Qafqazda sülh, bölgədə sülh, dünyada sülh!

Redaksiyamızın qonağı Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedra-sının müdiri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi, Dünya Elminə göstərdiyi xidmətlərinə görə “Avropa Xidmət Ordeni” , 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuş Hüseynova İradə Mehdiqulu qızı “Qafqaz xalqlarının tarixi” adlı 1248 səhifə (78 çap vərəqi) həcmində fundamental dərsliyin müəllifidir.İradə xanım Qafqazda gedən proseslər, xüsusən regionda baş verən hadisələrin həlli yolları haqqında elmi mülahizələrinizi zəhmət olmasa oxucularımızla bölüşərdiniz.
İradə xanım:- Bəşər sivilizasiyasının ən qədim yaşayış məskənlərindən biri olan Qafqaz etnodil, etnodemoqrafik, etnososial, etnomədəniyyət və etnik baxımdan dünyanın unikal bölgəsidir. Qafqaz geosiyasi mövqeyinə görə də Şərqlə Qərb, Cənubla Şimal arasında mühüm strateji məkanda yerləşir. Müasir mərhələdə - XXI əsrin başlanğıcında Qafqaz dünya siyasətində geostrateji bölgə kimi daha önəmli yer tutmaqdadır. Tarixən də Qafqaz böyük imperiyaların, aparıcı dövlətlərin maraq və mənafelərinin kəsişdiyi, toqquşduğu bölgələrdən biri olmuşdur. Zəmanəmizdə də Qafqaz regionu dünyanın aparıcı dövlətlərinin milli maraqlarının, dövlət mənafelərinin kəsişdiyi coğrafi məkanlar içərisində öncüllərdən sayılır. Çünki Qafqaz regionu Asiya ilə Avropanı iqtisadi və mədəni cəhətdən bir-birinə qovuşduran, inteqrasiyaya yardım edən körpü rolunu oynayır. Bu mənada Qərb və Şərq sivilizasiyalarının bir-birinə inteqrasiyasında, qoca Şərqin qədim və zəngin klassik mədəni irsinin Qərbin yeni, müasir texnologiyaları ilə daha da zənginləşməsində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi müstəsna əhəmiyyət daşıyır. Qafqazda sülhü və sabitliyi təmin etmədən Şərqlə Qərb, Cənubla Şimal arasında, həmçinin region ölkələrinin bir-biri ilə iqtisadi, siyasi və mədəni inteqrasiyasından söhbət gedə bilməz. Bütün bu tarixi, ictimai-siyasi, iqtisadi və mədəni amillər deməyə əsas verir ki, "Qafqazda sülh, bölgədə sülh, dünyada sülh!" modeli bu gün beynəlxalq aləmi düşündürən başlıca amillərdən, dünyanı narahat edən qlobal problemlərdəndir. Bu gün Qafqazda sülhün, əmin-amanlığın, siyasi sabitliyin, iqtisadi və mədəni inteqrasiyanın əsas təminatçısı və alovlu təbliğatçısı, çağdaş dövrdə "Qafqazda sülh", "Ümumi Qafqaz evi" ideyasının və konsepsiyasının banisi və bu konsepsiyanı həyata keçirən əsas lider missiyasını Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yerinə yetirmişdir. Heydər Əliyev bütün Qafqaz bölgəsində sülhün yaradılması təşəbbüsü ilə çıxış etmiş, onun təklifi ilə imzalanmış "Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizlik haqqında" Tbilisi Bəyannaməsində (1996) "Ümumi Qafqaz evi" ideyasını dəstəkləmiş, ATƏT-in İstanbul zirvə görüşündə (1999) "Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq paktı"nın yaradılması təklifi ilə çıxış etmiş, bu təklif bir çox region dövlətləri tərəfindən müdafiə olunmuşdur. Bütün bu geniş və perspektivli fəaliyyətinə görə Qafqaz xalqları Heydər Əliyevi "Ümumqafqaz evinin ağsaqqalı" hesab edirdilər.
- Zamanın nəbzini tutmağı, hadisələrə real qiymət verməyi bacaran, Lider missiyasına münasibətiniz.?
-İdarə edə bilmək, həlledici çoxluğu razı salmaq, onları konkret amallar uğrunda səfərbər etmək əsl siyasi peşəkarlıq və liderlik məharətidir. Bu mənada, böyük siyasi lider daim öz cəsarəti, çevik və rasional qərarları, ən çətin situasiyalarda optimal çıxış yolu tapmaq məharəti ilə seçilən parlaq şəxsiyyətdir. XX əsrdə xalqımızın yetirdiyi ən böyük şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyev də belə fenomenal dühalardan olaraq özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, müdriklik və həqiqət kimi üç ali dəyəri bir araya gətirərək çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmiş, gücün siyasətinə qarşı çıxaraq, siyasətin gücünü qoymuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev uzaqgörən, siyasi proseslərin inkişaf trayektoriyasını duyan, çoxgedişli kombinasiyalar qurmağı bacaran, hadisələrə pozitiv təsir göstərən fenomenal şəxsiyyət idi. Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Cənab İlham Əliyev hər cür pafosdan, populizmdən tamamilə uzaq olan, praqmatik, realist təfəkkürlü liderdir. Fəqət, öz liderinin yüksək iradəsi, əzmi, qətiyyəti sayəsində, idarəçilik keyfiyyətləri sayəsində Azərbaycan sürətli inkişaf yolu keçmiş, bir sıra taleyüklü məsələlərin həllinə nail olmuşdur. Dövlət başçısı əldə olunmuş nailiyyətlərlə bərabər, problemləri və onların həlli yollarını göstərir, verdiyi hər bir göstərişin icrasına nəzarət edir, islahatları sürətləndirən struktur tədbirlər həyata keçirir. Ölkə başçısının rəhbərliyi altında aparılan işlər Azərbaycanın əldə etdiyi nailliyyətlərin qarşıdakı illərdə daha geniş miqyas alacağını əminliklə söyləməyə imkan verir.
İradə xanım maraqlı müsahibənizə görə təşşəklür edirik. Elmi fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik.
Z. Ə. Vəliyeva
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]