Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Vahid Türk Dünyası artıq nağıl və ya xəyal deyil, hər keçən gün reallaşmağa doğru irəliləyir

14907 Baxış sayı / 05-08-2022 13:55

Eldar İsmayılov Türklərin ümumi simvol və dərlərindən bəhs etdi

Insan var ki, onun fəaliyyəti cəmiyyət içərisində özünəməxsus tərzdə qəbul edilir və minlərlə insanın yaddaşına həkk olunur. Bu gün oxucularımızı siyasi-ictimai xadim, xeyriyyəçi mesenat, türkoloq, jurnalist, publisist, bir sıra ölkələrə məxsus universitetlərin fəxri doktoru və nəhayət gözəl insan Eldar İsmayıl oğlu İsmayılovla tanış etmək qərarına gəldim. Eldar bəy “Dədə Qorqud” Milli Fondunun rəhbəri və “Azərbaycan Dünyası” Beynəlxalq jurnalının təsisçisi və baş redaktorudur. Həmçinin “Dədə Qorqud” Milli Fonduna aid “Dünyaya Sülh Naminə” Milli mükafatının, Azərbaycan və Dünya ölkələrinə məxsus tanınmış dövlət, siyasi və  ictimai xadimlərinə layiq görülən orden və medalların təsisçisidir.  ( “Ulu Türk”, “ Vətən Övladı”, “Qızıl Ürək”, “Mehriban Ana”, “Zeynalabdin Tağıyev” və “Əziz Əliyev” ordenləri və “Ədalətin Qılıncı” və “Albert Aqarunov” medalları). 

Eldar bəy 25 ilə yaxındır ki, soydaşlarımızın yaşadığı bütün ölkələrlə əməkdaşlıq edir. O Diasporla İş üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi və digər dövlət və ictimai təşkilatlarla sıx əlaqələr saxlayan bir ağsaqqal kimi Azərbaycanda və ölkədən kənarda böyük nüfuza malikdir.          

“Sizi necə tanıdım?” sualına Eldar müəllim qısa və lakonik cavab verdi - “Mən türk dünyasının sıravi əsgəriyəm”...

 

- Siz iyirmi beş ilə yaxındır ki, “Azərbaycan Dünyası” jurnalını nəşr edirsiniz və 15 ildən artıqdır ki, “Dədə Qorqud” Milli Fonduna rəhbərlik edirsiniz. Müxtəlif ölkələrdən olan türk dünyasının nümayəndələrini yüksək dəyərə malik, unikal və qiymətli orden və medallarla təltif edirsiniz. Təbii ki, oxucularda belə bir  sual yaranır: bu, sizə nə üçün lazımdır? Belə bahalı fəaliyyət üçün maddi imkanları haradan əldə edirsiniz? Kimsə sizə bu fəaliyyətdə maddi köməklik göstərirmi?

- Bir media nümayəndəsi kimi sizə hər şeyi deyə bilmərəm, amma pərdəni bir az açaram. Bütün həyatım boyu yalnız iş haqqında düşünmüşəm. İşləyib, bizneslə məşğul olub, yetərincə pul qazanmışam. Müəyyən yaşıma çatdıqdan sonra anladım ki,ruhuma yaxın, iç dünyamı əks etdirə bilən və ən əsası hər anından zövq alacağım işlə məşğul olmalıyam. Ele də etdim...

