Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əfsanəvi sərkərdə Həmid Qasımbəyovun xatirəsi Baltik sahillərində əbədiləşdirildi

39509 Baxış sayı / 03-10-2018 23:31

Rusiya Federasiyasının Kalninqrad vilayətinin Baltik şəhərində yerli hakimiyyət əhalinin çoxsaylı müraciətlərini və “Azərbaycan Diasporu”nun təşəbbüsünü nəzərə alaraq, vitse-admiral Həbib Həmid oğlu Qasımbəyovun xatirəsini əbədiləşdirmək üçün Lenin prospektindəki 11 saylı binanın qarşısında onun xatirəsini ədəbiləşdirən memorial lövhə qoyulub.  

II Dünya Müharibəsinin veteranı, Baltik Hərbi Dəniz Donanmasının komandanı, əfsanəvi qəhrəman vitse-admiral Həmid Qasımbəyov yerli əhali tərəfindən xoş xatirələrlə yada düşür. Buna görə də Baltik şəhər soveti deputatları 18 aprel 2018-ci il tarixində onun xatirəsini əbədiləşdirmək üçün 33 saylı qərarı qəbul ediblər. Şəhər icra hakimiyyətinin başçısı vəzifəsini icra edən Vasili Bilançuk bildirib ki, biz bu qərarı qəbul etməkdən qürur duyuruq. Əfsanəvi vitse-admiral Həmid Qasımbəyov bir komandir kimi hərbi şücaəti ilə Kalininqrad vilayətinin və Baltik şəhərinin azadlığı uğrunda böyük qəhrəmanlıqlar göstəribdir. 

 

Kalninqrad vilayətində Azərbaycan diasporunun liderlərindən biri olan görkəmli ziyalı Tofiq Rzayev “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının redaksiyasına bildirib ki: “Vitse-admiral, görkəmli hərbi və ictimai xadim Həmid Qasımbəyovun simasında bizlərə vilayətdə yerli əhali və hakimiyyət orqanları səviyyəsində çox böyük hörmət edirlər. Həmid Qasımbəyovun keçdiyi ömür yolu və göstərdiyi hərbi rəşadəti əhali heç zaman unutmayıb. Onun haqqında gəzib dolaşan qəhrəmanlıqlar bu günün özündə nəsildən nəslə ötürülür. Mən özüm hələ dörd il Rusiya Azərbaycanlıları Konqresi təşkilatının Kalininqrad vilayətinin regional nümayəndəliyinin rəsmi şəxsi kimi bu barədə hakimiyyət orqanları qarşısında təşəbbüs irəli sürmüşdüm. Bizi dəstəkləyən hakimiyyət və əhaliyə nə qədər təşəkkürlər etsək də bu azdır. Bir vaxtlar vitse-admiral Həmid Qasımbəyovun yaşadığı binanın qarşısında park salınmış və orada onun büstü qoyulub. Hər gün buradan yüzlərlə insanlar keçir və hər dəfə bu əfsanəvi şəxsiyyətin abidəsinə hörmət və ehtiramla yanaşırlar. Bu biz azərbaycanlılarda qürur hisslərimizin daha güclənməsinə səbəb olur. Mən özüm şəxsən bu böyük hərbi sərkərdə ilə çox yaxından tanış idim. Ona çox böyük hörmətlə və sevgi ilə yanaşardım. Canlı həyat səlnaməsinin ayrılmaz parçası olan hərbi rəşadətinin tarixini əzbərdən bilirəm. Vətən bu dahi şəxsiyyətlə öyünməlidir”.     

        

Görkəmli hərbi sərkərdə Həmid Qasımbəyovun xatirəsinin əbədiləşdirilməsi məsələsi ilə bağlı irəli sürülən təkliflərə dəstək üçün “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov şəxsən Kalininqrad vilayətinə uçmuş və Baltik şəhərində hakimiyyət orqanları, əhali və Azərbaycan Diasporunun fəalları ilə görüşlərdə iştirak etmişdir. Eldar İsmayılov bildirdi ki: “II Dünya Müharibəsi tarixində yeganə vitse-admiral rütbəsinə qədər ucalmış azərbaycanlı şəxsiyyət Həmid Qasımbəyov olmuşdur. Yerli əhali çox haqlı olaraq, onu əfsanəvi qəhrəman hesab edir. Bu nadir şəxsiyyət sadəcə II Dünya Müharibəsinin qəhrəmanı deyil, həm də Azərbaycanımızı və xalqımızı ləyaqətlə təmsil etmişdir. O, hərbi istedadı və şücaəti ilə Kalininqrad vilayətini və Baltik şəhərini müdafiə etməklə indiki nəsillərə miras qoyduğu əmin-amanalığın simvoludur”.  

