Mənim adım Tələtdir

Mənim adım Tələtdir. Tələt Qənbərov. Bu mənim babamın adıdır. Mən doğularkən atam və anam belə qərara gəliblər ki, mənə bu adı versinlər. Mən böyüdükçə bu adın məsuliyyətini anlayıram. Babam Tələt Qənbərov haqqında atam o qədər maraqla danışır ki, mənə elə gəlir ki, o sağdır. Valideyinlərim istəyirlər ki, mən onun kimi vətənə, xalqa layiqli insan kimi yaşayım. Mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ anadan olmamışdım. Lakin atam mənə onun haqqında çoxlu xatirələr danışıb. Mən valideyinlərimə söz vermişəm ki, elə oxuyacam və həyatda elə yaşayacağam ki, babamın şərəfli adını uca tutum, onun adına layiq olum və onun kimi məşhur insan olum. Mənim babam Tələt Qənbərov öz peşəsini sevən və onu uca tutan bir insan idi. O, Prokuror idi. Qədim yunan dilində prokuror “qayğı” deməkdir. Tələt Qənbərov 1932-ci il avqustun 10-da Azərbaycanın ən səfalı guşələrindən olan, dağlar qoynunda yerləşən bir cənnət məkanda - Şuşada anadan olmuşdur. Atası Balakişi maliyyəçi, anası Sona isə evdar xanım idi. Ailədə yeddi uşaq - 3 oğlan, 4 qız böyüdüb tərbiyə edən valideynləri onlara ali təhsil verərək, kamil insan kimi yetişmələrinə çalışmışlar. Tələt babam Şuşada dövrünün tanınmış pedaqoqu Mirzə Xosrovun məktəbində oxumuşdu. 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirən babam Tələtin təyinatı Çelyabinsk vilayətinə (Keçmiş SSRİ-nin vilayətlərindən biri) verildi. Burada milis orqanlarında 2 il çalışdıqdan sonra təyinatı Naxçıvana verildi. O, daha sonra Saatlı və Kürdəmir rayonlarında nümunəvi milis işçisi kimi (o dövrdə polis orqanı milis adlanırdı) asayişin keşiyində durdu. 1962-ci ildə isə Daxili İşlər orqanlarında vicdanlı və fədakar əməyinə görə o, milisdən prokurorluq orqanlarına işə qəbul olunur və fəaliyyətini Şəmkir rayon prokurorunun köməkçisi kimi davam etdirir. Şəmkir rayonunda bir müddət işlədikdən sonra Tələt Qənbərov 1965-ci ildə Respublika Baş Prokurorluğunda mühüm işlər üzrə müstəntiq vəzifəsinə təyin edilir. İşinə son dərəcə məsuliyyətlə yanaşan, vəzifə borcunu ləyaqətlə yerinə yetirən, çalışdığı kollektivin dərin rəğbət və hörmətini qazanan, yaxşı işinə görə rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırılan Tələt Qənbərov 1971-1976-cı illərdə (5 il) Cəlilabad, 1976-1987-cı illərdə (11 il) Lənkəran, 1987-1992-cı illərdə (5 il) Göyçay rayon prokuroru vəzifəsində çalışmış, sonra isə 1995-ci ilədək Baş Prokurorluqda şöbə prokuroru kimi fəaliyyətini davam etdirmişdir. 1995-ci ilin 18 dekabrında amansız xəstəlik onun həyat dolu qəlbini əbədi susdursa da, 63 illik ömür yolunda xatırlanacaq, nümunə göstəriləcək, təqdir olunacaq çox şeylər qoyub getdi. Hədsiz dərəcədə çalışqan, dinamik, çılğın, günün nəbzini tutmağı bacaran, fəaliyyətindən zövq alan, hər anın qədrini bilən, həyatın maraqlı tərəfini görməyi və dəyərləndirməyi sevən, insanlarla yaxın ünsiyyətə can atan, hər sözünün, hərəkətinin yerini bilən insan kimi xarakterizə olunan Tələt babam bir insan kimi yaxsılıq etməkdən, köməksizlərə həyan olmaqdan, problemləri yoluna qoymaqdan, əl tutmaqdan zövq alan bir məmur, çalışdığı kollektivə və onu tanıyanlara ağsaqqallıq edən, məsləhət verən, doğru yol göstərən, münaqişələri sülhlə sonuclayan bir ziyalı, hüquq mühafizə orqanlarında çalışdığı 40 il ərzində özünü möhkəm əqidəli, ədalətli və peşəkar hüquqşünas kimi göstərmiş, prokuror nüfuzunu həmişə uca tutmuş və qoruyub saxlamışdır.
Tələt Qənbərov incəsənətə də qəlbən bağlı idi. İşlədiyi rayonlara gələn aktyor truppasını hörmətlə qarşılayar, onlarla maraqlı vaxt keçirər, tamaşalarını heyranlıqla seyr edərdi. Rayonda çalışdığı illərdə onun həyat və fəaliyyətindən bəhs edən «Prokuror» pyesi Lənkəran Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş və uzun müddət teatrın repertuarından düşməmişdir. Tanınmış rus yazıçısı Georqi Qordinin fransız dilində çapdan çıxmış «Qanunun keşiyində» kitabının bir fəsli də babam Tələt Qənbərova həsr olunmuşdur. Lənkəran, Göyçay və Cəlilabad rayon prokurorluq binaları məhz onun yaxından iştirakı ilə inşa olunmuşdur. Hətta prokuror ailələri üçün xidməti bina da tikdirmişdir.
