki soydaşlarımız siyasi görüşündən, düşüncəsindən, yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq, milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizə dəstək göstərib. Onlar orduya, yaralı əsgərlərə, şəhid ailələrinə, cəbhəboyu ərazilərdə yaralanan, evləri dağılan dinc sakinlərə, həmçinin həlak olanların ailələrinə humanitar yadımlar göndərməklə yanaşı, haqq səsimizin dünyaya çatdırılmasında da böyük mütəşəkillik və fədakarlıq nümayiş etdiriblər.

44 günlük müharibə dövründə Komitənin koordinasiyası ilə 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı, beynəlxalq təşkilatlar və Azərbaycandakı icmalar müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq qurumlara 23 dildə 500-dən artıq bəyanat göndərib. Avropa Parlamentinin üzvlərinə 775 bəyanat çatdırılıb, müxtəlif ölkələrin 641 nəfər parlament üzvünə isə bəyanat və müraciətlər birbaşa təqdim olunub. 

Məhz diasporumuzun iştirakı ilə 36 xarici ölkədə 198 tədbir keçirilib, onların da 111-i aksiya, yürüş, avtoyürüş olub. Bu tədbirlərdə bizə dost xalqların-Türkiyə, İsrail, Pakistan, Ukrayna və digər xalqların nümayəndələri də iştirak edib. 

 Həmin günlərdə Komitənin rəhbər şəxslərinin, eləcə də Azərbaycan diaspor təşkilatları üzvlərinin xarici media orqanlarına çıxışları intensivləşib, diaspor nümayəndələri xarici TV-lərdə 98 dəfə canlı yayıma qatılıblar.

Müharibə dövründə dünyanın 60 ölkəsindən minlərlə soydaşımızın qatıldığı 300-dən çox videokonfrans təşkil olunub, diaspor təşkilatları və üzvləri 60 ölkədə 32 dildə 535 məqalə dərc etdiriblər. 

Komitə Azərbaycan həqiqətlərini əks etdirən 55-dən çox qısa videomaterial hazırlayaraq yayımını təşkil edib. 

Xaricdə yaşayan azərbaycanlıların daha müfəssəl məlumatlandırılması üçün Diaspor TV və Diaspor FM-in bütün fəaliyyəti diasporun məlumatlandırılmasına yönəldilib.

Ötən il çıxışlarının birində Azərbaycan Prezidenti İlham Əliyev soydaşlarımızın fəallığını qeyd edərək bildirmişdir ki: “Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik”. 

Əlavə edək ki, Prezident İlham Əliyevin fərmanı ilə yaradılan “YAŞAT” Fondunun Himayəçilik Şurasında diasporumuzun təmsil olunması Azərbaycan diasporuna ali səviyyədə göstərilən etimaddır. 

Diasporla İş üzrə Dövlət Komitəsi “Yaşat” Fonduna pul köçürmələri, qazilərimizə, şəhid və qazilərimizin ailələrinə maddi və mənəvi yardım göstərmələri üçün Azərbaycan diasporuna, ümumilikdə xaricdə yaşayan azərbaycanlılara çağırış edib. Bu mühüm çağırışın nəticəsində 29 aprel-31 may 2021-ci il tarixində Azərbaycan diasporunun yüksək fəallığı ilə müşaiyyət olunan “Yaşat” Xeyriyyə marafonu baş tutub, marafon 7 saata yaxın müddətdə Azərbaycan  Televiziyası ilə videoyazı formatında nümayiş olunub və nəticələr ictimaiyyətə açıqlanıb. Komitə bu işin təşkilini yüksək səviyyədə həyata keçirib və xeyriyyə marafonu “Yaşat” Fonduna 1 milyon manatdan artıq vəsaitin köçürülməsi ilə nəticələnib.

Marafon Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və "YAŞAT" Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə reallaşdırılıb.

“Qələbəni bizə yaşadanları birlikdə yaşadaq” şüarı altında keçirilən marafonun məqsədi müharibədə yaralananlara və şəhidlərimizin ailələrinə dəstək üçün dünya azərbaycanlılarını dəmir yumruq ətrafında birləşdirmək olub.

Xarici mediada xeyriyyə marafonu ilə bağlı 50-dən çox material dərc olunub, sosial şəbəkələrdə, xüsusilə teleqram kanallarında yayılan yüzlərlə məlumatın 10 minlərlə insana çatması təmin olunub.

Onu da qeyd edək ki, Qarabağ müharibəsi zamanı xaricdə yaşayan azərbaycanlılar ordumuza və ümumiyyətlə, Azərbaycan xalqına yüksək mənəvi dəstəyini əsirgəməyib, Ali Baş Komandanın arxasında olduqlarını bəyan ediblər. 

Soydaşlarımız şəhid ailələri və qazilərə Azərbaycan Diasporuna Dəstək Fondu və Silahlı Qüvvələrə Yardım Fondu vasitəsilə, eləcə də birbaşa yardım ediblər. 44 günlük Vətən müharibəsi dövründə Amerikanın və Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu ordumuza, şəhid və qazi ailələrinə 332.640 manat, 188.416 ABŞ dolları və 118.782 avro məbləğində maddi dəstək göstərib. 

