Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Mir Cəlalın aforizmləri

43711 Baxış sayı / 07-02-2020 11:00

Prof. Həcər Hüseynova

 

XX əsr Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən olan Mir Cəlal Paşayevin bədii əsərlərinin dili olduqca təbii, canlı və ritmikdir. Sadəlik, səmimilik və inandırıcılıq Mir Cəlalın dilinə məxsus əsas cəhətlərdəndir. Yazıçı bütün yaradıcılığı boyu nədən yazırsa yazsın, həmişə sadə olmuş, məzmunla formanın vəhdətinə daha çox diqqət yetirmişdir. Mir Cəlal məzmunu bəsit olan, insanı və insan hisslərinin obrazını ifadə edə bilməyən əsəri əsər adlandırmırdı. Onun fikrincə, bədii əsər keçmiş həyatı yenidən canlandırıb oxucunun təsəvvüründə yaşadır, sənətkarın yaratmaq qabiliyyətinin, məharətinin, qələm gücünün əhəmiyyətini göstərir. 

Mir Cəlal öz əsərləri ilə bu gün də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması kimi müqəddəs işə xidmət göstərirsə, deməli, o ölməmişdir. Mir Cəlal yaradanlardan idi. Yaratmaq isə ölümü öldürmək deməkdir: zaman keçər, söz qalar. Yaratdığı əsərlərə böyük məsuliyyətlə yanaşan, hər zaman gənclər, tələbələr arasında olan Mir Cəlal gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması işində əhəmiyyətini nəzərə alaraq əsərlərini hikmətli sözlərlə, müdrik kəlamlarla zənginləşdirmişdir. 

Yazıçının yaratdığı zəngin mənəvi xəzinənin, mənəvi sərvətin bir hissəsi onun hikmətli sözləridir. Həmin kəlamlar insanların yalnız mənəviyyatını deyil, həm də onun yaşadığı məkanı, zamanı da işıqlandırır. 

Bəzən insan həyatının elə anları, elə dəqiqələri olur ki, onu sıxıntıdan, tərəddüddən bir ilahi kəlam, bir bəşəri hikmət qurtara bilir. Belə kəlamların dəyərini heç nə əvəz edə bilməz. 

Vaxtı ilə mollanəsrəddinçilər Ezop ifşa materiallarından biri kimi aforizmlərdən geniş istifadə etmiş, ictimai-siyasi məsələlərin qavranılmasında, sinfi mübarizəyə münasibətin aydınlaşdırılmasında həyat faktlarının ümumiləşdirilməsi ilə, aforistik nəticələrlə insan şüuruna təsir göstərmişlər.  T.Hacıyev bu xüsusda yazır: “İctimai həyatın geniş mənzərələri aforistik düsturlarda təcəssüm edir. Bu düsturların açılması yazıçının bədii həqiqətini müəyyənləşdirir. Həyat həqiqətinə münasibəti fəallaşdırır. Dövrün ictimai suallarına cavab bu düsturlarda olur, düsturun açılması ilə sual işarəsi nidaya çevrilir”. 

Mir Cəlalın əsərlərində leksik vahidlər diğər dil vahidləri kimi, olduqca zəngin üslubi keyfiyyətlərinə görə fərqlidir, özünəməxsusdur. Yazıçınin dilinin leksik imkanları dedikdə, onun əsərlərində işlətdiyi sözlərin, frazeoloji birləşmələrin işlənmə dairəsi, müxtəlif üslubi xüsusiyyətləri nəzərdə tutulur. Söz və ifadələr kontekstual şəraitdə müxtəlif məna çalarlıqları qazanır. Həmin dil vahidləri sırasında aforizmlərin ifadə etdiyi məna daha dərin, daha mükəmməl olur. 

Aforizmlər görkəmli şəxsiyyətlərin, ağıllı insanların düşündüyü, yaratdığı hikmətli kəlamlardır. Mir Cəlalın bədii əsərləri belə kəlamlarla zəngindir. Mir Cəlal həyatın bütün sahələri ilə əlaqədar düşüncələrini müdrik bir ata, bir el ağsaqqalı kimi gənc nəslə aşılamaq, onları gələcəyi görməyə, həm vətənin, həm də özlərinin taleyi üçün ən doğru olanı seçməyə çağırmışdır. Buna görə də yaratdığı aforizmlərin, Mir Cəlalın əsərlərinin xalq tərəfindən sevilməsində, şöhrət qazanmasında, gənc nəslin tərbiyəsində mühüm rolu olmuş və indi də vardır. 

