Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Həyatın və peşəsinin zəngin təcrübəsini qazanan şəxsiyyət

42133 Baxış sayı / 18-07-2018 22:36

Tahirə Əlyarzadə: “Dünyada körpə qığıltısından əzəmətli himn yoxdur!”

Azərbaycanın tanınmış xanımları silsiləsinə nəzər yetirdikdə Tahirə Əlyarzadənin adını çəkməmək mümkün deyil. Görkəmli həkim, mama-ginekoloq, tibb elmləri üzrə alim kimi ona məşhurluq gətirən onun peşəsinə bağlı olmaqla yanaşı, həm də ictimai fəaliyyəti ilə respublikanın tanınmış simalarından biri olmasıdır. Bir sözlə, öz peşəsini ən yüksək səviyyədə tanıtmış maarifçi ziyalılarımızdan biridir. Onun ömür yolu demək olar ki, əksər həkimlərimiz üçün canlı səlnamədir. Uzun illər görkəmli həkim Solmaz İsrafilbəylinin sədri olduğu olduğu “Azərbaycan Akuşer-Ginekoloqlar Elmi Cəmiyyəti”nin məsul katibi vəzifəsini daşımışdır. Bununla yanaşı, Tahirə xanım Səhiyyə Nazirliyinin nəzdindəki “Həkim Ginekoloq-Akuşer Attestasiya Komissiyası” və dünyaya gələn körpələr üzrə komissiyanın üzvü olubdur. Bu ciddi və məsul vəzifələri daşımaq öz zamanına görə, istənilən həkimdən elmi birlikləri ilə yanaşı, həm də zəngin təcrübə və istedad tələb edirdi. 

Tahirə xanım tibb sahəsində mama-ginekologiya üzrə ilk alimlik dərəcəsini almış azərbaycanlı həkim qadınlardan biridir. Onun  tibb elminə verdiyi sosiologiya, tibbi statistika, səhiyyənin idarə edilməsi və bu sahədə əməyin təşkili, əhaliyə sağlamlıq üzrə profilaktik yardımın təşkili, sanitar epidomoloji sahədə planlaşdırma, səhiyyənin təşkilində iqtisadi və maliyyələşdirmə işinin qurulması və digər məsələlərdə əldə etdiyi təcrübədən ölkəmizin səhiyyə sistemi daim faydalanmışlar. Demək olar ki, bu gün mama-ginekologiya sahəsində Tahirə xamının elmi-bilik təcrübəsi YUNİSEF kimi beynəlxalq təşkilatların marağına səbəb olmuşdur. “Gənc anaların döşlə əmizdirmə üzrə təlim kurslarının təşkili” istiqamətində YUNİSEF-in tanınmış mütəxəssisləri də Tahirə xanımın təcrübəsinə istinad edirlər. Onun həkim akuşer-ginekoloq kimi zəngin elmi araşdırmaları ötən əsrin 70-80-ci illərində keçmiş Sovetlər Birliyində bir çox elmi jurnallarda dərc olunmuşdur. Tahirə xanımın tibb elminin ən çətin və həssas olan bu sahədə əldə etdiyi uğurları gənc mütəxəssislər üçün əsil elmi-nəzəri və praktik baxımdan xüsusi əhəmiyyət daşıyır. Hansı səhiyyə ocağında fəaliyyət göstəribsə, orada daim baş həkim kimi böyük nüfuz qazanıbdır. Ona görə ki, elm, təcrübə və mükəmməl idarəetmə kimi istedadı Tahirə xanımın ən vacib xarakterik xüsusiyyətlərindən biridir. 

Yenicə dünyaya gələn körpələr hər bir ailənin ən böyük sevincidir. Bu sevinci təsvir etmək demək olar ki, qeyri mümkündür. Çünki, hər bir ailənin sevinci Tanrının onlara bəxş etdiyi məsum körpənin varlığı, onun səsi-ünü yaranışın ən möhtəşəm simfonik tablosudur. İstənilən ailəyə bu bəşəri sevinci bəxş edən faktorlardan biri də təbii olaraq mama-ginekoloqların əməyi sayəsində başa gəlir. Tahirə Əlyarzadə uzun illərdir məhz bu müqəddəs peşəsi ilə minlərlə ailəyə sevinc bəxş edib. Dini-mistik ruhun dili ilə desək, Tahirə xanım cənnəti öz peşəsi, elmi təcrübəsi, yüksək insani keyfiyyətləri ilə elə bu dünyanın özündə qazanıbdır. İllərin sınağından çıxmış zəngin elmi və praktik təcrübəsi sayəsində minlərlə ailəyə yenicə dünyaya gəlmiş körpələrə görə ilk gözaydınlığını vermək taleyin ən böyük xoşbəxtliyidir, desək azdır. Tahirə xanımın uzun illər öncə mətbuata verdiyi açıqlaması elə bu gün də bəşəri anlamda dərin fəlsəfi məna daşıyır. O, mütəxəssisi olduğu sahəni nəzərə alaraq belə demişdir: “Xoşbəxt o kəsdir ki, insanları sevməyi bacarır. Bunun müqabilində insanlar da onu minnətdarlıqla xatırlayır”. Tahirə Əlyarzadə taleyinə qismət olan ömür yolu məhz bu amala xidmət edibdir. 

