Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

İnsanlığın davamı, Azərbaycanın xoşbəxt və sağlam gələcəyi naminə...

1208 Baxış sayı / 08-11-2021 11:48

Həyatın davamı onların zəhməti, əzmkarlığı, bacarıqları ilə və əlbəttə ki, Allahın insana yazısı ilə ölçülür. Bu yolda zəhmət çəkən tibb işçiləri üçün Azərbaycan Səhiyyə Nazirliyinin 19 noyabr 1985-ci il tarixli 350 saylı əmri əsasında 6 saylı doğum evinin bazasında Elmi – Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu yaradılmışdır. ETMGİ – nin açılışı 16 sentyabr 1986-cı il tarixində olmuş, 1987-ci ilin yanvar ayından isə fəaliyyətə başlamışdır. Mamalıq, ginekologiya və perinatologiya sahəsində olan yeniliklər ilk dəfə olaraq ETMGİ-də tətbiq olunmağa başlamışdır. Mamalıq və ginekologiyada ultrasəs müayinəsi, kardiotokoqrafiya müayinəsi, histerosalpinqoqrafiya, rezistoservikometriya, amnioskopiya, rentgen pelviometriya, amniosentez, genetik müayinələr, hamiləliyin başa çatdırılmaması problemi zamanı immunoloji müayinələr ilk dəfə olaraq bu institutda tətbiq olunmuşdur. Mamalıq təcrübəsində barokameranın, ginekoloji əməliyyatların icrası zamanı orqansaxlayıcı yanaşmanın tətbiqi, endometriozun müalicəsində, sonsuzluğun müalicəsində müasir yanaşmaların tətbiqi sahəsində də İnstitutun nailiyyətlərini qeyd etmək olar.

 

Azərbaycanda doğuşayardım müəssisələri arasında ilk dəfə olaraq ETMGİ-də “Yenidoğulmuşların Reanimasiyasi və İntensiv Terapiyası şöbə” si yaradılmışdır. Otuz ilə yaxın müddət ərzində bu şöbədə yenidoğulmuşlara göstərilən gündəlik qulluqla yanaşı, yenidoğulmuşların müalicəsi və onlara qulluq üzrə yüksək texnologiyalar tətbiq olunmuş və sonradan bu təcrübə Azərbaycanın digər doğuşayardım müəssisələrində də tətbiq olunmuşdur. Şöbənin bazasında həkimlərin və orta tibb işçilərinin ixtisaslarının artırılması üzrə metodik mərkəz fəaliyyət göstərmişdir.

Azərbaycanın bütün doğuşayardım müəssisələrinin mütəxəssisləri ETMGİ-də hazırlıq kursları keçmişlər.

Elmi – Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu regionların doğuşayardım müəssisələrinə kuratorluq fəaliyyətini həyata keçirir.

Qeyd etmək lazımdır ki, İnstitutun fəaliyyəti dövlətin daimi diqqətindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10.04.2013-cü il tarixli “Elmi – Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu və Elmi-Tədqiqat Pediatriya İnstitutunun maddi-texniki bazasının möhkəmləndiriməsi ilə bağlı tədbirlər” haqqında Sərəncamı çərçivəsində 2013-cü ilin iyunun 1-i tarixində Elmi – Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu klinik fəaliyyətini dayandırmış və əsaslı təmir işləri başlanmışdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştiraki ilə mart ayın 1-də 2017-ci il tarixində “Elmi – Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu” əsaslı təmirdən sonra yenidən fəaliyyətə başlamışdır. İnstitutda Ambulator Diaqnostika, I Mamalıq, II Mamalıq, Ginekologiya, Anesteziologiya və Reanimatologiya, Zahılıq, Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsi fəaliyyət göstərir.

Uzun illər bu institutda elm üzrə direktor müavini vəzifəsində çalışan t.e.d, professor Cəmilə xanım Fazil qızı Qurbanova 2014-cü il oktyabr ayının 15-dən ETMGİ-nin direktor vəzifəsinin müvəqqəti icra edicisi olaraq çalışmışdır.2017-ci il may ayının 15-dən hal-hazıradək isə ETMGİ-də baş direktor vəzifəsində çalışır.

Cəmilə xanımın şəxsi təşəbbüsü ilə “Ginekologiya və Perinatologiyanın inkişafına dəstək” qeyri-hökümət təşkilatı yaradılmış, adıçəkilən təşkilatın nəzdində “Müasir ginekologiya və perinatologiyanın aktual məsələləri” adlı jurnal təsis edilmişdir. C.F.Qurbanova eyni zamanda həmin jurnalın baş redaktoru vəzifəsində çalışır. Bununla yanaşı “Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək” qeyri -hökümət təşkilatının və Azərbaycan Respublikası “Ailə, qadın və uşaq problemləri” üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlığı çərçivəsində Cəmilə xanım respublikamızın müxtəlif regionlarında treninqlərin keçirilməsində və əhalinin maarifləndirilməsində fəal iştirak etmişdir.