Mən öz ölkəmin tarixini çox yaxşı bilirəm. Murad Hacı, Ordubadi, Kumilyov, Nizami Gəncəvi və başqa dahilərin əsərlərini, həmçinin türk xalqlarının tarixi ilə dərindən maraqlanaraq Türk tarixini özündə əks etdirən əsərləri və kitabları aid kitablar oxumuşam.  “Dədə Qorqud” dastanını oxuyandan sonra anladım ki, Dədə Qorqud kimi bu dünyanı birləşdirən, bütün insanları sülhə, mehriban yaşamağa səsləyən bir şəxsiyyət var. O vaxtdan türk dünyası naminə çox çalışıram. Bir hadisə yadıma düşdü: türk ölkələri səfirlərinin, TÜRKSOY-un nümayəndələrinin, yazıçı və elm adamlarının iştirakı ilə bir gənc yazarın Dədə Qorqud haqqında kitabının təqdimatı idi Kitabın məzmunu ilə bağlı çıxışlar başladı və məlum oldu ki, Dədə Qorqud Azərbaycanda dəfn olunub, başqa bir natiq Dədə Qorqudun azərbaycanca danışdığını, bir sözlə, bacardıqları qədər Dədə Qorqudun azərbaycanlı olduğunu iddia edirdilər. Buna münasibət bildirərək dedim: “Dədə Qorqudu özəlləşdirmək olmaz. Bununla siz onun missiyasını və şəxsiyyətini  azaldırsınız. O, türk dünyasının simvoludur!”. Əlbəttə ki, dərhal mövzunu bağladılar ...                          

Düşmənlərimizin Dədə Qorqud kimi şəxsiyyəti olsaydı, ona qızıldan  heykəl qoyardılar, onun şəxsiyyətindən bütün dünyada təbliğat məqsədi ilə istifadə edərdilər. 

Beləliklə, mən bütün dünyanı gəzdim və başa düşdüm ki, Dədə Qorqud bütün türklərin əcdadı və ortaq simvolu ola bilər.

Axı Dədə Qorqud sülh simvolu olaraq həmişə müharibə olan yerlərdə olub və müharibələri dayandırırdı.Bu fəaliyyətimdə də Dədə Qorqud məni ilhamlandıran yeganə şəxsiyyət olmuşdur. O ki qaldı köməklik məsələsinə mən Allahın köməyi ilə bütün bunlara nail olmuşam. Məsləhət və təşkilatçılıqda mənə köməyi dəyən dostlarımın olmasına baxmayaraq hər şeyi özüm maliyyələşdirmişəm.                                                                              

— Siz türk dünyası birliyindən, ortaq köklərdən, dindən, dəyərlərdən çox bəhs edirsiniz. Bəs Sizcə türk dünyasının Türk Avropa Birliyinə, hətta Türk NATO-ya çevrilməsinə nə mane olur?

“İlk növbədə özümüz özümüzə mane oluruq. 20 il əvvəl Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev Kazanda çıxış edərkən bir jurnalist kimi ona belə bir sual vermişdim: Atatürkdən, Heydər Əliyevdən sonra Türk Dünyasının Ağsaqqalı Sizsiniz. Nə üçün Avrasiya məkanında ümumi birlik yaratmayaq? O, mənim bu sualıma qarşılıqlı sual  verdi: "Valyuta nə olacaq?" Təngə dedim, heç kim buna qarşı olmayacaq. Düşündü, gülümsənərək dedi:” hər şeyin öz vaxtı var”. Elə o vaxtdan Türk Birliyini yaranması prosesi başlanmışdır. Bəli bu da qaçılmaz fakt deyil ki, dövlətlər var ki, Türk Birliyini ölü doğulmuş uşağa çevirməkdən ötəri miliyardlar xərcləyirlər. SSRİ dağıldıqdan sonra türk dövlətlərinin başçıları iqtisadiyyatla məşğul olub, uzun müddət Türk İttifaqının yaradılması haqqında fikirləşiblər. Türk dünyası mövzusunda mahnılar bəstələnmiş, filmlər çəkilmişdir. Türk torpaqları bütün SSRİ-i məkanının böyük hissəsini əhatə edirdi. Bu proses artıq geniş vüsət almış və heç kim bu prosesə müdaxilə edə bilməzdi. Ola bilər ki, kimlərsə bunu ləngidə bilər, amma 

Vahid Türk Dünyası artıq nağıl və ya xəyal deyil, hər keçən gün reallaşmağa doğru irəliləyir. 

Türklər bu torpaqlarda olublar və əbədi yaşayacaqlar.