Tahirə xanım bir vaxtlar, yəni gənclik illərində Azərbaycanın tanınmış voleybolçu qızlardan ibarət komandasında çox böyük uğurlara imza atmış idmançılarımızdandır. Bu gün dünya voleybolu və idmanı tarixində böyük nüfuza malik olan, dördqat olimpiya çempionu İnna Rıskal, M. Koqan, E. Qrudskaya, D. Ələkbərova, L. Jenenkova və R. Çuliyeva kimi görkəmli idmançılarla birlikdə Azərbaycanda  qadın voleybolu üzrə ilk qızıl medalların qazanılmasında Tahirə Əlyarzadənin xidməti böyükdür. Tahirə xanım bəlkə də İnna Rıskal kimi dünyanın ən nüfuzlu voleybolçu idmançılarından biri ola bilərdi. O, tibb elminə daha çox maraq göstərdiyi üçün, Tibb Universitetinə daxil oldu və oranı 1968-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Universitet illərində nümunəvi tələbə olduğu üçün, onu Moskvaya aspiranturaya göndərmək istədilər. Tahirə xanım bundan imtina edərək, Azərbaycanın bölgələrində yüksək təhsilli həkim kimi işləməyi üstün tutdu. Beləliklə də Şəki, Bankə və Neftçala rayonlarında fəaliyyət göstərdi. Sonradan ailəsi ilə birlikdə doğma Bakıya dönmüşdür.

Çox-çox sonralar Tahirə xanım müsahibələrinin birində bunu belə etiraf etdi: “Dünyada körpə qığıltısından əzəmətli himn yoxdur!” O, uzun illərdir bu əzəmətli himni dinləyir. İnsan bu himni duyduqca həyata olan sevgisi, insanlara münasibəti, bəşəri xarakter daşıyan o ülvi duyğulardan ayrıla bilmir. Onun sehrində qalmaqla bu simfoniyanın əbədi dinləyicisi olmaq möhtəşəm bir ömür yolunun izi ilə getmək deməkdir. 

Alovlu vətənpərvər Tahirə xanımın xidmətlərindən biri də “Qarabağ müharibəsi” zamanı və yurd-yuvalarından didərgin düşümüş neçə-neçə ailəyə dayaq olmasıdır. Bütün bunları o, heç bir zaman gözə soxmadı, özünü reklama çevirmədi. Bu məsələdə daim ümummilli lider Heydər Əliyevin bir sözünü hamıya misal kimi göstərir: “Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır”.

İşinin peşəkarı olan Tahirə Əlyarzadə hansı doğum evində fəaliyyət göstəribsə, orada  gənc anaların, nə də dünyaya gələn körpələrin amansız ölüm halları baş verməmişdir. Ona görə ki, işinin mükəmməl səviyyədə peşəkarı olan Tahirə xanım hər hansı patoloji vəziyyətin qarşısının alınmasının elmi-praktik sirlərini dərindən bilən  mütəxəssisdir. 

Tahirə xanım demək olar ki, öz bilik və təcrübəsini mütəmadi olaraq mətbuat vasitəsilə bölüşən mütəxəssislərdən biridir. “Evlərdən körpə təbəssümü əskik olmasın” devizi ilə verdiyi müsahibələrində gənc ailələrə böyük həvəslə tövsiyələrini verməklə bir həkim və vətəndaş kimi qürur duyur.  O, “yüksək şərait və nümunəvi xidmət” devizi ilə bütün həmkarlarını insanların sağlamlığının keşiyində durmağı həm də cəmiyyət qarşısında insanlıq və mənəvi borc olduğunu da xatırladır. 

Tahirə xanımın yaşı 70-i ötsə də, ehtiyatda olan zabitdir. O, gənclik illərində olduğu kimi elə bu gün də ölkəmizin müdafiəsində bir vətəndaş kimi əlindən gələni etməyə daim hazırdır. Həyatı boyu vicdanla insanlığa və bəşəri amallara xidmət etdiyinə görə, keçmiş SSRİ dönəmində “Xalqlar Dostluğu” ordeni (1986-cı il) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı (2006-cı il) ilə təltif edilmişdir. 

Görkəmli həkim Tahirə Əlyarzadə dünyada nadir insanlardan biridir desək, yanılmarıq. Onun rəhbərlik etdiyi tibbi müəssisələrdə indiyə kimi 40 mindən çox körpə dünyaya gəlibdir. Elə ailələr var ki, nəinki onların övladlarını, hətta nəvə-nəticələrinin də dünyaya gəlməsində həkim kimi iştirak edibdir. Belə bir mənalı ömür və tale çox nadir adamlara nəsib olur. Sağlam övlad dünyaya gətirmək nə qədər çətin bir iş olsa da, Tahirə xanım hər zaman insanların yanında üzüağ olubdur. Buna görə də onu tanıyanlar tərəfindən sevilən bir şəxsiyyətdir. Tahirə xanımın övladları Lalə xanım və Fərhad bəy də anaları ilə daim qürur duymuşlar.  Ailədə və cəmiyyətdə sevilən bir xanım, ana və ailə başçısı missiyasına malik olmaq ən böyük xoşbəxlikdir. Tahirə xanım məhz belə bir mənalı bir ömrün sahibidir. Çoxlarına örnək ola biləcək bir tale yolunun sahibidir.  

Bu yaxınlarda Tahirə Əlyarzadə tibb elmində və səhiyyə sahəsindəki xidmətlərinə görə “Dədə Qorqud” Beynəlxalq Milli Fondunun qərarı ilə “Qızıl Ürək” ordeni ilə təltif olunubdur. Biz də redaksiyamızın adından Tahirə xanımı təbrik edirik. Ona uzun ömür, can sağlığı diləyirik. Tibb elminin və həkim kimi öz sahəsinin peşəkarı olan Tahirə xanımın təcrübəsi inanırıq ki, neçə-neçə nəsillərə daim örnək olacaqdır. O, ümumilli lider Heydər Əliyevin bu böyük kəlamını xatırlatmaqdan heç bir zaman usanmır: “Dövlətimizin gələcəyi bizim gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır”. 

 

Ə. Yusifoğlu

“Azərbaycan Dünyası” jurnalı



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]