Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Məhəmməd Qurbanov: Biz tarixin təcrübəsini inkişaf etdirdikcə güclü olacağıq

33715 Baxış sayı / 03-10-2018 23:19

Azərbaycan, Türk Dünyası və Qafqazda çox məşhur olan övliya nəsillərindən biri də qoca Dərbəndin Salih kəndində olan Qurbanovlar ailəsidir. Tarixi sənədlər də təsdiq edir ki, şeyxlər və övliyalar nəslini təmsil edən Qurbanovlar ailəsi hər zaman insanlığın və əmin-amanlığın keşiyində durub. Görkəmli dövlət dövlət xadimi, Dağıstan-Azərbaycan, Türk Dünyası və Slavyan xalqlarının müasir tarixi yaddaş doktrinasının müəlliflərindən biri kimi tanınan  Məhəmməd Qurbanovun bu istiqamətdə fikirlərini öyrənməyə çalışdıq. 

- Məhəmməd müəllim, “soyuq savaş” bitdikdən sonra sanki, minilliklərin dəyərləri və konseptual ənənələri deformasiyaya uğrayıb. Bu gün bizlərə təlqin olunan və ifrat dərəcədə “fərdilik” anlayışı modernləşdirildikcə bir sıra ənənələrdən də sanki beləcə uzaqlaşmağa başlamışıq.

- Əvvəla onu qeyd etmək lazımdır ki, min illərin sınağından çıxmış ənənələrə sadiq qalmaq heç də hansısa mühafizəkar baxışla ölçülməməlidir. Ənənələr min illər ərzində formalaşan institutsional həyat tərzidir. Elə bilirsiniz ki, Qərbdə bunu inkar edirlər? Qərbin özü son 30 ildə milli və insani deqradasiyanın qarşısını almaq üçün milyardlarla vəsait xərcləyir. Dünyanın dörd bucağına xüsusi ekspedisiyalar göndərirlər. Otların, çiçəklərin, böcəklərin belə təbiətin harmoniyası şərtləri içində yaşamaq instinklərini incələyirlər. Ən kiçik da tayfaları araşdırırlar. Öz təcrübəmdən deyə bilərəm ki, Rusiya Federasiyasının Krasnoyarsk vilayətinin Taştakul bölgəsində yaşayan və Gök Tanrı inanclı şor türklərinin min illərdir öz ənənələrinə sadiq qalaraq milli genefondlarını necə qoruduqlarını və inkişaf etdirdiklərini Avropanın əksər etnoqrafları araşdırmışlar. Onları heyrətə gətirən 30 min nəfər sayı olan şor türkünün necə sağlam həyat tərzinə malik olduqlarıdır. Bizim ənənələrimiz toplu şəklində yaşam sisteminə bağlıdır. Bu, zamanın axarından geri qalmaq deyil. Bunun başlıca sirri vahid dövlət, vahid xalq doktrinasıdır, cəmiyyət və dövlətçiliyin bütünlüyünə xidmət edən fəlsəfədir.

– Sizin atanız Seyid Camaloğlunun bütün zamanlarda sevilməsinin, milliyyətindən asılı olmayaraq bütün xalqların nümayəndələri tərəfindən qəbul edilməsinin sirrini bu amillə bağlamaq olarmı?    

– Bunu cəmiyyətin özü qiymətləndirirsə, mən bir övlad kimi qürur duyuram. Bizim nəsil övliyalar nəslidir. Misirdəki dünyanın ən qədim İslam Universiteti olan “Əl Əzhər Universiteti” və İsgəndəriyyədəki dünyanın ən qədim kitabxanasındakı arxiv sənədləri də bunu sübut edir. Ulu babam Şeyx Yusif Müskiri XV əsrin ən nüfuzlu övliyası sayılan Seyid Yəhya Şirvani Bakuvinin yaxın silahdaşı olub. Ötən il YUNESKO səviyyəsində onların xatirəsinə hörmət əlaməti olaraq dünyanın bir çox elm mərkəzlərində konfranslar təşkil olundu. Babamın “Bəyanül əsrar lit-talibin” və “Silsilətül-uyun” fəlsəfi traktları dünya muzeyləri və kitabxanalarının bəzəyidir. Onun türbəsi Xaçmaz rayonunun Şıxlar kəndində yerləşir. Fəlsəfi traktları bir neçə il bundan əvvəl İsveçdə rus, ingilis, ərəb və türk dillərində dərc edilib. Ailəmizdə babam Şeyx Cəmaləddindən daha çox danışılardı. Dağıstanda çoxları hələ də onun həyat yolundan, ilahi bir şəxsiyyət kimi möcüzələrindən danışırlar. Atam ömrü boyu  babamın verdiyi göstərdiyi yolla yaşadı. O, nəsil-şəcərə konspesiyasının ideyalarını, o biri yandan müasir həyatın şərtlərini dərin fəlsəfi düşüncə sistemi ilə uzlaşdıran şəxsiyyət idi. Bütün həyatım boyu məhz atamın və babalarımın yolu ilə getməyə çalışmışam. Daha doğrusu, etiraf edim ki, onlara bənzəmək istəmişəm. 