— Siz bu yaxınlarda Türkmənistan Respublikasından qayıtmısınız. Orada eks-prezident Qurbanqulu Berdiməhəmmədovu “Azərbaycan Dünyası” Beynəlxalq jurnalının Ağsaqqallar Şurası və “Dədə Qorqud” Milli Fondunun qərarı ilə “Dünyaya sülh naminə” mükafatı və “Ulu türk” ordeninin birinci nüsxəsi ilə təltif etmisiniz. " Həm Qərbdə, həm də bizim cəmiyyətdə Türkmənistan Respublikasının  eks-prezidenti Qurbanqulu Berdiməhəmmədova olan münasibət birmənalı qarşılanmır. Yəqin bilirdiniz ki, müəyyən sual və anlaşılmazlıqla qarşı qarşıya qalacaqsınız. Niyə konkret olaraq Berdiməhəmmədovu seçdiniz?

— Əlbəttə, mən hörmətli Qurbanqulu Berdiməhəmmədova münasibəti bilirdim. Berdıməhəmmədovun mükafatlandırılması ideyası mənim Türkmənistana səfərimdən sonra, mərhum diplomat, fövqəladə və səlahiyyətli səfir Vəhdət Sultanzadə ilə görüşüm zamanı yaranıb. O, mənim Türkmənistana münasibətimlə bağlı fikrimi soruşdu. Dedim ki, uzun illər əvvəl işlə bağlı Aşqabada tez-tez gedirdim. O zamanki Türkmənistan dövləti ilə indiki arasında yerlə göy qədər fərqi görməmək mümkün deyil. Türkmən xalqı da SSRİ-nin tərkibində olan hər bir xalq kimi haqsızlıqdan əziyyət çəkirdi. Onların mədəniyyət sahəsində böyük məhrumiyyətləri var idi. Həmçinin ana dillərindən istifadə etmək üçün normal imkanları yox idi. Babam mənə hər zaman deyərdi ki, türkmənlər bizə ən yaxın xalqdır.

 Mən bu yaxınlarda Türkmənistanda olarkən, şəhərlərdə olan abadlıq , gözəllik bir sözlə desək yenidən qurma işlərinin şahidi oldum. Onların öz böyüklərinə - ağsaqqallarına hörmət və qayğısı, tarixinə, türk dünyasına və türk mədəniyyətinə böyük önəm vermələri mənim nəzərimi cəlb elədi. Orada türk xanlarına aid möhtəşəm abidələr ucaldılıb. Bəzi detallarla razılaşmaya bilərsiniz, amma Türkmənistanda vəziyyət çox sabitdir, hakimiyyətlə xalq arasında birlik var,  bu da ölkənin inkişafı üçün çox vacibdir. Mən cənab Berdiməhəmmədovun bütün sahələrdə fəaliyyətini yüksək qiymətləndirirəm.

Dünyada qaz ehtiyatlarına və digər faydalı qazıntılara görə dördüncü yerdə olan bir Türk dövlətinin eks-prezidentinin vətənpərvərliyinin gələcək nəsillərə örnək olması bizim üçün böyük uğurdur. Qurbanqulu Berdiməhəmmədov heç bir hərbi blokun üzvü olmamış və hal hazırda da üzvü olmayan, türk dünyasının bütün təşəbbüslərini dəstəkləyən bir ölkənin prezidenti idi. Onun Türkmənistan xalqı və türk dünyası qarşısında böyük missiyası var. Məyər bunun harası pisdir? Nə üçün Türkmənistanı tənqid edən bəzi dövlətlərin qiymətləndirməsinə görə biz bu insana mənfi münasibət göstərməliyik? Onun üçün insanların qayğısına qalmaq ən yüksək prioritetdir, devizi “Dövlət vətəndaşlarına xidmət etməlidir”. Azərbaycanla, Prezidentimiz İlham Əliyevlə çox yaxşı münasibətləri var. Mərkəzi Asiya Ölkələri və Rusiya Federasiyası Parlamentlərinin Forumunda çıxışı zamanı Berdıməhəmmədov bir neçə dəfə  cənab İlham Əliyevin adını çəkərək onu dostu, Azərbaycanı isə qardaş ölkə adlandırıb. Ona görə də mükafatı təqdim edərkən bu fikirləri hamıya çatdırmağa çalışdım və dedim: Fondumuzun İdarə Heyəti üzvlərinin qərarı ilə “Azərbaycan Dünyası” beynəlxalq jurnalının milyonlarla oxucusunun xahişi ilə sizə “Ulu Türk” ordenini təqdim edirəm. Hesab edirəm ki, biz türk dünyasının güclənməsi üçün əlimizdən gələni edirik. 