Mir Cəlal bədii əsərlərinə rəng qata biləcək, ona gözəllik və emosionallıq verə biləcək hər bir dil vahidindən səmərəli, sərbəst şəkildə istifadə etmişdir. Sərbəstlik yazıçının yaradıcılığının əsas cəhətlərindən biridir. Mir Cəlal M.Füzulinin əsərlərinin dilini tədqiq edərkən Belinskinin belə bir fikrini sitat gətirmişdir: “Yaradıcılıqda sərbəstlik müasirliyə xidmətlə uyuşmalıdır. Bunun üçün özünü günün mövzusunu yazmağa məcbur etmək, fantaziyanı zorlamaq lazım deyil, bunun üçün ancaq öz cəmiyyətinin vətəndaşı, öz dövrünün övladı olmaq lazımdır. Öz xalqının maraqlarını mənimsəmək, öz meyllərini xalqın meylləri ilə birləşdirmək lazımdır. Bunun üçün cəmiyyətə, xalqa rəğbət, sevgi hissi, əməli düşüncədən, əsərin mövzusunu reallıqdan ayırmayan sağlam, praktiki həqiqət duyğusu lazımdır”. 

Həyatın bütün sahələrini əhatə edən, ibrətamiz  hikmətli kəlamların ədəbiyyata gətirilməsi Homerin adı ilə bağlanmışdır. Aforizmlər elə ifadələrdir ki, yazıçı bu ifadələr vasitəsilə bəzən həyat hadisələrinə müəyyən münasibət bildirmək məqsədilə onları obrazların dilində işlədir. Bəzən aforizmlər əsərə, əsərin bir hissəsinə epiqraf seçilir, bəzən də mənfi tipləri digər obrazların dililə tənqid edərkən aforizmlərdən istifadə edilir. 

Mir Cəlal yaratdığı aforizmləri bədii əsərlərində müxtəlif məqsədlərlə işlətmişdir. Onların bir qismi, atalar sözlərində olduğu kimi, əsərə və ya əsərin hissələrinə epiqraf seçilmiş, bir qismi isə personajların dilinin və müəllif təhkiyəsinin rəngarəngliyini təmin etmişdir.

Mir Cəlal tamamilə müxtəlif mövzularda aforizmlər yaratmışdır. “Bir gəncin manifesti” əsərində “Gecənin hökmü” adlı hissəsinə özünün yaratdığı “Həqiqətin gecəsi yoxdur, gecənin də həqiqəti var” aforizmini epiqraf vermişdir. Belə bir aforizmin epiqraf seçilməsi təsadüfi deyil. Epiqraf əsərin əsas mövzusu, ideyası haqqında oxucuda ilkin təəssürat yaradır. Bu epiqraf da  fəslin məzmunu ilə səsləşir. Yazıçı aforizm vasitəsilə hətta əsəri və ya həmin fəsli oxumamış bir oxucuya “həqiqətə, doğruya zaval yoxdur”, “hər qaranlıq gecənin bir işıqlı sabahı var” fikrini təlqin edir. 

Həmin əsərin on beşinci “Qanlı gün” adlı fəslinə müəllif: “Azadlığı qorumaq onu fəth etmək qədər müqəddəsdir” aforizmini epiqraf vermişdir. Ümumilikdə əsərin, fəslin məzmunu ilə səsləşən aforizm vasitəsilə torpağın azadlığı, xalqın azadlığı uğrunda mübarizəni müqəddəs mübarizə hesab edən yazıçı xalqa, xüsusilə gənclərə vətənpərvərlik duyğuları aşılayır. 

“Yolumuz hayanadır?” əsərində Mir Cəlal 

"Ölməyimə sevinməsin əğyar,

 Əbədi ölməyən məramım var!" 

aforizmini epiqraf seçib və həmin kəlam əsərin və fəslin məzmununu ifadə edir. Həmin fəsildə yazıçı böyük şair M.Ə.Sabirin xəstə olduğu son günlərini, ağır vəziyyətini xalq üçün yanan çırağın sönməsinə bənzətmişdir: “… elə bir çıraq sönürdü ki, onun nuru öz vətəni üçün heç də gün işığından az zəruri deyildi. Ancaq bir fərq var idi: Günəşin batdığını hər kəs görüb bildiyi halda, vətən üçün zəkavət çırağı olan bir vücudun söndüyünü çoxları bilmirdi. Hətta bu çırağın işığı ilə qəflət yuxusundan  qalxanların özləri də xəbərsiz idilər. Onların mənəvi qidaya möhtac olan gözləri hər gün mətbuat səhifələrində Tahirzadənin ecazkar misralarını axtarırdı". 

