Onun həyat prinsipi ancaq insanlara yaxşılıq etmək idi

Fidan Hacıyeva
YAP Səbail rayon təşkilatının baş məsləhətçisi
Həyatda elə insanlar var ki, hər zaman adları çəkiləndə yalnız xoş kəlmələr eşidirik. Ümummilli lider Heydər Əliyevin ən yaxın tərəfdaşlarından biri olmuş, mərhum deputat, tarix elmləri doktoru, professor, Yeni Azərbaycan Partiyasının “Qızıl Fondu” adlandırılan "91-lər"dən olan Səfiyar Musayev məhz belə şəxsiyyətlərdəndir.
Səfiyar Musayev 1935-ci il iyulun 17-də Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. Babam Göyçə mahalının nüfuzlu ziyalılarından idi. Yaşadığı dövr ərzində 400-ə yaxın elmi məqalə, 6 monoqrafiya, “Siyasi tarix” dərsliyinin müəllifi olmuşdur.
Hər zaman Vətəninə layiqincə xidmət etmiş, bir yolu və bir amalı olmuşdur. Bu yol, təbii ki, Heydər Əliyev yoludur. Uşaqlıq çağlarından görürdüm ki, babam hər kəsə bu yolla getməyi tövsiyə edir, Heydər Əliyevin necə böyük və dahi şəxsiyyət olduğunu, xalqına necə şərəflə xidmət etdiyini söyləyirdi. 1992-ci ildə ölkəmiz çətinliklərlə üzləşmişdi. Belə bir dönəmdə 91 nəfər Azərbaycan ziyalısı bəyanatla Heydər Əliyevə müraciət edirlər. Onların arasında Səfiyar Musayev də vardı. Ziyalılarımız yaradılacaq Yeni Azərbaycan Partiyasına məhz Heydər Əliyevin rəhbərlik etməsini xahiş edirdilər.
Hazırda doğma Azərbaycanımız dünya ölkələri arasında öz layiqli yerini tutur. Bu gün tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev bütün sahələrdə ümumilli liderimizin siyasi kursunu ardıcıllıqla və uğurla davam etdirir, ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır. Bu, Heydər Əliyev ideyalarının gerçəkləşməsidir. Bizim isə ən böyük vəzifəmiz Azərbaycan tarixinin yeni şanlı səhifələrinın yazılması naminə möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək ona layiqli yardımçı olmaqdır.
6 yanvar 1999-cu il... Babamı bizdən alan o gün. Onun əbədiyyətə qovuşması nəinki bizləri, hətta babamı tanıyan hər bir kəsi sarsıtdı. O vaxt mənim 11 yaşım vardı. Bayıra çıxıb izdihamı və insan axınını görəndə başa düşdüm ki, babam həqiqətən də bu Vətənə, xalqa layiqli bir insan olub. O, heç zaman insanları təbəqələrə bölməzdi, hər kəsə təmənnasız xidmət edərdi. Səfiyar Musayevin etdiyi yaxşılıqları və xeyirxahlıqları nəinki bir məqaləyə, hətta bir kitaba belə yerləşdirmək qeyri-mümkündür. Bütün Göyçə mahalı babamın başına toplaşardı. Hər kəs ondan məsləhətlər alar, tövsiyə və tapşırıqlarını dinləyərdi. Sanki bir nur idi, hər birimiz bu nurun ətrafına yığışardıq...
Babam vəfat edəndən bəri elə bir gün yoxdur ki, onun adı yad edilməsin. Babamın adı çəkilən hər bir məclisdə “Səfiyar Musayev qeyrətli, mərd, sözünü deyən, xalqına, Vətəninə ləyaqətli şəxsiyyət olub” fikrini eşitmək mənim üçün çox qürurverici bir haldır. Hər zaman fikri-zikri ancaq Vətən idi. Səfiyar Musayev söyləyərdi ki, birinci borcumuz-vəzifəmiz xalqın dolanışığını, güzəranını sabit saxlamaq, ən kiçik imkan daxilində olsa belə, onun səviyyəsini yüksəltməkdir. Özgəsinin uğuruna sevinmək də Allah vergisidir, xüsusi istedaddır. Səfiyar Musayevin bu keyfiyyəti də onun yaradıcı insan kimi əzəmətini daha da artırırdı.
1992-ci ildə yazdığı “Mən niyə Əliyevçiyəm?” adlı məqaləsində babam öz mövqeyini bir daha təsdiqlədi. Heydər Əliyevin hakimiyyətə gəlməsinin nə üçün vacib və gərəkli olduğunu təkzibedilməz müddəalarla əsaslandırdı. Babamın əsas məqsədi ondan ibarət idi ki, təcrübəli, ölkənin problemlərini dərindən bilən Heydər Əliyev kimi böyük siyasətçi Vətənimizi uçurumdan xilas etsin. O vaxtki hakimiyyət hərisləri babamı yolundan döndərmək istəyirdilər, lakin Səfiyar Musayev hər zamanki kimi mərd-mərdanə, qorxmadan, çəkinmədən bir söz dedi: “Yolum Heydər Əliyev yoludur, məni bu yoldan heç bir qüvvə çəkindirə bilməz”.
Səfiyar Musayev hər zaman savadlı insanlara xüsusi önəm verirdi. Çox əfsuslar olsun ki, ali təhsilli hüquqşünas olmağımı babam görə bilmədi. Yaşasaydı, əminəm ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirməyim babamı çox fərəhləndirərdi. Yeganə məqsədim babamın yolunu layiqincə davam etdirməkdir. Əbəs yerə deyil ki, ilk əmək fəaliyyətimə Yeni Azərbaycan Partiyasında işləməklə başlamışam. Qısa sürməsinə baxmayaraq, babam çox ləyaqətli ömür yaşadı, çox işlər gördü və əminəm ki, hər zaman qəlblərdə yaşayacaq. Ruhun şad olsun!
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]