Milli İdeologiya hər bir millətin kimliyini göstərir

Rafat Əliyev
"Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının İdarə Heyətinin üzvü
Azərbaycan öz tarixi, coğrafi mövqeyi cəhətdən mühüm strateji əhəmiyyətli bölgədə yerləşir. Bu ölkəni mühüm edən amillərdən biri də ərazinin Türk ayparasında məxsusi yer tutmasıdır. Heç də təsadüfi deyil ki, bu ərazilər daim beynəlxalq diqqət mərkəzində olmuşdur. Mərkəz isə hər zaman özünün milli ideya və təfəkkürü ilə fərqlənməlidir. Çünki milli ideya tarixi taledə mühüm rol oynayır.
Bu ölkənin milli ideoloji xətti isə onun çoxmillətli olması ilə səciyyələnir. Millətlər arasında yaradılan qardaşlıq əlaqələri, Azərbaycanın özünəməxsus üstünlüyüdür. Spenserə görə milləti ideya yaradır. Milli ideya milli özünüdərkdən sonra yaranır. V.Belinski də hesab edirdi ki, cəmiyyət üzərində möhkəm hakimiyyətə söz yox, ancaq ideya malikdir. Qərb fəlsəfəsi də ideyanı inkişafın əsas mənbəyi və səbəbi hesab edir. Çünki yeni milli ideya toplumu səfərbər edir, fəaliyyəti istiqamətləndirən ideoloji müddəalar sistemi yaradır, nəticədə milli birlik yaranır, dövlət isə qüdrətli olur. Milli ideya çox sadə ifadə olunmalıdır. İdeya nə qədər sadə olarsa, bir o qədər çox kütləyə sahib olar.
Bizə də milli birlik və qüdrətli dövlət lazımdır. Belə bir dövlətin asan başa düşülən milli ideyasını ulu öndər mütəfəkkirlərimizin fəlsəfəsində axtarmaq lazımdır. Bu milli ideyanın ümummilli (yəni, bütün siyasi qüvvələrin və gələcək nəsillərin də qəbul edəcəyi) ideyaya çevrilməsi üçün ictimai-siyasi institutlar öz töhfəsini verməlidirlər.
Qüdrətli dövlət qurmaq üçün əvvəlcə, dövrü düzgün səciyyələndirmək, düşməni (və ya düşmənləri) neytrallaşdırmaq lazımdır. Bu niyyətlə Heydər Əliyevin bəzi fəlsəfi fikirləri ilə tanış olanda görürük ki, milli birlik və qüdrətli dövlət ideyası Heydər Əliyev fəlsəfəsinin əsas qayəsidir.
Heydər Əliyev fərd-kütlə kontekstində xalqımızla bağlı belə bir fikir söyləmişdir: “Əgər bir azərbaycanlı ilə bir ermənini təkbətək meydana salsan, azərbaycanlı heç vaxt kürəyini yerə verməz. Heç vaxt! Amma millətimizi bu cür qəhrəman etmək bir-iki adamın işi deyildir. Bu, xalqın hamısının birlikdə işidir və xalqa rəhbərlik, başçılıq, sərkərdəlik edən adamların işidir. Xalqımızda bu qüdrət, cürət, qəhrəmanlıq keyfiyyətləri var”.
Bu gün Heydər Əliyev məktəbinin davamçısı cənab Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət də məhz milli birlik üçün modeldir. Milli İdeologiya nəticəsində Azərbaycan kimi çoxmillətli bir ölkədə yaradılmış şərait dünyada nümunə göstəriləcək səviyyədədir. Milli birlik nəticəsində yaradılmış mənəvi əsas isə siyasətə, hərbi gücə, iqtisadiyyata, geosiyasətə söykənir. Qlobal dünyada, Azərbaycanda müasirlik (demokratikləşmə, geosiyasi, geoiqtisadi və s. məsələlər), vəhdətdədir. Bunları bir-birindən ayırmaq mümkün deyil və müasirləşmə bütövlükdə Azərbaycançılığı müəyyənləşdirir.
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]