Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

,,Kitabi- Dədə Qorqud” dünənimizin keçmişi, bu günümüzün gələcəyidir

35972 Baxış sayı / 01-07-2017 19:39

,,Kitabi –Dədə Qorqud “ türk xalqlarının ən böyük maddi və mənəvi abidəsidir.Kökü minilliklərin dərinliyinə işləyən türk soylarının təşəkkülünü,qəhrəmanlıq salnaməsini, mənəvi zənginliyini, etnik- milli xüsusiyyətlərini əks etdirən ,,Kitabi-Dədə Qorqud “dastanı dünya mədəniyyətinin ən nadir incilərindən biridir.Yüksək bəşəri ideyaları tərənnüm edən bu dəyərli sənət əsəri türk yaddaşını,türk təfəkkürünü,türk ruhunu ehtiva edir.

,,Kitabi –Dədə Qorqud “dastanı dilimizin və poetik təfəkkürümüzün bütün gözəlliyini və möhtəşəmliyini əks etdirərək, milli –mədəni varlığımızın təzahürü kimi türk dünyasının əbədi,qiymətsiz xəzinəsidir.Şərəfli keçmişimizi yaşatmaqla bərabər, türkün bu ,,ana kitabı” milli şüurumuzun möhkəmlənməsində tükənməz bir eneryi mənbəyi,gələcəyimizin yüksəlişində misilsiz xidmətlər göstərməyə qadir olan bir tərbiyə vasitəsidir.Bu dastan bizim təfəkkür və düşüncə tariximizin,qəhrəmanlıq,yurdsevərlik yaddaşımızın,mənəviyyatımızın,adət-ənənələrimizin,əxlaq və davranışlarımızın,estetik dünyagörüşümüzün  məcmuyudur.

,,Kitabi- Dədə Qorqud” bütün dəyərli  xüsusiyyətləri ilə bərabər,dilimizin etimoloyi cəhətdən araşdırılıb öyrənilməsi,ilkin yazılı şeir nümunərinin tədqiq olunması baxımından əvəzsiz  mənbədir.

Dastanın hər cümləsi şeir misrası olsa da, ,,soylama,, adlanan şeir parçaları əcdadlarımızın estetik duyumunun nə qədər geniş və dərin məzmunlu olması haqqında,insan və təbiətin harmoniyası,gözəlliklərin təsviri,hiss və duyğularının ifadə olunmasında istifadə olunan bədii təsvir vasitələrinin zənginliyi və mükəmməlliyi barəsində bizə ətraflı məlumat verir.

Örnək olaraq, kitabədən bir neçə şeir parçasını sizə təqdim edirik.

                         ***

Qohum – qəbiləli,komam – yurdum!

Qulanla,sığına - keyikə qonşu yurdum!

Səni düşmən haradan talayıb,gözəl yurdum!

Uca evimin tikilişi,yurdu qalmış,

Qoca anamın oturduğu yerdə qalmış,

Oğlum Uruzun ox atdığı nişan qalmış,

Bəylərin at çapdığı meydan qalmış.

Qara mətbəxin yerində ocaq qalmış...

                   ***

Bu kiçik şeir parçasında qədim türklərin yaşam tərzi,yurdunun –obasının real təsviri,onun ətrafla-təbiətlə uyğunluğu,eyni zamanda  təbiətlə insanın qarşılıqlı münasibəti,doğmalıq ,məhəbbət duyğuları həmahəng təsvir olunmuşdur.İnsanın evi,ailəsi,gündəlik vərdişləri,adətləri və bunların yaratdığı assossasiya çöl adamının təfəkkür tərzindən,yurd sevgisindən ,ailə məhəbbətindən ,incə duyğularından xəbər verir.

Qələbəlik olan meydanın kimsəsizliyi, ocaq yerinin qaralmış soyuq külü, ən əziz insanın  - ananın boş qalmış yeri  ,isti yuvasını,komasını, evini,yurdunu itirmiş insanın kədərinin,nisgilinin,ağrısının detallarla – bədii istiarələrlə ifadə edən toplumun bədii ,poetik idrakının göstəricisi kimi təəssürat yaradaraq ,insanı təsirləndirir.Bu sətirləri oxuyarkən hər bir türk adamında yaddaşdan gələn bir yurd,vətən sevgisi oyanır,sanki arada yüzilliklərin vaxt məsafəsi yoxmuş kimi, bu həsrəti,ayrılığı ,acını duyaraq,qəhrəmanlarla bir yerdə eyni duyğuları keçirirsən.