Aşqabadda Oğuz xanın oğulları və nəvələri ilə birlikdə qızıl abidəsi,  Dədə Qorqudun, Qara Yusifin, Alparslanın möhtəşəm abidələri var... Axı bunların özü türk dünyasına bir ehtiramdır. Niyə kimsə bu haqda danışmır? Türkmənistanı və türkmənləri yaşadıqları kimi qəbul etməliyik. Bu, onların seçimidir və bu seçimi kiminlərinsə müzakirə etməyə ixtiyarı olduğunu düşünmürəm. Hesab edirəm ki, bu ölkəni daxildən tanımaq və yalnız bundan sonra qiymət vermək lazımdır.

- Razılaşın ki, Türkmənistan haqqında Qərbin yaratdığı tutqun mənzərənin yaranmasında Türkmənistan hakimiyyətinin özü günahkardır. Axı ölkə bağlanıb və dünya ictimaiyyəti bu ölkə haqqında Qərb mediasından və Avropada yaşayan türkmən müxalifətçilərindən məlumat götürməyə məcburdur... Türkmənistan əhalisinin həyat səviyyəsi haqqında nə deyə bilərsiniz? Qaz ehtiyatlarına görə dünyada dördüncü yerdə olan ölkənin əhalisi Qərb mediasının yazdığı kimi niyə yoxsulluq içində yaşayır?

— Yaxşı, onların minimum pensiyası 300 ABŞ dollarıdırsa və yaşam səviyyəsi başqa ölkələrdən üç dəfə ucuzdursa, deməli... Bu gün enerji təhlükəsizliyi məsələləri bütün dünyanı narahat edir və bu halda məmnunluqla qeyd etmək olar ki, həm Türkmənistan, həm də Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edir. Şəxsən mən orada olarkən küçələrdə dilənçilərlə qarşılaşmamışam və məndən heç kəs sədəqə istəməyib. 

Yenə deyirəm ki, bizim cənab Berdiməhəmmədovu ilk “Ulu Türk” ordeni ilə təltif etmək qərarımız onun türk dünyasının möhkəmlənməsi və güclənməsi üçün gördüyü əvəzsiz fəaliyyətinə əsaslanır. Qalan hər şey uzun müddət mübahisə edə biləcəyiniz və heç bir faydası olmayan detallardır!!! Mənim mövqeyim budur.

Beş “Ulu Türk”  ordeni var və əgər hər şey planlaşdırdığımız kimi gedərsə, o zaman növbəti namizəd ordeni öz sələfinin əlindən alacaq. Deməli, hər şey türk dünyasının güclənməsi naminə edilir və mən də bu dünyanın əsgəri olaraq ömrümün sonuna qədər bu ideya uğrunda çalışacağam. Hansı ki, mən buna ürəkdən inanıram.

— Ağsaqqallardan çox danışırsınız. Azərbaycanda ağsaqqallar institutunun vəziyyəti ilə bağlı fikrinizi soruşmaq istərdim. Mənə elə gəlir ki, əvvəllər ağsaqqal sözünə bizim cəmiyyətdə nədənsə daha çox qiymət verilirdi. Bəs indi?

