Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Sənət düşünə bilən, həqiqəti görməyi bacaran və cəmiyyəti anlaya bilən insanların yaratdıqlarıdır

790 Baxış sayı / 25-04-2022 10:36

Azərbaycan xalqı hər kəsə qürurla bəhs edə biləcək dərəcədə   zəngin və qədim tarixə, ədəbiyyata, incəsənətə, maddi-mədəniyyət abidələrinə və musiqi mədəniyyətinə malikdir. Bütün bunların yaranmasına səbəb xalqın sənəti və sənətkarıdır. 

Tarixi bu gün ilə bağlamaq və onu bütün rəng çalarları ilə əks etdirməkdə rəssamlarımızın böyük rolu vardır.  Rəssamlıq sənəti təsviri incəsənətin ən qədim növlərindən biridir. Rəssamları digər sənət sahiblərindən fərqləndirən cəhət onların gözlə görünməyən obrazları belə rəsm üzərində əks etdirmək bacarığıdır. Bu gün adlarını qətiyyətlə çəkə biləcəyimiz Səttar Bəhlulzadə, Tahir Salahov, Əzim Əzimzadə, Rafiq Əziz, Sakit Məmmədov,  Tağı Tağıyev və başqaları Azərbaycanı dünya miqyasında yüksəklərə ucaldan şəxsiyyətlər olduğunu deyə bilərik.

Məmməd İnsaf oğlu Əhmədov Azərbaycanın mədəniyyəti və incəsənəti üçün öz töhfələrini verə biləcək imkanlara sahib olan gənc rəssamdır.  Məmməd Əhmədov  çəkdiyi əsərləri ilə könülləri oxşamağı bacarır. Hər bir sənətkarın özünə məxsus dəsti xətti olur.Əsərləri içərisində çəkdiyi portretlər xüsusilə seçilir. Yaratdığı portretlər ilə o, keçmişin bu gün ilə bağlılığını əks etdirir.

Sizin üçün sənət nədir? sualına o, “Sənət düşünə bilən, həqiqəti görməyi bacaran və cəmiyyəti anlaya bilən insanların yaratdıqlarıdır. Sənət bizi Tanrıya aparan yoldur. Sənətin sadəliyi onun mürəkkəbliyi və müəmmasıdır” deyə cavab verib. O, bu ifadələri ilə sənətinə verdiyi sevgini və dəyəri qabarıq şəkildə ifadə edir.  

Sənətinə bütün varlığı ilə bağlı olan Məmməd Əhmədovu və onun simasında bütün  bacarıqlı sənət sahiblərini Azərbaycana və bütün dünyaya tanıtmaq vətəndaşlıq borcumuzdur. Belə insanlar Vətən üçün böyük sərvətdir.    

Məmməd Əhmədov 1971-ci ildə Səlyan rayonunda anadan olmuşdur. Ailəlidir bir qız övladı var.  

 

Nərgiz Namiq qızı

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]