XX əsrin görkəmli yazıçısı, nasiri Mir Cəlal C.Məmmədquluzadə kimi, M.Ə.Sabir kimi əsl xalq yazıçısı, əsl vətəndaş idi. Yaratdığı əsərləri ilə ürəklərdə yaşayan yazıçını, o böyük insanı, böyüklüyü qədər də sadə olan bir insanı təhsil, elm, bilik, ən əsası isə insanlıq öyrətdiyi böyük tələbə ordusu və bütövlükdə Azərbaycan xalqı unuda bilməz. Mir Cəlal yaratdığı aforizmlərin bir qismini yaratdığı obrazların dili ilə oxuculara təqdim etmiş, bu ifadələr daha çox tipikləşdirmə məqsədi daşımışdır. Məsələn: Bəbir bəy bu xəbərdən çox sevindi. Arxayın oldu ki, Qumrunun başı əhləd daşına dəyib, ağlı başına gəlib... Anası ölməsin aclığın... Aslanı da yola gətirir. Çörək elə şeydir ki, tülkünü aslan edir, aslanı tülkü. 

Dünya dediyin bir çörəkçixanadır. Bu vurhavurda kimi bişirir, kimi aşırır. Hamı istəyir təndir başında otursun. 

Bu kiçik parça kimsəsizlərin düşdüyü acınacaqlı vəziyyətdən zövq alan Bəbir bəyi dəqiqliyi ilə, incəliklə xarakterizə edir. Həyatın mənasını var-dövlətdə, pulda, yeməkdə görən Bəbir bəyin iyrənc mənəviyyatı haqqında dolğun təsəvvür yaradır, obrazı fərdiləşdirir. 

Qumru: “Nə üçün insan qara günləri öz əlilə yoğurur?” cümləsi ilə Qumrunun düşdüyü vəziyyət, onun ümidsizliyi, Qədirdən nigarançılığı, peşmanlıq hissi obrazlı şəkildə ifadə edilmişdir. 

“Zəhərdən şəfa, ağadan vəfa heç görmüsən?” aforizmi ilə cəmiyyətdə insan lar arasındakı ziddiyyət, təzadlı münasibət çox dəqiq, bədii bir dillə, daxili qafiyəli (şəfa, vəfa) misra ilə ifadə edilmişdir. 

Səadət xanım: “Qadın qəlbi qapalı bir bağçadır, açarı da qadının özündədir”. Səadət xanımın dilindən verilmiş aforizm vasitəsilə qadın xarakterinin mürəkkəbliyinə, incəliyinə işarə edilmişdir. 

“Vəzifənin böyüyü-kiçiyi yoxdur. Pis və yaxşı işləmək var” aforizmi ilə hər bir işə məsuliyyətlə yanaşmaq, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq hər bir işi ürəklə, sevə-sevə yerinə yetirmək hissi əks olunmuşdur. Yazıçı bu aforizmi insanları, xüsusilə gəncləri əməksevərliyə, zəhmətə alışdırmaq üçün düşünmüşdür.  

“Xəstəlik təbabətin qəddar düşmənidir” kəlamı isə müəllif təhkiyəsində işləndiyi üçün ədəbi dil normalarına tamamilə uyğundur. 

Mir Cəlal: “Azadlığı qorumaq onu fəth etmək qədər müqəddəsdir” aforizmini “Bir gəncin manifesti” romanının on beşinci fəslinə epiqraf vermişdir. Həmin kəlam vasitəsilə yazıçı ən müqəddəs nemət olan azadlığı qorumağın azadlığı qazanmaqdan daha çətin, daha məsuliyyətli iş olduğunu diqqətə çatdırmışdır. 

“Uşaq səsi çıxmayan ev nəyə lazımdır! Dünyanın bütün neməti yığılsın süfrəyə, ona ki körpə əli uzanmadı, heç! Götür yığışdır. Beşik olmayan evə min bəzək vur, qurudur ki, qurudur. Min peç yandır, soyuqdur ki, soyuq! Uşaq olmayan evdə istəyirsən yüz Qaryağdı oxusun, yüz Qurban çalsın, dərd əskik deyil. Bağ-bağatın bəzəyi quşdur, ev-eşiyinki uşaq”. 

Verilmiş parçada hər cümlə bir ibrətamiz aforizmdir. Yazıçı bu aforizm vasitəsilə hər bir evin, hər bir ailənin ən böyük xoşbəxtliyinin körpə gülüşü, körpə səsi olduğunu bir daha diqqətə çatdırmışdır. Aforizm eyni zamanda “uşaqsız ev suyu sovrulmuş dəyirmana bənzəyir” atalar sözünün birbaşa isbatıdır. 