Qurbanova Cəmilə Fazil qızı respublikamızdan kənar ölkələrdə də elmi işlərdə fəal iştirak edir. Belə ki, Rusiya Ginekoloqlar Assosiasiyasının və Endoskopik Cərrahlar Assosiasiyasının, Avropa Tibb Akademiyasının, Beynəlxalq Mama-ginekologiya Federasiyasının üzvüdür. O, 183 elmi işin, o cümlədən 11 kitabın müəllifidir. Onun rəhbərliyi altında 7 namizədlik və 1 doktorluq dissertasiyası müdafiə olunmuş, 5 doktorluq dissertasiya müdafiəsi mərhələsində olan, 14 dissertant isə hazırlaşır.

Cəmilə xanım Qurbanova göstərdiyi elmi-praktiki fəaliyyəti ilə yanaşı öz vətənpərvərliyi və insani keyfiyyətləri ilə də daimi seçilmişdir. Onun rəhbərlik etdiyi İnstitutda şəhid ailələrinə, qazilərə daimi xüsusi diqqət göstərilir. Bu səbəbdən “Azərbaycan Qarabağ müharibə əlilləri, veteranları və şəhid ailələri” ictimai birliyi tərəfindən Cəmilə xanım Fazil qızı “Vətənpərvərlik işində xidmətlərinə görə” medalına layiq görülmüşdür.

Cəmilə xanımın tibbi və ictimai işi dövlət tərəfindən yüksək səviyyədə qiymətləndirilmişdir. O, 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmişdir. 

Böyük Britaniya Oksford Akademik Birliyi və Beynəlxalq Sokrates Komitəsi tərəfindən elmin inkişafına verdiyi töhfələrə görə Qurbanova Cəmilə Fazil qızı “Name of Science” mükafatına layiq görülmüş və o, bununla əlaqədar “21-ci əsrin alimləri” siyahısına daxil edilmiş və bu haqda Fəxri Diploma layiq görülmüşdür.

C.F.Qurbanovaya ölkədə və ölkədən kənar elmi fəaliyyətindəki misilsiz xidmətlərinə görə Oksford Akademik Birliyi tərəfindən layiqli qiymət verilmiş, 2019-cu ildə Oksford Akademik Birliyinin Fəxri professoru adına layiq görülmüşdür. “Ginekologiya və Perinatologiyanın İnkişafına dəstək” assosiasiyasının rəhbəri kimi ictimai fəaliyyətindəki aktivliyinə gorə “Rosa Parasels” mükafatını almışdır. Həmçinin 2019-cu ildə elmi-təcrübi fəaliyyətində əldə etdiyi nailiyyətlərinə görə Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin akademiki və eyni zamanda tibb və biologiya şöbəsinin müdiri seçilmişdir. Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ED2.06 Dissertasiya Şurası Nəzdində “Mamalıq və ginekologiya” ixtisası üzrə Cəmilə xanım elmi seminara sədr təyin edilmişdir. Eyni zamanda 2019-cu ildən C.F.Qurbanova Müalicə-Profilaktika fakultəsi üzrə Dövlət Attestasiya Komissiyasının sədri təyin olunmuşdur. Növbəti ildə C.F. Qurbanova “Hamiləlik, doğuş, zahılıq dövrlərində ana və uşaq ölümü və ağırlaşmış doğuş hallarının təhlili” üzrə komissiyanın sədri seçilmişdir. 

Cəmilə xanım gələcək yerli tibb mütəxəssislərinin müasir dövrün tələblərinə uyğun hazırlanmasında da böyük zəhmət göstərir. O, 2020-ci ildən İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında pedaqoji fəaliyyət göstərir.

Hal-hazırda Cəmilə xanımın rəhbərlik etdiyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda hal-hazırda 405 əməkdaş çalışır. Onlardan 42 elmi işçi, 69 həkim, 2 doktorant, 1 həkim-rezident fəaliyyət göstərir. ETMGİ-də 2 nəfər Tibb elmləri doktoru və 26 nəfər tibb üzrə fəlsəfə doktoru çalışır.

Professor Cəmilə xanımın fəaliyyəti Dədə Qorqud Milli Fondu tərəfindən “Qızıl Ürək“ ordeni ilə mükafatlandırılıb. İdarə heyətinin üzvlərinin iştirakı ilə bu ilin avqust ayında keçirilən tədbirdə Fondun rəhbəri, “Azərbaycan Dünyası“ Beynəlxalq Jurnalının Baş redaktoru Eldar İsmayılov ordeni Cəmilə xanıma təqdim etmişdir.

Bu ilin sentyabr ayında Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun açılmasının və fəaliyyətinin 35 illiyi qeyd olunacaqdır. Bu münasibət ilə İnstitutun elm məbədi kimi inkişafında daim var gücü ilə çalışan Cəmilə xanım Qurbanovanı və bütün İnstitutun əməkdaşlarını ürəkdən təbrik edirik.

“Sağlam qadın, sağlam körpə, xoşbəxt ailəmiz” devizi ilə çalışan professor C.F.Qurbanovaya və İnstitutun bütün kollektivinə elmin və tibbin tərəqqisi yolunda yeni –yeni nailiyyətlər arzulayırıq .

 

 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]