                       ***

Dastandakı soylamalara diqqət etsək,şeir parçalarının ,demək olar ki, hamısında şifahi xalq ədəbiyyatının ilkin nümunələrinə xas olan öxşama,əzizləmə,öymə ,tərif və vəsf etmə məcazlarından bol-bol istifadə edilmişdir.Bu poetik rəng çalarları qədim türk məişətindən tutmuş ən ciddi savaş təbirlərinə qədər geniş insan münasibətlərinin ifadə zənginliyini və zərifliyini göstərən dəlillərdir.

                       ***     

Bəri gəlgil,başum baxtı,evüm taxtı,

Evdən çıqub yüriyəndə səlvi boylum!

Topuğunda sarmaşanda qara saçlum,

Qurulu yaya bənzər çatma qaşlum!

Qoşa badam sığmayan dar ağızlum,

Güz almasına bənzər al yanaqlum,

Qavunum,verəgim,döləgim!

Görürmüsin,nələr oldi?!

               ***

Qadın gözəlliyini bu qədər həssaslıqla,sevgi ilə təsvir edən yaradıcıya – ozana,aşığa,şairə eşq olsun! Bu sətirlərdə gözəlliyin tək zahiri əlamətləri deyil,eyni zamanda ünsiyyətin,təmasın istiliyi,səmimiliyi doğmalığı tərənnüm olunur.,,Qar üzərinə qan dammış kimi al yanaqlum!” ifadəsinin üstündən minilliklər keçsə də,bu təşbehin təzəliyi,təravəti, təmizliyi və gözəlliyi heç zaman köhnəlməyəcək. Çünki bu gözəlliyin arxasında heç zaman solmayacaq insan duyğusu,insan sevgisi dayanır.

Bu ,bizim dilimizin,oğuz türkcəmizin ən qədim qaynaqlarının belə   şirinliyindən,duruluğundan,zənginliyindən, yaşarılığından xəbər verir.

Bir türk obasında səhərin açildığını dadlı dillə nəql edən xalqın həyat təsəvvürü,təbiətin rəngarəngliyini və hərəkət çalarını ifadə etmək bacarığı, duyum mükəməlliyi aşağıdakı misralar vasitəsi ilə gözümüzün önündə aydın bir lövhə  kimi canlanır:

Salxım-salxım  dan yelləri əsdikdə,

Saqqallı boz,ac torağay ötdükdə,

Bədəvi atlar yiyəsini görüb kişnədikdə,

Saqqalı uzun,tat kişi azan çəkəndə,

,,Ağlı”, ,,qaralı” seçilən çağda,

Qalın  oğuzun gəlini,qızı bəzənən çağda,

Köksü gözəl böyük dağlara gün dəyəndə,

Igid bəylər,qəhrəmanlar bir-birilə döyüşəndə...

                  ***

Qədim türklərin yaşamında,həyat tərzində önəmli yer tutan atrubutlar – at,dəvə,qoyun-keçi,ev-alaçıq, qılınc, sapand, ox-yay və başqa məişətlə, ovla,döyüşlə,savaşla bağlı olan bütün varlıqlar bu dastanda xüsusi bir nəvazişlə,məhəbbətlə oxşanılır,öyünülür.Bunların içində at xüsusi yer tutur.,,At igidin qardaşıdır – deyimi,bəlkə də,bu dastanının formalaşmasından çox-çox əvvəllər yaranmışdır. Çöl adamının, döyüşçünün ən yaxın dayağı,köməkçisi,sirdaşı,arxadaşı atdır.Təsadüfi deyil ki,bizim bütün qəhrəmanlıq dastanlarımızda at  bəzən fövqəladə qüvvə sahibi,qeyri-real dünyanın bizim dünyamıza düşmüş bir hissəsi kimi, fantastik varlıq kimi təqdim olunur.Şübhəsiz ki,bu qədim türklərin inancları və yaşam tərzi ilə sıx əlaqədardır.

Açuq-açuq meydana bənzər sənin alıncığın,

İki şəbçırağa bənzər sənin gözcügəzin,

Əbrişimə bənzər sənin yəlincigin,

İki qoşa qardaşa bənzər sənin qulacığın,

Əri muradına yetürər sənin arxacığın.

At deməzəm sana,qardaş derəm,

                               Qardaşımdan yeg !

Başıma iş gəldi,yoldaş derəm,

                               Yoldaşımdan yeg !

                      ***

Bildiyimiz kimi ,əski türk dastanlarında  türklərin inanclarında qurd ən müqəddəs totemdir.Bir çox ortaq türk dastanlarında qurd xilaskar və uğur simasında təsvir olunur.İndinin özündə də poetik təfəkkürdə qurd azadlıq,işıq,mərdlik,xilas və ən başlıcası türkçülüyün simvolu kimi anılır və qəbul olunur.Qəhrəmanların çoxu ,,qurd üzlü”,,,qurd biləkli”,,,qurd ürəkli” bədii təyinləri ilə vəsf olunur.