– Sizin ailəniz və özünüz Dağıstan-Azərbaycan ənənələrinin mirasını daşımaq və bu şərəfli missiyanın davamçısı olmaq kimi dəyərlərə malik olmaqdan qürur duyur.

– Mən bir çox görkəmli dövlət xadimlərini erkən yaşlarımdan evimizdə görməyə adət etmişəm. Atamın həmin şəxslərlə apardığı müzakirələrin canlı şahidi olmuşam. Sonralar özüm dövlət işlərində çalışdığım vaxtlarda atam və onun dostlarından öyrəndiklərimi tətbiq etməyə çalışmışam. Ailəmizdə hər zaman görkəmli dövlət xadimi Əziz Əliyevin xidmətləri əsas müzakirə mövzusu olubdur. Atam dönə-dönə deyərdi ki, Əziz Əliyev Dağıstan-Azərbaycan xalqlarının sarsılmaz dostluğunun simvoludur. Onun elmi və dövlətçilik təcrübəsini dərindən öyrənmək lazımdır.

 

– Eşitdiyimizə görə, ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanın rəhbəri olduğu zaman atanızı Bakıda mühüm dövlət vəzifələrində işləməyə dəvət edib.

– Heydər Əliyev bu mühüm vəzifəyə seçildikdən sonra, professional mütəxəssisləri işə dəvət edirdi. Onlardan biri də atam idi. Babam Şeyx Cəmaləddin Əziz Əliyevlə səmimi şəkildə münasibətləri olub. Atam Bakıda Mərkəzi Komitədə işləməyə dəvət olunsa da,  Dağıstan KP MK buna imkan vermədi. Çünki, Dağıstanda peşəkar kadrların qıtlığı var idi. Amma ömrünün sonuna kimi Heydər Əliyevlə dostluq əlaqələrini kəsmədi. Bundan əlavə, görkəmli dövlət xadimləri və uzun illər Dağıstanda mühüm vəzifələrdə çalışmış əmilərim Yaqub Qurbanov və Gülü Babayev də Əziz Əliyevin yaxın silahdaşları olublar.

– Bəs Sizin Heydər Əliyevlə və bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə yaxın münasibətləriniz necə yarandı?  

– Heydər Əliyevlə münasibətlərimiz Naxçıvan Muxtar Respublikasının yaranmasının 50 illiyi münasibəti ilə Naxçıvan şəhərinə səfərimiz zamanı başladı. Mən ilk dəfə idi ki, bu əfsanəvi şəxsiyyəti canlı olaraq görürdüm. Bundan əlavə, onu da qeyd edim ki, Sovet İttifaqı dağıldıqdan sonra, hər yerdə olduğu kimi, Naxçıvanda da həyat şəraiti dözülməz idi. Bir yandan ağır sosial-iqtisadi vəziyyət, o biri yandan isə Azərbaycanın, xüsusilə Naxçıvanın blokada və müharibə şəraitində olması ürəkağrıdıcı vəziyyət yaratmışdı. Atam Seyid Camaloğlu ilə belə bir dözülməz şəraitdə Naxçıvana Heydər Əliyevlə dəfələrlə görüşə getdim. Dağıstan-Azərbaycan münasibətlərinin tarixi ənənələrinə kölgə salmaq istəyən bir sıra siyasi proseslərin qarşısını almaq, Heydər Əliyevin zəkası və dövlətçilik təcrübələrindən bəhrələnmək əsas məqsədlərimizdən idi. O ağır illərdə bu gün Azərbaycan dövlətinin başçısı olan İlham Əliyevlə qırılmaz dostluq əlaqələrimiz yarandı. 

– Heydər Əliyev yenidən dövlət başçısı seçiləndə Rusiya, Dağıstan və Azərbaycan münasibətlərinin inkişaf etməsində Seyid Camaloğlunun və Sizin də aktiv şəkildə bir çox fəaliyyətləriniz oldu. 

– Elədir ki, var. 1993-cü il ən ağır illərdən biri oldu. Dağlıq Qarabağ və onun ətraf rayonları işğal olunmuşdu. Bir milyondan çox vətəndaş öz torpaqlarından didərgin düşmüşdülər. Azərbaycan dövləti onları müvəqqəti də olsa, yerləşdirmək, qida və digər zəruri mallarla təmin etməkdə çətinliklər içində idi. Biz Dağıstan xalqlarının qardaşlıq köməyi olaraq Azərbaycana zəruri yardım kampaniyalarını başlatdıq. Gecə-gündüz bilmədən əlimizdən gələn köməyimizi əsirgəmədik. Bu çətinliklərlə yanaşı, demokratiya pərdəsi altında Azərbaycan-Dağıstan və eləcə də Rusiya ilə münasibətləri böhranlı həddə çatdırmaq istəyən qüvvələr dayanmaq bilmirdilər. Bax o zamanlarda Heydər Əliyev və Seyid Camaloğlunun zəkası, uzun illərin təcrübəsi sayəsində bütün bunların qarşısı alındı. 