Qeyd edək ki, Həmid Qasımbəyov 3 may 1923-cü il tarixində Naxçıvan şəhərində anadan olmuşdur. II Dünya Müharibəsindən az öncə Moskva Nəqliyyat İnstitutunun dəmir yolları mühəndisliyi fakültəsini bitirmişdir. 1941-ci ildə Xəzər Ali Hərbi Dəniz Məktəbinə daxil olmuş və buranı bitirən kimi dərhal Qara Dəniz Hərbi Donanmasında xidmətə göndərilmişdir. Burada müəyyən müddət çalışdıqdan sonra, onu Sakit Okean Hərbi Dəniz Donanmasında xidmətə göndərmişlər.  Cənubi Saxalin və Kuril adalarının hərbi təhlükəsizliyi məhz onun hərbi istedadı və döyüş qabiliyyətinin sayəsində müdafiə olunmuşdur. 1949-cu ildə onu Kalininqrad vilayətinin Baltik Hərbi Dəniz Donanmasında xidmətə ezam etmişlər. O, burada ətraf suların mühafizəsi üzrə qərargah rəisi vəzifəsini icra edibdir. 1963-cü ildə isə Baltik Dənizi Donanmasının hərbi desant briqadasının komandanı vəzifəsinə irəli çəkirlər. 1970-ci ildə isə Baltik Dənizi Hərbi Dəniz Donanması qərargah rəisi və daha sonra isə, hərbi baza və qarnizonun komandiri vəzifəsinə təyin olunur. 1971-ci ildə Həmid Qasımbəyova yüksək hərbi istedadına və bacarığına görə kontr-admiral hərbi rütbəsi verilir. 1973-cü ildə isə Baltik Hərbi Dəniz Donanmasının komandiri və qarnizon rəisi təyin olunur. 1976-cı ildə ona vitse-admiral ali hərbi rütbəsi verilir və eyni zamanda Xəzər Dənizi Hərbi Dəniz Donanmasının komandanı vəzifəsinə təyin olunur. Hərbi xidməti dövründə göstərdiyi nümunəvi xidmətinə, hərbi rəşadətinə və digər şücaətlərinə görə 30-dan çox orden və medallarla təltif olunmuşdur. Onun layiq görüldüyü bu mükafatların sırasında sadəcə keçmiş Sovetlər Birliyinin deyil, həm də Polşa və Almaniyanın da ali mükafatları vardır. Bu əfsanəvi şəxsiyyət 2005-ci ildə 82 yaşında vəfat etmişdir. Tarix heç bir zaman öz qəhrəmanlarını unutmur. Onların ömür yolu izsiz qalmır. Bu gün vitse-admiral Həmid Qasımbəyovun vətəndən çox uzaqlarda Kalininqrad vilayətində xatirəsinin əbədiləşdirilməsi, memorial abidəsinin qoyulması doğrudan da qürurverici faktlardan biridir. Bu nəcib və xeyirxah əmələ görə, bizlər Kalininqrad vilayəti və Baltik şəhərinin hakimiyyətinə, eləcə də Azərbaycan Diasporuna və onun liderlərindən biri olan Tofiq Rzayevə təşəkkürlər edirik. Əziz və doğma vitse-admiral, Azərbaycan xalqının iftixarı, görkəmli hərbi sərkərdə Həmid Qasımbəyov hər zaman beləcə xoş anlarla xatırlanacaq. Fikrimizcə onun haqqında bu möhtəşəm abidə ilə yanaşı, xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha böyük işlər görülməlidir. Onun keçdiyi ömür yolu, rəşadətli hərbi istedadı hər yerdə xatırlanmalıdır. Hər gün Baltik şəhərində insanlar onun abidəsinə baxıb işə, dərsə və ya evlərinə gedirlər. Hər bir insanın qəlbində və yaddaşında həkk olunmuş vitse-admiral Həmid Qasımbəyovun da sanki ruhu onların yol yoldaşına çevrilir. Bu dahi insanın əbədiyyətinin simvoludur. 

 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]