Təkcə Rusiyada yaşayan soydaşlarımız ölkəmizə 1,6 milyon manat məbləğində dəstək göstəriblər. Soydaşlarımızın təşəbbüsü ilə yaralı və əlil qazilərimiz üçün Rusiyadan Azərbaycana 2 ədəd Dermatom cərrahi aparatı və onun əlavə ehtiyat hissələrindən ibarət dəst, 92 ədəd İlizarov aparatı, 566 ədəd əlil arabası göndərilib. 

Bundan əlavə müxtəlif ölkələrdə yaşayan soydaşlarımız 600 baş xırda buynuzlu heyvan, məişət əşyaları, minlərlə isti geyim, ərzaq bağlamaları və s. göndərməklə də ordumuzun əsgərlərinə, şəhid və qazilərin ailələrinə dəstək göstəriblər.

44 günlük müharibə dövründə Azərbaycan diasporu ümumilikdə 3 milyon 304 min 214 azn məbləğində maddi yardım göstərib.  

Vəsaitlər və digər yardımlar Azərbaycan Diasporuna Dəstək Fondu və Silahlı Qüvvələrə Yardım Fondu vasitəsilə, eləcə də birbaşa olaraq çatdırılıb. Kanadada yaşayan bir qrup azərbaycanlı 101 şəhid ailəsini himayəyə götürüb.

Qənaət budur ki, diasporumuz bu dövrdə dünyada erməni mifinin darmadağın edilməsində xüsusi rol oynadı və gücləndiyini, təşkilatlandığını sübuta yetirdi. 

Cənab Prezidentin və çox hörmətli Mehriban xanım Əliyevanın ordumuzun Vətən müharibəsində əldə etdiyi davamlı qələbələrlə bağlı çıxışlarında, müraciətlərində Azərbaycan diasporunun, xaricdə yaşayan soydaşlarımızın da fəaliyyətini yüksək qiymətləndirməsi diasporumuzun fəaliyyətinə xüsusi stimul verdi, sonrakı fəaliyyət üçün mühüm motivasiya yaratdı.

2020-ci ildə diasporumuzun həyatında baş verənlər təhlil edilərkən, icma üzvləri arasındakı inam, etibar və etimadın bir qədər əvvələ söykəndiyini, getdikcə daha da möhkəmləndiyini görmək mümkündür.

Bununla yanaşı nəzərdən qaçmamalıdır ki, son illərdə idarəçilik mexanizminin daha da gücləndirilməsi, koordinasiyada intensivliyin artırılması real və faydalı nəticələrlə şərtlənib. Həmin nəticələrdən bəzilərinə diqqət edək.

10 ölkədə 13 Azərbaycan evi yaradılıb;

33 ölkəni əhatə edən 14 Koordinasiya Şurası fəaliyyətə başlayıb;

4 ölkədə “Qarabağ” adlı Azərbaycan məktəbləri yaradılıb;

Azərbaycan həqiqətlərinin təbliğinə hesablanmış “Beyin qazanma proqramı”, “Liderliyin inkişafı proqramı”, “Müxtəlif olsaq da birlikdə güclüyük”, “Azərbaycan diaspor qadınları şəbəkəsi” və s. layihələr həyata keçirilib;

Diaspor gənclərinin Yay Düşərgəsi, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı reallaşdırılıb;

“Türkdilli diasporların inkişafına dair Strateji Yol Xəritəsi” işlənib hazırlanıb;

Ankarada “Türkiyə-Azərbaycan” jurnalının nəşrinə başlanılıb; 

Soydaşlarımız və diaspor təşkilatları ilə operativ əlaqənin qurulması üçün İnfoqrafik “Diaspor xəritəsi” platforması – http://www.diasporamap.com/,

Xaricdəki azərbaycanlıların bioqrafiyalarının toplandığı ətraflı axtarış sistemi – www.azerbaycan.li,

“Azərbaycan alimləri diasporu” informasiya sistemi – www.elmidiaspora.az kimi qiymətli və zəngin mənbələr yaradılıb; 

Diaspor TV, Diaspor FM-in intensiv fəaliyyəti təşkil edilib.

Bu gün dünyadakı azərbaycanlıların sayı minlərlə deyil, milyonlarla ölçülür. Aparılan aktiv diaspor siyasəti diasporun say çoxluğuna deyil, siyasi gücünün artmasına, yumşaq gücə çevrilməsinə, xaricdəki hər bir azərbaycanlının haqq və hüququnun qorunmasına hesablanıb. 

Təbii ki, hər kəsin bir xəyalı var və bu xəyallar bəzən gerçəkləşir, bəzən yox. Bu xəyallar insanları onlara fərqli görünən, insana çəkici gələn bir çox şeyləri yaşamağa, o cümlədən uzaq ölkələrdə məskunlaşmağa vadar edir. Miqrasiya, köç dayanmayan bir prosesdir. Deyirlər ki, köç edən insan yad torpaqlar üstündə yaşadıqca, o torpaq onun evi olmağa başlayır, hara sənin evin, hara qürbət, bəzən bir-birinə qarışır. Diasporumuzla, qürbətçilərimizlə bağlı incələmələr göstərir ki, bütün bunlara rəğmən, xaricdə yaşayan azərbaycanlıların vətən sevgisi, milli kimlik anlayışı sönməyən ocaq kimidir, daim közərir. Bu, daim diri qalan Vətən sevgisidir. 

 

Vəsilə Vahidqızı

Diasporla İş üzrə DK-nın Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]