– Siz uzun illər dövlət xadimi kimi bir sıra mühüm vəzifələrdə çalışmısınız. Dağıstanın Azərbaycandakı ilk rəsmi nümayəndəliyinin başçısı kimi strateji vəzifəni daşımızsınız. 

– Belə bir qədim misal var: “Oğullar atalarının yolu ilə gedəndə heç zaman problem olmur”. Hər bir insanın həyatda özünə məxsus missiyası olur. Bizimki də Dağıstan-Azərbaycan münasibətlərinin tarixi ənənələrini qorumaq və inkişaf etdirməkdir. Mən belə bir tarixi prosesdə iştirak etdiyimə görə hər zaman qürur duymuşam. Mənim missiyam müasir tariximizdə təməli Əziz Əliyev tərəfindən qoyulan və Heydər Əliyevlə Seyid Camaloğlu tərəfindən inkişaf etdirilən ənənələri qoruyub yaşatmaq olmuşdur. Ənənə və novatorluq prinsipləri bu gün bizim xalqların ümumi inkişaf konsepsiyası deməkdir. Çox şükürlər olsun ki, artıq Dağıstan-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyənlər tarixin səhnəsindən silindilər. Bu, Rusiya Federasiyası prezidenti Vladimir Putinin və Azərbaycan prezidenti İlham Əliyevin, uzun müddət Dağıstan Dövlət Şurasının sədri olmuş Məhəmmədəli Məhəmmədovun birgə səyləri nəticəsində baş verdi. Xaçmaz rayonunda icra hakimiyyəti başçısı və görkəmli dövlət xadimi Əjdər Xanbabayevlə birlikdə biz neçə il bundan əvvəl “Azərbaycan-Dağıstan Xalqlarının Dostluq Muzeyi”ni yaratdıq. Bu muzey canlı bir səlnamədir. 

– Siz “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan Dünyası” jurnalının idarə heyətinin üzvüsünüz. Bu istiqamətdə nə kimi fəaliyyətləriniz vardır? 

– Mən bu iki qurumun yarandığı gündən onların fəaliyyətində yaxından iştirak edirəm. Hər iki qurumun təsisçisi və rəhbəri, yaxın dostum Eldar İsmayılovun intellektual səviyyəsi sayəsində gördüyü işlərin miqyası çox böyük bir coğrafiyanı əhatə edir. Bu gün dünyanın coğrafi mənzərəsində Türk Dünyası və Slavyan xalqlarını müxtəlif prizmalardan üz-üzə qoymaq istəyən çevrələr var. Bilik və savadımız, təcrübəmiz imkan verir ki, bizim xalqları gözləyən bir sıra neqativ halların qarşısını ala bilək. Onu da qeyd edim ki, bu yöndə əməyi keçən alimləri, ziyalıları, mütəxəssisləri və dövlət xadimlərini jurnalın vasitəsilə xalqımıza tanıdırıq. Daha üstün səviyyədə fəaliyyət göstərənlərə “Dədə Qorqud” Milli Fondunun mükafatlarını təqdim edirik. Murad Acı (Dağıstan), Oljas Süleymenov (Qazaxstan), Namik Kamal Zeybək (Türkiyə) və digər məşhur xadimlərin adlarını çəkmək olar. İnanıram ki, böyük Avrasiya məkanının tarixi və əzəli sakinləri olan türk-slavyan xalqlarının müasir mərhələdə birgəyaşayış hədəflərinin strategiyasının çox böyük səmərəli nəticələri olacaq. “Azərbaycan Dünyası” jurnalı və “Dədə Qorqud” Milli Fondunun əsil missiyası da məhz bundan ibarətdir. 

– Oxucularımza nə demək istərdiniz?  

– Mən həyatım boyu Qafqaz məkanı, Dağıstan-Azərbaycan və Rusiya, eləcə də Türk Dünyası coğrafiyasında yaşayan bütün xaqların dostluq və qardaşlıq tellərinin inkişafı istiqamətində fəaliyyət göstərmişəm. Belə ki, bu geniş üfüqün daim sabit olması, sülh və əmin-amanlığın qorunub saxlanılması üçün əlimdən gələni əsirgəməmişəm. Mənim babalarımın türbələri pir-ocaq mədəniyyətinin bir parçasıdır. O türbələr insanlara şəfa verib, onların diləyinə çarə olub. Bu, əslində bizlərin qədim vəhdəti-vücud fəlsəfəmizin indiyə kimi qorunub saxlanılması deməkdir. Buna canlı aləmin fiziki və ruhi enerjisinin cəmiyyətə, insanlığa faydalı olmağın düsturu deyilir. Bizlər sadaladığım tarixi və həyati təcrübələrdən faydalansaq, o qədər uğurlar qazana bilərik. Hər kəsə uğurlar diləyirəm. 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]