Tarixləri birgə yazılan iki dövlət - QAZAXISTAN VƏ AZƏRBAYCAN

Fuad Muradov
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı. Ümummilli liderimiz bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı.
2001-ci ilin noyabr ayının 9-u və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olub. I qurultayda 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etmişdi. Bu qurultayda Azərbaycan Respublikası 130-dan çox dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdu.
2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev «Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» Fərman imzaladı. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəddir. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan verir.
Ötən dövrün ən mühüm hadisələrindən biri Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması olmuşdur.
Azərbaycan diasporunun əsas vəzifələrini ölkə prezidenti İlham Əliyev Dünya azərbaycanlılarının III (2011-ci il) və IV (2016-cı il) qurultaylarında müəyyənləşdirib. 2011-ci ildə diaspor "daxili siyasət amilinə çevrilməlidir" ruhunda çıxış edən dövlət başçısı 2016-cı ildə azərbaycanlıların yaşadıqları ölkələrin dövlət, hökumət, qanunvericilik orqanlarında lazımi səviyyədə təmsil olunmadıqlarına tənqidi yanaşmışdı.
Öz fikrini "Azərbaycan dövləti bu məsələyə heç bir halda qarışa bilməz və qarışmamalıdır", çünki bu məqsədi "yalnız diaspor təşkilatlarının özləri həll etməlidir" şəklində konkretləşdirən prezident səsləndirdiyi vəzifəyə nail olmağın yollarını göstərdi.
O, ilk növbədə qeyd etdi ki, məqsədin həyata keçirilməsi ancaq "birlik sayəsində" mümkündür. Bu zaman hər ölkədə başlıca amil "bütün diaspor təşkilatları" arasında "vahid əlaqələndirmə və qarşılıqlı dəstək, anlaşma" olmalıdır. Yalnız bu halda "cəmiyyətdə onlara hörmət artar".
Həmin rakursda diaspor təşkilatlarının Azərbaycan dövlət orqanları ilə daimi əlaqəsinin vacibliyini vurğulayan ölkə lideri bu istiqamətdə "əlaqələndirici funksiyalar" yerinə yetirən Diasporla İş üzrə Dövlət Komitəsinin əhəmiyyətini xüsusi qeyd etdi.
İlham Əliyev dediklərini belə yekunlaşdırdı: "Hamımız vahid məqsədə xidmət edirik, hamımız istəyirik ki, Azərbaycan daha güclü olsun", azərbaycanlılar isə "xaricdə rahat yaşasınlar, məskunlaşdıqları ölkələrdə yüksək mövqelər tutsunlar" və bizim dövləti "ləyaqətlə təmsil etsinlər".
Komitəmiz uzun illərdir öhdəsinə düşən işləri layiqincə yerinə yetirməkdədir. Təbbi ki, fəaliyyətimizin əsas istiqamətlərindən biri həm də dünyanın müxtəlif ölkələrindəki Azərbaycanlıları bir-biri ilə əlaqələndirməkdir. 20 ildir fəaliyyət göstərən “Azərbaycan Dünyası” jurnalının bu sayının Qazaxıstana həsr olunması da, sözsüz ki, bizim missiyamızdan kənar bir iş deyil və təqdirəlayiqdir.
Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Hər iki xalq Çar imperiyası və Sovetlər ittifaqı dönəmində vahid mərkəzdən idarə edilib. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Bu gün də onların övladları, nəvə-nəticələri dost, qardaş Qazaıxstan Respublikasında tam hüquqlu vətəndaş kimi yaşayırlar. Son siyahıya almanın nəticələrinə görə, Qazaxıstanda 100 minə yaxın həmvətənimiz yaşamaqdadır. Qeyri-rəsmi məlumatlar isə bu rəqəmin 300 minə yaxın olduğunu göstərir. Qazaxıstanda yaşayan azərbaycanlılar elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrdə çalışırlar. Onlar Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər. 1990-ci illərdən etibarən Qazaxıstanda bir sıra Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Böyük Qazax mütəfəkkiri Oljas Süleymenov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında, rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya bəyan edib.
Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələr 27 avqust 1992-ci ildə yaradılıb.
16 dekabr 1994-cü ildə Bakıda Qazaxıstan Səfirliyi açılıb. 2004-cü ilin martından Nur-Sultanda Azərbaycan Səfirliyi, 2008-ci ilin martından Aktau şəhərində Azərbaycanın Baş konsulluğu fəaliyyət göstərir.
Heydər Əliyevin hakimiyyəti illərində ölkələr bir sıra formatlarda, o cümlədən Türkdilli dövlətlərin toplantısı, İqtisadi Əməkdaşlıq Təşkilatı və s. formatlarda çox uğurla əməkdaşlıq ediblər. Prezident İlham Əliyevin səyi nəticəsində bu əməkdaşlıq daha strateji və daha intensiv xarakter alıb.
Prezident İlham Əliyev Qazaxıstana ilk rəsmi səfərini 2004-cü ilin martında edib. Səfər zamanı Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev iqtisadi münasibətlər, xüsusilə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıblar. Hər iki dövlət başçısı neft və qaz sektorunda həyata keçirilən iri miqyaslı layihələrin, xüsusilə Bakı–Tbilisi–Ceyhan layihəsində Qazaxıstanın iştirakının böyük əhəmiyyətə malik olduğunu söyləyiblər. O da qeyd olunub ki, gələcəkdə Qazaxıstanın təbii qazının da Azərbaycan ərazisindən Avropaya çatdırılması nəzərdə tutulur. İlham Əliyevin bu səfərindən sonra Azərbaycanla Qazaxıstan əməkdaşlığı yüksələn xətlə davam edib.
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında ikitərəfli münasibətlər Strateji əməkdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin maddələri və müddəaları üzərində qurulub. Bu müqavilə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin 2005-ci ilin baharında Bakıya rəsmi səfəri zamanı imzalanıb.
2009-cu ilin aprelində İ.Əliyev "Xəzər dənizinin dibində Azərbaycan–Qazaxıstan marşrutu üzrə optik-lif rabitə xətlərinin müştərək çəkilməsinə, sahibliyinə yardımın təşkili və onun Azərbaycan və Qazaxıstan rabitə operatorları tərəfindən birgə istifadəsinin təşkili haqqında" hökumətlərarası razılığı təsdiqləyib.
Transxəzər magistralının yuxarıda göstərilən çərçivələrdə inşası Avropa ilə Asiya arasında Azərbaycandan keçən rəqəmsal dəhlizin yaradılmasına yardım edəcək, ölkəmizi bölgənin rəqəmsal mərkəzinə çevirəcək. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan elə bu gün Avropa və Asiyanın qovuşduğu bölgənin energetika və nəqliyyat mərkəzidir (Digital Hub).
2010-cu ildən Qazaxıstanda L.Qumilyov adına Avrasiya Milli Universitetində Azərbaycanın ümummilli lideri Heydər Əliyev adına Mərkəz işləyir. 2012-ci ilin mayından Bakı Dövlət Universiteti nəzdində Abay Kunanbayev adına Qazax dili, Tarix və Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.
2017-ci ildə N.Nazarbayev bəyan etdi: "Ermənistan–Azərbaycan münaqişəsində Qazaxıstan BMT-nin bizim də səs verdiyimiz bəyannamələrini dəstəkləyir. Yəni, biz hamılıqla tanınan beynəlxalq münasibətlər normalarına sadiqik".
2017-ci ildə N.Nazarbayev belə deyib: "Qazaxıstanda yaşayan "130 min etnik azərbaycanlı bizim vətəndaşlarımızdır və onlar ölkənin bütün işlərinə cəlb ediliblər. Bu, ticarətimiz üçün yaxşı körpüdür. Bilirəm ki, məhz onlar müştərək müəssisələr açır, biznes yaradır və münasibətlərimizi yaxşılaşdırmaqda bizə kömək edirlər".