Tələt Qənbərov təmiz ürəkli, geniş qəlbli insan olduğundan, peşəsindən və vəzifəsindən asılı olmayaraq hər kəsə eyni gözlə baxmış, köməksizlərə təmənnasız yardım etmiş, kimsəsizlərə dayaq durmuş, çalışdığı kollektivin problemlərini özününkü saymışdır. Heç təsadüfi deyil ki, 1992-ci ildə erməni vəhşiliyinin qurbanı olaraq, Qarabağın dağlıq hissəsindən qaçqın düşmüş 6 azərbaycanlı ailəsini himayəyə götürən Tələt babam onlara Göyçayda fərdi evlər tikdirmiş və ev avadanlıqları hədiyyə etmişdir. Göyçayda prokuror kimi çalışdığı müddətdə həmin ailələrin bütün problemlərini həll etmişdi.
Səliqə-sahmanlı, intizama əməl edən və işçilərindən də bunu tələb edən Tələt Qənbərov prokuror nüfuzunu, prokuror şərəfini hər şeydən üstün tutar, daşıdığı vəzifəyə xələl gətirəcək kiçicik bir xətaya da yol verməzdi. Onun nəzərincə, prokuror qanunların keşikçisi olmaqla bərabər, həm də qanunların aliliyini qorumalı, bu adı şərəflə daşımalıdır. Məhz bu xüsusiyyətlərinə görə o, rəhbərlik tərəfindən dəfələrlə təşəkkürə, pul mükafatlarına və qiymətli xatirə hədiyyələrinə layiq görülmüş, ona ölkə Prezidentinin sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar Hüquqşünas”ı fəxri adı verilmişdir. Tələt babam sevib-seçdiyi Surə nənəmlə qurduğu xoşbəxt ailədə dörd övlad böyüdərək, tərbiyə etmişlər. Övladlarından Natiq əmim Moskva Dövlət İdarəetmə İnstitutunu bitirərək, ixtisası üzrə çalışmış, Sərxan əmim Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, hüquq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almış, bibim Aidə isə Tibb Universitetini bitirmiş, həkim-pediatr işləyir. Ailənin sonbeşiyi atam Kəramət isə, Bakı Dövlət Universitetinin Şərqşünaslıq və Moskva Dövlət Hüquq Akademiyasının hüquq fakültələrini bitirmişdir. Bir müddət Respublika Baş Prokurorluğunda, hazırda isə dövlət qurumunda məsul vəzifədə çalışır. Gözəl insan, peşəkar hüquqşünas, babam Tələt Qənbərov 18 dekabr 1995-ci ildə 63 yaşında əbədiyyət dünyasına qovuşdu, lakin vəsiyyət etdiyi kimi Şuşada torpağa tapşırılmadı, istədiyi kimi “Bir qarış Qarabağ torpağına dönmək” ona qismət olmadı. Görəsən qarabağlılar Qarabağsız ömrünün neçə ilinini “yaşayırlar”. Babam da Ağdam, Şuşa, Laçın nisgili ilə yaşadı, Qarabağsız yaşadığı ömürdən zövq ala bilmədi. Bu günlərdə atam Şuşaya getmişdi, babamın anadan olduğu evi ziyarət etmişdi, geri qayıdanda çox məyus idi, dedi ki, evin bir divarı qalıb. Bir ovuc torpaq gətirdi, dedi ki, bunu sənin üçün gətirmişəm, Şuşada baban Tələt Qənbərovun anadan olduğu evin həyətindən götürmüşəm. Mən o torpağı əziz xatirə kimi qoruyur, müqəddəs bir əmanət kimi saxlayırdım. 10 avqust 2022-ci ildə babam Tələt Qənbərovun 90 illik yubileyi idi. Bütün qohumlar onun məzarını ziyarət etmək üçün toplaşmışdılar. Atamın şəxsi arxivində saxladığı kinolentlərdən bilirdim ki, babam Tələt Qənbərovun dəfn mərasimi izdihamlı olmuşdur. İşlədiyi rayonlardan onu tanıyanlar, dostları, qohumlar, iş yoldaşları, həmçinin respublikanın ziyalıları bu mərasimdə iştirak etmiş və nitq söyləmişdilər. Vida mərasimində Bütün Qafqazın Şeyxi, Şeyx həzrətləri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Sovet dövründə DİN-nın nazir müavini işləmiş Abdulla İbrahimov, Azərbaycanın Xalq Artisti, tanınmış müğənni Mirzə Babayev, Azərbaycanın Xalq Artisti, professor, korifey bəstəkarımız Süleyman Ələsgərov babam haqqında xatirələr danışmışlar. Süleyman Ələsgərov mərasimində Səməd Vurğundan bir parça şeir oxumuşdu:
Ölüm sevinməsin qoy! Ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər...
Mən isə babamın 90 illik yubileyinə hazırladığım Süleyman Rüstəmin “Mən səninəm, sən də mənimsən, Qarabağ!” şerindən bir parça oxudum və özümlə gətirdiyim bir ovuc Şuşa torpağını hədiyyə olaraq babamın məzarı üstünə qoydum.
Sən mənim doğru görən göz bəbəyimsən, Qarabağ!
Öz canımsan, ciyərimsən, ürəyimsən, Qarabağ!
Yadigarsan babalardan bizə, ey şanlı diyar,
Dostluğun , – fəxr elə, – bağlarında təməl daşları var.
Yaşa qəlbində məhəbbət, yaşa alnında vüqar,
Şuşası şerimizin çeşməsi dilbər Qarabağ!
Yürüşündə hər ili əsrə bərabər Qarabağ!
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]