Qazaxıstan səfirliyində iki kitabın təqdimatı keçirilib - `Alaş Orda` və Hüseyn Cavid

Qazaxıstanın Azərbaycandakı səfirliyində Azərbaycan dilində nəşr edilmiş “Alaş Orda: Qazax dövlətçiliyinin təşəkkülü tarixində əhəmiyyəti” elmi məqalələr toplusunun təqdimat mərasimi keçirilib.
Tədbirdə həmçinin qazax dilində Hüseyn Cavidin şeirlərindən ibarət kitab təqdim olunub.
Təqdimat mərasimində Qazaxıstanın Bakıdakı səfiri Beybit İsabayev, Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru, akademik Qalimkair Mutanov, Azərbaycan Prezidenti Administrasiyasının nümayəndələri, Milli Məclisin deputatı, "Dədə Qorqud" Milli Fondunun rəhbəri Eldar İsmayıl, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, AMEA-nın rəhbər şəxsləri, tarixçilər, filoloqlar və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Qazaxıstan səfiri Alaş Orda barədə məlumat verib: “Alaş” partiyası qazax xalqının öz müqəddəratını həll etmək və milli dövlətçilik, dil, milli mədəniyyət və ənənələrin qorunması ideyalarını müdafiə edən məsləkdaşları özündə birləşdirirdi. "Alaş"ın hədəfləri qazax xalqının azad və müstəqil dövlət qurması arzusuna arxalanırdı”.
Filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva isə Hüseyn Cavidin yaradıcılığı haqqında danışıb, onun türkçülük ideyasına verdiyi töhfələrdən söz açıb.
S.Vəliyeva bildirib ki, bu gün Cavidə türkdilli xalqların həmişəkindən daha çox ehtiyacı var: "Cavidin ideyaları hər zaman təkcə Azərbaycan üçün deyil, bütün türkdilli xalqlar üçün gərəkli olub. Cavidin yazdıqları əsrlər boyu türk xalqlarına lazım olacaq”.
O qeyd edib ki, ulu öndər Heydər Əliyev Cavidin fəaliyyətinə yüksək qiymət verərək onun məzarının uzaq Sibirdən Naxçıvana gətirilməsini təmin etdi və bununla bütün türkdilli xalqlar üçün türkçülük ideyasını geri qaytardı.
Tədbir çərçivəsində Fərabi adına Qazaxıstan Milli Universeti ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Tədbrin sonunda Qazaxıstan Milli Universitetinin rektoru, akademik Qalimkair Mutanova "Dədə Qorqud" Milli Fondu və beynəlxalq "Azərbaycan Dünyası" jurnalının təsis etdiyi "Qızıl Ürək" Ordeni və "Dədə Qorqud" mükafatı təqdim olunub. Qazaxıstandan gəlmiş digər qonaqlar da fondun fəxri fərmanları ilə təltif olunublar. Daha sonra Qazaxıstan nümayəndə heyətinin üzvləri də azərbaycanlı həmkarlarına mükafat və hədiyyələr təqdim ediblər.
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]