2017-ci ildə Aktauda Logistika Mərkəzinin açılmasını və bu qazax şəhərində energetika maşınqayırma zavodunun tikilməsini İlham Əliyev ticari-iqtisadi əməkdaşlığımızın möhkəmləndirilməsinə yönəldilən birbaşa Azərbaycan sərmayələri adlandırmışdı.
İlham Əliyevin 2018-ci ildəki çıxışından: "Qazaxıstanda həyata keçirdiyimiz "infrastruktura layihələri", o cümlədən Kurık limanının işə salınması "bizə, əlbəttə, daha sıx inteqrasiya olunmağa imkan verir". Söhbət burada ondan gedir ki, Kurık limanında bərə kompleksinin inşasının tamamlanması konteyner yüklərini Yeni İpək Yolu üzrə Çin–Cənubi Qafqaz–Avropa marşrutunda transxəzər dəhlizi üzrə Azərbaycanın Ələt limanına çatdırmağa imkan verəcək. İlham Əliyevin bununla əlaqədar qeyd etdiyi kimi: "Tam nəqliyyat inteqrasiyası baş verib. Və, əlbəttə, bir-birimizin tranzit imkanlarımızdan istifadə edilməsi həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən çox səmərəli olacaq. Xəzər əlahiddə mühüm nəqliyyat arteriyasına çevrilib".
2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya imzalanmasının nəticələri ilə əlaqədar danışan İ.Əliyev nəqliyyat infrastrukturuna rəsmi Bakının fəal investisiyalarını və həyata keçirilmiş layihələrini göstərərək, Xəzər dənizini mühüm nəqliyyat arteriyası adlandırmağın mümkünlüyünü bildirdi. Belə ki, Azərbaycanın Qazaxıstana və Türkmənistana öz tranzit xidmətlərini təqdim etdiyi Şərq–Qərb dəhlizi ölkələrimizin iqtisadi əməkdaşlığını möhkəmləndirən, yeni iş yerləri yaradan və bir-birinə daha artıq yaxınlaşmağına yardım edən mühüm halqadır.
16 may 2018-ci ildə Qazaxıstan Respublikasının birinci prezidenti şərəfinə yaradılmış Elbası kitabxanasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin qazax dilində "Еліне жол ашқан" kitabı təqdim olundu.
13 iyun 2018-ci ildə Bakıda Azərbaycan dilində nəşr edilmiş "Nursultan Nazarbayev. Tərcümeyi-hal" kitabının təqdimat mərasimi keçirildi.
2018-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi 2017ci il ilə müqayisədə 60% yüksəlib və artmaqda davam edir.
2019-cu ilin aprelində II Qazaxıstan–Azərbaycan turizm forumunda Xəzər dənizində turist səyahətlərinin təşkil olunması müzakirə edilib, Azərbaycan və Qazaxıstan vətəndaşlarının qarşılıqlı səfərlərinin sayını artırmağın aktuallığı barədə danışılıb.
26 avqust 2019-cu ildə Qazaxıstan Respublikası parlamentinin Senat sədri Dariqa Nazarbayeva Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik etdi: "Sizi Qazaxıstanda mehriban qardaşlıq və ruh birliyi ənənələrinə əsaslanan Qazaxıstan–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinin ardıcıl tərəfdarı kimi tanıyır və Sizə hörmət edirlər. Aramızda yaranmış etimadı və qarşılıqlı ehtiramı yüksək qiymətləndirirəm. Əminəm ki, iki ölkə arasındakı konstruktiv əməkdaşlıq Sizin dəstəyinizlə bundan sonra da qardaş xalqlarımızın çiçəklənməsi naminə məhsuldar inkişaf edəcək".
2019-cu ilin payızında Qazaxıstan paytaxtı Nur-Sultan şəhərində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılıb. Bu, iki ölkə arasındakı mövcud ticarət əlaqələrinin daha da inkişaf etdirilməsinə gətirib çıxacaq.