“Yolumuz hayanadır?” romanında Tahirzadənin (M.Ə.Sabirin-H.H.) nitqində verilən: “Meydan cəngi-cidal meydanıdır. Çəkiləni qovacaqlar. Düzdür, mən burdan getmək qəsdindəyəm. Amma çəkilmək üçün deyil, kəllə-kəlləyə gəlmək üçün gedirəm” aforizmi ilə yazıçı oxucusunun diqqətinə çatdırmışdır ki, yaşamaq, fəaliyyət göstərmək üçün mütləq mübarizə aparmaq lazımdır. Bu aforizm "yaşamaq yanmaqdır, yanasan gərək" kəlamının nəsrlə (əsərdə Sabirin dili ilə) ifadəsidir. 

Romanın başqa bir yerində “keçmə namərd körpüsündən qoy aparsın sel səni” atalar sözünü müəllif öz aforizmi ilə: “mal, ev əşyası həmişə əldə edilə bilər. Abır, ehtiram isə pulla alına bilməz!” şəklində ifadə etmişdir.

Mir Cəlalın digər əsərlərinə nisbətən “Yolumuz hayanadır?” romanı aforizmlərlə daha zəngindir. Bu, əsərin mövzusundan, personajların, əsasən, dövrün ziyalı, görkəmli, tanınmış yazarları, ictimai xadimləri olmasından irəli gəlir: 

1)“Yazı ürəkdən gələn səsdir, ürək isə müqəddəs hisslərin beşiyidir”. 

2) “Şair də, alim də, müəllim də eldən güc almalıdır”. 

3) “Bizim zəmanəmizdə insan insanın cəlladıdır. Kimin ki əlində ixtiyar var, nə desə doğrudur. Kim ki məzlumdur, nə desə yalandır”. 

4) “Azadlıq heç yerdə, heç vaxt verilməz, o ancaq alınar! Düşmənimiz də, dostumuz da bilir ki, yüz dəfə basılsaq da, müvəqqətidir. Bir dəfə qalib gəlsək, əbədi olacaqdır” və digər aforizmlər yazıçının müstəqillik, azadlıq haqqında fikirlərini təsdiqləyən ictimai-tərbiyəvi məzmunlu kəlamlardır. 

Mir Cəlalın həyat haqqında aforistik fikirlərinin ifadə olunduğu: “Həyat belədir, yüksəlmək çətin və zəhmətli, ancaq səfalı və fərəhli olur. Enmək isə asan, ani və qüvvətli olur”, “Həyat belədir: həmişə baharı xəzan, xəzanı bahar təqib edir”, “Qarıncadan yazanda da sənətkar olmaq hünərdir. Gül, bülbül onsuz da gözəldir. Əsl sənət qarıncanın gözəlliyini kəşf etməkdir” və s. aforizmlərdə yeni və orijinal müəllif düşüncəsi obrazlı şəkildə təzahür etmişdir. Bir cəhəti də qeyd etmək lazımdır ki, Mir Cəlalın yalnız bədii əsərləri deyil, elmi əsərləri də aforizmlərlə zəngindir. 

Yazıçının sənət və sənətkar haqqında qənaətləri, yekun fikirləri aforizmə çevrilərək bü gün də işlənərək xalqa xidmət etməkdədir.  Yazıçının klassik Azərbaycan şairi Məhəmməd Füzulinin əsərlərini tədqiq edərkən söylədiyi: “Füzuli, hər şeydən əvvəl qəlb şairidir” kəlamı, Səməd Vurğun haqqında dediyi: “S.Vurğun bir çoxları kimi kağız korlamamışdır”, “S.Vurğun böyük fikirlərin, idealların carçısıdır”, “Sabirdən sonra S.Vurğun qədər ürəkləri fəth edən ikinci bir şair görmək çətindir” kimi aforizmləri ədəbi inkişafımız, ədəbi xadimlərimiz haqqında dərin ümumiləşdirmələrdən xəbər verən, ədəbi-estetik kriteriyaya çevrilən nəzəri yekundur (Ş.Alışanlı).  

Mir Cəlal yaratdığı hər bir əsərlə, yaratdığı aforizmlərlə ədəbi-bədii dilimizi zənginləşdirmiş, oxucularda müsbət mənəvi keyfiyyətlər yaratmağa nail olmuş, onun yaratdığı irs gənclərin, eləcə də bütün insanların çarəsiz vəziyyətlərində onlara doğru, işıqlı yolu göstərən mayaka çevrilmişdir.



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]