Qıyıq gözlərini dikib alova,

Söz  açır gələcək  qurd  kürəklidən.

Qurd  tək əzəmətli,qurd tək  biləkli, 

Qurd üzlü,qurd  gözlü, qurd ürəklidən.(N.B.)

Ənənəvi olaraq,özündən əvvəlki türk dastan mifologiyasının təsiri ilə ,,Dədə Qorqud” dastanlarında da bir neçə boyda qurd insanın sirdaşı kimi anılır.İnsan vacib  və müqəddəs saydığı varlıqlar sırasında qurdla da ,,xəbərləşir”:

Qaranlıq axşam olanda günü doğulan!

Qarla yağış yağanda ər kimi duran!

Qaracıq atları kişnəşdirən!

Qızıl dəvə gördükdə inləşdirən!

Ağca qoyun gördükdə quyruğuyla qamçı çəkən!

Arxasıyla vurub bərk ağılın arxasın sökən!

Burma-axta,kök qoçları alıb-tutan!

Qanlı quyruq üzüb şap-şap udan!

Ulaşması köpəkləri qorxuya salan!

Əldə məşəl çobanları gecə vaxtı yüyürdən!

Yurdumdan bir xəbər bilirsənsə,de mənə!

Dərdli başım qurban olsun,qurdum,sənə!

                   ***

Zamanın hansı kəsiyində olursa-olsun,insanım həyatı,ömrü ilə birbaşa əlaqədar olan hadisələr,əşyalar mövcuddur ki,insan onunla canlı kimi rəftar edir,dərdini,düşüncəsini bölüşür,onunla özü arasında bir uyğunluq tapır,özünə həmdərd bilir.Ağac... türk mifalogiyasında ən çox işlədilən,müqəddəs sayılan,həm ölülüyü,həm diriliyi ilə bağlı rəmzlərdən biri də ağacdır... Ağacın kökü,gövdəsi,yarpaqları,çiçəyi, barı,bərəkəti,yaşarılığı və fəlsəfi anlamı...

Başını tutub baxarsam,başsız ağacsan!

Dibini tutub baxarsam,dibsiz ağacsan!

Məni səndən asarlar,götürmə,ağac!

Götürsən,igidliyim səni tutsun ,ağac!

Bu şeir parçasında ağacla canlı kimi,tale ortağı kimi ,ömür şahidi kimi

duyğularını bölən bir qəhrəmanın emosional əhvalını görürük.

                 ***

,,Kitabi-Dədə Qorqud”datanı bədii-emosional gözəlliyi,maraqlı süjet və məzmun zənginliyi ilə bərabər,fəlsəfi dünyagörüşü,təfəkkür genişliyi ilə də  ensiklopedik bir mənbədir.Dastandakı müdrik ,dünyagörmüş, hətta müqəddəs hesab olunan Dədə Qorqud obrazı türkün idrakının nurlu təcəssümüdür.Onun dilindən söylənilən hər bir hadisənin,əhvalatın arxasında böyük təcrübənin,müdrik bir nəticənin ,düşüncənin   zəkasını görürük:  

Qanı dediyin bəy ərənlər,

Dünya mənimdir deyənlər?

Əcəl aldı,yer gizlədi,

Fani dünya kimə qaldı?

Gəlimli – gedimli dünya,

Son ucu ölümlü dünya !

Hər bir toplumun, xalqın,millətin qəhrəmanlıq,mədəniyyət tarixi ilə yanaşı,təfəkkür tarixi də mövcuddur.Bu gün varlığında türk ruhu yaşayan hər bir kəs əcdadlarımızın təfəkkür və düşüncə genişliyi  və səviyyəsi ilə fəxr edə bilər.Belə bir şərəfli keçmişə sahib olmaq, həqiqətən ,böyük xoşbəxtlikdir.

Bu şərəfin,ləyaqətin qədrini bilmək, onu qorumaq,yaşatmaq hər bir ziyalının müqəddəs borcudur.Türklük,türkçülük bizim milli idealogiyamızın təməlini,əsasını təşkil etməlidir,bizim yaşam konsepsiyamızı müəyyənləşdirməlidir.Dil,mədəniyyət,milli idealogiya olmadan heç bir millətin iqtisadi,siyasi nüfuz qazanmaq,bir millət olaraq özünü təsdiq etmək imkanı yoxdur.Bu səbəbdən də biz öz keçmişimizə, dilimizə,mədəniyyətimizə,tariximizə və yaddaşımıza sahib çıxmalı, gəncliyimizi və gələcəyimizi bu yöndə tərbiyə etməyi bacarmalıyıq. Bu müqəddəs yolda çalışan bütün insanlara uğurlar arzulayıram.

Tanrı türkü və türk dünyasını qorusun!

 

 Nisə Bəyim



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]