Bu gün Azərbaycanla Qazaxıstanı etnik-tarixi köklərdən başqa, son onilliklərin siyasi münasibətlər sistemini müəyyənləşdirən əhəmiyyətli amillər – coğrafi-strateji mövqe, zəngin enerji ehtiyatları, Şərq–Qərb, Şimal–Cənub enerji və kommunikasiya dəhlizlərinin üzərində yerləşmələri kimi mühüm məqamlar yaxınlaşdırır. Azərbaycan və Qazaxıstanın materikin əsas coğrafi-siyasi bölgəsi olmalarına imkan verən bu üstünlüklər, düşünülmüş və balanslaşdırılmış siyasət sayəsində hər hansı bir dövlətin maraqlarına qarşı yönəlməyən, regionun inkişafına təkan verən layihələrin həyata keçirilməsini təmin edib. Əsasən Qərb şirkətlərinin iştirakı ilə reallaşdırılan bu transmilli layihələrdə, üstəlik Rusiya kimi böyük region dövlətinin də maraqları nəzərə alınıb.
Ümumiyyətlə, son illər iki ölkə arasında siyasi münasibətlərin və iqtisadi əlaqələrin sürətlə inkişafında bu iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri, müxtəlif sahələri əhatə edən çoxsaylı dövlətlərarası və hökumətlərarası sazişləri mühüm rol oynayıb.
İndiyə qədər dövlət başçılarının 10-dan çox qarşılıqlı səfəri olmuş, ölkələrimiz arasında 100-dən çox sənəd imzalanmışdır. Həm bu səfərlər, həm də beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər ikitərəfli, regional və beynəlxalq məsələlərin müzakirəsi, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün platforma rolunu oynayıb. Bu səmərəli siyasi dialoqun töhfəsi olaraq, hazırda Azərbaycan–Qazaxıstan münasibətləri bir çox sahələrdə dinamik şəkildə inkişaf etməkdədir.
Bu gün qətiyyətlə demək olar ki, siyasi sahədə digər Xəzəryanı dövlətlərlə müqayisədə ən sabit diplomatik münasibətlər məhz Qazaxıstanla mövcuddur və Azərbaycan üçün həlledici, prioritet kəsb edən məsələlərdə rəsmi Nur-Sultan rəsmi Bakı ilə həmişə həmrəylik nümayiş etdirmişdir. Qazaxıstan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı kimi çıxış etməsini də unutmaq olmaz.
Yada salaq ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü zamanı irəli sürülən, bu üzvlüyün Azərbaycanın ərazi bütövlüyünə zərər gətirməməsi şərtinin müəllifi də məhz Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevdir. Bu quruma üzv ölkələrin dövlət başçılarının 29 may 2014-cü il tarixində Moskvada keçirilmiş sammitində onun nümayiş etdirdiyi bu prinsipial mövqe Dağlıq Qarabağda istehsal olunan məhsulların Avrasiya İqtisadi Birliyi ölkələrinə ixracının əngəllənməsi yolunda çox mühüm bir addım olmuşdur.
Siyasi münasibətlərin yüksələn xətt üzrə inkişafını şərtləndirən digər bir mühüm məqamı da vurğulamaq yerinə düşərdi. Ortaq dil, din, mədəniyyətə məxsus bu iki ölkə türkdilli xalqların inteqrasiyası yolunda da bərabər addımlayır. Azərbaycanla Qazaxıstan, Qırğızıstan və Türkiyə 3 oktyabr 2009-cu ildə Naxçıvanda yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsisçi üzvləri, habelə TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyət Təşkilatı), TÜRKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası), Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası kimi əlaqəli orqan və təşkilatların fəal iştirakçılarıdır.
Böyük türk tarixində bütövləşən Azərbaycan və Qazaxıstanı şərəfli tarixin zəngin maddi-mənəvi irsindən əlavə, artıq onlarca ildir ki, həm də yeni siyasi, iqtisadi, sosial, mədəni reallıqlar birləşdirir.
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]