- Türk dünyasına aid ölkələrin hər birində ağsaqqal institutu çox güclüdür. Bu qurum Türkmənistanda xüsusilə güclüdür. Hər məhəllənin, rayonun, şəhərin bir ağsaqqalı var və hamı onu çox yaxşı tanıyır. Orada parlamentdə ağsaqqalların xüsusi yeri var. Berdiməhəmmədovun ictimaiyyətlə görüşünü gördüm - o, ilk növbədə ağsaqqallara sualla müraciət edir - "Bu məmurların və deputatların işindən razısınızmı?" Bu və ya digər məmurun siyasi karyerası bəzən onların cavabından asılıdır.

Mən çox istərdim ki, ölkə üçün bir çox mühüm qərarların qəbulu zamanı ağsaqqalların dediyi fikirlər nəzərə alınsın. Bunun üçün isə ağsaqqal ağsaqqal olmalıdır. Bizim dövrümüzdə ağsaqqal müdrik, savadlı olmalı, öz mühitində, yaşadığı ərazidə, rayonda hörməti olmalı, rüşvət verməməli və almamalıdır. Ağsaqqallar institutunun modeli elədir ki, ağsaqqal seçilərkən hər kəsin fikri nəzərə alınmalıdır. Hamı qəbul edib başa düşməlidir ki, bu kiminsə təyin etdiyi ağsaqqal deyil, cəmiyyətin içərisindən seçilən əsl ağsaqqaldır.

Ağsaqqal qəlbi və ruhu təmiz olmalı, həmişə həqiqəti söyləməlidir. Vəzifəyə təyin olunubsa, boş oturmamalı, işləməlidir. Ağsaqqal adı çəkiləndə hamı bir nəfər kimi  yığışmalıdır. Axı əsl ağsaqqal öz ölkəsinə və  dövlətinə hər zaman dəstək olmalıdır. Ağsaqqaldan qorxmamalı, ona hörmət edilməlidir. İlk növbədə o, öz xalqına, dövlətinə, cəmiyyətinə hörmətlə yanaşaraq, xalqını birliyə səsləməli, qanunlarımıza uyğun şəkildə yaşamağı tövsiyə edərək özü də bu qanunlarla yaşamalıdır. Əks halda xalq belə ağsaqqalı qəbul etməz.

Axı xalq, hansısa qohumunun problemini həll etmək üçün hər hansı məmura müraciət edən, lakin xalqının hər hansı, qohumluq və ya tanışlıq əlaqəsi olmayan nümayəndəsi üçün bunu etməyən ağsaqqala hörmət edə bilməz. Ağsaqqallar məktəblərə getməli, uşaqlarla ünsiyyətdə olmalı, gənclərə nümunə olmalıdırlar. Əsl ağsaqqal nəsillər arasında ünsiyyəti təmin edən, keçmişdən indiki nəslə bütün yaxşı örnəkləri ötürən insandır. Mən hesab edirəm ki, ağsaqqalın digər vəzifə sahibi olmamalıdır, xalqın içərisindən seçilmiş, ziyalı, müdrik şəxs olmalıdır. Onun sözü hamı tərəfindən qiymətləndirilməlidir... 

 

- Belə çıxır ki, Siz Azərbaycanda ağsaqqallar institutunun vəziyyətindən narazısınız, yoxsa mən sizi səhv başa düşmüşəm? Azərbaycanda ağsaqqallar institutunun vəziyyəti ilə bağlı konkret fikriniz necədir?

- Düzünü desəm, hiss edirəm ki, bu istiqamətdə müəyyən işlər görülür, amma hələlik heç bir nəzərəçarpacaq müsbət dəyişiklik görmürəm. İş gedir, amma mən istərdim ki, daha yüksək səviyyədə həyata keçirilsin. Axı bizim cəmiyyətimizin inkişafı həm də bu qurumun vəziyyətindən və səviyyəsindən asılıdır.

 

Azərbaycan  Jurnalistlər Birliyinin üzvü, publisist jurnalist, Nərgiz Namiq qızı



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]